adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
03 Oktyabr 2017 16:49
24038
ƏDƏBİYYAT
A- A+

Türk və Azərbaycan naşirlərinin birgə konfransı - Fotolar

28-30 Sentyabr tarixlərində Bakıda təşkil edilən V. Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Təbliğat Müşavirliyi tərəfindən təşkil olunan "I. Türkiyə-Azərbaycan nəşriyyatı” adlı konfrans həyata keçirilib.

Türkiyənin Mədəniyyət və Təbliğat müşaviri İrfan Çiftçinin dəvətiylə 40-dan çox naşir, redaktor və s. kimi yayın sektorunun nümayəndələri bir araya gəlib. 3 gün davam edən görüşdə yayınçılıq problemləri, iki ölkə arasında bu sahədə əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib, ikitərəfli danışıqlar aparılıb, prezentasiyalar göstərilib.

Konfrans çərçivəsində öncə Türkiyənin 600-dən çox yayın evini özündə birləşdirən "Türkiye Basım Yayın Meslek Birliği”nin idarə heyətinin üzvləri Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər. Qonaqlar qurumun sədri, Xalq yazıçısı Anarla görüşüb, fikir mübadiləsi aparıblar.

Görüşdə Türkiyənin Mədəniyyət və Təbliğat müşaviri İrfan Çiftçi:"Türk və Azərbaycan naşirlərini bir araya gətirmək fikri ən çox Anar bəyə aid olduğu üçün öncə onu ziyarət edib, təklif və tövsiyələrini dinləmək üçün AYB-yə gəldik”deyərək toplantılarda müzakirə ediləcək mövzulardan bəhs edib.

Sədr öz növbəsində:"Bir millət iki dövlət olaraq mədəni birliyimizi həyata keçirtmək üçün ən önəmli vasitə kitablardır. Buna görə də bu məsələlərin tezliklə həll edilməsi gərəkir. Belə ki, yazıçı-naşir əlaqələrinin tənzimlənməsi üçün bu konfarns böyük əhəmiyyət kəsb edəcək."deyərək iştirakçılara uğurlar diləyib.

Kitabçılar bir arada

Azərbaycan və Türkiyə kitabçıları arasında reallaşan konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında açılış toplantısı ilə davam edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, yazıçı Pərvin Nurəliyeva qonaqları salamlayıb, konfrans haqqında ətraflı məlumat verib.

Sonra söz Türkiyənin Mədəniyyət və Təbliğat müşaviri İrfan Çiftçiyə verilib.

İ. Çiftçi:"Çox sevindirici haldır ki, bu gün V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında xarici ölkələrdən gələn iştirakçılar arasında çox nəşriyyatla məhz Türkiyə təmsil olunur. Biz də kitabçılıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bu konfrans vasitəsiylə türkiyənin və Azərbaycanın öndə gedən naşirlərini bir araya gətirdik.”deyərək konfransın əhəmiyyətindən danışıb.

AYB-nin katibi Rəşad Məcid çıxışında:"Belə bir konfransın təşkili, Türkiyə yayın evləri ilə qarşılıqlı əlaqələrin qurulması bizim çoxdankı arzularımızdan biri idi. Mən düşünürəm ki, başlanğıc üçün belə geniş konfransın təşkil edilməsi gələcəkdə də mühüm işlərin görülməsinə yol açacaq. "deyərək iştirakçılara uğurlar arzulayıb.

Konfransda Türkiyənin "Yeni insan" yayın evinin rəhbəri Akif Pamuk’un təqdimatında "İstanbul Fellowship Programı" ilə bağlı ətraflı məlumat verilib. Daha sonra Tayfur Eser, Bahtiyar Aslan, Tolqa Yılmaz, Salih Zeki Meriç, Ahmet Yıldız, Ahmet Yılmaz kitabçılıq sahəsində Türkiyə - Azərbaycan əməkdaşlığının faydalı tərəflərindən bəhs ediblər.

Tədbirdə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, "Hədəf" nəşrlərinin rəhbəri Şəmil Sadiq, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli, şairlər Qismət Rüstəmov, Fərid Hüseyn, yazıçı Mirmehdi Ağaoğlu çıxış edərək kitabçılığın ortaq inkişaf yolları, mümkün layihələr haqda danışıb, bu istiqamətdə təkliflər irəli sürüblər.

Tərcüməçilik

Konfransın II günündə növbəti görüş Bakı İdman Sarayının mətbuat zalında baş tutub. Burada naşirlər müxtəlif mövzularda çap edilən kitabların tərcümə olunmasından danışıblar.

Görüşdə Türkiyənin "Nar yayınları" nəşriyyatının direktoru Tayfur Esen TEDA - "Türk kültür, sənəd və ədəbiyyat əsərlərinin başqa dillərdə yayımlanmasına dəstək layihəsi” haqqında geniş məlumat verib.

"Ötükən” nəşriyyat evinin təmsilçisi Ertuğrul Alpay çıxış edərək Türkiyədə fəaliyyət göstərən paleoqrafiya və nəşriyyat evlərinin fəaliyyətindən, kitabların çap edilmə metodundan, təmsil etdiyi ölkənin kitab bazarlarının hazırkı durumundan, hər il ən çox oxunan və satılan kitablardan və digər mövzulardan bəhs edib.

Sonda təkliflər müzakirə olunub.

Elektron və pirat nəşrlər

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı Milli Kitabxanasının stendi qarşısında təşkil edilən görüşdə müzakirələr elektron və pirat nəşrlər mövzusu ətrafında aparılıb.

Azərbaycan Yaradıcılıq Fondunun təmsilçisi Qismət Rüstəmovun aparıcı olduğu müzakirədə "Ötüken” nəşriyyatının təmsilçisi Ə.Alpay pirat yayımçılıqdan danışıb. Türkiyə nəşriyyatlarının ən böyük probleminin məhz piratçılıq olduğunu deyən naşir buna qarşı mübarizədə Yayımcı-Meslek Birlikləri Federasiyasının fəaliyyəti haqqında məlumat verib.

Mehmet Yalçın Yılmaz Türkiyədəki dövlət və elektron yayımcılıq haqqında söz açıb.

Qeyd edib ki, telefon və komputerlərin insan həyatına bu qədər təsir göstərdiyi zamanda elektron kitabların bu inkişafı gözlənilən haldır. M.Yılmaz onu da bildirib ki, dövlət nəşrləri əsasən sənət kitablarından və irihəcmli kitablardan ibarət olur.

Daha sonra konfrans iştirakçıları müşavir İrfan Çiftçi, Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov, Tayfur Esen, Akif Pamuk, Şəhriyar del Gerani, Kənan Hacı, Cəlil Cavanşir, Səbuhi Şahmursoy və başqaları çıxış edərək mövzu ilə bağlı düşüncələrini səsləndirib, təkliflər irəli sürüblər.

Son dəyərləndirmə

Sentyabrın 30-da "Azərkitab” kitab təbliğatı mərkəzində konfransın bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, çıxış edərək iki ölkə arasında münasibətlərdən daşıb, kitabçılıq sahəsinin inkişafı baxımından böyük əhəmiyyət daşıyan konfransı yüksək qiymətləndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirib.

V Bakı Beynəlxalq Kitab sərgisinin bağlanış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov, müşavir İrfan Çiftçi çıxış edərək bütün iştirakçılara təşəkkürlərini bildiriblər.

Həmçinin İrfan Çiftçi sərginin bağlanış mərasimindəki çıxışında 3 günlük konfrans zamanı naşirlərin əlaqələrinin daha da inkişafı üçün daimi bir heyyətin yaradılması, müəllif əsərlərinin qorunması, pirat əsərlərin qarşısının alınması, Bakı kitab sərgisinin hər il keçirilməsi, sərgilərdə təkcə Türkiyənin deyil, eləcə də bütün türk dünyasının aktiv iştirakının təmin edilməsi və s. mövzularda önəmli təkliflər aldığını ifadə edib.

Müşavir çıxışının sonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkasında xüsusən Türkiyə stendini ziyarət edən baş nazir köməkçisi Elçin Əfəndiyevə və Türkiyə nəşriyyatçılarının sərgiyə böyük heyyətlə qatılmasına köməklik göstərən başda Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev olmaqla, Lalə Məmmədovaya, eləcə də nazirliyin digər əməkdaşlarına təşəkkür edib.

Beləliklə, "I Türkiyə-Azərbaycan nəşriyyatı” konfransı qonaqların şərəfinə hazırlanmış yemək süfrəsi ilə yekunlaşdırıb.

Şəhla Aslan