adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Oktyabr 2017 15:18
83861
GÜNDƏM
A- A+

AĞ EVİN QARŞISINDA PƏŞOV ƏHVALATI

Bu günlərdə Amerika polisi Ağ evin qarşısında, küçənin düz ortasındaca öz yüngül təbii ehtiyacını ödəyən bir kişini ədəb-ərkan qaydalarını gözləməyə dəvət edərkən adam özündən çıxır və deyir ki, mən başımdakı çipi necə çıxartmaq barədə Pentaqonun şefi Ceyms Mettison və Milli Təhlükəsizlik Agentliyinin direktoru Maykl Rocerslə danışmaq istəyirəm. Ölkənin, həm də dünyanın bir nömrəli postunun keşiyini çəkən polis əməkdaşları hərəkətlərindən və danışığından gicbəsərlik tökülən bu qeyri-adi tipin avtomobilini axtarmaq qərarına gəlir və ordan 9 ədəd odlu silah – tüfəng və tapança tapırlar. Sonra onun psixi durumunu yoxlamaq üçün əvvəlcə xəstəxanaya aparır, ordansa polis şöbəsinə gətirərək haqqında qanunsuz silah saxlamaq maddəsilə cinayət işi açırlar.

Ağ evin qarşısı və həndəvəri bu cür kuryez hadisələrlə tez-tez gündəmə gəlir.

Ağ ev amerikalıların güvənc və qürur yeridir, onlar burdan durub baxanda dünyanın ən ucqar nöqtələrini görür, bütün yer üzünü öz balaca ovuclarının içində hiss edirlər. Sevinclərini burda bölüşməyi, hirslərini bura tökməyi, beyinləri yüklənəndə, içləri dolub daşanda burda "stress atıb” yüngülləşməyi sevirlər.

Amerikalılar təkcə dünyanın yox, həm də öz ölkələrinin sahibi olduqlarına görə güclüdürlər. Təkcə öz vətənlərini öyməyi yox, həm də söyməyi bacardıqlarına görə həqiqi vətənpərvərdirlər.

Pəşov əhvalatının üstündən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq xəbər saytları küçəni mundarlamaqla diqqəti özünə cəlb etmək istəyən hələlik bu axırıncı Ağ ev qəhrəmanının sonrakı taleyi barədə susur və çox güman ki, həmin susqunluq bir daha pozulmayacaq. Çünki polis ona "ictimai asayişi pozmaq”, "əxlaqsız hərəkətlər etmək”, "müqəddəs yerləri əxlaqsızlıq yuvasına döndərmək” kimi sicilləmə ittihamlar verməyəcək, qanunsuz silah maddəsiylə yüngül çək-çevirdən sonra işi məhkəməyə göndərəcək və artıq informasiyalıq bir iş qalmayacaq. Ancaq adam istədiyinə nail oldu, ictimai diqqəti özünü və məsələnin mahiyyətindən məlumatı olan hər bir insanı narahat edən mühüm bir məsələyə yönəldə bildi. İndi dünya həqiqətən də onun guya başından çıxartmaq istədiyi, adına "çip” deyilən çox müşgül bir dilemma qarşısındadır. Əslində, hər bir ciddi texnoloji yeniliyin iki başı, xeyir və şər tərəfi olduğu üçün onun tətbiqi prosesi bütün dövrlərdə insanlar arasında müəyyən narahatlıqlar doğurub, təşviş və təlaşa səbəb olub. Burda qəribə və qeyri-adi heç bir şey yoxdur.

Əvvəlcə bir neçə kəlmə sözü gedən texnoloji yeniliyin mahiyyəti haqqında. Çipləşdirmə insanların və heyvanların dərisinin altına kiçik, buğda dənəsi boyda bir qurğu yerləşdirmək deməkdir. Heyvanlarda bu bir növ indiki birkanı, yəni onların pasportunu əvəz edir. Amma birkadan fərqli olaraq, bu balaca elektron qurğuda geniş pasport məlumatlarından tutmuş xəstəlik tarixçəsinə kimi çoxlu informasiyalar yerləşdirmək mümkündür. Üstəlik, çiplər itən heyvanların tapılması procedurunu da asanlaşdırır (kənd yerlərində bu məqsədlə onların boyunlarına ağır dəmir zınqrov bağlandığını yəqin ki, çoxlarınız görmüsünüz) . Heyvanların çipləşdirilməsi artıq bir çox ölkələrdə qanunvericilik səviyyəsində də həll edilib və proses sürətlə gedir. Heyvan yiyələri buna can-başla razılıq verir, təbii ki, pul da ödəyirlər. Bir çox məşhur zooparkların sahibləri də öz "eksponatlarını” , xüsusilə onların ən bahalılarını mümkün itkilərdən daha tez sığortalamağa tələsirlər. Bahalı heyvanın çipi də bahalı olur.

Çiplər haqqında hay-küy son dövrlərdə qopmağa başlasa da, əslində onun yaranma tarixi ötən əsrin 80-ci illərinə təsadüf edir. Hətta bir ara bədəndə çip gəzdirmək xüsusi imtiyaz sayılmağa, çipləşmə insanların sosial üstünlüklərinin əlaməti kimi qəbul edilməyə başladı. Məsələn, Braziliyada zəngin adamların arasında özlərini çipləşdirmək kütləvi şəkildə dəbə çevrilmişdi. Braziliyalılar çipsiz milyonçuya biz cipi olmayan milyonçuya baxdığımız sayaq baxırdılar – həqarətlə. Leksikonlarında filankəs "necə milyonçudur ki, allahdansa, heç adi bir çipi də yoxdur” kimi deyimlər də yaranmışdı.

Çiplərin təkmilləşməsi, onların yeni növlərinin yaranması prosesi informasiya texnologiyalarının son on onilliklər boyu durmadan artan inkişaf sürətinə uyğun şəkildə getsə də, onlara münasibət bundan daha böyük sürətlə dəyişir. İndi çipin yuxarıda dediyim buğda dənəsi boyda xırda formasından tutmuş tatuirovkaya, bioçipə qədər ondan çox növü var və bu növlərin hər hansı birinin insan bədəninə yerləşdirilməsi əleyhinə etirazlar səngimək bilmir. Hər kəs məsələni öz ideoloji-siyasi baxışlar sistemi çərçivəsində qiymətləndirir və lənətləyir. Dindarlardan ötrü bu, dəccalın (antixrist) gəlişi və axirətlə assosasiya olunur, konspiroloqların gözünə gizli güclərin, güclü əllərin bəşəriyyətə qarşı növbəti və deyəsən, sonuncu sui-qəsdi kimi görünür, ezoteristlər, okkultistlər və bu qəbildən olan çoxsaylı "lər”lər üçünsə bəzi məhrəm kodların açarına, dini simvol və rəvayətlərin təntənəsinə çevrilir. Açığı, bir az sonra görəcəyik ki, bu cür ajiotajların qaldırılması, həyəcan təbillərinin çalınması heç də boşuna deyil – narahatlıq üçün həqiqətən cox ciddi səbəblər var.


Ancaq çipləşmənin bütövlükdə cəmiyyətə, ayrı-ayrılıqda onun hər bir üzvünə böyük faydası da var ki, əsas dilemma da məhz bundadır. Bütün bunlar haqqında uzun-uzadı danışıb əlavə vaxt almaq istəmirəm. Təkcə bir faktı göstərmək istəyirəm ki, insanların çipləşdirilməsi təbabət, bir az da konkret desək, tibbi diaqnostika sahəsində unikal imkanlar yaradır. Çiplər insan bədənində başlayan xəstəlikləri, qanda yaranan qorxulu virusları ən erkən çağında aşkarlamaq imkanına malikdir ki, bunun da gec üzə çıxanda müalicəsi mümkünsüz olan xərçəng, vərəm və bu kimi bir çox mərəzləri sağaltmaq sahəsində əsl inqilab olduğunu izah eləməyə ehtiyac yoxdur. Üstəlik, çip yalnız diaqnoz qoymur, yeri gələndə müalicə etməyi də bacarır. Məsələn, Second Sight şirkətinin hazırladğı Orion adlı çipin köməyi ilə gözləri tutulmuş adamların görmə qabiliyyətini tam və ya qismən bərpa eləmək mümkün olacaq. Bu təcrübə artıq heyvanlar üzərində uğurla sınaqdan keçirilib.

Çiplər təkcə təbabətdə yox, sosial münasibətlər sistemində də bir çox yeniliklərin tətbiqi üçün geniş imkanlar açır. Bəzi şirkətlərin ona ciddi önəm verməsinin başlıca səbəblərindən biri də məhz budur. Artıq Amerika və Qərbin bir çox şirkətləri işçilərini cipləşdirmək niyyətlərini rəsmən açıqlayıblar. ABŞ mətbuatının yazdığına görə Three Square Market ticarət şirkəti ölkədə öz işçilərini çipləşdirən ilk şirkət olacaq. Şirkətin başçısı Todd Uestbi bunun könüllülük prinsipiylə ediləcəyini vurğulayıb və bildirib ki, çip iynəylə işçilərin baş barmağı ilə şəhadət barmağının arasına, tam ağrısız formada yerləşdiriləcək. O, şirkətə buraxılış vəsiqəsini, şirkətin ərazisində pul kisəsini əvəz edəcək, digər bu kimi funksiyaları yerinə yetirəcək. Gələcəkdə onların köməyilə ərzaq məhsullarının və dərman prepatlarının keyfiyyətini də müəyyənləşdirmək mümkün olacaq.

Ancaq xristian ehkamçıları çipləşdirmənin tibbi və sosial sahədəki üstünlüklərini insanların başını piyləmək, onların fikrini gələcək müsibətlərdən yayındırmaq çəhdi sayır və öz fikirlərini "Apokalipsis”ə istinadla əsaslandıraraq elə beləcə də deyirlər: Biz çiplərin texnologiyaların inkişafı və bundan bəşəriyyətin xeyrinə istifadə etmək, insanların həyatını yaxşılaşdırmaq məqsədi ilə yaradıldığına inanmırıq. Bunu yaradanlar elə bilirlər ki, cəmiyyətin xeyri üçün çalışırlar, amma ağıllarına da gəlmir ki, dəccal bu çiplərdən öz murdar niyyətlərini gerçəkləşdirmək üçün istifadə edəcək. Dəccal isə artıq yuvasından çıxaraq yavaş-yavaş özünü göstərir. O, yer üzərindəki hakimiyyəti tam qəsb edəndən, özünün 666 nömrəli birkasını hər bir allah bəndəsinin əllərinin üstünə və ya alınlarına yapışdırandan sonra bəşəriyyətin ağır günləri, əsl məşəqqəti başlayacaq.

Xristian təəssübkeşlərinin Bibliya personajının adıyla Dəccal adlandırdığı çipləşmədən yuxarıda adını çəkdiyim digər ideoloji klişelərin tərəfdarlarının leksikonunda Bilderberq klubunun, masonların, vahid dünya hökumətinin, bir sözlə, bəşər övladının varlığına qənim kəsilmiş dünya imperializminin hoqqaları kimi bəhs edilir. Onlar ABŞ müdafiə nazirinin keçmiş müavini və Dünya Bankının keçmiş prezidenti (yeri gəlmişkən, bu posta seçiləndən cəmi iki il sonra, 2007-ci ildə öz məşuqəsinə qəyyumluq edib haqq etmədiyi vəzifəyə irəli çəkdiyi üçün işçilərin etimadını itirib və istefaya getməyə məcbur olub) Pol Vulfoviçin aşağıdakı sözlərini tez-tez tirajlamağı çox sevirlər: "Həqiqət bundan ibarətdir ki, xoşumuza gəlib gəlməməyindən asılı olmayaraq, 2030-cu ilə kimi biz vahid dünya dövlətinin mövcudluğunun şahidi olacağıq. Bu, könüllü, yoxsa məcburi qaydada olacaq – indi sual yalnız bundan ibarətdir”.

Bu gün konspiroloqların yuxusuna haram qatmış bu vahid dünya hökuməti söz-söhbəti özünü ingilis kəşfiyyatının keçmiş əməkdaşı adlandıran Amerikalı publisist Con Koulman adlı birisinin hələ ötən əsrin 90-cı illərində çapdan çıxmış "Komitə 300” adlı qalmaqllı kitabından sonra xeyli aktuallaşmışdı. C.Koulman yazdığına görə vahid dünya hökumətinin əsas məqsədi xalqların suverenliyini, milli varlığını yox etmək, onların öz müqəddəratlarını həll etmək hüququnu əlindən almaq, dünya əhalisinin sayını müəyyən həddə qədər azaltmaq, siyasi və iqtisadi xaos yaratmaq, elmi-tədqiqat işlərini, təhsili məhdudlaşdırmaq və ciddi nəzarət altına almaq, narkotik və pornoqrafiyanı leqallaşdırmaq, xüsusi texniki vasitələrin köməyilə hər bir insanın hərəkətlərini ciddi nəzarət altında saxlamaqla onun şüurunu idarə etməkdən ibarətdir ki, burda bizi maraqlandıran cəhət də məhz bu sonuncudur. Çünki çipləşmənin tibbi-sosial üstünlüklərinin yalnız gözdən pərdə asamaq üçün ortaya atıldığını vurğulayan, əsas niyyətlərinin insanlar üzərində total nəzarətin həyata keçirilməsi, onların hər addımının izlənilməsi, hətta beyinlərində nə tutduqlarının müəyyənləşdirilməsi olan güc sahiblərini yamanlayan, onları bəşəriyyətə qarşı misli görünməmiş sui-qəsddə ittiham edən dini-mistik və millətçi-vətənpərvər kəsimin nümayəndələri də əsasən həmin bu sonuncudan yapışırlar. İnsafən, etiraf etmək lazımdır ki, xeyli haqlı görünürlər.


Problemin sadə formulu belədir: alimlər növbəti kəşfə, insanların, elə heyvanların da həyatında xeyli müsbət dəyişikliklərə gətirib çıxardacaq mühüm bir yeniliyə imza atıb, amma bu yenilik başqa fəsadlara da yol açır, bu yenilik ayrılıqda hər bir insanı, bütövlükdəsə bütün bəşəriyyəti qarşısıalınmaz bəlalara düçar edə bilər. Hər bir yeniliyin müsbət tərəfi olduğu kimi mənfi cəhəti də var. Üstəlik, hər şeyə qulp qoymaq kimi anadangəlmə bir vərdişi olan Adəm övladı istənilən yeniliyin həyatına gətirdiyi rahatlığın eyforiyasından qurtulub özünə gələndən, ona öyrəşəndən sonra "bu işin” arxasında nəsə bir pis niyyətin dayanması, məsələnin bətnində bir qurğu, badalaq olması barədə mistik düşüncələrə dalmağa meyillidir. Bu yerdə kiçik bir haşıyə çıxmaq istəyirəm. Vaxtilə İtaliya modeli olan "Jiquli” maşınları sovet avtomagistrallarında peyda olandan sonra avtmobilin sürət imkanları ilə yolların vəziyyətinin uyğunsuzluğu, eləcə də intizamsızlıq sindromundan əziyyət çəkən sürücülərin bolluğu şəraitində ölkədə avtomobil qəzalarının sayı sürətlə artmağa başladı. Mən bunun "Haqqın yolundan dönən bir topluma qarşı göndərilən Allah bəlası” kimi dini, "şeytan əməli” kimi mistik, "mənfur kapitalistlərin sovet adamını məhv etmək planları” kimi polioloji yozumlarının şəxsən şahidi olmuşam.

"Jiquli” məsələsi öz yerində, ancaq çipləşmə ilə bağlı Avropa Birliyinin "Elmdə və yeni texnologiyalarda etika” adlı bir qurumunun hələ 2005-ci ildə qəbul etdiyi bir sənəddə yer almış fikirlərdən də aydın olur ki, artıq proses qarşısıalınmaz məcraya girib və geriyə dönüş mümkün deyil. Həmin sənəddə birmənalı şəkildə qeyd olunur ki, çağdaş cəmiyyət insanların mahiyyətinin dəyişdirilməsi zərurəti qarşısındadır. Tərəqqinin bu yeni mərhələsində müxtəlif elektron qurğular, çiplər, smartmarkaların köməyilə insanların hərəkəti, davranışı o qədər dəyişəcək ki, adamlar az qala "şəbəkə-şəxsiyyətə” çevriləcəklər. Daim alıb-ötürdükləri siqnallar onların izlənməsinə şərait yaradacaq. Bununla da insan ləyaqəti haqqında anlayışın özü dəyişəcək. Cəmiyyətin bu yeni transformasiyası prosesində şəxsiyyətin bəzi təbii hüquqlarının pozulması qaçılmaz olacaqdır ki, bu da onun konstitusiyon hüquq və azadlıqlarını o qədər də azaltmır. Mötəbər qurumun bu mövqeyindən də aydın olur ki, indiyə kimi insanabənzər robotlar yaratmaqla ad çıxartmış insanın özü artıq robotabənzər insan olmaq ərəfəsindədir və bununla barışmaq lazımdır. Üstəlik, onu da əlavə edək ki, çiplər vasitəsilə adamların emosiyalarını da idarə etmək imkanı yaranacaq, yeri gələndə insanı harınlamış heyvana və ya mağmın yelbeyinə, xalqı quduz kütləyə və ya amorf bir topluma çevirmək mümkün olacaq.

Elmin bu növbəti nailiyyəti təbii ki, birinci növbədə dünyanı öz siyasi ambisiyalarının alətinə çevirmək istəyən dairələrinin – güc, kəşfiyyat strukturlarıın iştahını artırıb. İndi onlar kimlərisə öz agentura şəbəkəsinə qatmaq əziyyətinə qatlaşmayacaqlar, hər bir insan heç bir coğrafi və milli sərhəd tanınmayan bu şəbəkəyə qoşulacaq. Hələlik çipləşdirmə üçün adamın öz razılığı tələb edildiyinə görə bundan ötrü müxtəlif şirnikləndirici təkliflərdən istifadə olunur. Amma gələcəkdə, yəni çipin hər hansı vaksin formasında insan bədəninə yerləşdirilməsi mümkün olandan sonra (bu sahədə də artıq ilkin elmi nəticələr əldə olunub) bu cür şirnikləndirmələrə də ehtiyac qalmayacaq.

İndi əsas sual budur: insanların tibbi-sosial problemlərinin həlli yolunda geniş imkanlar açan bu yenilikdən elə insanların öz mənafeləri naminə imtina edilsinmi və imtina edilirsə, necə edilsin? Axı, yuxarıda adını çəkdiyim vahid dünya hökuməti ətrafında nə qədər çox hay-küy qaldırılsa da, bu məsələ hələ ki, xülya olaraq qalır və əsrlər boyu elə xülya olaraq da qalacaq. Dünya indi vahidliyə doğru getmir, dünya getdikcə daha çox əks güclərin ölüm-dirim meydanına çevrilir. Çipləşmə isə mahiyyətcə daha çox bu meydandakı oyunçuların öz maraqlarına ziddir. Çipləşmənin ardınca çip hakerləri peyda olanda artıq siyasi və hərbi böhran dövrünün "hamının hamıya qarşı müharibəsi” məşhur formulu informasiya texnologiyaları erasının "hamının hamını izləməsi” formulu ilə əvəzlənəcək və həmin oyunçuların özünü də süpürüb harasa vasil edəcək. Apokalipsis bəlkə elə bu imiş, bilmirəm.

Amma bu, apokalipsis olsa da, axirət ola bilməz. Çünki iş-gücü yalnız sərvət ixrac edib, ağıl idxal eləməkdən ibarət olan, arabir əsnəməsi tutanda gözlərini açıb bütün bəlalarında Qərbi ittiham eləyən mürgülü Şərq bu prosesin fərqində deyil. Belə şeylər Şərqi narahat eləmir. Niyə də eləsin ki? Coc Oruelin təbirincə desək, şərqlilər elə həmişə "Böyük qardaşın sərt baxışları” altında yaşamağa vərdiş ediblər, odur ki, belə baxanda, Şərqin heç sirri-zadı da yoxdur.