ANA SƏHİFƏ / YAZARLAR

Mən heç kiməm

19475    |   2017-10-03 12:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yoldaşım əynimi geyinən kimi:

- Qulaq as, - deyir. – Bir şeir deyim sənə. Məncə, maraqlı şeirdi. Sənin fikrini öyrənmək istəyirəm.

- İşə tələsirəm.

- Balaca şeirdi, narahat olma.

- Mən şair deyiləm.

- Niyə bu qədər kədərlisən? Axı sən bəşəri şeirlər yazmısan. İnsanlara günəş, sevgi diləyirsən. Təvazökarlıq eləmə.

- Mən şair deyiləm!

- Yaxşı, yaxşı. Oxucu kimi de fikrini.

- Mən oxucu da deyiləm.

Eyvana çıxıb siqaret alışdırıram. Pəncərəmizdə yağış mövsümüdür. Göy rəngli kurtkamı geyinib çıxıram küçəyə. Yağış üz-gözümü, eynəyimi damcılarla atəşə tutur. Nimdaş geyimli, qəhvəyi paltolu qoca yolu keçmək istəyir. Qolundan tutub kömək edirəm. Gölməçələrdən sıyırılıb yolu keçirik.

- Sağ ol, ay bala. Allah köməyin olsun, tələbəsən?

- Mən tələbə deyiləm.

Yoluma davam edirəm. Eynəyim gözümə yapışıb, ətrafı yaxşı görə bilmirəm. Ağaclar, boş küçələr, skamyalar bulanıq görünür gözlərimdə. Metroya tələsmək üçün qaçmağa başlayıram. Gölməçələri şapıldada-şapıldada...

Vaqon ağzına kimi doludur. Basabasın içinə girib, qızınıram. Yorğun qoxular, qadınların üzlərindən, saçlarından gələn ətirlər bir-birinə qarışıb.

- Bir az yer eləyin da...

- Yer var, ay xala?

- Yoxdu, yoxdu da. Nə çığırırsan?

Bir nəfər ona qahmar durur:

- İndiki cavanlarda tərbiyə deyən şey qalmayıb.

- Mən cavan deyiləm!

Basabas azalır. Adamlar seyrəkləşir. Vaqonun o başından saçları pırtlaşıq, əlində bir neçə kitab-dəftər olan gənc yaxınlaşır mənə. Üzündə mənasız bir təbəssüm var.

- Siz deyəsən yazarsız? Poemalarınız tamaşaya da qoyulub?

- Yox, səhv salırsınız, mən yazar deyiləm

- Necə ola bilər, adınız Oğuz deyil?

- Adım yoxdu.

- Oğuz Ayvaz deyilsiz?

- Yox, mən Oğuz Ayvaz deyiləm...

Pırtlaşıq saçlı oğlan üzündə narazı bir ifadəylə vaqondan çıxıb gedir. Mənə elə gəlir ki, o qaranlıq tuneldə düşüb. Metrodan çıxıram. Yağış bir az da gücünü artırıb. Küçənin tinində ağ saçlı, üzündə çapıq olan bir dilənçi adamlardan pul dilənir...

- Allah köməyiniz olsun, Allah işinizi avand eləsin.

Yanından keçirəm. Bulanıq eynəyimdən dilənçi sulu boyayla çəkilmiş portretə bənzəyir. Dayanıb gözlərinin içinə baxıram.

- Cavan oğlan, Allah köməyin olsun, mənə kömək elə...

- Mən Allah deyiləm.

- Elə demə ay bala, Allaha acıq gedər.

- Mən bala deyiləm.

Səkinin üzərinə qalxıb yoluma davam edirəm. Saatım işə gecikdiyimi bağırır. Qulaqlarım bağırtıdan partlayırmış kimi olur. Yağışın səsi krantdan gələn su damcıları kimi eşidilir. İşə çatıram.

- Harda qaldın? Sən müxbirsən, yazı çatdırmalısan. Qəzet boş qalmalıdır? İşə vaxtında gəl.

- Mən müxbir deyiləm...

Redaktor gülümsünür, kürəyimə vurub işinin dalınca gedir.

Telefonuma zəng gəlir:


- Salam.

- Salam.

- Ramiz deyil danışan?

- Yox.

- Kimdi bəs?

- Heç kim.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK