adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Oktyabr 2017 15:20
15040
MƏMLƏKƏT
A- A+

Sumqayıtda sel məktəbin yolunu kəsdi - Şagirdlər dərsə gələ bilmədi

Sumqayıt şəhərində orta məktəbi sel suları basıb.

Hadisə gecə saatlarında baş verib.

Axşam saatlarından şəhər ərazisində güclənən yağış nəticəsində Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbin həyətinə sel gəlib. Nəticədə məktəbin həyəti təxminən 40-50 sm hündürlüyündə su ilə dolub. Hadisə nəticəsində şagirdlər orta məktəbə daxil ola bilməyib, geri qayıdıblar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Sumqayıt şəhər 1 saylı orta məktəbin direktoru Ruhiyyə Tağıyeva faktı təsdiqləyib.

Direktor bildirib ki, hadisə ilə bağlı Təhsil Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinə dərhal məlumat verilərək məktəbdəki vəziyyət bildirilib: "Məktəbin əsas girişindən həyətə daxil olmaq çətin olduğu üçün alternativ yoldan istifadə etmişik. Müəllimlər məktəbdədirlər".

R.Tağıyeva deyib ki, alternativ yol da palçıqlıdır: "Amma ən azından bu yoldan istifadə etmək olur. Şagirdlərdən də məktəbə gələnlər var. Bəzi şagirdlər gəlməsə də, məktəbdə tədris dayanmayıb. İndi gözləyirik ki, aidiyyəti qurumlar məktəbin həyətindəki suyu çəksinlər".