ANA SƏHİFƏ / YAZARLAR

Müəllimlərimdən niyə qorxurdum?

17334    |   2017-10-05 10:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məktəbli olduğum günləri xatırlayıram. Müəllim adı gələndə həmişə qorxardım. Onsuz da qorxaq, miskin bir uşaqdım. Qorxmağa bəhanə axtarırdım. Müəllim də qorxmağıma ayaq yeri saxlayırdı. Bəlkə də biz o vaxt müəllimi gözümüzdə çox böyütmüşdük, bəlkə bizi valideynlərimiz elə tərbiyə etmişdi, bilmirəm. Hər halda müəllimin səsi mənə daha qorxunc, tükürpədici gəlirdi.

Bu qorxu hardan yaranmışdı, bu günə qədər mənə aydın deyil. Hətta o qorxu ucbatından məni bir yaş balaca bacımla eyni vaxtda məktəbə qoymuşdular. Onda Tiflisdə yaşayırdıq. Onda əlifba da başqaydı, insanlar da, mənzərələr də. İnanın! Həqiqi sözümdü. Məni qorxaq uşaq olduğum üçün bacımla bir yerdə məktəbə qoymuşdular. Bacım əlimdən tutub məni aparırdı məktəbə, təkrar da geri qaytarırdı.

Ta ki biz Bakıya gələnə qədər... Elə ondan sonra da ara-sıra qorxum hərdən başını qaldırıb öz varlığını yada salırdı...

İbtidai sinif müəllimim Xeyrənsə müəllim ciddi, zəhmli qadın idi. Onun gözlərinə baxanda ürkür, üstəlik əzbərlədiyim şeirlər də yaddaşımdan sürüşüb düşürdü. Həm də ürəyimdə müəllimlərə qarşı anlaşılmaz nifrətə bənzər bir hiss vardı. Bu hissi içimdə gizli saxlayırdım. Gecələr yuxumda qorxduğum müəllimlərin siluetlərini görürdüm. Əllərində çubuq üstümə gəlir, məni döymək istəyirdilər. Daha çox naxoşlayanda, qızdırmam yüksək olanda müəllimləri daha aydın, öz üz cizgilərində görürdüm. Belə olanda qışqırır, evdəkiləri də şirin yuxularından edirdim. Xəstələnəndə təkcə anam yatmır, səhərə qədər başımın üstündə əsirdi.

Bəlkə də bütün uşaqların ilk nifrət elədiyi insan müəllim olub. Zaman keçdikcə, bığ yerim tərlədikcə müəllimlərə qarşı hisslərim dəyişməyə başlayırdı...

Nifrət sevgiylə əvəzlənir, qorxu isə məsuliyyətə çevrilirdi. Amma mənim üçün ən birinci müəllim anam idi. Evdə dərslərimi bitirmədən televizorda futbol izləməyə, yaxud küçədə uşaqlarla gizlən-qaç oynamağa icazə vermirdi. İnanmayacaqsınız, amma əzbərlədiyim şeirləri, oxuduğum tarixi hadisələri belə mənə səsli danışdırırdı. Bir səhv elədimsə vay halıma! Bacım bəzən rus ədəbiyyatından əzbərlədiyi şeirləri yaxşı deyə bilmirdi. Anam da onu cəzalandırmaq üçün danlayır, istədi şeyləri yerinə yetirmirdi. Bu vaxt bacım göyərçin ayaqlarına bənzəyən əllərini gözünün içinə salıb, xısın-xısın ağlayırdı. Ancaq anam göz yaşlarına məhəl qoymadan bacımın bir də təkrar-təkrar oxumasını istəyirdi. O günlər indi gözümün qabağında dumanlı şəkildə canlanır.

Yeniyetmə yaşına gəldikcə içimdəki qorxaqlıq yoxa çıxır, mənasızca boyum uzanırdı. Miskinliyimi də itirmiş, ona-buna lağ edən, özündənrazı bir şagird olmuşdum. Amma di gəl, dərslərimi yaxşı oxuyurdum. Müəllimlərlə necə lazımdısa dolanırdım. Yadımdadır, tarix müəllimimiz məni çox sevirdi. Mən də tarix fənnini çox sevir, müəllimin verdiyi dərsləri yerinə yetirirdim. Müəllimin güvənini aldıqdan sonra dərsi danışmağa çıxır, bir-iki cümlə insan və cəmiyyətdən danışır, daha sonra isə qonşularımız, məhəllə yoldaşlarımla bağlı quraşdırdığım hekayəni nağıl eləyir, sinif uşaqlarını güldürürdüm. Belə anlarda müəllimizin başı jurnal yazmağa qarışırdı...

İngilis dili müəllimim isə bütün uşaqların içində yeganə məni sevirdi. Ya da mən elə bilirəm. Dərslərdə həmişə məni tərifləyir, qılığıma girirdi. Başıma tumar çəkib, dərs oxumağımı tələb edirdi. Onun ana kimi qayğısı məni qürrələndirirdi. Dərslər də gözəl qiymətlər alırdım. Müəllimim başıma sığal çəkmədiyi gün dərsdən zəif qiymət alırdım. Hərdən də hansısa dərsdən qaçmağı palnlaşdıranda nədənsə ağlıma ilk ingilis dili dərsi gələrdi.

Riyaziyyat müəllimi isə millətçi idi. Dərslərdə bizə "evladım” deyə müraciət edirdi. Açığı bizi döydüyü günlər də vardı. Bir dəfə sinif yoldaşlarımdan birini basketbol topu kimi yerə çırpmışdı. Həmin gün elə bildim ki, sinif yoldaşım topa çevrilib.

Məktəb illəri, müəllimlər yazmaqla bitməz. Müəllimlər günü ilə bağlı bütün müəllimləri, o cümlədən keçmiş müəllimlərimi canı könlüdən təbrik edirəm! Tay nə günahımız var, bu günlük keçsinlər! Sayqılar!



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK