adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Oktyabr 2017 00:22
12707
GÜNDƏM
A- A+

Kapitolidə onlara mükafat verilir

(əvvəli ötən sayımızda)

Ölümündən bir neçə saat əvvəl yarıyuxulu, yarıoyaq vəziyyətində Arkadi İvanoviçin gözünə əlləri sinəsində çarpazlanmış, islaq saçlı, on dörd yaşlı bir qızın gül-çiçəklərlə bəzənmiş tabutu görünür. Lakin tabutun ətrafında nə dua oxuyan, nə də yanan şam var. Qız suda boğulmuşdu. Hotelin pəncərəsindən yağışlı, küləkli havanı seyr edən Svidriqaylov keçmişdə baş verən intihar hadisəsini xatırlayıb o zaman təəssüf hissi keçirir ki, səmimiyyəti ilə istehzası bir-birinə qarışır:
"... o təhqir olunaraq özünü məhv etmişdi; bu həqarət onun gənclik, uşaqlıq şüurunu dəhşətə gətirmiş, heyrətə salmışdı, onun mələkcəsinə təmiz ruhunu, heç günahı olmadan, alçaltmışdı, onun sinəsindən son ümidsizlik fəryadını qoparmışdı; onun fəryadı eşidilməmişdi, dadına çatan olmamışdı, qaranlıq bir gecədə zülmət içində onun isməti həyasızcasına ləkələnmişdi: onda hava soyuq idi, rütubət idi, qar əriyirdi, külək əsirdi"...
Dostoyevski qadınları sevir və oxucuya da sevdirməyə çalışır. Onun personajları arasında məkrli qadın obrazı yoxdur. Əsər oxucuda belə fikir yaradır ki, qadınları pis olmağa vadar edən cəhətlərdən biri və birincisi, düşdükləri mühitdir. Ziyalı humanizmi, bəşəri qayısı ilə yazıçı qadını yox, onu bədbəxt edən şəraiti lənətləyir. O, sanki qadınlarla uşaqları eyniləşdirir və qadınlardakı mənfi cəhətləri düçar olduqları ağır şəraitə uyğunlaşmamaq refleksiyası kimi izah etməyə çalışır. Ölməmək mümkünsə ölümün gözünə necə sakit baxmaq olar? Katerina İvanovna ərinin əyyaşlığı ucbatından əsəbi xəstə, ac-yalavac qaldığı üçün vərəmli deyildimi?
Sonya təhsil almasa da, İncili oxumağı sevir. Göz açdığı mühitin və İncilin təsiridir ki, o, dözməyi yaxşı bacarır. Öz hüquqları haqqında susub özgə hüquqlarını qanun keşikçisi kimi müdafiə edən sarı biletli qız, bəlkə də, bu xüsusiyyətinə görə oxucuda nifrət hissi oyatmır. Raskolnikovun bulvarda rast gəldiyi sərxoş qızın acınacaqlı vəziyyəti kişi xislətinin fürsət düşən kimi istəyini həyata keçirmək rəzilliyinin nümunəsidir. Belə anlarda qəddarlığın həddi-hüdudu olmur.
Lizavetta yaradılış etbarı ilə ev heyvanından fərqlənmir. Zaman-zaman vəhşiləşə də bilər, lakin heyvan olaraq qalacaq. Çünki dünyaya özünü insan kimi idarə etmək şüurunda gəlməyib.
Tipik rus qadını Nastasiya adicə qulluqçudur. Raskolnikova ürəyiyananlıq etməsi, həm təbiətindəki mülayimlikdən, həm də əks cinsə qarşı duyduğu xoş hisslərdən qaynaqlanır. İstəsə belə, çiçəkləri qorumaq üçün ləklərin kənarına tikan toxumu əkə bilməz.
Əsərdə heç kimə zərər vurmaq niyyətində olmayan Alyona İvanovkanın rəhmsizliyi nəzərdən yayınmır. Onu "cuhud kimi pullu" olmaqda günahlandırırlar.
Praskovya Pavlovna əziyyət çəkir, lakin sahibəyə sonyaların, katerinaların düçar olduqları yoxsulluq yox, təmin olunmamış hissləri əzab verir. Raskolnikov qadının "xoş damarını tutmaq" istəsəydi, çox güman ki, onlar arasında heç bir münaqişə yaşanmayacaqdı.
Pulxerya Aleksandrovna fədakar anadır. Raskolnikovun təhsilini başa vurması, müvafiq qulluqda çalışması üçün mümkün olan bütün vasitələrdən yararlanmağa çalışan qadın oğlunun həbsxanaya düşməsinə tab gətirməyib ölür. Raskolnikovun karetaçı tərəfindən şallaqlanması tacir arvadının ürəyinə toxunur və o, təəssüf hissini sabiq tələbənin ovcuna pul qoymaqla ifadə eləyir.
Hətta Svidriqaylovun haqqında "arvadlar hər şeyə qabildir", söylədiyi Marfa Petrovna da məkrli qadın deyil. O, günahsız Dunyanı və günahkar Svidriqaylovu təmizə çıxarır. Savab ilə günah bir-birini islah etdiyi üçün azadlığını satın aldığı qatilin növbəti qurbanı özü olur. Çünki canini cəzadan yayındırmaqla onun günahını öz üzərinə almışdı.
Haqsızlığa uğrayan Avdotya Romanovna xeyirxah, ədalətli, təkəbbürdən uzaq, həyat sevərdir. Qardaşının taleyinə biganə qala bilmədiyi üçün ona kömək məqsədilə vəziyyətdən çıxış yolunu Lujinə ərə getməkdə görür. Lakin son anda ləyaqətini izdivacından üstün tutan Dunya sonsuz ehtiyaclarına baxmayaraq Svidriqaylovun pulundan da imtina edir.
Svidriqaylov Peterburqa Avdotya Romanovnanın ardınca gəlmişdi. O, bu qadını sevirmi, yaxud sevgi hissi ona tanışdırmı? Əlbəttə, oxucu əsərin yaşatdığı duyğulara istinadən "yox", deyə cavab verəcək. Çünki Svidriqaylovda "kişi xəstəliyi" var. Bu xəstəliyə yoluxanlar barmaqlarını tuşladıqları qadınlara maksimun yaxınlaşmaq cəhdindən özlərini saxlaya bilmirlər. Nəticədə "sevdiklərini" olmazın məhrumiyyətlərinə düçar edirlər ki, Svidriqaylovun timsalında Dostoyevski bu yaramazlığı özünəməxsus ustalıqla cərəyan etdirir. Lakin əsərdə diqqətdən yayınmayan çox incə məqam var. Svidriqaylov təcavüz etməkdən son anda özünü saxlayır. Əlbəttə, insani nöqteyi-nəzərdən, bu, belə olmalıdır. Hətta iki qadını baltalayan Raskolnikov da qadın zorlamağı, zənnimcə, bacarmazdı. Bu anlarda Fyodor Mixayloviçin ecazkar qələmi insani sərhədləri aşa bilmir. Yazıçının qadın toxunulmazlığı ideyası, qadını hifz etmə manerası əsərin ana xəttinə çevrilir. Dostoyevski qadın obrazlarını müvafiq şəraitin tələbinə uyğun olaraq, lakin istəmədən, sevə-sevə öldürür. Fyodor Mixayloviçin gərgin həyatı, ağır ailə vəziyyəti, borclu düşməsi əsərin ruhuna təsirsiz ötüşmür. "Cinayət və cəza" bir qrup yoxsul, xəstə, işsiz adamların timsalında öz dövrünə və öz dövründən ən uzaq gələcəyə kimi davam edəcək həyati gerçəkliyi əks etdirir. Əsərin ədəbi ölməzliyinə səbəb əbədi aktuallığıdır.
Dostoyevski polis əməkdaşlarını, yaxşı və pis cəhətlərindən asılı olmayaraq, qanunun müsəlləh əsgərləri kimi təqdim edir. Bu barədə yazıçının şübhə doğurmayan səmimiyyəti oxucuda şübhə oyadır: "Əgər qanun keşikçiləri qanunun icrasını ləyaqətlə həyata keçirirsə, onda cinayətin çoxalmasına səbəb nədir?" Romanda cərəyan edən hadisələr inqilabi şəraitdən xəbər verir, lakin Dostoyevski qurtuluş yolunu inqilabda görmür.
Süjetin təlqin etdiyi mühüm cəhətlərdən biri də odur ki, cəmiyyətin necə olmasından asılı olmayaraq, günahkar insanın özüdür. İnsan haqqı unutmamalı, dini qaydalara əməl etməli, Allaha itaətkar olmalıdır. Əlbəttə, itaətkarlıq insana xoşbəxtlik vəd etməyəcək, amma əvəzində vicdan təmizliyi bəxşiş edəcək ki, onu cani olmaqdan qoruyacaq.
Raskolnikovun qadını öldürməmişdən əvvəl tərəddüd etməsi, öz əməlini pisləməsi ilk dəfə cinayət edən istənilən adamda ola bilər. Çünki adamlar anadan cani doğulmur, cinayət edə-edə günaha alışırlar. Cinayətkarın təşvişə düşməsinin digər səbəbi qeyri-müəyyənlikdir. Qanunu susduracaq arxası olmayan canini nəticənin necə olacağı həmişə qorxutmalıdır.
Dürüst olmayan insanın beyni istənilən iradın müqabilində sürətlə özünü müdafiə "barrikadası" qurur. Yəni düzgün olmayan hərəkətinə elə "tutarlı" səbəb göstərir ki, irad tutanın razılaşmaqdan ayrı yolu qalmır. Əsərdə polislərlə müttəhimlər arasında gedən və bir çox digər mübahisələrdən aydın görünür ki, belələrinə haqlı olmadıqlarını başa salmaq etdikləri cinayəti sübut etməkdən qat-qat çətindir.
Raskolnikov "Budda sayağı" "dünyanı seyr" eləyəndən sonra belə nəticəyə gəlir: "Əgər mən səhv edirəmsə, əgər doğrudan da, ümumiyyətlə, bütün bəni-adəm, yəni insan övladı alçaq deyilsə, deməli, onda yerdə qalan hər şey mövhümatdır, yalnız qorxudur, heç bir hüdud-filan yoxdur və elə belə də olmalıdır". Bu yerdə Dostoyevski düşüncələrinin fəlsəfi labirintinə düşür. Oxucu yenidən özünü qapılarının hamısı qıfıllı evdə hiss edir. Açıq qapı tapmaq ümidi ilə fırlanan mütaliəçi hər dövriyyədən sonra başlanğıca qayıdır. Yazıçı labirintdən yeganə çıxış yolunu Allaha məhəbbətdə görür. Allaha gedən yol qəlbin səyahətindən başlayır. Adi gözlə görünmədiyi üçün bağlanmaq təhlükəsi yoxdur və bütün qapılar bağlı olanda yeganə açıq qapıdır ki, iman gətirənlərə həmişə yardımçı olur.
Obrazın aşağı siniflər içərisində soyğunçuluq və yanğınların artmasından deyil, ali siniflər arasında çoxalmasından təəccüblənməyi yazıçının özünü təəccübləndirir. Məgər aşağı və yuxarı siniflər mövcud cəmiyyətin qarşılıqlı hərəkətdə olan müxtəlif qolları deyilmi? Onlardan birini digəri olmadan necə təsəvvür etmək olar? Dostoyevskiyə görə, inkişaf, tərəqqi aşağıdan başlayırsa, quldurluq, qarət, soyğunçuluq və s. öz növbəsində yuxarıdan başlamalıdır. Tənəzzül təşəkkülü, təşəkkül tənəzzülü öldürən silahdır. Normal cəmiyyətlər onlar arasında ortaq məxrəcə gəlməyi bacarır.
Qətllərin, intiharların artmasında cəmiyyətin rolu nədən ibarətdir? Dostoyevski bu məsələdə yenə də insana xitab eləyir. O, təkrar-təkrar oxucunun nəzərinə çatdırmaq istəyir ki, cəmiyyətin necə olmasından asılı olmayaraq, insan cinayət etməməlidir. Əlbəttə, hər kəs cəzasını özü çəkir, amma insan mütləq cəzalanacağını bilsə cinayət etməz. Bu mənada Dostoyevskini qorxudan cinayət ünsürlü məxluqları fəallaşdıran cəmiyyətlərdir.
Fyodor Mixayloviç hadisələri psixiloq kimi müşahidə eləyib hər kəsə varlığın hüquqi toxunulmazlıq prinsipinə sadiq qalmağı tövsiyə edir. Alim ol, yazıçı ol, dahi ol, sərkərdə ol, fəhlə ol, fərqi yoxdur, ayrı-ayrı insan təbəqələrinin hamısına aid olan hüquq müstəvisi deyə bir anlayış var. Bu, insanın, sadəcə yaşamaq hüququdur və qorunması cəmiyyət tərəfindən həyata keçirilir. Raskolnikov deyir: "... Xülasə, mən bu nəticəyə gəlirəm ki, nəinki böyük adamlar, hətta adi vəziyyətdən lap azca kənara çıxan, yəni təzəcə bir söz deməyə qabil olan şəxslər də, öz təbiətlərinə görə mütləq az və çox dərəcədə cani olmalıdırlar". Dostoyevski raskolnikovları bir obrazda cəmləşdirərək oxucuların ixtiyarına buraxır və onu da əlavə etmək istəyir ki, insanlar nə qədər çox günahkar olurlarsa, arxasında gizlənmək üçün o qədər də uzun, təsirli monoloqlar hazırlayırlar.
Raskolnikov corabındakı qan ləkəsini Sonyanın corabını öpməklə yumağa çalışır. Sonya oğlanı ləkə ilə qəbul etmir və günahını cəza çəkmə müəssəsində yumağı məsləhət görür. Sonyanın qarşısında əyilib torpaq bərabəri olan Raskolnikov səcdə etməyinin əsil səbəbini gizlətməyə çalışır: "Mən sizə təzim etmədim, mən insanların çəkdiyi əzaba təzim etdim". Guya sələmçi qadın baltalandığı anlarda əzab yox, cənnət keyfi yaşayıb. Ana-bacısını görəndə ruhi əzab çəkən sabiq tələbə Sonyanın yanında rahatlaşır. Hətta o qədər rahatlaşır ki, etdiyi cinayəti etiraf eləyir. Əlbəttə, bu, sevgi hissidir. Görünür, anadangəlmə sevgilərin intiharı baş verəndə sonradan qazanılanlar suda boğulan adam üçün saman çöpü rolunu oynayırmış. Sabiq tələbə özünü inandırır ki, Sonya əxlaqsız ola bilməz, çirklənən qızın bədənidir, mənən, ruhən o, hələ də pakdır. Müqəddəslik, yəni ruhun yüksəlməsi üçün insanın fiziki ehtiyaclardan mümkün qədər təmizlənməsi əsas şərt sayılsa da, Dostoyevski bizi Raskolnikova inanmağa səsləyir.
Romanda cərəyan eləyən hadisələrdən o qənaətə gəlirik ki, istər zəhmətlə qazanılsın, istər zəhmətsiz, varlılarla kasıblar arasında bərabərsizlik deyilən əbədi uçurum var. Özündən olmayanlara qarşı duyduğu kinin nəticəsi olaraq Raskolnikov və onun kimiləri özlərini inandırmışdılar ki, sələmçi qadının yaşamaq hüququ yoxdur.
Dostoyevski "Cinayət və cəza"nı qətllərin... intiharların qarşısını almaq məqsədi ilə yazıb. Əsər oxucuda müvəqqəti bədbinlik hissi yarada bilər, lakin cinayətin çoxalmasına xidmət etməyəcək. Çünki hadisələrin mahiyyətindən bəhs edən əsərlər normal oxucunu düzgün olmayan istiqamətə yönəldə bilməz.
Cinəyatkarın cani ruhunu cəzaçəkmə müəssisəsi də yumşalda bilmir. Raskolnikov uzaq Sibirdə də özünü günahsız hesab edir. Sanki qan tökməklə cinayət arasında bağlılıq yox imiş: "O qanı ki, hamı tökür; o qanı ki, dünyada bir şəlalə kimi tökürlər, həmişə də töküblər; o qanı ki, bir şampan şərabı kimi tökürlər, bunun üçün də Kapitolidə adamlara mükafat verilir, sonra da onlara bəşəriyyətin vəli-neməti deyirlər".
Raskolnikovun aqibəti təbiətə zidd çıxanların təbiət tərəfindən cəzalanmasına əyani misaldır ki, hüquqi cəzanı həmişə kölgədə qoyur. Atacağı addımın səbəbi hamıya məlumdur, lakin başlanğıcda nəticəni görmək hamıya müyəssər olmur. Dostoyevskinin oxucuya aşılamaq istədiyi həqiqət məhz bundan ibarətdir ki, hər hansı məsələ haqqında alternativsiz fikir söyləmək dahilərə məxsusdur, yəni bütün fəlakət, qətl, intihar və savaşlara səbəb dərk olunmamış ideyalardır.
Svidriqaylovun "duel" səhnəsində Avdotya Romanovnaya söylədiyi fikirlər əsərin bütün üst və alt qatının, məna və məzmununun, girintili və çıxıntılı hissələrinin üstündən qırmızı xətt kimi keçir: "... ruslar geniş təbiətə malik adamlardır; onların təbiəti öz torpaqları kimi genişdir; onlar ağla sığmayan fantastik şeylərə, nizamsızlığa son dərəcə meyil edirlər; lakin..." Svidriqaylov milliyyətcə rus olduğu üçün "ruslar" sözünü işlətməklə məsələnin bəşəri əhatəsini kiçiltməyinin fərqində olmayan Dostoyevskini varlığın ən böyük problemi haqqında ən düzgün fəlsəfi nəzəriyyəyə ən yaxın məsafədə hiss edirik: "... lakin lazımi dahilik olmayan yerdə geniş təbiətə malik olmaq fəlakətdir"...