adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Oktyabr 2017 14:28
10859
GÜNDƏM
A- A+

30 İLİN ZƏHMƏTİ 3 SAATA DƏYMƏDİ

İrəvan Dövlət Dram Teatrında baş verən olaylardan hamının xəbəri var. Teatrda dava-dalaş düşmüşdü, belə davam etsəydi məsələni ATƏT-in Minsk qrupuna çıxaracaqdılar, yaxşı qurtardıq. Mədəniyyət və Turizm Nazirliyi özü məsələni yoluna qoydu. Bizdə olan məlumata görə, teatrın direktoru İftixar Piriyevə şiddətli töhmət verildi.

Teatrın bir qrup tanınmış aktyorları da direktorun müəyyən hərəkətləri ilə bağlı Nazirliyə müraciət etmişdilər. Nazirliyin yoxlaması da həmin müraciətdən sonra olmuşdu.

Məlum müraciətə qol çəkənlərin biri də hamımızın yaxşı tanıdığımız tanınmış aktyor Əjdər Zeynalov idi. Onu da qeyd edək ki, Ə.Zeynalov sosial şəbəkədə teatrın direktorunun fəaliyyətini tənqid edən status paylaşmışdı.

Son bir həftənin içində Əjdər Zeynalova bir xəbərdarlıq edilib, sonra şiddətli töhmət, ayın 2-də də işdən çıxarılıb. Səbəb də göstərilib ki, 3 saat işdə olmamısan, bir dəfə də yarım saat işə gecikmisən.

Əjdər Zeynalov 30 ildi həmin teatrda fəaliyyət göstərib və aparıcı rollar oynayıb. Deməli, aktyorun 30 illik fəaliyyəti, özü də teatrın o çətin vaxtlarındakı fəaliyyəti 3 saata dəymədi. Və teatrın direktoru Əjdər Zeynalovdan müraciətə atdığı imzanın əvəzini belə çıxdı.

Söz Mədəniyyət və Turizm Nazirliyinindir.

Mövzuya qayıdacağıq.