adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Oktyabr 2017 09:21
12466
GÜNDƏM
A- A+

GƏL QAYIDAQ O GÜNLƏRƏ

(Oğlumla məzar başında söhbət)

Qədir Tərtərli

Eşidirsənmi? Səninləyəm! Yaxşı-yaxşı qulaq as, eşit sözlərimi, mənim balam. Amma yox, eşidə bilməyəcəksən. Çox-çox uzaqlardasan məndən. Hardan eşidəcəksən ki, dediklərimi?
Ruhlar ölmür deyirlər. Təsəllimi bircə onda tapıram ki, ruhun eşidib çatdırar sənə sözlərimi. Qoy olsun. Hər halda, belə də olsa, təskinlik tapıram bir balaca.
Yaman dolub ürəyim. Lap dolmuş buluda bənzəyir. Neçə gündən bəri sənə deyəcəyim sözləri deyib ürəyimi boşaltmasam, rahat ola bilmərəm.
Əslində deyəcəyim bu sözləri sağlığında demək istəyirdim sənə. Gəlişini gözləyəndə düşmüşdüm bu fikrə. Qismət olmadı, fələk namərdlik elədi, mənim saydığımı saymadı. Barı qoy indi, məzarının başında deyim sözlərimi, gözlərimin işığı!
Sən doğulanda necə sevindiyimi bir özüm bilirdim, bir də Allahım. "Oğul düşmən çəpəridir" - deyiblər. Mənim də düşmən çəpərim var deyə düşünürdüm. Yurdçum var, arxada qalanım var, öləndə cənazəmə girib, məni qəbr evinə sallayanım var - deyirdim. Başqa kimə güvənməliydim ki! Axı, tək oğul balam idin, gözlərimin ağı-qarası idin.
Kəlbəcərdə işləyirdim sən doğulanda. Adın Kəlbəcərin yadigarıdır. Adını qoymaq haqqında fikirləşəndə o dağların əlçatmaz zirvələrindəki yalçın qayalar düşmüşdü yadıma. Elə orda da Yalçın qoydum adını. Yalçın qranitsayağı möhkəmlik, sınmazlıq, dözümlülük rəmzidir deyə, düşmüşdüm bu fikrə. Bəs, niyə yanıltdın gümanımı, ay oğul? Sınmazlığın, dözümlülüyün axırı beləmi olurmuş?
Tale səni məndən, doğma ev-eşiyindən bir müddət uzaqlaşdırmalı olmuşdu. Yad yerə - oradakı qohumlarımızın yanına getmişdin. İşləyirdin də orda. Deyirdin ki, pis getmir işlərin. Hər şeydən razılıq edirdin. Telefon danışıqlarımız zamanı deyirdin bunları mənə.
Yaşayıb işlədiyin yerə az getməmişdik. Mən də, anan da, bacıların da. Tez-tez gedirdik yanına əvvəllər. Amma son vaxtlar yanına getməyimiz, görüşlərimiz bir qədər seyrəkləşmişdi. Çox güman ki, bu da səbəbsiz deyildi. Təkcə ananın xəstəliyi ilə bağlamaq düz olmaz bunun səbəbini. Yolumuzu bağlayan pis bağlamışdı, insafsızcasına bağlamışdı. Nə sən gələ bilirdin, nə də biz gedə bilirdik yanına.
Səninlə sonuncu görüşümüz bu ilin iyun ayının axırlarında internet vasitəsi ilə olmuşdu. Necə də şən idin, gümrah idin, qayğısız görünürdün onda. Onda dediyin sözləri yadına salıram indi: "Anamı da götür gəl bura. Yaxşı həkimlər var burda. Gəlin sizi yaxşı-yaxşı müalicə etdirim". O vaxt onu da demişdin ki, biz ora gələndən sonra bizimlə geri - rayona qayıdacaqsan.
Hazırlaşırdıq da yanına getməyə. Amma gedə bilmədik, qismət olmadı. Heç sən də gələ bilməding
Yox, yox düz demədim bunu. Sən gəldin! Amma özün yox, qara tabutun gəldi. Beləmi gəlməyini istəyirdim sənin, ay insafsız? Səni qucaqlayıb bağrıma basmaq əvəzinə tabutunu qucaqladım. İndi məni yandıran, için-için qovuran dərd odur ki, tabutunun qara örpəyini açıb üzündən doyunca öpməyimə imkan vermədilər. Axı bu mənə çox lazım idi. Bir də səni nə vaxt görəcəyəm ki? O yolu gedənlərin hansı geri qayıda bilib ki, sən də qayıda biləsən? Yox, əzizim ömürlük ayrılıqdı ayrılığımız.
Bundan sonra səndən mənə ancaq zaman-zaman ürəyimi göynədən dərdlərim qalacaq, bir də unudulmaz xatirələrin, sözlərin, söhbətləring
Əziz oğlum! Bəxtsiz, bədbəxt oğlum, niyə belə tələsdin o gedər-gəlməz yerə sən? Axı sən nə yaşamışdın ki, nə kam almışdın ki, bu dünyadan tələsdin o dünyaya? Ora mən getməliydim, niyə qabaqladın məni, niyə dəyişik saldın yerimizi, mənim balam? Niyə, axı niyə, niyə?..
Elə yadıma düşürsən ki!.. Xəstənin yadına nar düşən kimi. Susuzluqdan cadar-cadar olmuş dodaq su həsrətində qovrulan kimi!
Yoxluğuna iinanmıram. İnandıra bilmirəm özümü bu danılması mümkün olmayan həqiqətə. Həqiqət hesab etmirəm bu olmuşları, bu olanları. Yalan hesab edirəm bunların hamısını, yuxu kimi, yuxuda gördüklərim kimi gəlir indi mənə hər şey.
Elə bilirəm ki, nə vaxtsa gələcəksən. "Ata, gəlmişəm" - deyəcəksən mənə. Qucaqlaşırıq, öpüşürük. Boynuma sarılırsan, bax beləcə dayanırıq bir müddət. Səssiz, səmirsiz. Özümüz danışmırıq. Sevinclə döyünən ürəklərimiz danışır bir-birilə.
Sənin haqqında düşündükcə, keçən günlərimiz, birlikdə keçirdiyimiz o xoşbəxt anları xatırlayıram. Geri qaytarılması mümkün olmayan, bizdən ömürlük küsüb uzaqlaşan anları.
Keçən günlərin nişanısi kimi çəkdirdiyimiz şəkillərə baxıram.
İlk dəfə gözümə dəyən 1972-ci ildə Moskvada - Kremlin qarşısında çəkdirdiymiz şəkil olur. Vur-tut iki yaş yarımında idin onda. Bacın Fəxriyyə də böyründə idi. Anan da, mən də varıq o şəkildə.
Moskvada oxuyurdum o vaxtlar mən. Mənim yanıma gəlmişdiniz. İstəyirdim ki, Moskva ilə də tanış olasınız.
Kiyevdə hərbi kursda olanda da şəhərlə az-çox tanış etmişdim sizi.
1988-ci ildə Şuşada - Uıdır düzündə ailəliklə çəkdirdiyimiz şəkil daha çox duyğulandırır məni. Dünyanın o gözəl vaxtlarında Şuşada istirahət etdiyimiz zamanın yadigarıdır həmin şəkil. Necə də gözəl günlər idi o günlər, ay Allah! Qayğısız, dərdsiz, qəmsiz, xoşbəxt günlər!.. 19 yaşının içindəydin, çox gənc idin onda. 19 yaş nə yaş idi ki?
Başqa şəkillərini də öpə-öpə götürürəm əlimə. Baxdıqca baxıram, gözlərimi çəkə bilmirəm heç birindən. Toy günündə çəkilmiş şəklindən də, əsgəri xidmətdə çəkdirdiklərindən dəg
Bunları bilirsənmi niyə deyirəm? Onlar mənim üçün hər şeydi. Səndən mənə də, ailəmizə də, dostlarına da qalan çox qiymətli yadigarlardı. Hər dəfə səni bizə xatırladan, ömürlük yaddaşımıza hopub qalan yadigarlardı.
Bəzən dilbilməz uşaq kimi xam xəyallara da düşürəm. Düşünürəm ki, gözlənilmədən qeyri-adi bir möcüzə yaranacaq. Torpaq altından bitkilər sayağı baş qaldıracaq, üst-başındakı toz-torpağı siləcək, qucağıma atılacaqsan. "Hə, gəlmişəm, indi nə deyirsən eləyək" - deyəcəksən.
Heç bilirsənmi onda nə deyərəm sənə? Deyərəm ki, gəl gir qoluma, uzaqlaşaq bu qəbiristanlıqdan. Qayıdaq o yerlərə. Qayıdaq o günlərimizə. Səadətimiz də, xoşbəxtliyimiz də o günlərdədi. O günlərdə xoş xatirələrimiz, pozulmaz izlərimiz, dadlı-duzlu söz-söhbətlərimiz qalıb bizim.
Eh, nə deyim ay oğul, bu dünyanın etibarına? Elə bil olub keçənlərin hamısı yalan imiş. Sanki heç olmayıbmış bunlar. Yuxu kimi gəlir bunların hamısı mənə. Sanki büs-bütün yalan imiş. Yalan və yalançı dünyanın özü kimi yalan imiş hər şey.
Böyük Şəhriyar elə yaxşı deyib bu barədə: "gdünya yalan dünyadı, oğul verib, geri alan dünyadı!..".