adalet.az header logo
  • Bakı 12°C
02 Oktyabr 2017 16:55
18777
KRİMİNAL
A- A+

Sumqayıtda qətl törədən dəstə tutuldu

Polis və prokurorluq orqanlarının əməkdaşları bu il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri həyata keçiriblər.

Daxili İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində A.Nadirlinin ölümünə səbəb olmuş hadisənin Abşeron rayonu Saray qəsəbə sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı məlum olub ki, qeyd olunan cinayətdə şübhəli bilinən şəxslər Saray qəsəbəsində "Topaz” mərc oyunları məntəqəsində işləyən A.Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə qrup halında birləşiblər.

Hazırlanan plana əsasən dəstə üzvü K.Qurbanov Ə.İsgəndərovun mobil telefonu vasitəsilə A.Nadirlinin obyektdən çıxaraq taksiyə minib getməsini dəstənin digər üzvlərinə xəbər verib.

Dəstənin digər 4 üzvü Ç.Babayevin avtomobilində onu təqib etməyə başlayıblar. Sumqayıt şəhərinə çatanda isə A.Nadirli taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən F.Bağırov, M.Eyvazov və Ə.İsgəndərov növbə ilə həmin avtobusa minərək A.Nadirlini izləyiblər. Avtobusdan düşəndən sonra F.Bağırov və M.Eyvazov A.Nadirliyə hücum edərək onu döyüb 550 manat pulunu alaraq hadisə yerindən qaçıblar.

Qeyd edilən hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.