adalet.az header logo
  • Bakı 18°C
04 Oktyabr 2017 00:22
11866
ƏDƏBİYYAT
A- A+

Payız təəssüratları...

Lirik etüd

Vahid MƏHƏRRƏMOV

Payız gəlir... Payız gəlişini, ilk addımlarını yağışların yağması ilə, soyuq küləklərin əsməsi ilə bildirir. Sanki qulaqlarımıza pıçıldayaraq "hazırlaşın mən gəlirəm" deyir. Yağışla, çiskinlə yüklənmiş ağır, lay-lay buludlar bir göz qırpımında göy üzünə pərdə çəkib günəşi görünməz edir. Günəşi bizdən gizlədən buludlar bir-birinə dəyib nərilti-gurultu qopararaq, yeri-göyü silkələyir. Sanki bununla anamız təbiət insanlara payızın gəlişini hiss etdirir, əl-ayaqlarını çöl-bayırdan yığışdırmağın zamanı çatdığını bildirir. Şimşək qılıncını qəfil çəkib bir andaca göydə oynadıb hər tərəfi işıqlandırır. İsti yay günlərində, bürkülü havalarda yağmayan yağış, sanki payızın gəlişindən ürəklənib asta-asta çisələməyə başlayır. Havanın əvvəlki hərarəti azalır, istiliyi öləziyir. Payızın gəlişinin hiss edən günəş də yavaş-yavaş bizdən uzaqlaşır. Onun şüaları daha əvvəlki kimi parlaq və isti olmur, adamı yandırıb-yaxmır. Buna görə də payızın ilk günləri başlayan kimi havanın şaxı sınır, sərinlik düşür. Yay günlərinin istinin əlindən bezən bizlər bir az sərinləyib rahatlanırıq.
Payız gəlir... Payız gələndə ilk yada düşən yəqin ki, məşhur mahnının məşhur sözləri olur. Sərin küləklərdən sərinləyə-sərinləyə biz də "Payız gəldi uçdu getdi quşlar..." - deyə pıçıldayırıq. Və bir az da quşların uçub getdiyinə, meşələrimizin, çöllərimizin boşaldığına, yaraşıqsız qaldığına təəssüflənirik. Təəssüflənirik ki, bir müddət quşların şirin nəğməsinə həsrət qalacağıq. Sonra da düşünürük ki, görəsən bu payız günlərində uçub gedən təlcə quşlarmı oldu? Təbii ki, yox! Uçub gedən yalnız quşlar olsaydı nə var idi ki? Heç bunu nə özümüzə dərd edib dilimizə gətirməz, nə yazıya almaz, nə də fikrimizə yükləyib təəssüflənməzdik. Bu payız günlərində fikirləşirsən ki, o gedən quşlar gələn ilin isti aylarında qanad çala-çala yenidən sevinc içində öz yuvalarına dönəcəklər. Bu payız günlərində adamı təəssüfləndirən həm də odur ki, ilk qədəmlərini atan bu payız ömrümüzün yenicə bitmiş bir yayını da götürüb birdəfəlik özü ilə apardı. O yay bir daha ömrümüzə qayıtmayacaq. Ondan bizə yalnız isti, ilıq və acılı-şirinli xatirələr qalacaq. Həyatı nə bilmək olur, bəlkə də bu günlərin üstündən illər keçəndən sonra o isti, ilıq xatirələr qəlbimizi üşüdəcək.
Payız gəlir... Nədəndirsə, payız fəsli mənə həmişə sirli-sehirli görsənib. Sanki daha cəlbedicidir, rəngarəng və bənzərsizdir. Başqa fəsillərdən fərqli olaraq daha küləklidir, yağışlı və sazaqlıdır. Küləyi, yağışı və soyuğu ilə təbiətin əynindən yaşıl donunu çıxarmağı bacarır. Yayda coşub-çağlayan, yerə-göyə meydan oxuyan anamız təbiət yavaş-yavaş payıza təslim olur. Onun diktəsi ilə durub-oturur, sözündən çıxa bilmir, üzünə qayıtmır. Özünü belə üzüyola göstərən təbiət yavaş-yavaş yazda sevinə-sevinə əyninə geyindiyi libasını indi könülsüz-könülsüz dəyişməyə başlayır. Asta-asta, hiss olunmadan əyninə qızılı paltar geyinir. Qərinələrdir ki, özünün əbədi yolu ilə yorulmadan, aram-aram irəli gedir. Hərdən mənə elə gəlir ki, payız təbiətin sarı paltarlı gəlinidir. Bu paltar ona çox yaraşır. Özü də bir az ərköyün, bir az çılğın, bir az da kövrək görsənir. Kövrələn kimi də topa-topa buludlarından göz yaşları axıdır. Bu göz yaşlarını silməyə isə Tanrıdan başqa kimsənin qüdrəti çatmır.
Payız gəlir... Payızın gəlişini bəlkə də adamlardan da əvvəl meşələrin yaraşığı və etibarlı keşikçisi olan ağaclar hiss edir. Onlar soyuğun nəfəsini duyan kimi müdrikcəsinə dərin fikrə gedirlər. Bəlkə də elə bu fikirdəndir ki, yavaş-yavaş yarpaqlarına xal düşür. Xal-xal olan yarpaqların başının üstünü saralmaq qorxusu kəsdirir. Yarpaqlar insanların puç olan istək və arzuları kimi saralmağa üz qoyur. Yavaş-yavaş, hiss edilmədən ağaclar sarılı, qırmızılı bir libasa bürünür. Elə bil ağaclar o geyimdə daha müdrik və nurlu görsənirlər. Yarpaqlar saraldıqca zəifləyir, zəiflədikcə də gücdən düşür. Daha öz yerində dayana bilmir. Külək də belə gücdən düşmüş yarpaqları bir andaca budaqdan üzüb yerə səpələyir. Sanki torpağın üstünə xalı döşənir. Yarpaqlar ağacdan çox könülsüz-könülsüz göz yaşları ilə ayrılır. Sanki öz anası ilə, doğması ilə sağollaşır. Külək onu ağacdan yerə saldıqdan sonra qabağına qataraq qovub uzaqlara aparır. Çılpaq qalan ağaclar yavaş-yavaş torpağın qoynunda qış yuxusuna gedirlər. Təbiət sükuta dalır, ətrafa sakitlik çökür. Nə quşların nəğməsi, nə də cırcıramaların səsi eşidilir.
Payız gəlir... Gələn bu payız özü ilə yaradıcı adamlara ilham gətirir, onlara təzə ruh, təzə nəfəs, təzə həvəs verir. Mənə elə gəlir ki, payız yaradıcı insanlara yeni mövzular bəxş edən bir fəsildir. Şairlərin ən çox sevdiyi, vəsf edib, nəzmə çəkdiyi də elə payız fəsli deyilmi? Rəssamların çəkdiyi rəsm əsərlərinin çoxu payıza həsr olunmayıbmı? Gözəl musiqilər də sanki payız kimi həzin və ürəyəyatımlıdır. Deməli, payız daha sevimlidir, daha gözəldir. Bu gözəllik ruhumuzu qidalandırır, ovqatımıza ovqat qatır.
Payız gəlir... Payızın əsən soyuq küləkləri mürgüləyən düşüncələri də oyadır. Yayın istisindən, bürküsündən təngə gəlib tıncıxan insanlar bu fəsildə daha çox yazıb-yaratmağa meyil göstərir, daha çox mütaliə edirlər. Payızda daha çox sevib-sevilirlər. Bəlkə də elə buna görə də çoxları payız fəslinin gəlişini həsrətlə, intizarla gözləyir. Payız həm də toylar fəslidir. Sevib sevilənlərin xoşbəxtliyə qovuşduğu, arzuların çiçək açdığı fəsildir.
Payız gəlir... Gəlişi ilə ayları, illəri üst-üstə qalaqlayır. Hər payızda illər üst-üstə gəldikcə sakini olduğumuz yer kürəsi də yaşa dolub müdrikləşir, ahıllaşır. Müdrikləşdikcə də gözəlləşir. Gözəlləşdıkcə də diqqətimizi daha çox cəlb edir, daha çox sevilir...
Payız gəlir... Tələm-tələsik özünü yetirən bu payızın haradasa insan ömrünə də bənzərliyi var. Payız fəslində ağacların yarpaqıları saralıb töküldüyü kimi insanların da düşüncələri saralıb xatirəyə dönərək ağ vərəqlər üzərinə tökülür. Nədənsə bu fəsildə keçmişimizi, ötüb arxada qalmış günlərimizi daha tez-tez xatırlayıb yada salırıq. Yaşanmış günlər, aylar xatirələrimizə hopur. Xəyallarımız ömrümüzün ötən illərinin ənginliklərini yorulmadan dolaşdıqca dolaşır. Sanki ömrümüzün üstünə bir yaş da gəldiyini hər addımda çətinlik çəkmədən hiss edirik. Tənhalığa, sakitliyə, səssizliyə çəkilməyə can atırıq. Düşüncələrimizlə, fikirlərimizlə baş-başa qalmaq istəyirik. Sakitliyin, sükutun hökm sürdüyü yerlərə tələsirik...
Payız gəlir... Şairlər bu fəsildə daha çox payız qoxulu şeirlər yazırlar. Bu fəsildə yazılan şeirlərin çoxunda bir payız rəngi, bir payız ovqatı var. O ovqat ki, bizi yaşamağa ilhamlandırır, əlimizdən tutub bizi sabahlara, gələcəyə doğru çəkib aparır.
Payız gəlir... Payız gəlişi ilə insanların daha çox üzünə rənglər dünyasının qapılarını açır. Başqa fəsillərə baxanda payız daha rəngli, daha çeşidli, daha bənzərsiz görsənir. Yazda, yayda yaşıl rəngdə olan nə varsa, hamısı yavaş-yavaş donunu dəyişir. Qırmızı, sarı, yaşıl, çəhrayı, daha hansı rənglər olmur payızda.
Payız gəlir... Gəlişi ilə sanki bizi istinin, bürkünün əlindən xilas edir. Qucağında bizə buz bulaqların sərinliyini, dağların əzəmət və vüqarını gətirir.
Payız gəlir... Qızılı payız gəlişi ilə neçə-neçə ailələrə sevinc bəxş edir. Evlərdən körpə qığıltısı, uşaq səsi eşidilir. İnsanların üzü gülür, könlü açılır. Sabahlara daha böyük ümid və arzularla boylanırlar. Qışın soyuğundan qorunmaq üçün payız ovqatında, payız ilıqlığında olan arzularına bürünürlər.
Payız gəlir... Qoy gəlsin, xoş gəlir. Qədəmləri mübarək olsun, payız! Təki gələn fəsillərin payızı olsun. Ömrümüzün payızı gəlməyə tələsməsin, bir az ləngisin, bir az yubansın, bir az gözləsin. Qoy ömür karvanımız aram-aram öz yolu ilə davam eləsin. Bu yollar həmişə açıq olsun, hamar olsun...