adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Oktyabr 2017 00:08
12999
GÜNDƏM
A- A+

BİZƏ HƏYATI ÖYRƏDƏNLƏR

Sona Quliyeva,
BDU-nun şərqşünaslıq
fakültəsinin II kurs tələbəsi

Hələ orta məktəb illərindən ən böyük arzum, xəyalım Azərbaycanın ilk universiteti olan və Ulu Öndərimiz Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetinin tələbəsi olmaq idi. Daim bu universitet haqqında məlumat toplayır, hansı ixtisasın mənə uyğun ola biləcəyini düşünürdüm. Nənəm Sona Çərkəzin dərslərində oturduqca xəyal qururdum ki, görəsən, mən də nə vaxtsa bu sıralarda əyləşib, tələbə adını qazana bilərəmmi?
İllər keçdi və mən orta məktəbi bitirib, ali məktəbə - hədəfim olan BDU-ya daxil olub, tələbə adına layiq olduğumu sübut etdim. Hal-hazırda da BDU-nun şərqşünaslıq fakültəsinin Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasında təhsil alıram. Burada birinci kursa başlayarkən bu dilləri öyrənə biləcəyimə bir az tərəddüd etsəm də, vaxtilə bu fakültəni bitirən Ələsgər Məmmədov, Vasim Məmmədəliyev, Aida İmanquliyeva və bir çox tanınmış elm xadimlərinin nailiyyətlərini düşündüm və müəllimlərimin öz ixtisaslarına sevgilərini görüb, başa düşdüm ki, gələcəkdə qazana biləcəyim uğurlara yol məhz buradan başlayır.
1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin ilk fakültələrindən biri də 1922-ci ildə yaradılan şərqşünaslıq fakültəsidir. Əsas elmi tədqiqat sahələri Şərq dilləri və ədəbiyyatlarının aktual problemləri olan fakültədə ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri tədris olunmaqdadır. Fakültə dekanı, professor Elxan Əzizov və dekan müavini Cavanşir Məmmədzadənin tələbələrə olan sevgisi, qayğısı və diqqəti xüsusi vurğulanmalıdır.
Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında belə bir fikir söyləmişdir: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı". Mən də bu yazımda bizi göylərə qaldırmaq üçün elmin yollarında bizi inamla addımlamağa sövq edən müəllimlərimizin adlarını - Təranə Əkbərova, Gülnur Məmmədova, Çinarə Mütəllimova, Kənan Vəkilov, Eldar Cəfərov, Nadir Əhmədov və mənim universitetə qəbul olmağımda böyük əməyi olan Zemfira Məmmədova, Telman Həsənov, İsa Hüseynovu qeyd etməsəydim, bu heç də doğru olmazdı.
Platon deyirdi: "Müəllimlik bir Tanri sənətidir". Təsadüfi deyildir ki, mənim də ilk yazım müəllimlər gününə həsr olunmuşdur.
5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. Hər il 100-dən çox ölkədə bu bayram günü xüsusi qeyd olunur. Müəllimlərin sözlə ifadə olunmayacaq qədər böyük zəhmətini az da olsa, qiymətləndirmək üçün bu bayram çox gözəl düşünülmüş bir vasitədir.
Mən müəllimlik sənətini baba və nənəmin simasında sevmişəm. Babam Çərkəz Quliyev və nənəm Sona Çərkəz həyatlarını bütünlüklə BDU ilə bağlamış insanlardı. Hələ kiçik yaşlarımdan nənəmlə universitetə gedərkən addımbaşı bizimlə rastlaşan insanlar nənəmi öpüb qucaqlayar, ona böyük sevgi və hörmətlərini göstərərdilər. Mən elə o vaxtlar fikirləşirdim ki: İlahi, müəllimlər necə xoşbəxt insanlardır! Hamı onlara böyük məhəbbətlə yanaşır və çox da sevirlər.
Ulu Öndərimiz Heydər Əliyev müəllimlər haqqında çox müdrik fikirlər söyləmişdir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram".
"Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır".
Mən də öz növbəmdə həm orta, həm də ali məktəbdə mənə dərs deyən, öyrənməyin və öyrətməyin necə gözəl bir iş olduğunu başa salan, həyatın çətin yollarını keçməkdə, pisi yaxşıdan, əyrini düzdən ayırmaqda həm sevincli, həm də kədərli anında daim yanımda olan müəllimlərimi və onların simasında bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm!
Şərəfli sənət sahibləri, bayramınız mübarək!