adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Oktyabr 2017 09:34
14254
ƏDƏBİYYAT
A- A+

Elsevər Məsim

Söz ağlayır,
elə bil,
Şairlərin dilində
Söz şairdən -
Şair sözdən,
İki aşiq
bir-birindən
ayrı düşəndə.
Sözün də elə bil,
Ürəyi var,
qardaş
Söz də elə bil
dil bilir,
qardaş
Sevinc gəlir
gözlərinə
Qəmli şairi görəndə
Yaş gəlir gözlərindən,
Gülən şairi görəndə
Ömrün boyu
heç bir yerdə,
rast gələ bilməzsən,
əziz oxucum
bu cür iki aşiqə -
canbir -
könülbir
ayrılmaz sevgiliyə.
Elə bil,
bənövşə kimi
bəndə düşüblər
bir-biriylə
Şair sözə aşiqdi -
Söz də şairə...
Vurulmuşam
əzəl gündən,
tanıdığım
və tanımadığım
İki əziz sevgiliyə -
necə də düşüblər bəndə.

***
Sevgi sözdən doğulur,
Söz də sevgidən.
Xəmirini bir yerdə
yoğurub əzəldən,
Bir olan Allah...
Söz ilə sevginin.

Ona görə də
qədimdən,
bir-birini
sevirlər
iki sevgili kimi
Söz sevgini -
Sevgi sözü.

Yalandırmı,
Bəs niyə
Düşmür dilindən
aşiqlərin
gecə-gündüz
Sevgi sözü -
Eşq kəlməsi.
Deyirlər,
qardaşım
Yağ yağ ilə qaynayar
Kaş ki,
sirdaşım
Belə sevəydi,
Bir-birini
əzəldən
bütün aşiqlər
aşikar olanacaq
Sözlərin düzü.

Sual-cavab dünyası

Suallarla doludur,
qoca dünya...
Hər sualın
bir cavabı var -
deyirlər əzəldən
Kaş ki,
bütün sualları
sanmayaydıq
tapmaca.
Düz sualın
düz də
cavabını tapaydıq,
Gücümüz çatınca -
yolumuz aydınlaşınca.
Özümüzə verdiyimiz
Suallardan
Özümüz yorulmayaydıq,
Sözümüz də yorulsa -
Yerimiz də yorulsa -
Göyümüz də yorulsa.
İş bitir
elə bil,
birdən sonuna
könlümüz yorulanda.

Özümüzə verəydik,
suallarımızı.
Həqiqət görəydik
xəyallarımızı.
Yağış yağa
bilərdimi?..
Bulud dolmasa
Sular durula
bilərdimi?..
Göylər dolub-boşalmasa.
Suallarımız
cavablana
bilərdimi?!
Yığın-yığın
cavabları olmasa.

Nə yaxşı ki, dünyamızda...

Ulduzlar
gecə yarı,
düzülüblər səmaya
qatar-qatar.
Hər ulduz
deyiblər,
bir nağıldı -
Ulu nənə-babalar
Eh...
Mənim də yadımda,
Nə qədər
sözlər qalır
Qoca nənəmdən yadigar.
Bir sözü yadıma
qarlı qışı salır,
bir sözü nurlu bahar...
Hər gecə
sonsuz ulduzlara
qalır, sanki
ötənlərdən yadigar -
Keçənlərdən yadigar.
Babam demiş,
ay bala,
dünyada
qan-qada var.
Nənəm demiş,
Sus-canım
Dünya bahardı -
bahar...
Mən də deyirəm,
nə yaxşı ki,
bu qoca dünyamızda
bir nənə -
bir baba var,
bir də bizə yadigar
yarı şirin -
yarı qəmli
gözəl-göyçək nağıllar.

SEVGİ AĞACININ KÖLGƏSİNDƏ

Ürəyimdə bir sözüm var,
ellər dinləsin.
Sözümə məna verən
dillər dinləsing
il anıram sözümü
sevən sevəcək,
kaş ki, bircə kəlməmi
mənalı bilib
təzəcə eşqə düşən
könlü təmiz,
sevgililər dinləsin.
Arzum budur,
bu dünyada
Sevənlər bir-birini
elə sevsin ki,
ürəyinin atəşində-
gözlərinin nurunda
qoca dünya dincəlsin.
İlk dəfə
eşqə düşən sevgililər,
hərəsi bir bağçada -
hərəsi bir bağda
ən çox sevdiyi
ağacdan
bir budaq əksin.
Sevgiləri böyüdükcə,
əkdikləri
ağaclar da
göyərsin.
Günlərin bir günündə,
O ağacların kölgəsində
Sevgililər dincəlsin.
Ancaq bütün
Sevgililər deyil,
ürəkdən sevən sevgililər
gəlib dincəlsin
Dünya adlı -
Sevgi adlı
bu ağacın kölgəsində.

SÖYLƏMƏ

Əzizim, həmişə qalsın yadında
Ürəkdən gəlməyən sözü söyləmə
Söz də qiymətlidi qoca dünyada,
Ocağı söndürüb közü meyləmə.

Sözün qiymətini bilənlər bilib,
Günlərin bir günü ərənlər bilib.
Mənanı gəlməni düzənlər bilib,
Boş yerə hər yerdə mahnı söyləmə.

Misal götür misalların içindən,
Mənanı sez mənaların içindən.
Dünya gəlir dünaların içindən,
Hər məclisdə durub ağı söyləmə.

Dədə Qorqud yadigarı elin var,
Nəsimidən qalan seçmə dilin var.
Füzulinin divanı tək şeirin var,
Əbəs yerə quru nağıl söyləmə.

Bu dünya bir ocaq oldu bizlərə,
Nuru doldu işıq olub gözlərə,
İnanma heç quru-yalan sözlərə,
Öz-özünü aldanışa səsləmə.