adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İvan və Marusya kirvələri haqqında hekayə

5833 | 2017-10-07 09:01
Yuri İvanov (Yuri Vasilyeviç İvanov) Moldova şairi, nasiri, tarixçi alimidir. 1962-ci ildə Moldovanın Rışkanı qəsəbəsində anadan olub. S. Lazo adına Kişinyov Politexnik institutunu bitirib, elə həmin institutun İctimai elmlər fakültəsində də təhsil alıb. İxtisasca politoloq, tarixçi və ilahiyyatçıdır. Son illər Moldovan rusinlərinin mədəni və mənəvi irslərini öyrənməklə məşğuldur. Rusin mövzusuyla bağlı dəfələrlə beynəlxalq elmi konfranslarda iştirak və çıxışlar edib, bir sıra elmi-tədqiqat əsərlərinin müəllifidir. 2010-cu ildə Moldovada nəsr nominasiyası üzrə "İlin Müəllifi" laureatı olub. 2014-cü ildə "Bela Rus - mənim arzum!" poetik şeirlər kitabına görə Minskdə keçirilən Beynəlxalq Ədəbi müsabiqədə 3-cü mükafata layiq görülüb. 2015-ci ildə "Arzuların yolu" adlı nəsr kitabı, "Şərq nəğmələri" adlı şeirlər kitabı çapdan çıxıb. Moldova-Belarus birgə yaradıcılıq cəmiyyətinin sədri, Sankt-Peterburqda Petrovsk Elm və İncəsənət Akademiyasının müxbir üzvüdür. Əsərləri bir neçə dilə tərcümə olunub. Moldova və Belarus Yazıçılar İttifaqlarının üzvüdür. Aşağıda onun bir hekayəsini K. Nəzirlinin tərcüməsində oxuculara təqdim edirik.

Yuri İvanov
Moldova

Tarixin görünən müddəti ərzində Şimali Moldovada yaşayan rusinlər şərqi slavyanların ən zərərli şakərlərindən - sərxoşluqdan az əziyyət çəkmişlər. Bu maraqlı faktı ötən əsrin səksəninci illərinin ortalarında "azadlıq padiosu"nun müxtəlif səs dalğaları əzik-üzük söz və səslərlə belə izah edirdi: Moldovanın şimalında araq və ucuz portveyn əvəzinə (keçmiş zamanda bu içki Sovet İttifaqının hər yerində bol idi), əsasən, yaxşı qəlyanaltı ilə evdə düzəldilmiş şərab içirlər.
Gərək qərb "xeyirxahlarımız"a belə məlumatlı olduqlarına görə minnətdar olaq; şərab içmək hələ də öz ritual xarakterini qoruyub saxlaya bilib. Bu adəti yerli əhali uzaq əsrlərdən bəri formalaşdırıb. Doğurdan da, şərab bol idi, amma onu hər gün içməzdilər. Şərabı tarixən müəyyən olunmuş qaydalara uyğun içərdilər. Ağır əməklə yüklənən adi günlərdə moldav rusini heç vaxt spirtli içki dilinə vurmazdı, çünki yaxşı anlayırdı ki, içki işə xeyir gətirə bilməz. Həm də hər bir ailədə bu yaxınlara qədər müqəddəs sayılan qədim mifoloji təsəvvürlərə görə, Ana Torpaq bütün canlıların başçısı, ulu nənəsidir və onun da sərxoş əkinçi, yaxud biçinçidən xoşu gəlməzdi. Belədə o, zəhərli çörək doğa bilərdi, sadəcə məhsul verə bilməzdi, bu da bütün nəsil üçün ölüm demək idi. Təsəvvür edin ki, bu qadağanı pozan adamın başına nə oyun açılardı!.. Buna görə də şərabı yalnız şənbə axşamları içmək olardı, özü də işdən sonra; çünki şənbə ölən əcdadların xatirəsini yadasalma günüydü.
Mənim uşaqlığım 60-cı illərə təsadüf edib; bu illərdə kilsələr "lənətli keçmişi" olan mübarizlər tərəfindən bağlanmışdı, rusinlər qayda-qanuna riayət edərdilər.
Şərabı soyuq zirzəmidə xüsusi gil qablarda - "bankalar"da saxlayardılar; gil qablar bütün gün ərzində içkinin tamını və temperaturunu qoruyub saxlayırdı. Mizin üstünə nazik dilimlərlə kəsilmiş qoyun pendiri, tavada fışıldayan cızdaq və ya sala qoyardılar. Dərin mis bardaqlarda qatılaşmış xama verərdilər. Xama o qədər qatı və bərk olardı ki, xörək qaşığını və ya hansısa metal dəmiri ona batırsaydın dimdik qalardı. Və əlbəttə ki, qalın taxta siniyə ağır çuqun qabdan isti mamalıqa tökülərdi. Kiçik yaşlı uşaqlara icazə verilərdi ki, isti şişmiş pendir tikələrindən götürsünlər; bu, onların qarşısıalınmaz imtiyazları idi və böyüklər heç vaxt buna görə uşaqlara söz deməzdilər. Mamalıqa nazik dilimlərə bölünərdi, bu işi böyüklər yerinə yetirərdi. İkonaların altında qəndil yandırardılar, elə oradaca ata-babaların ruhuna dualar oxunardı. Yalnız bundan sonra dərin nazik stəkanlara qırmızı, ya da sarımtıl yağ rəngli şərab süzülərdi.
Həmin axşam qonaq gözləyərdilər... Yaxın qohumlar, qonum-qonşu, xeyirxah dost, ya da sadəcə tanış-tunuş və kənd adamı gələrdi. Axı bu yaxınlaradək rusin kəndi böyük bir icmaydı, burda yaşayanların demək olar ki, hamısı qohum-əqrəbaydı, bir-biriylə doğma tellərlə bağlıydı, kəndi müdrik ağsaqqallar idarə edərdi... Hə, deməli, həyatdan köçmüş əziz adamlar üçün İncil kitablarından dualar oxunandan sonra şərabdan dadıb süfrə arxasına keçərdilər. Yemək-içmək məclisi başlayardı, sonra yavaş-yavaş söhbətlər qızışırdı - şərəfli, əzəmətli keçmişdən, bu günün qayğılarından danışardılar. Söhbətlər uzun çəkərdi, arada tərləmiş şərab "bankaları"ndan süzülən içkidən də vurardılar.
Rusinlərin qədim bütpərəstlik təqvimlərində qeyd edildiyi kimi, xüsusi axşamlarda məhdud çevrədə yığışdıqları zaman onlar ulu babaların sandıqlarından gizli sənədlər çıxarardılar; qədim əlyazmaların iri həcmli foliantları üzə çıxırdı və bunların heç də rəsmi din kimi qəbul edilən xristianlığa aidiyyəti yox idi. Bu kitablar, necə deyərlər, "köhnə təriqətlər" idi, çoxdan unudulmuş bir dildə xüsusi şriftlərlə yazılmışdı. Onlar lap qədimlərdə Böyük Ra-Günəşə və Ana Torpağa dini müraciətlər idi. Qeyri-insani qəhrəmanlıqlardan və əsası Allahabənzər canlı varlıqlar tərəfindən qoyulan Böyük Müdriklərin, bütün slavyan və rusinlər nəslinin yaradıcılarının xeyirxah işlərindən bəhs edirdi...Əgər ev sahibi, yaxud da süfrə arxasında oturan yaşlı adam özünə bəlli olan səbəbdən Kitabı oxumaqdan imtina edirdisə, onda bu işi məclisin ən kiçik yaşlı üzvünə tapşırardılar və bu halda imtina qəbul edilməzdi... Həyəcan və tapşırılan işin qəfil məsuliyyətindən mənim səsim bəzən titrəyir, anlaşılmaz köhnə söz və ifadələrdən dilim topuq vurmağa başlayırdı; bu anlarda böyüklər səbirlə mənə kömək edirdilər, çətin yerləri isə bir neçə dəfə təkrar söyləməyi bildirirdilər. Axı gələcək nəsildən olan müdrik öz keçmiş sələflərinin müqəddəs dilini bilməliydi! Onun dili rusin xalqını hifz edən rəhbərlərin müqəddəs yığıncaqlarında pəltəkləyə bilməzdi!..
Bazar günləri və ya böyük bayramlarda bütün küçə-məhəllə quyunun yanına yığışardı. Stolları kürəvari düzərdilər, uzun skamyalar gətirərdilər; evdə toxunulmuş naxışlı, bərli-bəzəkli süfrələr salardılar. Stolların üstündən isti kələm dolması və kəsmiklərdən buğlar qalxardı. Sobada bişirilmiş qaz və ördəklərdən yağ damcılanardı, yumşaq çörəklərin ətri ətrafı bürüyərdi. Çörəklərin üstündə yarıbişmiş sarımsaqlı ət dilimləri adama gəl-gəl deyirdi; soyuq palıd çəlləklərindən indicə çıxarılmış xarç-xarç xiyarlar, dadlı və sulu qıpqırmızı pomidorlar adamın ağzının suyunu tökürdü. Və əlbəttə ki, şərab! Moldovanın bütün üzüm sahələrinin müxtəlif növlü şərabları! Hə, bax burda artıq təvazökarlıq etməzdilər: səhərdən axşamadək şərab qədəhləri dolub boşalırdı... Səhəri isə yeni həftənin ilk iş günü başlayırdı.
Rusinlərin ənənəvi həyat tərzi hardasa 60-cı illərin axırlarında yavaş-yavaş pis vərdişlərlə əvəzlənməyə başladı; o zamanlar gənclər təhsil almaq, daha maraqlı və yeni, dinamik həyat axtarmaq üçün ittifaqın müxtəlif ölkələrinə səpələnməyə başlamışdılar. Gənclərdən kimsə geri qayıdırdı, özüylə bərabər həm zəngin təəssürat, həm də nəhəng sovetlər məmləkətini bürümüş qeyri-adi həyat tərzinə susamış insanların əhval-ruhiyyəsini gətirirdi.
Yerlərdəki kütləvi "dəb" əhval-ruhiyyəsinə təkan verən həm də 70-ci illərin əvvəllərində baş verən kəskin iqlim dəyişiklikləri səbəb olmuşdu; sürəkli və uzun çəkən yaz ayları ucbatından Şimali Moldovada üzümçülük sənayesi dağılmış, köhnə üzüm növləri də məhv olmağa başlamışdı. Məhz o zamanlar rusinlər çuğundurdan və mağazadan alınan qənddən cecə arağı çəkməyə başladılar. Beləliklə, şəkər istehsalı sürətlə artmağa başladı. Lakin yeni "məşğulluq" növünə və təbiətdəki kataklizmlərə baxmayaraq, "düşmən səsləri"nin qiymətləndirməsinə görə, rusin əhalisi özgə regionlara nisbətən sərxoşluğa və alkoqolizmə çox da qurşanmadı.
Talançı doxsanıncı illərdə vəziyyət kəskin şəkildə pisləşdi; sadə camaat "avropalaşan" elitanın əlində oyuncağa döndü, Krılovun təmsillərindəki kimi, elə bil ac canavarlar qoyunlara daraşmışdı. Rusinlərin əksəriyyəti, xüsusilə yaşlı nəsil mağaza vitrinlərinə baxa-baxa qaldı, evdə olan-qalan nə vardısa, onunla kifayətləndi. Cavanlar arabir iş fasilələrində yenə boğazlarını azca da olsa, yaşlaya bilirdilər, lakin təqaüdçülər, heç kimə lazım olmayan atılmışlar, necə deyərlər, "bayırda" qaldı, özü də daimi. Bəs onlar necə yaşayacaqdı, nə ilə dolanacaqdı? - cavanların qulaq ardına vurduğu, ya da eşitmək belə istəmədiyi əcdadların şərəfli keçmişindən bəhs olunan nağıllarla, ya nəsihətlərlə? Çox təəssüf! Yaşlı adamlar elə özləri uzun əsərlərdən bəri yol gələn bu nəhəng, məhv olmuş qayda-qanunların, ideyaların əyani, özü də gülünc nümunələrinə dönmüşdülər!..
"Uğurlu" 99-cu ilin may ayının əvvəlləriydi. Mənim dörd ev o yandakı qonşum, naqoryanlı kirvəm İvan daxmasının qabağındakı köhnə skamyada bikef oturmuşdu, özünü çox pis hiss edirdi: dünəndən bəri dilinə bir qram belə spirtli içki dəyməmişdi. Axı içməyə də heç nə yox idi! Hardan olsun? Bütün cecə araqları, albalıdan çəkilmiş araqlar, hətta ötənilki şərabların acıtmaları belə qurtarmışdı, yerli dükan və qəlyanaltılarda isə "kolxoz təqaüdçüləri"nə daha içki verilmirdi. Amansız satıcılar adları nisyə dəftərinə düşən borclu müştərilərin siyahısının üstünə koppuş barmaqlarını qoyub onlara qapını göstərirdilər. Siyahıda İvan kirvənin adı "şərafətli" birinci yerdəydi; səbəb isə artıq altı aydan bəri qanuni pensiyasını ala bilməməsiydi. Onun hardasa Uralda nəvələriylə birgə yaşayan yeganə qızı da atasına artıq üç ay idi ki, bir qəpik belə göndərmirdi, çünki işlədiyi hərbi zavodda da əmək haqqını yubadırdılar. İvan kirvə də pulsuz-parasız qalmışdı, cəmi bircə ley-rubl köhnə moldav pulu vardı. Pulun üstündəki qədim Moldovanın bığlı hökmdarı İvana sərt, həm də təəssüf dolu baxışlarla baxırdı.
- Ah, Böyük Ştefan!
Kirvə əfsanəvi sərkərdənin əzgin sifətinə baxaraq ah çəkdi.
- Ah, Böyük Hökmdar! - deyə yalvarışlı səslə davam elədi.
- O böyük daş qəbirdən qalx ayağa! Dərin məzarının üstündəki ağır üstüyazılı plitələri tulla kənara! Gəl, çıx sədaqətli atının belinə! Polad qılıncını çıxarıb yellət, məğlubedilməz ordunu hayla! Onu Allahın lənətlədiyi Kişinyovun üstünə yerit! Ay mənim sərt, yenilməz hökmdarım, yürü o parlament palatalarının üstünə, soxul nazirlik idarələrinə! Şöhrətli pəhləvanlarına əmr elə ki, yaramaz və oğru varislərini tutsunlar! O xeyirxah igidlərinə əmr ver ki, sənin mərkəzi meydandakı heykəlinin yanında asfaltın üstünə uzun, iti payalar basdırsınlar. Əmr elə ki, bütün kökəlmiş, şişmiş nazir və deputatları o payalara keçirtsinlər! Sağ qalan yaramaz rəislərə isə, Əlahəzrət Hökmdar, əmr elə ki, mənim bütün pensiyamı versinlər! Özü də təqaüdümü hər vaxtı keçmiş leyə görə yüz dollarlıq əsginazla ödəsinlər!!!
Kirvənin qızğın xahişlərinə baxmayaraq, cəsur və ədalətli sərkərdə susurdu, əzik-üzük əsginasın cırıqları arasından qopub düşməyə tələsmirdi. Kirvə elə hey donquldanırdı, belə vəziyyət sadəcə dözülməz idi; nəhayət, qəti qərar verdi: köçsün bu həyatdan, suya, içkiyə, qəlyanaltıya (son vaxtlar o, bu şeyləri xüsusilə çox arzulayırdı) ehtiyac olmayan daha mərhəmətli o biri dünyaya getsin. İvan skmayaya uzandı, əllərini sinəsinin üstündə çarpazladı, qupquru gözlərini də boş may səmasına zillədi...
Lakin amansız və adətən qəfil gələn xala - ölüm, onun başının üstünü almağa tələsmirdi. Əksinə, ətrafda, hər yanda həyat sürət və yeni ritm götürmüşdü - qaynayıb çağlayırdı! Qoca şabalıd ağacındakı koğuşda təzəcə doğulmuş sığırçın balaları dəlicəsinə cığıldayırdılar, anaları yaxın-uzaq bostanlardan hövlnak onlara xırda yemlər gətirirdi. Cikkildəyən qaranquşlar damlarda köhnə yuvalarını səliqə-səhmana salırdılar.

(ardı gələn şənbə sayımızda)

Tərcümə etdi:
Kamran Nəzirli

TƏQVİM / ARXİV