adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Oktyabr 2017 10:20
14531
MƏMLƏKƏT
A- A+

Tala çayı üzərindəki körpünün təmiri yekunlaşır

Zaqatala şəhərində, Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işləri yekunlaşır. Körpünün təmiri "Azəravtoyol” ASC tərəfindən həyata keçirilir.

Qurumdan Adalet.az-a verilən məlumata görə, Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslı şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlər aparılıb.

Layihəyə uyğun olaraq, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Körpünün eni hər iki istiqamət üzrə 1.5 metr enində genişləndirilərək, 9.5 metrdən 12.5 metrə çatdırılıb. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9.5 metr təşkil edəcək. Körpünün üzərinə monolit-beton döşənib. Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri inşa edilir. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni mühəccərlər quraşdırılacaq.

Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılır. Bu isə körpünün yükgötürmə qabiliyyətini artırır. Yenidənqurma işləri tam olaraq bitdikdən sonra körpünün üzərinə yeni asfalt-beton örtük döşənəcək. Ümumiyyətlə, körpüdə işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.