adalet.az header logo
  • Bakı 18°C
06 Oktyabr 2017 17:20
28436
ELM VƏ TƏHSİL
A- A+

Odlar Yurdu Universitetində elmi-praktik konfrans keçirilib

06 oktyabr 2017-ci il tarixində "Azadlıq Hərəkatçıları” İctimai Birliyi Odlar Yurdu Universiteti ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitunun təşkilati dəstəyi ilə Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Unversitetdən Adalet.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Daha sonra çıxış edən birliyin sədri, layihə rəhbəri Təhmasib Novruzov yüksək səviyyədə təşkilatçılığa görə Odlar Yurdu Universitetinin rektoruna və universitet rəhbərliyinə dərin təşəkkürünü bildirdi və vurğuladı ki, Odlar Yurdu Universiteti bu cür layihələrə hər zaman xüsusi diqqətlə yanaşır və böyük əhəmiyyət verir Konfransda qaldırılan məsələnin əhatə dairəsi və qarşıya qoyulan vəzifə və məqsədlər haqqında münasibətdən bəhs edən Təhmasib Novruzlunun fikrincə, təkcə XX əsrdə əlifbamız sovet imperiyasının əsarəti altında düz üç dəfə təcavüzə məruz qalmışdı. Yalnız 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sayəsində rəsmi olaraq latın əlifbasına keçildi, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə mindi.

Daha sonra "Televiziya proqramlarında Azərbaycan ədəbi dili” və "Dilimiz reklamlarda” sənədli filmləri nümayiş etdirildi. Filmlərdə ana dilinin istifadəsində yol verilən qüsurlardan, dilimizin təmizliyinə xələl gətirən amillərdən bəhs edildi. Filmlərin nümayişindən sonra çıxış edən Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü Ofeliya Sənani, AMEA Dilçilik İnstitunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, Azərbaycanın ilk peşəkar diktoru, əməkdar artist, Prezident təqaüdçüsü Natavan Hacıyeva, publisist-politoloq, filoloq Reyhan Mirzəzadə və digər qonaqlar Azərbaycan dilinin müasir zamanda formalaşma prosesindən, gənclərin Azərbaycan dilinin qorunmasında aktiv iştirakının mümkün nəticələrindən danışdılar. Qeyd etdilər ki, bu gün cəmiyyətin və xüsusən də gənclərin qarşısında duran əsas vəzifə Azərbaycan dilinin inkişafı ilə bağlı dövlətimizin apardığı siyasətə yaxından dəstək verməkdir. Azərbaycan dili milli təhsil, milli birlik deməkdir. Bu dili inkişaf etdirmək, gələcək nəsillərə ötürmək bizim ali vətəndaşlıq borcumuzdur.

Konfrans Odlar Yurdu Universitetinin tələbələrinin çıxışları və mövzu ətrafında qurulan maraqlı müzakirələr ilə başa çatdı.