adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Oktyabr 2017 12:43
24835
MƏMLƏKƏT
A- A+

Bakıda “şortik” geyinənləri sevmirlər - SORĞU

"ACT Azərbaycan” bu həftədən etibarən jurnalistlərin təklifləri əsasında tərtib olunmuş mövzulardan ibarət "Newsletter” layihəsini təqdim etməyə başlayır. Bu dalğanı əhatə edən sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində baş tutub.

Jurnalistləri maraqlandıran ilk suallardan biri də Bakı sakinlərinin şort geyinənlərə münasibətidir. Çünki şəhərdə qısa şortla gəzən əcnəbilərlə yanaşı, yerli sakinlərin də sayı ilbəil durmadan artır. Bu tip geyim tərzinə neytral yanaşanlarla bərabər, şort geyinənləri milli-mənəvi dəyərlərə hörmətsiz yanaşmaqda ittiham edənlər də az deyil. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə şort geyinən kişilərin ayaqlarına turşu atmağı belə məsləhət görüb. Sadə məsələnin qəliz həlli yolunu tapmaq üçün paytaxt sakinlərinin məsələyə münasibətini öyrəndik.

Rəyi öyrənilmiş paytaxt sakinlərinin demək olar ki, yarısı (45 %) "şortik” geyinənlərə pis münasibət bəsləyir. Respondentlərin təqribən beşdə biri isə (17 %) bu tərz geyinənlərə müsbət baxdığını bildirir. 37 % şort istifadəçilərinə neytral yanaşdığını bildirir.

"Şortik” geyinənlərə müsbət baxmayanlar əsasən ahıl nəslin nümayəndələridir (55 və daha yuxarı yaş qrupu – 71 %). 18-24 yaş aralığında olan gənclərin beşdə biri isə bu tip geyinənlərə müsbət yanaşır (20 %).

Qadınların geyim tərzi Şərq və müsəlman dünyasında hər zaman müzakirə və mühakimə mövzusu olduğu üçün "şortik”lər də bu mənada "diqqətdən kənar” qalmır. Belə ki, qadınların şort geyinməsinə gəldikdə məsələ dəyişməz olaraq qalır – 47 % respondent "şortik” geyinən zərif cinsin nümayəndələrini bəyənmədiyini bildirir. Bu məsələyə neytral yanaşanlar nisbətən azdır (35 %). 17 % respondent isə qadınların şort geyinməsinə müsbət baxdığını bildirir.

Güclü cinsin nümayəndələrinin şort geyinməsinə pis baxanlar respondentlərin yarıdan çoxunun əhatə edib (56 %). Kişilərin şort geyinməsini respondentlərin hər on nəfərindən biri bəyənir (12 %). Bu məsələyə neytral yanaşanlar nisbətən çoxdur (32 %).

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.