adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Oktyabr 2017 15:20
15322
SİYASƏT
A- A+

KATALONİYA XAOS YARADIR

İspaniya hökuməti danışıqları rədd edir

«İspaniya hökuməti Kataloniyanın müstəqilliyi ilə bağlı hər hansı bir danışıqların aparılmasına getməyəcək». Bu bəyanatla çıxış edən baş nazir Mariano Raxey qeyd edib ki, «Madrid Barselonanın şantajı qarşısında əyilməyəcək».

Avropa Şurası münaqişəni danışıqlar yolu ilə nizamlamağa çağırır, həmişə olduğu kimi. Kataloniya muxtariyyatının rəhbəri Karles Puçdemon isə Bi-Bi-Si-yə verdiyi müsahibəsində növbəti həftənin birinci günü müstəqilliklərini elan edəcəklərini bildirib.

İspaniyanın baş naziri qətiyyətlə danışıqlar aparılmayacağını bildirərək deyib ki, «Əgər Kataloniyanın rəhbəri cənab Puçdemon nəyisə müzakirə etmək və ya razılaşdırmaq istəyirsə, onda əvvəlcə qanunlarımıza hörmət etsin».

Ötən gün «TV-3» regional telekanalı vasitəsilə xalqa müraciət edən Karles Puçdemon İspaniya kralı VI Filippin mövqeyini tənqid edərək yenə də tərəfləri dialoqa dəvət edib. O, kataloniyalıları sakit davranmağa, təxribata uymamağa dəvət edərək bildirib ki, «biz nə etmişik, nə edirik , nə edəcəyiksə bir çox xalqlar artıq bunu edib. Başqa xalqlar isə gələcəkdə edəcəklər».

Bununla yanaşı, Puçdemon çıxışlarında bir dəfə də olsun müstəqillik ifadəsini işlətməyib. Onun fikrincə, İspaniya monarxı baş nazir Raxeyin tərəfini saxlamaqla Kataloniyaya qarşı qərəzli mövqe tutur və ona görə də İspaniya hökumətinin apardığı bu siyasətin nəticələrinə görə onlarla birgə məsuliyyət daşıyacaq.

Kataloniya Muxtariyyatının rəhbəri qeyd edib ki, onun hökuməti bir millimetr də verdiyi sözlərdən geri çəkilməyəcək, sülh və əmin-amanlıq üçün əllərindən gələni edəcək, lazım gələrsə qətiyyətlərini də göstərəcəklər.

Xatırladırıq ki, ötən bazar günü Kataloniyanın İspaniyanın tərkibindən çıxması barədə referendum keçirilib. 5,31 milyon səsvermə hüququna malik olan vətəndaşların 2,26 milyonu referendumda iştirak edib və səs verənlərin 90 faizi müstəqilliyi dəstəkləyib. Rəsmi Madrid bu referendumu qeyri-legitim saydığını bəyan edib.

MEHRİBAN