adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Oktyabr 2017 12:16
9921
GÜNDƏM
A- A+

O hər zaman məni bu gün üçün hazırlayırdı...

ABUC şəhid Rusif Ağayevin ailəsini ziyarət etdi

Oktyabrın 11-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib.

Rusif Ağayev 1987 - ci il aprelin 16 - da Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına hərbi məktəbə imtahan verib. Arzuladığı hərbi məktəbə qəbul olmaq üçün Rusif Ağayevin çox cuzi balı çatmır. Ailəsinin etirazlarına baxmayaraq və hərbi məktəbə qəbul ola bilməməsi onu bu arzusundan daşındıra bilmir. Rusif Ağayev hərbi xidmətini başa vurduqdan sonra öz ərizəsi ilə yenidən ordu sıralarına qoşulur. Bu dəfə Xüsusi Təyinatlıların sırasında olur. 6 ay ərzində Xüsusi Təyinatlılara məxsus çətin təlimlərini uğurla başa vurur.

Rusifin həyat yoldaşı Mahrux xanım bildirir ki, Rusifin vətənə, torpağa olan sonsuz sevgisi onu bu yoldan çəkindirə bilmədi. "Dəfələrlə müqaviləsi bitəndə yanımızda olmasını, hərbidən uzaqlaşmasını istəyirdik. Amma o heç vaxt bizim bu istəklərimizə əməl etmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci mən gedəcəm. Elə də oldu. Martın 28 - də bizi rayona yola saldı. "Şamaxıya təlimə gedəcəm" dedi. Sonuncu dəfə onu mart ayında gördük. Aprelin 1 - də Tərtərə yola düşdü. Aprelin 4 - nə kimi əlaqə saxladıq. Aprelin 5 - də qardaşına mesaj yazıb ki, şər deməsən xeyir gəlməz. "Uşaqlara, Mahruxa necə baxmışamsa, elə baxın. Ataya əmanət" - deyib. Mənimlə sonuncu dəfə aprelin 6 - da səhər, bir də günorta saatlarında danışdı. Daha sonra nə qədər zəng edirdimsə, telefonu cavab vermədi ... Aprelin 7 - də bizə onun şəhid olduğunu bildirdilər"...

Mahrux xanım Rusifin iki yadigarına - Zəhra və Əliyə hələ də atalarının şəhid olduğunu deyə bilmir... Körpələr hələ də atalarının Türkiyədə təlimdə olduqlarını düşünürlər. Analarına " "Ataya denən gələndə bizə oyuncaq gətirsin" - deyirlər... Onlar dərsdə olanda atalarından istədiklərini alıb gətirirəm. "Ata sizə oyuncaqlar göndərib" - deyirəm... Onların bu xəbərə hazır olmadıqlarını bildirən Mahrux xanım hər ay Lənkəran şəhərinə gedir, həyat yoldaşı Rusif Ağayevin məzarını ziyarət edir. "Uşaqlarla birgə hər ay Lənkərana onu ziyarətə gedirik. Qızım"ana, niyə atamın şəklini bura vurublar. Mənim atam ölməyib axı" - deyir... Ona "Atanın dostunun şəkili yox idi. Ona görə ata öz şəkilini verib" - deyirəm... Qızım atasına çox bağlıdı, onunla nəfəs alır. Bir az zaman keçməsini, bir az da böyümələrini gözləyirəm. Amma onda da onlara bunu necə deyəcəm, bilmirəm... Çox çətindi, çox..."

Mahrux xanım bildirdi ki, Rusif çox ailəcanlı, uşaqlarını, ailəsini sevən, onların qayğısına qalan adam idi. "Uşaqlar onun üçün bir dünya idi. İşdən evə nə qədər də yorğun gəlsəydi, onların istədiyi hər bir şeyi anındaca yerinə yetirərdi. Biz yeddi il bir yerdə yaşadıq. O qədər xoşbəxt ömür sürdük ki... Bir gün belə bir günün - onsuz bir həyatın var olacağını heç vaxt düşünməmişdim. Bütün təlimlərdən, müharibələrdən hər zaman sağ - salamat qayıdıb gələcəyinə inanırdım. Hələ də onun yoxluğuna inana bilmirəm. Həmişə deyirdi ki, "gedirəm, amma qayıtmaya da bilərəm. Sən həmişə hər şeyə hazır ol". İndi fikirləşirəm ki, o hər zaman məni bu gün üçün hazırlayırdı..."