adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Oktyabr 2017 00:34
13930
ƏDƏBİYYAT
A- A+

AXTARIŞ VARSA...

Onun kəndi işğal altındadır. Son dəfə kəndin arxa tərəfində sıralanan qayanın üstünə çıxır, dönüb qəbiristanlığa tərəf baxır. Qulağına səslər gəlir: Bizi qoyub hara gedirsiniz, hara?! Bu səslərin içində atasının səsini lap aydınca eşidir:

Ata, məzarını qoyub gəlmişəm,
Bu dərd yandıracaq, yaxacaq məni.
Səni itirmişdik, bu ağır bir dərd,
İndi də dağladı bu dərd sinəmi.
Ata, dözəmmərəm mən bu itkiyə,
Köksümdə bir qəbir qazdıracağam.
Kəsib ürəyimin bir parçasını,
Başdaşı əvəzi basdıracağam.
Ata, məzarını qoyub gəlmişəm,
Köksümdən qırılıb qəlbimin tağı.
Səni itirmişdik, bu ağır bir dərd,
İndi də itirdik ana torpağı.

Bu şeirin müəllifi Namiq Dəlidağlıdır. Təxəllüsündən göründüyü kimi əslən Kəlbəcərlidir. İlk şeirlər kitabı olan "Ağ gecənin nağılı" (2006) bu şeirlə açılır. Namiqin ata ocağı, yaşadığı kənd, yurd yanğısı ilə bağlı şeirləri kədərli, kövrək notlar üzərində qurulub. Bunları yazmamaq içi duyğuları Kəlbəcər həsrəti ilə dinən bir şair üçün günah olardı.
Namiq Dəlidağlı elə ilk şeirlər kitabından öz poetik axtarışları ilə diqqəti cəlb elədi. Şair istər kədərdən yazsın, istərsə sevincdən, ilk növbədə, özünün ŞAİR obrazını yaratmalıdır. Həmin o kədər silsiləsində Namiqin axtarışları uğurlu idi. Kəlbəcərdən çox uzaqda - Sumqayıtda ata məzarı haqqında düşünmək oğul hissiyyatıdır, amma bu hissiyyat Şair hissiyyatına çevrilir: "Orda yad əlində ata məzarı, Burda ürəyimin başı göynəyir" "Yağı düşmən Kəlbəcəri işğal edən zaman bizim qonşu Başlıbel kəndindən bir neçə ailə çıxmağa macal tapmamış, dağlara-daşlara çəkilməyə məcbur olmuşdur. Onlardan 28 nəfər 3 aydan artıq kənddən aralıdakı təbii kahada yaşadıqdan sonra gəlib çıxmış, yaşı 90-ı ötmüş Ələsgər baba isə orada qalmışdır" - bu hadisə Namiqin "Dağlar necədir?!" şeirinin yaranmasına gətirdi.

Bizə bir xəbər ver, Ələsgər baba,
Xəbər ver, kimsəsiz dağlar necədir?!
Yolunu ot basmış "Tala bulağı",
Bir ildir qəlbimdə çağlar, necədir?

Əlim torpağına çatmayan məzar,
"Yuxusu dağılmış"- yatmayan məzar,
Həsrətdən sinəsi çağlayan məzar,
Hər gecə yuxumda ağlar, necədir?

Qayanın köksünə sığınmış o kənd,
Talanmış, tapdanmış, yıxılmış o kənd.
Yağı əlləriylə dağılmış o kənd,
Sökülmüş binalar, tağlar necədir?

Bizə bir xəbər ver, ixtiyar qoca,
Xəbər ver, kimsəsiz dağlar necədir?!

Birinci kitabındakı şeirlərdə iyirmi-iyirmi beş yaş arasında keçilən ömrün yaşantıları əks olunur. Həyatın, dünyanın, gördüyü reallıqların rəngləri, boyaları ilə cizgilənən şeirlər yazılır. "itirdim sonuncu ümidimi də" nidası eşidilsə də, bu, ani bir təəssüratı ifadə edir. "Böyüyür dərdim, böyüyür" və dərdin böyüklüyünü də öz içində axtarır. Ata həsrətində, yadına düşən qərib axşamlarda...hətta özünün yox, dərdinin iyirmi beş yaşına mübarək deyir. Amma təbiətə sığınanda, dağları, meşələri, çayları seyr edəndə dərdlər unudulub gedir"/ Neçəki dağlar var, çaylar axacaq, Dağların gözünün yaşıdı çaylar".
On bir ildən sonra - 2017-ci ildə Namiq Dəlidağlının ikinci şeirlər kitabı ilə tanış oldum -"Otel otağından reportaj". Artıq bu kitabda Namiq Dəlidağlının bir şair kimi kamilləşdiyinin şahidi oluruq. Yenə Kəlbəcər həsrəti, yenə o dağların xiffəti, Vətəndə Vətən həsrəti . "Aparammıram" şeiri həmin həsrətin zirvəsidir:

Ta demirəm sağlıq olsun, ay ana,
boşalanlar bir də dolsun, ay ana,
Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparammıram.

Məmməd Aslanın və Ağa Laçınlının xatirəsinə həsr olunmuş şeirlərdə kədərin Məmməd Aslan və Ağa Laçınlı rəngləri ilə qarşılaşırıq. "Torpağa bir tabut söz basdırdılar" - elə bu misra kifayətdir ki, Məmməd Aslanı hər gün yad edək. "Çiçəklərin ballanmağını arılardan qabaq duyurdu Ağa Laçınlı. Laçın dağlarından şirə toplayıb kitab şanlara hörürdü Bakıda"- Ağa Laçınlının şair obrazının ən mühüm cizgisi budur. Ağa Laçınlı mənim fikrimcə, şəhərdə yeriyən bir nəhəng ağac idi, kəndin müdrikliyini, torpağın ətrini, dağların ucalığını yaşadırdı şəhərdə. Amma "xan Laçına gedə bilmədi Ağa Laçınlı".
Namiq öncə qeyd etdiyim kimi axtarışı sevir, söhbət əlbəttə, şeirdən gedir. Məsələn, onun "Kəpənək sevgisi" şeiri orijinaldır, təzə, hansı şairinsə demədiyi, kəpənəkləri seyr edib yanından ötdüyü şeirlərə bənzəmir.

Bir çimdik canınla
necə sevirsən bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansız da sevgi olar?
...Mənim qanım olsa da,
sənin kimi sevmədim nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir!
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər
güllərin
sevdasından
özləri ölür!

Keçək sevgi şeirlərinə. Həm birinci kitabda, həm də ikincidə əla yox, yaxşı deyə biləcəyimiz şeirlər var. Ona görə əla demək olmaz ki, hələlik bu sevgi şeirlərində böyük sevginin obrazını görmürəm. Ona görə yaxşı deyirəm ki, səviyyəsindən asılı olmayaraq hamısında yaşanılan hisslərlə qarşılaşırsan, bunlar dibçək gülləri kimi saralan şeirlər deyil. Və onun bu mövzuda bütün şeirləri etiraflar üstündə qurulub. Bir nümunə:

Mən səni sevə bilmədim,
sən məndən üz döndər, gülüm.
O saralmış məktubları,
yığ, özümə qaytar, gülüm.

Bu sevgidən yarımadıq,
yarı doğma, yarı yadıq.
ürəyimdə yaraya bax,
o üzümə çöndər, gülüm.

Özgələşdi bir ad məndən,
ta uzaq gəz, a yad, məndən.
qoyma qala bu od məndə,
gedirsənsə, söndür, gülüm.

İki kitab, neçə şeir bir şairin - Namiq Dəlidağlının həyata, gözəlliyə, doğulduğu Kəlbəcərə, ata məzarına, ana həsrətinə, həyatın adiliklərinə və qeyri-adiliklərinə poeziya dili ilə baxışını əks etdirir. Ona uğurlar arzulayıram!