ANA SƏHİFƏ / YAZARLAR

Onu niyə masada qoyub qaçdım?

7755    |   2017-10-11 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məktəbli olanda gündə bir qıza aşiq olurdum. Utancaq və cəsarətsiz olduğumdan qarşılarına çıxanda dinib-danışmır, yerin dibinə girirdim. Bir dəfə cəsarətimi yığıb aşağı sinifdə oxuyan qarabuğdayı, qıvırcıq saçlı qıza məktub yazdım. Məktubu sinif qızlarından biri apardı. Qayıdanda üzündə güllər açırdı, dedi, qız məktubu göydə qapdı. Xəyal qurdum ki, artıq məhəbbət yaşayırıq. Sevindim ki, mənim də sevgilim olacaq.

Bir saat keçmədi, qızdan cavab məktubu gəldi: "Mən səni ilk gördüyüm gündən bəyənirəm, amma məni qabaqladın. Beşinci mərtəbədə səni gözləyəcəm. Gəl, söhbət edək”. Məktubu oxuyanda elə bildim, ürəyim yerindən çıxacaq; əlim, ayağım buz kəsdi, dediyi yerə gedə bilmədim. Bu mənasız həyəcanı içimdə öldürə bilsəm, qızlarla münasibətim alınacaqdı, amma bacarmırdım.

Yeniyetmə vaxtı feysbukda bir qızla tanış oldum. Profil fotosundakı özü idi, hər fotosuna baxanda, gözlərim kəlləmə çıxırdı, çox gözəl görünürdü. Vaxtaşırı bu gözəlliyə tamaşa edir, zövq alırdım. Günlərcə, saatlarca yazışırdıq.

Ona cavab yazanda belə həyəcanlanırdım. Yazdığım sözlərə diqqət edir, dəfələrlə oxuyur, artıq-əksik bir şey olmasın deyə gözümü dörd açırdım. Demək olar, virtual şəkildə vurulmuşdum o qıza. Onun da mənə meyli vardı, hiss edirdim.

Adı Həmidə idi. Bir gün telefon nömrəmi istədi. Dedi, səsini eşitmək istəyirəm. İlk cümləmi xatırlayıram: "Sizin kimi gözəl bir xanımla danışdığıma inana bilmirəm”. Bu sözlərdən sonra dəstəyin o başından gülüş qopdu. Bacım, qardaşım da eşitmişdi səsimi, onlar da qımışırdı.

Həmidə ilə telefonda danışanda səsim titrəyirdi. Buna görə də, evdəkilər məni lağa qoyur, şaqqanaq çəkib gülürdülər.

Həmidə bir gün yazdı ki, görüşək, artıq bir-birimizi görməliyik. Niyəsə alınan qərarlar ancaq ona məxsus idi. Mənsə miskin, müti adamlar kimi qızın sözünə baxırdım.

Görüşəcəyimiz gün şalvarımı, köynəyimi ütüləmiş, saçımı bahalı gellə yağlamışdım. Dostumun bahalı ətirindən də üzümə, boynuma vurmuşdum ki, ruslar demiş "şıkarnı” oğlan olum.

Həmidəni görəcəyim anın xəyallarını qururdum. Həyəcanım birə-min artdı. Universitetdən Yenicə çıxmışdım, telefonum səs elədi. Mesaj gəlmişdi: "Gəl də, səni gözləyirəm axı”. Qaça-qaça gəldim.

Ətrafda heç kim görünmürdü. Arxadan səs eşidildi. Səsə doğru çevriləndə başımdan elə bil, qaynar su tökdülər. Həmidə budurmu, ilahi?

Saçları qısa və səliqəsiz, üzündə yekə-yekə sızanaqlar, boyu balaca, dişləri sap-sarı, ayaqları futbolçuların ayaqları kimi əzələli və iri. Gözlərimə inana bilmədim. Demə, neçə gündü xəyalları ilə yaşadığım qız yadplanetliymiş.

- Salam, necəsən? Nə olub kefin yoxdu?
- Salam, yox, dərsdən çıxmışam, yorğunam.
- Yoxsa məni bəyənmədin?
- Əksinə bəyəndim, təbii gözəlliyin var.
- Ay çox sağ ol!

Qızdan qurtulmaq üçün bir bəhanə axtardım, amma beynim tormuzlanmışdı.

Şokdaydım. O isə dil qəfəsə qoymurdu. İrəlidə bir dükanın qarşısında dayandıq. Bir şey almalıyam dedi və içəri girdi. Qəfil beynim xoda düşdü, ətrafa göz gəzdirdim. Buludluq idi, küçələrdə adamlar çoxalırdı. Fikirləşdim ki, telefonumun zəngli saat bölməsinə vaxt qoyum, zəng gələndə də deyim, evə gedirəm.

Həmidə dükandan çıxdı. Yenicə gəzmək istəyirdik (doğrusu, o gəzmək istəyirdi) ki, telefonum səs eləməyə başladı.

- Bəli, nə? Doğurdan? Hə, bu saat gəlirəm, gəlirəm.

Həmidə təəccüblə üzümə baxdı. Dedim, evi su basıb, təcili evə getməliyəm. Qızı yola salıb, payi-piyada evə yollandım. Yol boyu bəxtimi söydüm.

Bir dəfə də varlı bir qızla görüşmüşdüm. Qızın fikri ciddi idi, istəyirdi, sevgili olaq. Məni bir çin restoranına apardı. Dedi, bilirsən, dünyanın ən gözəl mətbəxi çin mətbəxidir. Mən də təbii ki, özümü intellektual göstərmək üçün razılaşdım.

Menyu gəldi, heç nə seçə bilmədim. Dilimi sürüdüm ki, sən nə yeyirsən, onu yeyərəm. Həm də sənin kimi gözəl bir qız varkən yemək nə lazım? Gülümsündü.

Bir azdan adını bilmədiyim bir yemək gəldi, iştahım küsdü. Eləcə qaşıqladım. Dedi, sonra gedərik italyan restoranına, orda şərab içərik. Dəhşət darıxdım, dostuma "vızov" atdım, sağ olsun, o da iki dəqiqə keçməmiş zəng etdi. Qızı restoranda qoyub qaçdım. Dostumla sınıq-salxaq kafe tapıb oturduq. Masanın üstü it günündəydi, istədim, kafe sahibini qucaqlayıb ağlayım.

Bu gün "Beynəlxalq Qızlar Günü”dür. Günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına yönəltməkdir.

Qızları çox sevirəm. Həmcinslərimdən çox vaxt qaçmışam. Sığındığım onlar olub.

Gözəl şairimiz Eldar baxışın dediyi kimi:

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat…



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK