adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Oktyabr 2017 00:12
8868
LAYİHƏ
A- A+

ZAMANA ÇİYİN VERƏN SƏNƏTKAR

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Bir məqama da toxunmaq lazımdır ki, Xalq yazıçısı İlyas Əfəndiyevin həqiqətən xalq dilindən, xalq məişətindən, mətbəxindən, bütövlükdə xalq dünyasından böyük məlumatları, böyük bilgiləri var idi. Ona görə də müəllif hər obrazı mənsub olduğu bölgənin, əyalətin, şəhərin dilində, hətta ləhcəsində belə danışdıra bilirdi. Bu da böyük ədəbi bir kompozisiya yaradırdı. Oxucu özünü ədəbi qəhrəmanın yanında, doğulduğu ünvanda görürdü.
İlyas Əfəndiyev öz əsərlərində sözün ciddiliyi ilə yanaşı, onun yumşaq çalarlarını da, hətta yumorlarını da, ironiyasını da elə ustalıqla ortaya qoyurdu ki, bir bütövlük yaranırdı. Təsəvvür edin ki, ucqar bir dağ kəndinə yenicə təyinat alıb gəlmiş zootexnik qız ("Dağlar arxasında üç dost") özünün biliyini, dünya görüşünü, kənd adamına, ömrü-günü mal-heyvan saxlamaqla keçən insanlara kitabdan öyrəndiklərini diqtə etməyə çalışır. Buradakı obrazlardan biri həm bu yeniliyi qəbul edir, həm də öz kəndli psixologiyasına sadiq qalaraq sadəlöhv şəkildə olsa da bu şəhərli qızı sancmaqdan da çəkinmir. Onu fermaya gətirən oğlana deyir ki, "bu qəşəng qızın dediklərini eşitdik, bu heç. Sən maa de görüm, bu qəşəng qızı necə rahatlamısan, narazılığı-zadı yoxdur ki?"
Burada çox mətləblər var. Bir psixoloji səhnədən tutmuş, kənddən şəhərə gələnlərin bəzən gülünc yeri olmasının qarşılığı kimi, şəhərdən kəndə gələnə də "öz dilində" sancmağa qədər... Ümumiyyətlə, İlyas Əfəndiyevin istər romanlarında, istər "Kənddən məktublar", "Aydınlıq gecələr", "Qaçaq Süleymanın ölümü", "Sadıqcanın nağılı", "Torpağın sahibi" və digər povestlərində, həmçinin, çoxsaylı səhnə əsərlərində Azərbaycanın bütün mənzərəsi öz əksini tapır. Xalq yazıçısı nədən yazır yazsın, orada mütləq milli dəyərləri xüsusi bir sevgi ilə təqdim edir. Onun yaradıcılığında xalqa, klassik ədəbiyyatımıza, folklora bağlılıq birmənalıdı. Dünyanın harasında nəşr olunmağından asılı olmayaraq İlyas Əfəndiyevin qələmindən bir Azərbaycançılıq, bir türkçülük tökülür.
Xalq yazıçısı İlyas Əfəndiyevin çoxsaylı səhnə əsərlərində də gecə və gündüz, mənfi və müsbət, xeyir və şər bütün əsər boyu qarşı-qarşıya gəlir. Həmişə də ədalət, işıq zəfər çalır. Digər tərəfdən bu pyeslərdə istər "Mahnı dağlarda qaldı", "Sən həmişə mənimləsən", "Məhv olan gündəliklər", "Xurşidbanu Natavan", "Hökmdar və qızı", "Atayevlər ailəsi", "Sevgililərin cəhənnəmdə vüsalı", "Unuda bilmirəm", "Tənha iydə ağacı", "Şeyx Xiyabani" və digər əsərlərində həmin o əvvəldə vurğuladığımız Azərbaycan mentalitetimizə, tariximizə, böyük şəxsiyyətlərimizə, xüsusi bir sevgi, diqqət var. Bütün bunlar isə onu göstərir ki qələminin və sözünün qüdrətinə güvənən, kökü bütünlüklə xalqına, torpağına bağlı olan İlyas Əfəndiyev bütün zamanlar üçün ədəbiyyata çiyin verməyi bacaran və bu haqqı qazanan yazıçıdır.
Burda bir məqamı da xatırlatmaq yerinə düşər. Etiraf etmək lazımdır ki, Azərbaycan səhnəsi məhz İlyas Əfəndiyevin pyesləri ilə daha böyük tamaşaçı auditoriyası qazanmışdı. Məhz həmin tamaşaçılar İlyas Əfəndiyevin pyesləri ilə özü-özünü tərbiyə məktəbi keçmişdi, zənginləşmişdi. Yaxşı ki, bu gün də rejissorlarımız həmin o həmişə bizimlə olan, bizi düşündürən, zamanla səsləşən pyesləri ara-sıra xatırlayır, bizlərə yeni təqdimatda çatdırırlar. Bu həm böyük yazıçıya ölməz sevginin, həm də bizcə səhnəmizin dəyərli əsərlərə ehtiyacının nəticəsidir. Birmənalı olaraq etiraf etmək lazımdır ki, Xalq yazıçısı İlyas Əfəndiyev Azərbaycan sovet ədəbiyyatı məktəbinin nümayəndəsi olsa da o, bütün quruluşlar, bütün zamanlar üçün yazmağı bacarmış və yazmış yazıçıdı. Onun üçün, onun yaradıcılığı üçün sərhəd yoxdur.
Doğrudan da bədii söz ürəyə yol tapanda ömrü uzanır, illərə, qərinələrə calanır. Mən Azərbaycan dramaturgiyasında öz erası olan İlyas Əfəndiyevin təkcə əsərlərinin siyahısını gözdən keçirəndə istər-istəməz içimdəki bir inamı yenidən yaşayır və yenidən dilə gətirirəm. Mən inanıram ki, nə qədər Azərbaycan teatrı, Azərbaycan səhnəsi var, İlyas Əfəndiyevin əsərləri də olacaq, yaşayacaq, tamaşaçıları öz ətrafına yığacaq və beləcə İlyas Əfəndiyevi də yaşadacaqdır. Bir anlıq "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda", "Hökmdar və qızı", "Sən həmişə mənimləsən", "Xurşid Banu Natəvan", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı", "Atayevlər ailəsi" və digər əsərləri göz önünə gətirib o illərə, o əsərlərin səhnəyə qədəm qoyduğu zamana qayıdıram. Özümdən asılı olmayaraq, İlyas Əfəndiyevin əsərlərinə səhnə həyatı bəxş edən Azərbaycanın ünlü sənət adamlarını, aktyorları, rejissorları xatırlayıram. Həmin əsərlərdə səslənən musiqiləri sanki dinləyirəm. O əsərlərin təkcə tamaşaçısına yox, həm də iştirakçısına çevrilirəm. Bu isə böyük yazıçının öz qələminin gücü ilə oxucusunun yaşatmaq və yaşamaq inancını gücləndirməsi, qüvvətləndirməsi və bəzən də bu hissi ona çox rahat, könül xoşluğu ilə bağışlamasının nümunəsidi. Belə ki, İlyas Əfəndiyev hər bir əsərində hər bir qəhrəmanının timsalında oxucusunu görür, duyur, qiymətləndirir, yaşadır.
Onun əsərləri təkcə kitab rəflərini bəzəmir, həm də ürəklərdə özü üçün ayrıca bir guşə yaradıb. Bu guşənin gülüstan olması artıq öz hökmünü tapıb, öz təsdiqini gerçəkləşdirib. Belə ki, Azərbaycan adlı məmləkətin bütün coğrafiyasını, tarixini, əxlaqını, mənəviyyatını, adət-ənənəsini, bütövlükdə varlığını özündə əks etdirən bu əsərlər artıq bütün Azərbaycanın mülkiyyətinə, sərvətinə, varidatına çevrilib.
Deməli, bu milliləşmə, bu bəşəriləşmə və bütövlükdə əsərlərin sevilib ürəklərdə, könüllərdə özünü yaşatması Tanrının İlyas Əfəndiyevə böyük sevgisi ilə yanaşı, İlyas Əfəndiyevin də xalqına, xalqının da ona güvəncinin həyat gerçəkliyidi. Bu gerçəklik isə İlyas Əfəndiyevi dünən yaşatdığı kimi bu gün də yaşadır, sabah da yaşadacaq. Biz ondan yalnız cismən ayrılmışıq.
Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ