adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Oktyabr 2017 14:58
16737
ƏDƏBİYYAT
A- A+

II “MƏMMƏD ARAZ POEZİYA GÜNÜ”

Xalq şairi Məmməd Araz ölkənin ən yüksək mükafatlarına layiq görülüb. Amma o, müxtəlif ödüllər almazdan öncə xalqın arzu və istəklərinin carçısı, ruhunun, mənəviyyatının keşikçisi tək bir ad qazanıb.

Ötən ilin oktyabr ayında Məmməd Arazın doğum günü münasibəti ilə respublikada ilk dəfə düzənlənən Poeziya günü Bakıda çox ehtişamla keçdi. Bu il tədbirin formatı necə olacaq? Bununla əlaqədar "Məmməd Araz Poeziya günü” nün ideya müəllifi Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlı demişdir:

Ötən il "Məmməd Araz Poeziya günü” şairin məzarı üstdən başladı, Natəvan klubunda davam edərək poeziyanın "Məmməd Araz günü”nə çevrildi. Tədbirdə tanınmış ictimai xadimlər, elm, sənət adamları, Tərcümə Mərkəzinin əməkdaşları, BDU-nun jurnalistika və Xəzər Universitetinin filologiya fakültələrinin tələbələri, məktəblilər, M.Araz irsinin araşdırıcıları, birsözlə, arazsevərlər iştirak etdilər. 

AzərTAc, APA, "Lent.az”, "Khazar.org.az”, "Qaynar.info” və başqa informasiya agentlikləri, "Azərbaycan”, "Mədəniyyət”, "Ədəbiyyat qəzeti”, "525-ci qəzet”,"Ədalət” "Kaspi" kimi qəzetlər, "Söz” jurnalı, İTV, "Mədəniyyət”, "Lider” telekanalları tədbirə xüsusi yer ayırdılar.

Bu il "Məmməd Araz Poeziya Günü”nə Yazıçılar Birliyi ilə bərabər Prezident yanında "Bilik” Fondu da dəstək verir. II "Məmməd Araz Poeziya Günü”nün paytaxtdan kənarda da qeyd olunması nəzərdə tutulur. Bir neçə məktəbdə M. Araz yaradıcılığına həsr olunmuş müsabiqə elan olunub və qaliblər şairin doğum günü ərəfəsində təltiflənəcək. Silsilə tədbirlər I Fəxri Xiyabanda ustad şairi yad etməklə yekunlaşacaq.