adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Oktyabr 2017 00:30
8591
GÜNDƏM
A- A+

Kapitolidə onlara mükafat verilir

İnsanın müqəddəs ölmək hüququ var, amma müqəddəs öldürmək hüququ heç kimə verilməyib.
Göyərçin Kərimi

"İçirəm, çünki bərk əzab çəkmək istəyirəm".
"O, çox uzağa getməyəcəkdi; o, hətta yaşadığı evin darvazasından oraya neçə addım olduğunu da bilirdi: düz yeddi yüz otuz addım idi".
Bu cümlələr Fyodor Mixayloviç Dostoyevskinin məhşur "Cinayət və cəza" romanındandır. Romanın personajları müxtəlif təbəqələrdən olan bədbəxt insanlardır. Kasıblıq ucbatından universteti yarımçıq buraxmış Raskolnikov "asan" yolla pul əldə etmək istəyir ki, təhsilini davam etdirsin. Oxucu romanın elə ilk səhifələrindən sanki qapılarının hamısı qıfıllanmış sehirli evə düşür. Yəni Raskolnikov elə bir şəraitdə təqdim olunur ki, onun öz arzularını ləyaqətlə həyata keçirmək imkanı yoxdur. Ölkə o vəziyyətdə deyil ki, iş tapılmasın, xeyir, həmişə iş tampaq olar. Lakin qazanılacaq məbləğ acından ölməməyə təminat verir, yaşamağa, əsla. Raskolnikov qəpik-quruşla arzusunu gerçəkləşdirəcəyinə ümid bəsləmir. O, öz məqaləsində insanları iki qrupa ayırır ki, birincilər adi adamlar, ikincilər adi olmayanlar, yəni ideya sahibləridir. Insanların iki qrupa bölünməsində yalnış heç nə yoxdur. Yalnışlıq ondadır ki, qəhrəmanın fikrinə görə, adi adamların adi olmayanlara əbədi borcu var.
Oxumaq, inkişaf etmək istəyi bir yanğıdır, asanlıqla söndürmək olmaz. Bu mənada Raskolnikovu başa düşmək mümkündür, lakin "borc" məsələsində o, sələmçi qadından əvvəl ədaləti baltalayır. Sabiq tələbə düşünür ki, özünün yerində Napoleon olsaydı və ona karyerasını başlamaq üçün bircə qarını öldürmək lazım gəlsəydi, neyləyərdi? O, dərk etməyə başlayır ki, Napoleon qarıya cınqırını çəkmək imkanı vermədən öldürərdi. Bəli, Bonapart, bəlkə də, belə edərdi, fəqət bir məsələ var ki, Napoleonu ideya insanları sırasına aid etmək kökündən səhvdir. Napoleon gerçək dünya uğrunda döyüşür, lakin ideya sahiblərininin mövcüd dünya ilə bağlılıqları sağ qalmaları üçün tələb olunan cüzi ehtiyacdan ibarətdir. Başqa sözlə, düha sahiblərinin həyata keçirməyə çalışdıqları ideya cəmiyyətin xilasına yönəlir, bəşəriyyətə xidmət edir, ayrı-ayrı insan qruplarına yox. Bəşəriyyətin əsas hissəsi Raskolnikovun adilər qrupuna aid etdiyi adamlardır. Onun insanları bir-birindən fərqləndirmək bölgüsü tapmacaya bənzəyir və xəyalpərəst tələbənin bütün məşəqqətləri də elə bu yalnış təsəvvürdən başlayır. Hər bir canlının yaşamaq hüququ və hər kəsin fiziki toxunulmazlığı deyə ədalət güvənliyi var. Raskolnikov müharibədə saysız-hesabsız adam öldürənlərin cəzasız qalmasını əsas gətirərək, sələmçini öldürməyi adi hadisə hesab edir. O, müharibədə baş verənlərlə tək-tək adamlar arasında baş verənləri bilmədən eyniləşdirir. Müharibələr ədalətli və ədalətsizə bölünsələr də, qələbə çalmaq üçün ədalət yox, güc lazımdır. Güc dövlətini kim cəzalandıracaq, cənab Raskolnikov? Dünyanı müharibələrsiz, ölümlərsiz, yəni idarə etmədən öz başına buraxmaq nə qədər təhlükəli olsa da, Dostoyevski hər cür savaşın əheyhinə çıxır. O, insanı mahiyyəti etbarilə cinayətdən maksimum uzaqlıqda təsəvvür edir.
Əsər boyu oxucunun gözü önündə son dərəcədə pozulmuş cəmiyyət təsvir olunur; söyüşlə danışan adamlar, görünüşü ürək bulandıran yeməkxanalar, ac uşaqlar, fahişəliyin azad tüğyanı, əlifba sırası ilə baş alıb gedən xəstəliklər, çirkli hotellər, sonsuz sayda intiharlar, tamah məqsədilə törədilən qətllər, həmişə açıq olan kəsif qoxulu içki dükanları, gecə saatlarında sərxoş adamların küçələrdə dözülməz hay küyü və s. baş alıb gedir. Yuxunun şirin vaxtında səs-küyə oyanmaq məcburiyyəti Raskolnikovun ruhi vəziyyətini pisləşdirsə də, ona "alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün" əxlaq qanununu pozmaq bəraəti verilməmişdi.
Raskolnikov sələmçi qadını öldürüb, guya əldə etdiyi sərvətlə "alçaldılmışların" qürurunu müdafiə edəcəkmiş. "Zəiflərə təsəlli olmaq" gözəl ürəkli, yumşaq qəlbli insanlara aiddir. Təsadüfi deyil ki, uşaqlar işgəncə mənzərələrindən daha tez sarsılır, hətta ömürlərinin sonuna qədər ağrısı keçməyən yara qazanırlar. Çünki həyatın əsl üzü onlara tanış deyil, ürəkləri hələ bərkiməyib. Heç ürəyi yumşaq insan düşünülmüş şəkildə qatil ola bilərmi? "Ac qılınca çapar", deyirlər, lakin Raskolnikovu adam öldürməyə vadar edən qüvvə aclıqmı?
Napoleon üçün insan öldürmək, tutaq ki, milçək öldürmək qədər asandır. Tutaq ki, o, adam öldürməkdən əzab çəkmirdi. Lakin cəza təhlükəsi yaranarsa, onun hansı hissləri keçirəcəyi Raskolnikova məlumdurmu? Bəs o, özü necə? Hamıya yanan "yumşaq ürəyi" sələmçi qadına niyə rəhm etmədi? İki qadını baltalayıb qarət etdiyi pulla kimə kömək etmək istəyirdi? Onun kömək etmək istəyi oxucuya, "... yaz gələr, yonca bitər" məsəlini xatırlatmırmı? İnsanlara kömək etmək istəyən adam heç insan baltalayarmı? Axı bu insanların bir-birindən fərqləri nədədir? Təkcə elə ondadır ki, birinin pulu var, o birinin yox, ya biri cavandır, o biri qoca? Axı sələmçi qadın oğurluq etmirdi. Girov qarşılığında sələmə pul vermək dində günah sayılsa da o, heç kimi heç nəyə məcbur etmirdi. Həm də sələmçi qadın varidatını N. quberniyasında yerləşən monastıra vəsiyyət etmişdi. Deməli, onun pulları ölümündən sonra günahlarının "monastrda yuyulması" üçün xərclənəcəkdi. Bəlkə də, qarının qəddarlıqla baltalanması günahların ölümdən əvvəl yuyulmasına vaciblik işarəsidir.
Raskolnikov yeməkxanaların birində içki düşkünü olduğu üçün dövlət qulluğundan qovulmuş Marmeladovun öz faciəvi həyatı - sarı bilet almış qızı, ac uşaqları, vərəmli qadını haqqında söhbətlərini dinləyir. Onu da öyrənir ki, beş-altı həftə əvvəl yazıqları gəldiyi üçün Marmeladovu yenidən qulluğa götürüblərmiş. Bəs Semyon Zaxarıç neyləyir? Elə ilk məvacibinin hamısını içkiyə xərcləyir ki, sərxoşluqdan işə gedə bilməyib həm ailədə, həm də işdə sonuncu etibarını itirir. Nəzərə alsaq ki, ideal cəmiyyət yoxdur və olması da mümkün deyil, yəni bunu özünə dərd eləmək olmaz, onda Semyon Zaxarıç Marmeladovun uğursuzluqlarına səbəb mütəmadi sərxoşluğun öldürdüyü qeyrət hissi deyilsə, bəs nədir? Marmeladovun qızı Sonya fahişəliklə məşğul olmağa başlayır. O, cəmiyyətin ən günahsız qurbanıdır. Məgər Peterburq kimi böyük şəhərdə namuslu iş tapmaq mümkün deyildi? Əlbəttə ki, mümkün idi. Bəs niyə o, namusunu satır? Guya namusunu satmaq qadın üçün asan işdir? Dostoyevskinin cavabı isə çox sadədir; iş axtarıb tapmaq müəyyən vaxt tələb edir; uşaqlar isə aclığa tab gətirə bilməzlər. Odur ki, Sonya ən asan yolla ən tez zamanda ən çətin işin qulpundan yapışır.
Raskolnikovu qatil olmaq fikri elə çaşdırır ki, bir-birindən qorxulu yuxular görməyə başlayır və son dərəcə pintiləşib səliqəsini itirir. Lakin görkəmindən heç də narazı deyil. Bir məsələ üzərində həddindən artıq öz diqqətini toplayan bəzi monomanlar kimi hamıdan gizlənməyə çalışır. Dalandarın anasından gətirdiyi məktubun mətni onun sağlam olmayan ruhuna daha da əziyyət verir: - Gör anam mənə nə yazır: "Rodya, Dunyanı sev, o səni özündən çox istəyir: yoxsa qızını oğluna qurban verməsi, buna razılaşması ona vicdan əzabı verir? - Sən bizim pənahımızsan, sən bizim həyatımızsan! Ah, ana!.." Əvvəlcə qəti qərara gəlir ki, bacısının Lujinə ərə getməyini əngəlləməlidir. Sonradan fikrinə qarşı çıxır: "Olmayacaq? Bunun olmaması üçün sən nə edəcəksən? Qadağan edəcəksən? Buna sənin nə haqqın var? Bu haqqı əldə etmək üçün sən onlara nə vəd edə bilərsən? Universteti qurtarandan, özünə qulluq tapandan sonra bütün taleyini, bütün gələcəyini onlara həsr edəcəyinimi? ... On ildən sonra?" Əsərin bu yerində oxucunun yadına Marmeladovun içkixanada söylədiyi uzun monoloqdan bir cümlə düşür: "Möhtərəm cənab, daha gediləsi bir yer qalmayıb sözünün nə demək olduğunu başa düşürsünüzmü?" Amma Raskolnikovun hələ getməyə yeri qalmışdı və ora getməkdə çox israrlı idi.
Bulvarda rastlaşdığı təhqir olunub küçəyə atılmış sərxoş qızı Raskolnikov ikinci dəfə təhqir olunmaqdan qorumağa çalışır. Hətta cibindən sonuncu abbasını çıxarıb qaradovoya verir ki, qızı evlərinə sağ-salamat ötürsün. Anasının göndərdiyi bütün pulu Marmeladovun dəfninə xərcləsə də, xeyirxahlıqla bədxahlıq arasındakı mənəvi tarazlığını saxlaya bilmir. Tərəzinin gözləri dayanmadan qalxıb-enir. Bunun başlıca səbəbi özündən olanlara qarşı mərhəmət, özündən olmayanlara, səbəbli-səbəbsiz, nifrət hissidir. Rodion Romanoviç adam öldürməyin çox şərəfsiz iş olduğunu bilir, amma yenə də nəfsinə uduzur. Özündə belə bir təsəvvür yaradır ki, sələmçi qadın adam yox, adicə bitdir. Təsadüfən eşitdiyi söhbətlər - içki dükanında bir tələbənin sələmçi qarının yaşamaq haqqı olmadığından söz açması, K. küçəsinin tinində meşşan və arvadının Lizaveta İvanovnanı növbəti gün saat yeddidə harasa dəvət etməsi onun qarət haqqındakı planlarını daha da möhkəmləndirir.
Raskolnikovun daxilində iki Raskolnikov döyüşür. Onlardan biri cəsarətli, o biri dovşan kimi qorxaqdır. Sələmçi qadını öldürüb ondan qarət etdiyi pullarla özünü ağ günə çıxarmaq istəyən personaj arada vicdanı ilə üz-üzə gəlir və nə etdiyinin fərqindədir. Lakin tamah hissi alicənablıq hissini üstələyir. O, qətli törədir. Hətta izi itirmək üçün cinayətin üstünə gəlib çıxmış dilsiz-ağızsız Lizavetanı da baltalayır. Halbuki, onun varlanmaqda məqsədi, inandırıcı görünməsə də, Lizaveta kimilərinə kömək etmək idi. Raskolnikov oxucuda düzgün olmayan təssəvür yaradır ki, qarını tamah səbəbindən deyil, ideyasını həyata keçirmək üçün öldürür. Lakin qarətdən keçən istənilən yol tamaha söykənir və şöhrət hissinin özü də tamahın br növüdür. İnsandan böyük ideya varmı? Bütün ideyalar varlığın problemini həll etməyi nəzərdə tutursa, bəs varlığın məhvindən keçən yol hara aparır?
Əsərdə qarşısı alınmayan proseslərin, ixtira və kəşflərin təsadüfi, ya qeyri-təsadüfi ölümlər hesabına gerçəkləşməsi təssüf hissi ilə qarşılanır. Hər bir ixtira bəşəriyyətin inkişafına xidmət eləyir. "Ata-babadan miras qalan qədim qanunları" müfəssəl qayda yaratmaqla pozmaq cəmiyyətin sağlam formalaşmasına yönəlmiş addımdır və yazıçı, məqsəddən asılı olmayaraq, qətllərin əleyhinədir. Dostoyevcki başa salmaq istəyir ki, insanın müqəddəs ölmək hüququ var, amma müqəddəs öldürmək hüququ heç kimə verilməyib.
Rodion Romanıçın qarətdən sonra xəstəliyinin ikinci mərhələsi başlayır. Cinayətin yaratdığı daxili gərginlik rəftarında, adamlara münasibətində açıq-aydın özünü göstərməyə başlayır. Onu "qan" tutur. Cəzanın vahiməsi, həbs olunmaq qorxusu ruhunu sarsıdır. Sarsıntı orqanların fəaliyyətini pisləşdirir ki, müxtəlif qarabasmalar, qulağa gələn cürbəcür səslər bu kimi pisləşmələrin fəsadlarıdır: "Bəlkə də, mənim bütün paltarım qana bulaşmışdır" və s.... Qarətçinin tam qəddarlaşmamış ürəyi boşluğa düşən kimi özünü sorğu-suala tutur. Amma bu sorğu-sualın yaranmasına səbəb peşmançılıq deyil, burnunun ucunda hiss etdiyi cəza təhlükəsidir. Sələmçinin ölümündən sonra Raskolnikovun yadına Napoleon düşmür. "Görəsən, Napoleon indi mənim yerimdə olsaydı, neylərdi?", sualı onun fikrini məşğul etmir. Napoleon Raskolnikov kimi aciz və qorxaq olmasa da, cəza qarşısında özünü necə aparacağını mühakimə etmədən söyləmək çətindir və çox güman ki, onun da dayaq nöqtəsi laxlayacaqdı.
Razumixinin həyat tərzində mövcud quruluşa məxsus nümunəvilik, yaxşı insan olmaq üçün cəmiyyətin nəzərdə tutduğu bütün cəhətlər var; bəzən heç kəsə möhtac olmamaq üçün hər kəsə haqqını tapdalamağa imkan verəcək qədər. Ümumiyyətlə, Dostoyevski "Cinayət və cəza"nı qələmə aldığı illər Rusiyanın kənd və şəhərlərində iqtisadi vəziyyət o qədər də ürək açan deyildi. Siyasi stabillik pozulmuşdu. Əhali arasında qeyri-bərabərlik hökm sürür, orta vəziyyət, demək olar ki, sıradan çıxmışdı. Üz-üzə, yan-yana, qapı-qapıya yaşayan varlılar və kasıblar təbəqəsi mövcud idi ki, varlılar varlanır, kasıblar kasıblaşırdılar. Yazıçının diqqət yönəltdiyi əsas məsələlərdən biri ondan ibarətdir ki, körpələrin ac yatdığı, az yaşlıların namus satdığı ölkələrdə varlılar xoşbəxt ola bilmirlər. Elə bil onların həyatdan məmnunluq hissləri ayaqyalın uşaqların oynadığı küçələrdən keçdikləri vaxt duyduqları ikrah hissinə bulaşır. Yəni "yetimin haqqını yemək olmaz" məsələsi, ilahi ədalətin gözə görünməyən qələbəsi, yazılmayan qanunun öz-özünə icrası baş verir. Söhbətin bu yerində açıq gözlü oxucu, yəqin ki, Svidriqaylovun intihar etməsini xatırladı.

(ardı növbəti sayımızda)