adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Oktyabr 2017 11:05
16488
GÜNDƏM
A- A+

Etimadı əməli işimizlə doğruldacağıq

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra o dövr üçün çox müasir olan idarəçilik sistemini yaratmağa başladı. Ölkəni daha çevik idarə etmək üçün buna zəruri ehtiyac var idi. Cümhuriyyət rəhbərliyi 1918-ci il oktyabr ayının 1-də prokurorluq orqanlarının yaradılması haqqında sərəncam verdi.
1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən AXC-nin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.
Cümhuriyyətin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv olundu. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. Xalq ədliyyə komissarları Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyov, B. Talıblı, H. Hacıyev, A. Sultanova və başqaları həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar.
1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır. Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə və partiya liderlərinə xidmət edən bir orqan olmuşdur.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan xalqı 20-ci əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşandan sonrz mərhələ-mərhələ Azərbaycan Xalq Cümhuriyyətinin atributları bərpa edilməyə başlandı. Müstəqil dövlətimizin memarı və qurucusu, ən yeni tariximizin yaradıcısı ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının prokurorluq orqanları hər il oktyabrın 1-də peşə bayramlarını həmişə alnıaçıq, başıuca qarşılayır və bu mötəbər günü bir qayda olaraq təntənə ilə qeyd edirlər. Həmin gün Baş Prokurorluğun, həmçinin Pespublika Hərbi Prokurorluğunun nümayəndələri ulu öndərimiz Heydər Əlieyevin uyuduğu Fəxri xiyabana gedərək onun məzarı önünə əklil və gül dəstələri qoydular və xatirəsini hörmətlə andılar. Görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzdülər.
Daha sonra Şəhidlər xiyabanına gedərək torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarlarını ziyarət edib, xatirələrini hörmətlə andılar, "Əbədi məşəl"in önünə əklil qoydular.
1992-1993-cü ilin ortalarına qədər respublikaya rəhbərlik edənlərin səriştəsizliyi ucbatından ölkəmizdə gərgin vəziyyət yaranmışdı. Dövlətçiliyimiz təhlükə altına düşmüşdü. Bu ağır günlərdə xalq özünə xilas yolları axtarırdı. O vaxtlar hakimiyyətə elə bir şəxs gətirmək lazım idi ki, xalqı düşdüyü bu ağır vəziyyətdən xilas etmək bacarığı və qabiliyyəti olsun. Bu çətin günlərdə xalq bütün ümidlərini böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyevə dikmişdi. Ölkənin belə çətin günlərində xalq ölkəyə rəhbərlik etmək üçün bu dahi şəxsiyyətə üz tutub onu rəhbərliyə dəvət etdi. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qısa zaman ərzində ölkəmizin başının üstünü almış təhlükə sovuşdu, müstəqilliyimiz daha da möhkəmləndi.
1993-cü ildən başlayaraq prokurorluq orqanlarının təkmilləşdirilməsi istiqamətində çox uğurlu islahatlar həyata keçirildi. İnamla aparılan islahatlar az müddətdən sonra müsbət nəticələr verdi. Prokurorluq işçiləri də yaxşı işi, əməli və səmərəli fəaliyyəti ilə cəmiyyətdə öz layiqli yerlərini tutmağa nail oldular. Müstəqillik dövrünün ilk günlərindən başlayaraq prokurorluq orqanları ulu öndər Heydər Əliyevin dövlətçiliyimizi daha da möhkəmləndirmək istiqamətində apardığı siyasəti uğurla reallaşdırmağı bacardı. Hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak etdi.
Ümummilli liderimiz Heydər Əliyev həmişə prokurorluq işçilərinin əməyinə yüksək qiymət verirdi. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə ulu öndər dərin məzmunlu, proqram xarakterli çıxışında prokurorluq işçilərinə dəyərli tövsiyələr verərək demişdir: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz bu peşəni şərəflə daşıyasınız. ...Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm, arxalanıram."
Prokurorluq orqanlarının əməkdaşları da ulu öndərin məsləhət və tövsiyələrinə həmişə əməl edərək onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Biz öz layiqli işimizlə, bacarığımızla müstəqilliyimizin daha da möhkəmlənməsinə yeni töhfələr veririk. Hər addımda ölkə rəhbərliyinin bizə göstərdiyi inamı, etimadı əməli işimizlə doğrultmağa çalışırıq.
Ulu öndər Heydər Əliyevin ideyalarını dövlətçilik siyasətinin təməl daşı kimi qəbul edən və möhtəşəm əməli fəaliyyətini həmin ideyaların reallaşmasına istiqamətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq cinayətkarlığa və kriminal xarakterli bütün mənfi təzahürlərə, korrupsiyaya qarşı mübarizənin yeni müstəviyə qaldırılması bu sahədə işin təşkilinə məsul olan hüquq-mühafizə, xüsusi xidmət, ədliyyə və məhkəmə orqanları, o cümlədən prokurorluğun fəaliyyətini sivil məzmunda formalaşdırılması üçün məqsədyönlü addımlar atıldı.
Azərbaycan Respublikası hərbi prokurorluğunun əməkdaşları da ölkəmizdə hüquqi dövlətin daha da möhkəmləndirilməsi üçün yorulmaq bilmədən daim iş aparırlar. Biz tez-tez hərbi hissə və birləşmələrdə olur, hərbçilərlə görüşlər keçirir, onlara lazımi hüquqi məsləhətlər veririk. Əsas diqqət qanunçuluğun daha da möhkəmlənməsinə yönəldilir. Aparılan səmərəli təbliğat və təşfiqat işlərinin nəticəsidir ki, bu gün hərbi hissə və birləşmələrdə nizam-intizam möhkəmlənib. Son illər cinayətkarlığın, qanundankənar əməllərin sayı xeyli azalıb. Günü-gündən ordumuzun gücü-qüdrəti artır. Bu gün tam inamla demək olar ki, zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Bunu 2016-cı ilin aprel döyüşlərində düşmən üzərində qazandığımız uğurlar bir daha təsdiq etdi.
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi həmişə olduğu kimi bundan sonra da dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində fəal iş aparacaq. Ölkəmizdə huquqi dövlətin qorunub saxlanılmasına və daha da möhkəmlənməsinə öz dəyərli töhfələrini verəcəklər.
Əminliklə söyləmək olar ki, Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da ölkəmizdə qanunçuluğun təmin edilməsi, cinayətkarlığa qarşı dönməz mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı surətdə müdafiə olunması işinə hüquqi töhfəsini verəcəklər.

Zəka Rüstəmli,
Füzuli Hərbi prokurorunun
köməkçisi, ədliyyə leytenantı