ANA SƏHİFƏ / YAZARLAR

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

Əbdürrəhim bəy Haqverdiyev

4358    |   2017-10-10 17:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İbrahim oğluna nəsihət elədi:

- Oğul, belə fikirləri ürəyindən çıxart. Öləcəyəm, öldürəcəyəm nədir? Əmin bizim tək kasıblarla yaxınlaşmaq istəmir. Özü dövlətlidir, dövlətli yerə də yıxılır. Sən özün də gözəl, qoçaq, cavanlar arasında sayılan oğlansan. Hansı dövlətlinin qızını istəsən sənə verər. Əmin, qızını vermədi nə olar? Çıraq dibinə işıq salmaz.

- Ata, mənə dövlət lazım deyil. Əmim dövlətini kimə verəcək, versin. Mən çörək qazanmaqda aciz deyiləm. Kəsilsin iki əl ki, bir başı saxlaya bilməyə. Mənə ancaq öz istəklim lazımdır. Mən yoldaş arasına çıxa bilməyirəm. Mənim heç bir başqa yolum yoxdur.

* * *

Hacı Kamyaba arvadı, Gövhərtacın naxoş olmasını xəbər verdi. Hacı bərk təşvişə düşüb qızının otağına getdi. Qız yorğan-döşəkdə uzanmışdı.

Hacı, qızının rəngini qaçmış görüb xəbər aldı:

- Qızım, sənə nə olubdur? Niyə yatıb

san?

- Bir şey yoxdur, ata, deyəsən soyuq dəyibdir. Bir az başım ağrıyır. Heç zad olmaz, bir az tərlərəm, qurtarar.

Hacı gəldi arvadının yanına.

- Qız naxoşdur, naxoşluğunun da səbəbini bilirəm. Bizim İbrahimin avara oğlunun fikri düşüb başına. Mən onun yanında bu söhbətləri eləməyəcəyəm. Ona sən nəsihət elə. Xudayar xan hara, baqqal İbharim hara? Gəray xan hara, Fərman hara? Ancaq mən onun naxoşluğunun şiddət etməyindən qorxuram. Yaxşı olar ki, həkimbaşı Mirzə Mehdiyə adam göndərəm, gəlsin, bir baxsın. Ancaq qızın toyunu da uzatmaq lazım deyil.

Əndərundan çıxıb, nökərlərdən birini Mirzə Mehdi üçün göndərdi. Mirzə Mehdi gəlib qızın nəbzini əlinə alıb, sonra barmağını alnına qoyub, bir qədər fikrə gedəndən sonra dedi:

- Qızın mərəzi anlaşılmaz bir mərəzdir. Mən qırx beş ildir ki, təbiblik edirəm, belə bir mərəzə rast gəlməmişəm. Lazımdır, bir üç gün keçsin. Üç gündən sonra mən yenə gələrəm. Onadək xəstənin mərəzi anlaşılan bir tərzə keçər.

Həkimbaşı getdi. O, doğrudur, hacıya qızının mərəzinin nə olduğunu bilmədiyini söylədisə də, bainhəmə mərəzin nə olduğunu gözəlcəsinə anlamışdı. Ancaq məhəbbət mərəzinə bir dərman tapmaqdan aciz idi.

Həkimbaşı gedəndən sonra Hacı Kamyab bir adam göndərib qardaşı İbrahimi yanına çağırdı. İbrahim haman saat durub, dükanını bağlayıb gəldi. Hacı Kamyab İbrahimi otağına apardı.

- Əyləş, qardaş, - dedi.

İndiyədək qardaşından bu mehribançılığı görməmiş İbrahim, vəziyyətə çox təəccüb edib, qardaşının yanında dizi üstündə əyləşdi.

Hacı Kamyab dedi:

- İbrahim, mən səni bir işdən ötrü çağırmışam. Sənin oğlun Fərman qoçaq bir oğlandır. Onun bikar və avara gəzməyi, doğrusu, mənə toxunur. Nə qədər olsa, ona Hacı Kamyabın qardaşı oğlu deyirlər. Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Bu min tüməni də mənim tərəfimdən ona yetir. Degilən, əlində maya qayırsın. Əgər işində tərəqqi görsəm, ona yenə maya buraxaram. Mən onun düşməni deyiləm. Həmişə onun yaxşı olmağını istəyirəm. Ancaq onun tay-tuşunu, boş gəzməyini görəndə ondan inciyirəm. Degilən ağlını başına cəm edib, kasıblığa məşğul olsun. Mənim də əlim həmişə onun üstündə olar. Daha deməsinlər ki, Hacı Kamyabın qardaşı oğlu avara gəzir.

Belə pulları cibində görməmiş İbrahim sevinə-sevinə evə gəlib oğlunu çağırdı.

- Bala, bu pulu, sənə əmin Hacı Kamyab göndərib. Bikar oturmaqdan fayda yoxdur. Özün üçün bir ticarət düzəlt. Həm əlin işdə olsun, bikar gəzməyəsən, həm ticarətlə məşğul olasan. Bir para fikirləri başından çıxar. Əmin deyir bundan sonra ona artıqlığınca maya verəcəyəm. Ancaq bikar gəzməsin.

Fərman pulu alıb bir qədər əlində dolandırdı. Sonra dedi:

- Ata, əmimin birdən-birə belə səxavət üstünə gəlməyinə səbəb nə olubdu? Bəs İndiyədək niyə bu pullardan verməyirdi? Yoxsa məni gözü İndi gördü? Ya yoxsa belə ənamlarla mənim ağzımı yummaq istəyir? Al pulları, apar ver Hacı Kamyaba, degilən dövlətini azaltmasın, yaxşı olmaz!

Fərman bu sözləri ilə pulu atasının qabağına qoydu.

İbrahim yenə başladı nəsihəti:

- Ay bala, özün işimizin hər üzünü görürsən. Mənim bir balaca baqqal dükanım var ki, kökündən satsan, bu pulun üçdən biri ələ gəlməz. Min tümən elə bir sənin kimi igidin mayasıdır. Əlində dolandır. Bu şəhərdən mal al, o şəhərə apar. Oradan al, buraya gətir. Güzəranımızın necə çətinliklə keçməsini özün görürsən.

İbrahimin nəsihəti oğluna əsla təsir etmədi.

Oğlu dedi:

- Ata, mən sənə söz verirəm ki, sabahdan işləyib çalışmağa başlayacağam. Rəhman tacir, neçə vaxtdır, mənim dalımca gəzir, məni özünə amilliyə çağırır; deyir, bir-İki il mənə məvaciblə qulluq elə, sonra səni özümə şərik elərəm. Əmimin sədəqəsinə möhtac olunca gedib Hacı Rəhmana qulluq elərəm. Hacı Kamyabın pulunu sabah aparıb özünə verərsən.

İbrahim, oğlunun inadını görüb daha bir söz demədi. Bir dərin ah çəkib pulları qoydu cibinə.

* * *

Azandan bir saat keçmişdi. İbrahimin qapısı döyüldü. Fərman qapını açıb, öz yaxın yoldaşlarından dörd nəfəri görüb çox şad oldu.

- Buyurun, buyurun, içəri gəlin.

Yoldaşlar otağa daxil olub, bir-bir Fərmana sual verməyə başladılar:

- Ay balam, bu neçə gündü harada qalıbsan? Heç görünmürsən. Fikir elədik ki, sənə bir naxoşluq üz verib. Şükür Allaha ki, sağ-salamatsan.

Fərman yoldaşlarının gəlməklərindən çox məmnun olduğunu izhar etdikdən sonra dərdini söyləməyə başladı:

- Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb belə yerə çırpıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm. Mən heç vədə güman etməz idim ki, o məni qoyub qızını başqa bir adama verə. Xudayar xan dövlətlidir. Məgər əmimin dövləti ondan azdır? Əgər əmim dövlətinin Xudayar xanın oğluna qalmasını istəyirsə, aparsın versin ona. Amma mənim istəklimi əlimdən almasın. İndi nə mənim mümkünüm var ki, gedəm əmimlə danışam, nə də mənim atamda bu cürət var. Odur ki, gecələr yata bilmirəm. Yediyim çörək boğazımdan getmir. Məgər kasıb adamın ürəyində məhəbbət olmaz?

Yoldaşları ona təskinlik verməyə başladılar:

- Qardaş, bir qız yolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Əmin, qızını sənə verməyib, Xudayar xanın oğluna verib, cəhənnəmə versin, gora versin. Biz də dedik ki, görəsən nə vaqe olub. Belə fikirləri başından boşla getsin. Şəhərdə sənin əmiyin qızından gözəl qızlar az deyil. Yoldaşlarından birisi təskinlik verənin sözünü kəsdi:

- Qardaş, - dedi, - bu bir danışıq deyil ki, sən eləyirsən. Biz hamımız adımızı igid qoymuşuq. Əgər hər işi çətinə düşən yoldaşımızı belə boş nəsihətlərlə sakit edəcəyiksə, afərin olsun bizə! Yoldaşımız çətinə düşüb, kömək lazımdır. Biz onu öz istəklisinə yetirməsək, gərək papaqlarımızı itə verək.

- Axır, burada nə eləmək olar?

- Hər şey! Gedək, köməkli Hacı Kamyabın qızını götürək qaçaq.

- Hacı Kamyab kimi kişinin qızını götürüb qaçmaqmı olar?

- Hacı Kamyab kimi kişinin atasına da od vurmaq olar. Ancaq qızın razılığı olsun. Buna da şəkk yoxdur. Pusqu qoyarıq. Qız hamama gedən vaxt yoldan ağzını başqa yerə döndərərik. Ancaq bir növ qızı pişəzvaxt xəbərdar eləmək lazımdır.

- İndi çətinlik burasındadır ki, kənardan bir şəxsin Hacı Kamyabın əndərununa yolu yoxdur.

Bu yerdə Fərman guya yuxudan ayıldı.

- Mən yol taparam, qızı xəbərdar elərəm.

- İndi ki elərsən, çox gözəl!

Fərman yenə dedi:

- Mənim adamım var, ancaq qızı kimin evinə aparmalı? Çünki şəhər əhlindən bir nəfər cürət edib Hacı Kamyabın qızını evində gizlətməz.

- Qızı birbaşa apararıq Hacı Mirzə Əhməd ağanın evinə. Göydən göy İmam enə, onun evindən qızı çıxarda bilməz və Hacı Kamyab da onun xahişlərinin qarşısında bir söz danışmağa cürət etməz.

Yoldaşlar hamısı bu tədbiri xoşladılar.

- Vaxta ki, Fərman qızı xəbərdar etməyə qadirdir, bizim sözümüz yoxdur.

Yoldaşlar bir qədər də kənar söhbətlər edib çay içib dağıldılar. Bunlar gedəndən sonra, Fərman atasının otağına keçdi.

- Ata, bayaq sənə verdiyim min tüməni bura ver.

- Ay oğul, nə olub, yoxsa yoldaşların sənə nəsihət elədilər. Ağlın başına gəldi?

- Elə bir iş var.

İbrahim qalxıb, pulu gətirib oğluna verdi.

Fərman pulu alıb otağına getdi.

* * *

Sübh həkimbaşı Mirzə Mehdi evində əyləşib xəstələri qəbul edirdi. Içəri daxil olan Fərmanı görəndə təəccüb elədi. Fərman salamat, qüvvəli bir oğlan sayılırdı. Sifətində də heç mərəz nişanəsi görünmürdü. Həkimbaşı ona yanında yer göstərdi.

- Gəl, gəl! Nə əcəb sən də mərizlər cümləsinə daxil olubsan? Gəl əyləş, görüm dərdin nədir?

Fərman ədəblə əyləşib dedi:

- Həkimbaşı, mənim dərdim böyük dərddir. Siz özünüz gərək dinməmiş biləsiniz. Sizə məlumdur ki, uşaqlıqdan əmim Hacı Kamyabın evində onun qızı Gövhərtacla bir yerdə böyümüşəm. Uşaqlıqdan biribirimizə yoldaşlıq məhəbbəti yetirmişik. Bu məhəbbət axırda özünün təbii yoluna düşdü. Biz bir-birimizi sevdik. Doğrudur, mən böyüyəndən sonra əmim məni evindən genitdi. Bu da təbii idi. Bununla belə, həm mənim və həm Gövhərtacın yəqinimiz bu idi ki, əmim bizi birbirimizdən ayırmayacaq. Və cəmi qohum-əqrəbanın da yəqini bunda idi. Hamı deyirdi: "Hacı Kamyabın dövlətinin həddi-hesabı yoxdur. Əlbəttə, o heç vaxt istəməz ki, bu dövlət kənar bir şəxsin əlinə keçsin. Yəqin qızını öz qardaşı oğluna verəcək: dövlət də yad adama qalmayacaqdır". İndi Xudayar xana söz verib, hətta ondan nişan da qəbul edibdir. Mən də qalmışam kənarda, əlim qoynumda. Gövhərtac da o gündən bəstəri naxoşdur. Onun heç bir mərəzi yoxdur, məgər inki eşq.

- Onu mən də yəqin etmişəm. Bəs mənim yanıma gəlməkdən məqsədin nədir?

- Həkimbaşı, bu yerdə siz mənə kömək verə biləcəksiniz.

- Mən nə kömək verə bilərəm?

- Siz Gövhərtacı müalicə edirsiniz. Hər gün onunla görüşürsünüz. Mənim bircə sifarişimi ona yetirin.

- Nə sifariş? Degilən, yetirərəm.

- Allah sizdən razı olsun, həkimbaşı. Mən qət eləmişəm ki, bir neçə yoldaşlarımın köməyi ilə onu gecə aparım. Siz ona ancaq deyəsiniz ki, azandan bir saat keçmiş əndərunun qapısına çıxsın.

Həkimbaşı bu təklifdən bərk hiddətləndi:

- Bu nə növ təklifdir ki, mənə eləyirsən? Sən bu təklifin qəbahətini anlayırsanmı? Mənim boynuma atdığın vəzifəni düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllı kişidir; amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və sənin əmin Hacı Kamyabın xatiri olmasaydı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək get. Gör bir küpəgirən qarı tapa bilərsənmi; belə sifarişləri onunla göndərəsən.

Fərman başladı yalvarmağa:

- Həkimbaşı, siz görürsünüz ki, mən cavanam. Bu saat başıma hava vurub, danışdığımı özüm də bilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərəzlərə dərman edirsiniz. Vaxta ki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü siz necə qəbul etməyirsiniz? Mənə rəhm edin, həkimbaşı. Bu xırdaca töhfəni də məndən qəbul edin. Fərman bu sözü ilə atasından aldığı min tüməni də həkimbaşının qabağına qoydu.

Həkimbaşı pulları görəndə gözləri məşəldar pişiyin gözləri kimi bərq verdi.

- Oğul, bu pul nahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki, bir cavanın diriliyinə səbəb olacaq, onu deməmək günahdır.

- Yox, həkimbaşı, təvəqqe edirəm, qəbul edəsiniz. Bu xırdaca töhfə mənim mərəzimi müalicə etməyinizin həqqi-zəhməti olsun.

Həkimbaşı sifarişi Gövhərtaca yetirməyi qəbul etdi və söz yox ki, "xırdaca töhfəni"də cibinə ötürdü.

***

Həkimbaşı Gövhərtacla görüşüb əndərundan çıxdı və qapıda Hacı Kamyaba rast gəldi.

- Həkimbaşı, qızın mərəzini tapa bildinizmi?

- Gözəlcəsinə tapdım. Bu gün, olsun ki, ayağa duracaq.

Həkimbaşı gedəndən sonra hacı içəri daxil olub qızında başqa halət gördü. Qız durub libasını geyinib, şad və gülər üzlə əyləşmişdi. Atasını görən tək durub qabağına yeridi.

- Sabahın xeyir olsun, ata! Həkimbaşı bu gün mənə bir gözəl dərman verdi. Içən tək cəmi mərəzlərim rəf oldu. İndi daha heç bir ağrıyan yerim yoxdur. Özüm də bilmərrə salamatam.

Hacı Kamyab sevinmiş gedib arvadına xəbər verdi. Arvad da o saat durub qızının yanına yüyürdü. Qızını sağ və salamat görüb dedi:

- Yox, bu dərman işi deyil. Dünən mən gedib İmamzadada şam yandırdım. İmamzada mənim qızıma kömək elədi. Bu, möcüzədir. Dərman bir gündə mərəzi sağaltmaz.

Qız gülərək anasının sözünü təsdiq etdi.

Bir qədər bizim məmləkətimizin İmamzadalarından sizə söyləyim, eyib eləməz. Sonra mətləbə keçərik.

- Buyurun, odabaşı.

- Bizim məmləkətdə bir kənd və bir şəhər tapa bilməzsiniz ki, orada bir neçə İmamzada olmasın. Bir balaca, on min əhalidən ibarət olan şəhərdə on altı İmamzada var. Hansı bir şəhərə gedib xəbər alsanız ki, İmamzada haradadır, fövrən bir İmamzada yox, neçəsini göstərəcəklər. Siz bilirsiniz ki, bizim məmləkətin əhalisi qədim zaman atəşpərəst idi. Bu səbəbdən də hər şəhərdə və kənddə bir və ya bir neçə atəşgədə var idi. Xalq islamı qılınc zoruna qəbul edəndən sonra da öz ata-baba dinindən əl çəkmək istəməyib və atəşgədələri əldə saxlamaq üçün hər brinə bir İmamzada adı qoyublar. Qədim dinin asarı İndi də durur. Məsələn, indi də eşidə bilərsiniz: "O görükən Aya and olsun"; ya "bu çırağa and olsun"; ya "bu yanan ocağa and olsun"; ya "o günə and olsun" və i.a. Hətta camaat keçmiş atəşpərəstlik ayinini İndi də Məşhəddə İmam Rzanın başının üstündə icra edir. Qədim zaman gün çıxanda onu şeypur, təbil və sinclə istiqbal edirdilər. Həmçinin gün batanda da onu habelə müşayiət edirdilər. Halhazırda bu oyun İmam Rza məscidinin minarəsində çıxır. Hər gün minarənin başında sinc, təbil və şeypurla günü istiqbal və müşayiət edirlər.

Bir qədər şəhərlərimizdən söyləyim: Bizim vətənin şəhərinə yaxınlaşanda böyük bir hasar və darvaza görəcəksiniz. Darvazalar gecələr bağlanır və sübhdən axşamadək açıqdır. Şəhərə daxil olanda qabaqca bir böyük meydan görəcəksiniz ki, ona ərk deyirlər. Bu meydana neçə ədəd şah Təhmasibdən qalmış toplar qoyublar və topların içində göyərçinlər yuva tİkiblər. Şəhərin ortasında bir meydança görəcəksiniz ki, adına "Səbzi meydan" deyirlər. Bunu güldən, çiçəkdən və ağacdan da görmək olur. Bu meydan əhalinin səyahət yeridir. Şəhərlərin küçələri İki cərgə quru divardan ibarətdir. Nə bir pəncərə, nə bir balkon küçəyə baxmaz. Əgər bunlar evlərin birində tapılsa, yəqin bilərsiniz ki, xarici evidir. Divarlarda xırdaca dəriçələr var. Hər qapıdan bir çəkic asılıb. Çəkiclə dəqqülbab edirsən. Elə ki qapı açıldı, daxıl olursunuz bir dəhlizə. Dəhlizin bir qapısı sağa və o birisi soladır. Kişilər qapıların birindən "birun"a keçir, qadınları o biri qapıdan "əndərun"a buraxırlar. Əndəruna ya biruna daxil olanda hər tərəfdə bir behişt görürsünüz. Burada hər bir sahibxana öz səliqəsini göstərir. Fəvvarələr, hovuzlar, dünyanın hər bir yerindən toxumu, ya ağacı gətirilmiş güllər, qəfəslərdə cürbəcür oxuyan quşlar, ağacların arasında tovuzlar rəngarəng qanadlarını açmış gəzinməkdədir. Xülasə, belə bir bağçaya girən daha bir də oradan çıxmaq istəməz. Əndərun bağçasında qadınlar və birunda kişilər rahat, asudə gəzib vaxt keçirirlər.

Qadınlar yəqin bilirlər ki, bir nəfər naməhrəm nə onların üzlərini görə bilər və nə səslərini eşidər. Odur ki, orada hər növ libas geymək, hətta libassız da gəzmək caizdir. Çox vaxt qadınlar libaslarını çıxardıb hovuzda çimirlər. Ev sahiblərindən savay bir nəfərin əndəruna girməyə ixtiyarı yoxdur.

Belə bir ev də Hacı Kamyabın var idi. Onun bağçasının tərifi dillərdə söylənirdi. Hətta Xudayar xan kimi şəxs də onun bağçasına bənd olmuşdu. Axşam Gövhərtac əndərun bağçasına səyahətə çıxdı. Gündüzdən anasından bir qədər cavahirat da alıb özünə zinət vurmuşdu. Bağçada ürəyi döyünərək dolanıb vəd olunmuş saatı gözləyirdi. Ata və anası onun salamatlığa çıxıb bağçada gəzməyindən daha şad olub, heç bir bəd güman etməyirdilər.

Müəyyən vaxtda küçə qapısı üç dəfə vuruldu. Nökər gəlincə Gövhərtac özünü dəhlizə atıb qapını açdı. Əmioğlusu yoldaşları ilə bahəm durmuşdular. Əlini Fərmanın əlinə verib cəld getdi. Yatmaq vaxtı yaxınlaşanda, Hacı Kamyabın arvadı, qızını yatmağa çağırmaq üçün bağçaya çıxdı.

- Ay qız, Gövhərtac, yatmaq vaxtıdır, yorğan-döşəkdən təzəcə durubsan, soyuq dəyər.

Anası hərçi səslədi, Gövhərtacdan cavab gəlmədi. Bağçanı başdanbaşa gəzib qızını tapmadı. Müztərib halətdə qayıdıb qızının itməyinin xəbərini ərinə yetirdi.

Hacı Kamyab namazını qurtarıb yatmaq istəyirdi. Xəbəri eşidən kimi nökərlərin hamısını ayağa qalxızdı. Qızın Fərmanla qaçdığını yəqin edib, birbaş qardaşı İbrahimin evinə getdi.

İbrahim qapının döyülməsini eşidib, soyuncaq gedib açıb, Hacı Kamyabı görəndə təəccüb etdi.

- Qardaş, bu gecə vaxtı xeyirdirmi? Sən ki, gündüz də mənim evimə gəlməzsən. İndi nə vaqe olubdur?

- De görüm oğlun Fərman haradadır?

- Fərman azan vaxtı yoldaşları ilə getdi. Qapı döyüləndə də mən güman etdim ki, gələn odur.

- Hara getdiyindən sənə bir söz demədimi?

- Xeyr. Mən onun hara gedib-gəldiyini soruşmaram. Öz kefinə bir adamdır. Haraya kefi istəsə gedir.

- Mənim qızım da evdən qaçıb. Yəqin Fərman harada isə qızım da oradadır. Məlun bihəya, binamus! Mən onu döşümə çəkib, əlinə maya verib adam eləmək istəyirəm, amma o məni rusvayi-cahan eləyir. Mən Xudayar xana nə cavab verim? Xudayar xan aləmi tar-mar edəcək.

Hacı Kamyab söylənərək getdi. O gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi.

(ardı var)




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK