adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Oktyabr 2017 09:51
23347
ƏDƏBİYYAT
A- A+

AZƏRBAYCAN QƏZƏLİ

III yazı

Üçüncü hökmdar şair - Xətainin qəzəllərinə keçməmişdən əvvəl qəzəlin Nəsimi zirvəsindən söz açmağı lazım bilirik. Çünki Nəsiminin qəzəlləri həm Azərbaycan ədəbi dilinin tarixi abidəsidir, həm də ideya-sənətkarlıq baxımından poeziya tarixində yeni bir hadisədir. Nəsimi poeziyası öz təsir dairəsinə görə də Nizami və Füzulidən heç də geri qalmır. Professor M.Quluzadə haqlı olaraq yazırdı ki: "Onun tarixi xidməti sayəsində Azərbaycan dili ərəb, fars dilləri ilə yanaşı Yaxın Şərqin ən geniş yayılmış ədəbi dilinə çevrilmişdir. Nəsimi Azərbaycan dilində yaradılmış şeirin bünövrəsini işləyib divarlarını xeyli qaldırmışsa, Füzuli bu imarəti tamamlamaqla bərabər onun bütün zinətini vermişdir".
Yanaram eşqindən, axər gözlərimdən yaşlar,
Firqətin dərdi çıxardı ürəyimdən başlar.
Müddəi tən edübən başıma qaxar eşqini,
Sınığa lazım deyildir bunca atmaq daşlar.
Xəstə olalı könül eşqindən, ey can parəsi,
İçirəm qəm mətbəxindən dürlü-dürlü aşlar.
Şölə yanır cigərimdə ey sənəm, eşqin odu
Kim, tutuşmuş şöləsindəın həm quru, həm yaşlar.
Taqətim taq oldu vallah, keçdi ömrüm ah ilə,
Dərdimə dərman bulunmaz, neyləyim yoldaşlar?
Olmuşam dərdi-fəraqından zəif ol həddə kim,
Gətirəməzlər xəyala nəqşimi nəqqaşlar.
Öldü eşqindən Nəsimi, üştə dünyadan gedər,
Sən murad ilə cahanda sür şəhim, çox yaşlar.

Bu qəzəldəki poetik gözəllikləri saymaqla qurtara bilmərik. Şeir dilimizin o vaxta qədər xalq dili ilə, xalqdan gələn ifadələrlə yaxınlığı bu qədər hiss olunmamışdı. Dil faktoru bir yana qalsın, qəzəldəki məna incəlikləri, eşqin insan ürəyində oyatdığı fırtına elə poetik ustalıqla verilib ki, indi - XXI əsrdə bu səviyyədə az qala belə bir qəzəlin meydana gəlməsi qeyri-mümkündür, - deyirsən. Hərçənd ki, Nəsiminin dini-fəlsəfi üslubda yazdığı bir çox qəzəlləri var ki, onların dili ağırdır, hətta çətin başa düşülür. Bu da məlum məsələ, çünki Nəsimi hürufizmi təbliğ edirdi. Nəsimini klassik poeziyamızda fəlsəfi qəzəlin banisi hesab etmək olar.
Nəsimi qəzələ AZADLIQ RUHU bəxş elədi. İnsan Allah mərtəbəsinə yüksəlirsə, "ənəlhəqq" şüarını yaşadığı əsrin dini zehniyyətinə (Allaha, Qurana qarşı yox, məhz ehkamçı dini zehniyyətinə!) qarşı qoyursa, heç şübhəsiz, ruhən azad olmalıdır. Azərbaycan poeziyasında bu mənada insan köləliyinə qarşı ilk etiraz səsini Nəsimi ucaltdı. İnsan fəal, yaradıcı qüvvədir və öz ağlı, kamalı, mənəvi keyfiyyətləri ilə Allaha bərabərdir-budur nəsimilik... Nəsimi qəzəli poetika baxımından da yenidir, bənzərsizdir. Zəngin təşbehlər, metaforalar, bədii təkrirlər, təzadlar, mübaliğələrlə dolu olan bu qəzəllər bir əsr sonra Xətainin, iki əsr sonra Füzulinin yaradıcılığına təsirsiz qalmamışdır.
Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam!
Qövsü qüzehdir qaşların, yayinə qurban olmuşam!
Üzün dürür cənnət gülü, boyun həqiqət sərvidir,
Eşqində mən bülbül kimi aləmdə dastan olmuşam!
Kövnü məkandan keçmişəm, məna şərabın içmişəm,
Cananə üzün görmüşəm, başdan ayağ can olmuşam!
Dəvi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,
Daği mənəm, yazi mənəm, mən külli-dövran olmuşam!
Gah çıxmışam İsa kimi çərx üstünə oturmuşam,
Gah varmışam Yusif kimi ol Misrə sultan olmuşam!
Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm,
Şimdi gəlib Nəsimiyəm, xak ilə yeksan olmuşam!
Karl Marks yazırdı ki, Şah İsmayıl Xətai on dörd ildə on dörd ölkə fəth elədi. Amma Xətai təkcə ölkələri deyil, Azərbaycan ədəbi dilini də fəth elədi, bu dili təkcə öz sarayında rəsmi dil səviyyəsinə qaldırmadı, həm də şeirlərində hamının anlayacağı, başa düşəcəyi bir səviyyəyə çatdırdı. Onun doğma ana dilimizdə yazdığı qəzəlləri belə bir həqiqəti sübut elədi ki, artıq Azərbaycan dili ərəb-fərs ifadələri, tərkibləri ilə qaynayıb-qarışsa da, mətndə "hökmranlıq" etməyə tam qadirdir.
Nəsimidən sonra məhz Xətai bu "hökmranlığı" daha da qüvvətləndirdi. Hətta Nəsimi ilə müqayisədə Xətainin qəzəl dili bir az da sadələşdi (amma təbii ki, Nəsimi qədərincə fəlsəfi yüksəkliyə qalxa bilmədi).

Qızılgül, bağü-bustanım, nə dersən?
Fəda olsun sana canım, nə dersən?
Qərarü səbrü-aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?
Əridi iligim, qaldı sümügüm,
Bü təni tərk edər canım, nə dersən?
Sənin məqsudin oldur ki, mən ölüm,
Halal olsun sana qanım, nə dersən?
Əgər yatsam min il topraq içində,
Dürüstdür əhdü-peymanım, nə dersən?
Xətai çün səni can ilə sevdi,
Sevən ölsünmi, sultanım, nə dersən?

Həsənoğludan Füzuliyə qədərki mərhələdə Həbibi və Kişvəri kimi qəzəl ustadları da yetişir. Həbibi Nəsimi ilə Füzuli arasında müəyyən mənada bir körpü rolunu oynayır.
Nəsiminin ədəbi təsirinə məruz qalan Həbibi Füzulinin sevdiyi şairlərdən biri idi və Füzuli Həbibinin məşhur müsəddəsinə və bir qəzəlinə nəzirə də yazmışdır. Əksər təzkirəçilər Həbibidən ustad şair kimi söz açsalar da, təəssüf ki, onun əsərlərindən yalnız cüzi bir hissə bizim dövrə gəlib çatıb (Mərhum ədəbiyyatşünas Əzizağa Məmmədov şairin 47 şeirini müxtəlif mənbələrdən toplayıb nəşr etmişdir). Həbibi qəzəldə Nəsimi yolunu davam etdirmiş, qəzəllərində onun kimi insan gözəlliyinə himnlər oxumuş, hisslərini ifadə üçün zəngin poetik dilə, romantik üsluba meyl etmişdir. Təkcə aşağıdakı məşhur qəzəlini yazsaydı belə, Həbibi ədəbiyyat tariximizdə yaşayacaqdı:
Gər səninçün qılmayam çak, ey büti-nazik bədən,
Gorum olsun bu qəba, əgnimdə pirəhən kəfən.
Çıxmaya sevdvyi-zülfin başdan, ey məh, gər yüz il,
Üstixani-kəlləm içrə dutsa əqrəblər vətən.
Düşdü şəbnəm bağə,ta gül nisar etsün sana,
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.
Ey könül, eşq əhlinə hər dəm gülərdin şamtək,
Mən deməzmiydim ki, bir gün ağlayasıdır gülən?
Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül,
Çün batar cisminə təndə hər tük olmuş bir tikən.

Professor Nizami Cəfərov yazır: "Əgər Nemətullah Kişvəri böyük Füzulidən sonra yaşamış olsaydı, dərhal deyəcəkdik ki, Füzulinin tələbəsidir: ona görə ki, Kişvəridəki obraz mükəmməlliyini məhz Füzuli əndazəsi ilə ölçmək olar, başqa bir ölçü-biçi çətin ki, yaraya...
Hər halda, Kişvərini Füzuli yetirib, o mənada ki, Kişvəri ədəbi-bədii təfəkkürümüzdə Füzuli rezonansının faktıdır-ümumiyyətlə, özündən öncəkilər Füzulinin təqdimində nüfuzludursa, onun orbitində qərar tutur, ondan asılı olur, get-gedə zaman fərqi silindikcə, Füzulinin, əlbəttə, müəyyən arenada, həm keçmişə, həm də gələcəyə müəllimliyi qərarlaşır..." Çox maraqlı, həm də polemikaya meydan verən bir fikirdir.
Çünki Kişvəridən söz açan əksər tədqiqatçılar "Füzuli də daxil olmaqla XV əsrin sonu, XVI əsrin ortalarında yaşayan bir çox şairlər Kişvəri yaradıcılığından öyrənmişlər" (H.Araslı) fikrini irəli sürmüşlər. Amma biz təəccüblü görünsə də, hər iki fikirdə həqiqət olduğunu təsdiqləyirik. Bəli, Füzuli orbiti o qədər genişdir ki, özündən öncəkilər də bu orbitin cazibəsindədirlər, amma Füzuli həm də özündən öncəkilərdən öyrənmişdir.
Qeyd edək ki, Nizami Cəfərovun Kişvəri yaradıcılığı ilə bağlı mülahizələri bizim ədəbiyyatşünaslıqda məlum standartlardan kənara çıxan orijinal mülahizələr kimi diqqəti cəlb edir.
"Kişvəri sözlə ustalıqla davranır, çevik dil-üslub nümunəsi verir; onun təqdimində qəzəl standartı Azərbaycan dilinin sintaktik harmoniyasını, demək olar ki, pozmur, milli ahəngdən məhrum etmir... Kişvəri əsasən qəzəl ustasıdır... Kişvəri klassik poetik təfəkkürün hərəkatına təkan verdi, klassik üslubun formalaşmasında istedadını əsirgəmədi, eşq cəngavərinin fəaliyyət meydanını genişləndirdi-arxasınca isə dilində "heyrət, ey büt!" nidası olan Füzuli gəlirdi" - bu mülahizələr də Nizami Cəfərova məxsusdur.
Kişvərinin qəzəllərindən gətirəcəyimiz bir nümunə ilə onun təşbeh və metafora ustalığını göz önündə canlandırmaq istərdik:
Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər,
Kətan könlək ki, geymişsən, anı bərgi-səmən derlər.
Yüzün üzrə qara xallar pərişan zülfün altında,
Sanasan aşiyan qılmış od üstündə səməndərlər.
Açubdur xəncərün köksümdə həzyan derlər istərmən
Ki, sınmış oxlarından tutubanə asəmən derlər.
Qəmindən Kişvərinin könli bir dəryaya-pürxundur,
İki çeşmi-dürəfşanidür ol dəryayə bən derlər.
(ardı gələn sayımızda)


Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru