adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Oktyabr 2017 16:29
22161
ELM VƏ TƏHSİL
A- A+

Bilik Fondu Cocuq Mərcanlıda müəllimləri təbrik etdi

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə alimlər, jurnalistlər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva dövlətin uğurla həyata keçirdiyi dil və təhsil siyasətinin prioritet istiqamətlərindən danışaraq, insan kapitalının formalaşmasında orta məktəbin xüsusi rola malik olduğunu bildiriblər.

"İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci ildə imzaladığı Sərəncamı xatırladan alimlər qısa müddət ərzində kənddə aparılan tikinti-quruculuq işlərinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verdiyini və digər ərazilərimizin də tezliklə işğaldan azad ediləcəyinə inamı artırdığını deyiblər.

Görüşdə müəllimlərə Bilik Fondunun bayram təbriki çatdırılıb və hədiyyələr təqdim edilib, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məktəb kitabxanasına kitab bağışlayıblar. Bununla yanaşı, Bilik günü ərəfəsində ilk tədris ilinə qədəm qoymuş Cocuq Mərcanlı kənd məktəbinə kitablar hədiyyə etmiş Suraxanı rayonu şəhid D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektivinin həmkarlarına ünvanladıqları təbrik lövhəsi kənd məktəbinin direktoru Zamin Həziyevə təqdim olunub.

Z.Həzıyev göstərilən qayğıya görə qonaqlara minnətdarlığını bildirib, dövlətin yerli müəllimlərə göstərdiyi diqqət və qayğının məktəbin pedaqoji kollektivində ruh yüksəkliyi yaratdığını, şagirdləri elmi biliklərə daha dərindən yiyələnməyə sövq etdiyini vurğulayıb. Cəbrayıl Rayon Təhsil İdarəsinin müdiri Validə Həsənova da bütün müəllimləri peşə bayramları münasibəti ilə təbrik edib və Bilik Fonduna Cocuq Mərcanlı məktəbinə ayırdığı xüsusi diqqətə görə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri xalq mahnıları ifa ediblər.

Nümayəndə heyəti Cocuq Mərcanlı məscidində sakinlərlə də görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 2016-cı ildə elan olunmuş "Multikulturalizm ili" çərçivəsində ilk dəfə Heydər məscidində qılınan Vəhdət namazının mahiyyəti barədə fikir mübadiləsi aparılan görüşdə bildirilib ki, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dünyada vəhdət namazının tolerantlıq məkanı Azərbaycanda qılınması dünyaya sülh və həmrəylik mesajıdır.