adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Oktyabr 2017 18:32
20374
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıda kitablar danışdı - REPORTAJ - FOTOLAR

Düzü hər dəfə jurnalistlərin Cocuq Mərcanlıya səfərini mətbuatdan oxuyanda paxıllığım tuturdu. O sevincli informasiyanı yayan jurnalist kimi hələ də həmin ərazilərdə olmamağın acısını çəkirdim. Qismət elə gətirdi ki, rəhbərlik mənə Cocuq Mərcanlıya səfərə hazırlıqla bağlı tapşırıq verdi. Mətbuat Şurası və Beynəlxalq Avrasiya Fondunun birgə təşəbbüsü ilə reallaşan səfər Cəbrayılla yanaşı dayım Rabil Yusifovun şəhid olduğu Füzuli torpağına basdığım ilk qədəmlər idi. Səfərdə "Ədalət" qəzetinin kiçik oxucularından olan Ayxan Ədilzadə də mənə yardımçı oldu. 8 yaşlı Ayxan Cocuq Mərcanlıya getmək üçün səhərin o başından yuxudan oyanıb səfərə çıxma zamanını səbirsizliklə gözləyirdi... Təhsil aldığı  Masazır 4 saylı orta məktəbində sinif müəlliməsinin verdiyi məlumatlardan savayı o burada baş verənləri öz gözləri ilə görüb sinif yoldaşlarına nəql etmək arzusunda idi. Beləcə səfər başladı...

 

Şəhidlər Xiyabanından başlanan səfər

 

Bəli. Beynəlxalq Avrasiya Fondunun ofisi Şəhidlər Xiyabanının bir addımlığında yerləşir. Yolçuluq üçün də təyin edilən yer də bura seçilmişdi. Ayxan və mən səhər saatlarında görüş yerində olduq. Ayxan vaxtdan istifadə edib Şəhidlər Xiyabanını ziyarət etdi. Özünəməxsus suallarla yol boyu bizi rahat buraxmadı. Millət vəkilləri Aqil Abbas, Əflatun Amaşov, BAF sədri Umud Rəhimoğlu, bir sıra tanınmış yazarlar və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimlərinin də qatıldığı yolçuluq Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılan abidəni ziyarətlə rəsmi start götürdü.

 

Cocuq Mərcanlı isti ocağı xatırladır....

 

Bakıdan Cocuq Mərcanlıya xeyli yol var. Düzü millət vəkili Aqil Abbasın tarixi söhbətləri bizi yolun uzunluğunu hiss etməyə qoymadı. Uzandıqca uzanan yol və eyni zamanda Böyük Qayıdışın təməli olan Cocuq Mərcanlını görmək həvəsi sonda xoşbəxt sonluqla bitdi. Budur, Cocuq Mərcanlı. Cəbrayıl rayonunun bu kəndi əzəməti, görüşünü ən əsası burda olan vətəndaşlar üçün yaradılan şəraiti ilə seçilir. Bəli. Kiçik evlərdən ibarət olan bu kənddə vətəndaşların normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Yol infrastrukturu, qaz, işıq, su və digər sosial məsələlər öz həllini tapıb. Bizim isə tədbir üçün qərarlaşdırdığımız məktəb müasir standartlara tam cavab verirdi. Məktəbin girişində ümummilli liderin büstü qoyulub və Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoşəkillərlə bəzədilib. Bir mərtəbədən ibarət məktəbdə sinif otaqları elə təmir olunub ki, vallah qapıdan içəri girəndə adam istəyir ki, ayaqqabısını çıxarsın. Beləcə birincilər, ikincilər və ümumi məktəb heyəti bizim gəlişimizi gözləyirmiş kimi dəhlizə doluşdular. Səmimi söhbət başladı...

Səfərin təşkilatçısı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, MŞ-nın sədr müavini Umud Rəhimoğlu (Mirzəyev) Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət daşıdığını bildirdi. O qeyd etdi ki, tanınmış ziyalıların gəlişi məktəbin gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Cocuq Mərcanlının ölkə başçısının sərəncamı ilə ən qısa zamanda yüksək səviyyədə yaşayış məntəqəsinə çevrildiyini bildirən cənab Rəhimoğlu, arzu etdi ki, ən qısa vaxtda prezident tərəfindən oxşar sərəncam işğal altında olan digər bölgələrimiz, o cümlədən onun doğulub boya-başa çatdığı, bir hissəsi hələ də işğal altında olan Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi barəsində də verilsin.



Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarından sonra öz normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınan yaşayış massivi, infrastrukturun, həm də Qarabağa qayıdışın bir əlaməti olduğunu qeyd etdi. Kənd sakinlərinə müjdə verən MŞ-nın sədri yaxın gələcəkdə Şuranın Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiklərini bildirib: "Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alsınlar. Bu mərkəz hər cür vasitələrlə təmin olunsun". Millət vəkili Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərləri olduğunu söyləyib: "O yüksəkliklərdə sizi qoruyan əsgərlərimiz sizi yanlarında gördükləri üçün daha əzmli, daha güclü olurlar." BDU-nun professoru Cahangir Məmmədli isə bu gün məktəbdə şagird kimi təhsil alan uşaqların hamısını tələbə kimi universitetdə gözlədiyini bildirdi. Qeyd etdi ki, bu məktəbdə oxumaq, bu kənddə yaşamaq qədər fədakarlıq nümunəsidir. Məktəblilər qarşısında çıxış edən BDU-nun Professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, media rəhbərləri Mətbuat Şurası idarə heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetinin Baş redaktorun 1-ci müavini İsmayıl Hacıyev, "Region+" jurnalının baş redaktoru Namiq Mayılov, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal və nümayəndə heyətinin digər üzvləri məktəbin kollektivinə öz arzu və istəklərini çatdırdılar.




Cocuq Mərcanlıdakı məktəblə tanış olan nümayəndə heyəti ora bir çox kitablar hədiyyə edib. Həmin kitablardan bəziləri nümayəndə heyətinin tərkibində olan müəlliflər tərəfindən yazılıb və məktəbin müəllim və şagird heyətinə təqdim olundu.

Onu da qeyd edək ki, məktəbdə ümumilikdə 60-dan çox şagird  təhsil alır. Burada kitabxana, hərbi otaq və digər sinif otaqları bütün ləvazimatlarla bəzədilib. Məktəb direktorunun verdiyi məlumata görə, hətta yaxın kəndlərdən də burada oxuyan şagirdlər var. Eyni zamanda Bakının bir şıra şəhərlərindən olan müəllimlər burada işləmək üçün könüllü gəlirlər.

Səfər çərçivəsində millət vəkili Aqil Abbasla məktəb direktorunun dialoqu diqqətimi çəkdi. Kitablarını məktəbin müəllim heyətinə paylayan yazıçı  gələn səfərlərdə 1 saatlıq Ədəbiyyat dərsini  tədris etmək niyyətində olduğunu bildirdi. Sonra şagirdlərlə fərdi qaydada söhbət edən Aqil Abbas onlara dərslərində müvəffəqiyyətlər arzuladı.

Səfərlə bağlı geniş yazılarımız olacaq. Bu üzdən bizi izləməyə davam edin.

Ədil Ədilzadə

Bakı-Cocuq Mərcanlı-Bakı