ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazarlar ilk məhəbbətlərini xatırlayır... - SORĞU

11816    |   2017-10-11 11:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanın həyatında yaşadığı ilk məhəbbət unudulmaz olur. Daha sonralar biz ilk məhəbbətimizi xoş xatirələr kimi yada salırıq.

Adalet.az "İlk məhəbbətinizi necə xatırlayırsınız?” sorğusunda yazar və şairlərə müraciət etdi. Yazarlardan Azad Qaradərəli, Şərif Ağayar, Cəlil Cavanşir, Kənan Hacı, Alpay Azər, Günel Natiq, Ceyhun Musaoğlu, şairlərdən isə Qismət Rüstəmov, Əsəd Qaraqaplan, Sevinc Elsəvər, Etibar Qərib, Rəbiqə Nazimqızı sorğuda iştirak ediblər.

Cavabları təqdim edirik:


Yazıçı Vaqif Nəsib: "Əslində ilk məhəbbət şərti bir şeydir. Adam bilmir ki, ilk məhəbbəti hansı olub. Hər qızı sevməyin ilk məhəbbət olur. O ki bulaq özünə çıxmağa yer axtarır, sonra üzə çıxır, bax ilk məhəbbətdə elədir. Ondan əvvəlkilər xoşa gəlmək, bəyənməkdir. Nə qədər qız bəyənirsən, onu sevirsən. Bunların hamısı ilk məhəbbət kəşfiyyatıdır. Tutaq ki, Məcnun Leylidə tapdı bunu, Fərhad Şirində, Səməd Vurğun Xavərdə tapdı. Məndə bu vulkan püskürməyib. Ancaq onu deyə bilərəm ki, sevdiyim bütün qızlar məni ədəbiyyat uçurumuna itələdi."










Yazıçı Şərif Ağayar: "Mənimki ilk məhəbbət deyildi, hər yetən məhvəşə əsirü-xəttü-xal olmaq idi. Vurulurdum. Gördüyüm bütün gözəl qızlara. Şeirlər yazırdım, xəyallar qururdum. Qəribə burasıdır ki, bu qızların heç birini unutmamışam və onlara bəslədiyim sadəlövh münasibət də içimdə eləcə dumduru qalıb. Onlar həm də indi əlçatmaz keçmişin, itirilmiş zamanın xatiratımdakı abidələridir.”







Şair Qismət Rüstəmov: "Həm sinif yoldaşı, həm də qonşu idik. Eyni sinifdə oxuyurduq. Adı Leyla idi. Yox, yox, bu başlanğıc xoşuma gəlmədi. Bir də başlayaq. Leyla ilə biz həm bina qonşusu idik, həm də eyni sinifdə oxuyurduq. Yox, bu da olmadı, necə yəni "Leyla ilə biz” ? Leylanı "biz”in yanında tək qoymaq olmaz... Bir də başlamalı. Səkkizinci sinifdə oxuyanda qonşu qızı Leylaya dəli kimi vurulmuşdum, xoşbəxtlikdən eyni sinifdə oxuyurduq və mən onu hər gün görə bilirdim. Hansı saatda blokdan çıxacağını bilirdim, erkəndən oyanırdım, hazırlaşırdım, düşüb öz blokumuzda onun çıxmasını gözləyirdim. Heç vaxt gecikmirdi, həmişə eyni saatda, eyni addımlarla məktəbin yolunu tuturdu. Leyla binadan çıxan kimi bütün rənglər yerinə qayıdırdı, hər şey öz təbii və gözəl halına dönürdü. Günəş sarı, dəniz mavi, ağaclar yenidən yaşıl olurdu, quşlar oxuyurdu, pişiklər miyoldaşırdı, küçəmizin itləri tənbəl-tənbəl quyruqlarını yelləməyə başlayırdılar. Mən hər gün məktəbə onun kölgəsində gizlənib gedirdim. Onun bəyaz köynəyi, şotland üslubunda yaşıl-qəhvəyi dama-dama ətəyi, bir sevgilinin qoluna girmiş kimi yumuşaq, zərif görünən, həmişə biləyindən salladığı qara çantası mənim üçün dünyanın ən zövqlü, ən estetik əşyaları idi. Bəzən güclü külək əsirdi və o dayanıb gözlərini ovuşdururdu, sonra saçlarını açıb təzədən yığırdı, bax, onda mənim ürəyim sürətlə döyünməyə başlayırdı, əllərim titrəyirdi, dodaqlarım quruyurdu. Dinlədiyim bütün kədərli mahnıları oxuyan müğənnilərlə, baxdığım bütün döyüş fimlərinin qəhrəmanları ilə özümü eyniləşdirirdim. Saatlarla çarpayımda uzanıb, üzü tavana baxa-baxa, fikrimdə gah məşhur bir müğənni olurdum, gah da yenilməz bir qəhrəman. O vaxtlar gözlərimi tavana zilləyib, saatlarla qurduğum xəyallar mənim ilk şeirlərim idi, hərfsiz, sözsüz şeirlərim. Mən əllərimlə yox, gözlərimlə yazmağa başlamışam. Mən kağıza yox, tavana yazmışam ilk yazılarımı.”



Yazar Alpay Azər: "Hardasa 1-10 sentybar arası sinifqom qıza vurulmuşam. Mən sinifqoma qeyri-adi bir varlıq kimi baxırdım, onu özümdən çox üstün tuturdum, elə bilirdim, sevgiyə layiq elə sinifqomdu. Bir müddət sonra, elə yenə birinci sinifdə oxuyanda, başqa qızı sinifqom qoydular və mən həmin qıza da vuruldum.”









Şairə Rəbiqə Nazimqızı: "Üçüncü sinifdə oxuyurdum, oğlan məndən qabaqda - birinci, mən ikinci partada oxuyurdum, o, əlaçıydı, mən zərbəçi. neçə lsə beləcə onunla maraqlanmağa davam elədim. "Yuxarı sinifdə oxuyanda necə oldusa, bir gün onunla eyni partada oturası olduq, gözlərim qələm tutan barmaqlarına sataşdı, dırnaqlarının quruluşu xoşuma gəlmədi.”







Yazar Günel Natiq ilk dəfə 7 yaşında sevib. "Sinif yoldaşım Mahir adlı oğlanla qaçdı-tutdu oynayırdıq, iş elə gətirdi ki, bu qaçdı-tutdu zamanı ona aşiq oldum. Hətta ona etiraf məktubu da yazdım. Amma maraqlıdır ki, məktubu ona vermədim, deyəsən heç vermək fikrim də yox idi. Elə bil özüm üçün yazmışdım, qiymətli əşya kimi üstümdə gəzdirirdim. Amma bunun axırı heç yaxşı olmadı. Bacım məktubu tapıb məni qonşu qızın yanında ifşa etdikdən sonra məhəbbətin daşını atdım. Bir də 14-15 yaşım olanda məktəbimizin komsorquna vurulmuşdum. Amma bu sevgimi nəinki rəfiqələrimə, hətta özümə etiraf etməyə çəkinirdim. Yəqin ki, ilk məhəbbətimin acı sonluğu məndə kompleks yaratmışdı.”




Yazar Cəlil Cavanşir: "Sözün düzü artıq ilk məhəbbətimi çoxdan unutmuşam. İstəsəm də yadıma sala bilmirəm. Məncə ən gözəli, ilk məhəbbəti unudub, xatirələrin əzabından xilas olmaqdır. İlk məhəbbətdə ilişib qalmaq həyatımıza, düşüncələrimizə yaxşı təsir etmir. Məncə hər gün yeni sevgi dənizlərinə yelkən açmaq lazımdır. Keçmişi unutmaq, yeni sevgilər və yeni sevgililər haqqında düşünmək lazım. Həyat, ilk məhəbbətimizi xatırlayacaq qədər uzun deyil."






Şairə Sevinc Elsəvər ilk məhəbbətinin xəyali bir adam olduğunu deyir: "Onun haqqında qızlara uydurma sevgi hekayələri danışırdım: "Amma məncə məhəbbətin ilki-sonu olmur. O, həmişə mövcud olur, sən sadəcə onu axtarırsan kimdəsə. Tapır, itirir, tapırsan... Mən onu tapmışam. Buna görə şanslıyam. Amma lap ibtidai sinifdə oxuyanda belə guya birini sevirdim. Adı Rafiq idi. Çox yaraşıqlı uşaq da deyildi. Yaxşı oxuyurdu. Əlaçı idi. Riyaziyyatçı, zəif, arıq oğlanlar xoşuma gəlib həmişə. O Rafiq heç vaxt bilmədi balaca bir qızcığazın xoşuna gəldiyini. Özü də qonşu sinifdən Sevinc adlı qız sevirdi. O qız məndən gözəl idi. Oğlanlar aydın şəkildə kimisə sevdiklərini hamıya elan edə bilir, partada yazırdılar. Amma biz qızlar gizləməliydik. Hələ uşaqlıqdan bilirdik biz qızlar səmimi olmamalıyıq. Belə böyüyürdük.”


İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK