adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Oktyabr 2017 11:48
9816
GÜNDƏM
A- A+

Tarixləşən ağsaqqal ömrü

(əvvəli ötən sayımızda)

1972-ci ildə Əhmədli kəndində fəaliyyət göstərən 64 saylı məktəbdə ictimai fənlər tədris edən müəllim, həm də qayğıkeş ata kimi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmağı ilə yanaşı, ictimai işlərdən ayrılmadı. Uzun müddət Xətai rayon (Şaumyan rayonu) XDS-nin İ.K.-nə deputat seçilmişdir.
1976-cı ildə Marksizm-Leninizm Universitetinə daxil olur və oranı fərqlənmə diplomu ilə bitirir. 1936-cə ildən fəaliyyət göstərən Əhmədli kənd orta məktəbi hələ də köhnə binada fəaliyyət göstərirdi. Qurbanəli müəllim yenə də bu işdən yan ötə bilməzdi. Yeni məktəb binasının inşa olunmasında ehtiyac vardı, bu barədə Bakı şəhər Partiya komitəsi qarşısında məsələ qaldırdı. Axır ki, arzusuna çatır, Əhmədli kəndində yeni tipli orta məktəbinin tikintisinə nail olur. Sonralar əhalisinin sayına görə Əhmədli qəsəbəsi statusu alır. O, yenə də dinc dayanmadı. Böyük Vətən Müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedənlər də olmuşdu. Döyüşlərdə qəhrəmanlıqlar göstərmişdilər. Arxa cəbhədə neft istehsalında çalışanlar da öz tövhələrini vermişdilər. Müharibədə döyüş zamanı neçə-neçə yaralananlar əlil olaraq arxaya dönmüşdülər. Onların xatirəsini əbədiləşdirməsi üçün "Xatirə kompleksi" inşa olunması vacib, xeyirxahlıq işlərdən biri hesab etdi.
- Bakı şəhəri və onun ətraf kəndləri günü-gündən gözəlləşir, abadlaşırdı. Tikinti, abadlıq işləri vüsat tapırdı. 1989-cu ildə eyni gündə Əhmədlilər iki xoş niyyətlərinə, arzularına çatdılar. Əhmədli metrosu və 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində həlak olan əhmədlilərin xatirəsini əbədiləşdirmək məqsədilə "Xatirə Kompleksi"nin açılışı oldu, qırmızı lenti eyni gündə kəsildi.
Hər il 9 may Qələbə günü bayramı təntənəli surətdə burada keçirilir. Xətai rayonunda müharibə iştirakçıları bura toplanırlar, istirahət edirlər, görüşlər keçirilir, məktəblilər qarşısında öz cəbhə xatirələrini bölüşürlər. Qurbanəli müəllimin təşəbbüsü ilə 55 nəfər Əhmədli qəsəbə sakinlərinin, Böyük Vətən Müharibəsində həlak olanların adları qara mərmərə həkk olunaraq "Xatirə şərəf lövhəsi" kimi gələnlərin nəzərlərini cəlb edir və xoş təəssürat bağışlayır.
1998-ci ildə təhsilin humanistləşdirilməsi baxımından təlim-tərbiyə prosesinin diferensiallaşdırılması və fərdiləşdirilməsi ili çərçivəsində keçirilmiş tədbirlərdə uğurlu nəticələr qazanmış, təhsil işçilərinin inkişafında istiqamətverici rol oynadığına, təhsilə sədaqətlə xidmətin parlaq nümunəsi olduğuna görə Qurbanəli müəllim Bakı şəhər İcra Hakimiyyətinin və Baş Təhsil İdarəsinin fəxri fərmanı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə heyətinin üzvü kimi və Xətai rayon İcra Hakimiyyətinin Ağsaqqallar Şurasının sədri olaraq tədbirlərdə fəal iştirak edir, öz tövhələrini verir, problemlərin qaldırılmasında və həyata keçirilməsində fəal iştirak edir.
2011-ci ilin mart ayının 9-da Bakı şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Qurbanəli müəllimin Əhmədli qəsəbəsində yaşayan sakinlərin hələ də köhnə primitiv binada tibb xidməti göstərilməsi barədə məsələ qaldırdı. Müşavirədə iştirak edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev onun çıxışından çox razı qaldığını bildirdi və söz verir ki, Əhmədli qəsəbə sakinləri ilə görüşə gələcəkdi. Az bir vaxtdan sonra yeni 22 saylı Bakı şəhəri Birləşmiş Xəstəxanasının açılışında, hörmətli prezident İlham Əliyev şəxsən özü iştirak etdi. Görüşdə o, belə xeyirxah işlərə görə Əhmədli qəsəbə sakinlərinin adından cənab İlham Əliyevə xoş arzularını və minnətdarlığını bildirdi.
"Hər kəs yüz il yaşamasa, günah onun özündədir" müəllif sözləri artıq el məsəlinə, atalar sözünə qədər də işlənərək gəlib çatmış və o zirvəyə qədər də yüksəlmişdi. Bakı şəhəri, Əhmədli qəsəbəsində tanınmış pedaqoq, müdrik el ağsaqqalı Hacı Qurbanəli Gülbala oğlu Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətində, Əhmədli qəsəbə nümayəndəliyində, Əhmədli bələdiyyəsində, 64 saylı tam orta məktəbində keçirilən tədbirlərə dəvət olunur, onun maraqlı söhbətləri, ağsaqqal kimi məsləhətləri, xatirələri, şeir nümunələri hamıya xoş təsir bağışlayır. Onun yaşadığı həyat tərzi, yaradıcılığı ələlxüsus gənclərə maraqlıdır və örnəkdir.

***
Qurbanəli müəllim həm də üç kitabın müəllifidir. "Metrolu kənd", "Yanar ürək", "Vətən məhəbbəti" kitablarında öz doğma kəndi Əhmədlinin tarixi keçmişi və bu günü haqqında, habelə kəndin elm adamları, ziyalıları, ölkəmizin müstəqilliyi dövründə kənddə aparılan quruculuq-abadlıq işləri haqqında söhbət açmaqla bərabər kitabda poeziya nümunələri öz yerini tapmışdı.
Vətənini qəlbən sevən Hacı Qurbanəli müəllim övlad böyütmək üçün yuxusuz gecələrdə ömrünü şam kimi əridən dünyanın müqəddəs insanı Ana haqqında yazdığı "Ana ömrü" şeirində müəllif belə deyir:
Anadır aynası gözəl yurdumun,
Anadır dayağı Milli Ordunun.
Anadır vətənim, anadır canım,
Anadır bədəndə dövr edən qanım.

Göründüyü kimi, kəsərli, dəyərli, müşkül işin açarı olan sözü Hacı Qurbanəli müəllim, özünün silahı, vüqarı sanır: "Söz var kəsər başı, söz var kəsər savaşı".

Köhnə Bakı kəndidir,
Əmircanla Bülbülə.
Alimlik edən insan,
Gərək çoxlu dil bilə.

Musiqiyə, muğama böyük qiymət verən şair sadə dildə demişdir ki, hər bir kəs, lap qoca da, kamançada çalınan muğamı dinləsə cavanlaşacaqdı. Dinlədikcə onun verdiyi mənəvi qidadan doymaq olmur.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə heyətinin üzvüdür və Xətai rayon Ağsaqqallar şurasının sədridir. 2011-ci ildə "Tərəqqi" medalı ilə və dəfələrlə Bakı şəhəri və Xətai rayonu İcra Hakimiyyəti, Bakı şəhər Təhsil Şöbəsinin, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının fəxri fərmanları ilə təltif olunmuşdur.
2013-cü ildən Azərbaycan mətbuatında səmərəli fəaliyyətə görə Media "Qızıl Qələm" mükafatı laureatıdır.
Qurbanəli baba həm də xoşbəxt bir ailəyə başçılıq edir, beş oğul, bir qız atasıdır. On beş nəvəsi-nəticəsi var.

Nemət BƏXTİYAR
AJB-nin üzvü