adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Sentyabr 2017 23:37
29526
ƏDƏBİYYAT
A- A+

AZƏRBAYCAN QƏZƏLİ

II yazı

2. XIII əsrdə yazıb-yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilində ilk qəzəlin müəllifidir.
Həsənoğludan ilk dəfə XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi söz açmış, onun kifayət qədər məşhur bir şair olduğunu, farsca və türkcə (azərbaycanca) şeirlər yazdığını qeyd etmişdir. Elmi ədəbiyyatda isə Həsənoğludan bir şair kimi M.F.Köprülü söz açmışdır. Vaxtilə bütün tədqiqatlarda şairin ədəbi irsindən cəmi iki qəzəli haqqında danışılırdı. Biri azərbaycanca, digəri farsca. Aparılan axtarışlar onun ədəbi irsinin üç azərbaycanca, bir farsca dörd qəzəli olduğunu göstərir. Fars dilində yazılmış qəzəlini Azərbaycan dilinə bir çox klassik ədəbi nümunələri dilimizə uğurla tərcümə etmiş Böyükağa Qasımzadə (1916-1957) çevirmişdir. Budur həmin qəzəl:

Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?
El mənə tənə vurur-söylə tükənməzmi yasın?
Axı mən bağrıyanıq aşiqi-zarəm, nə edim?
Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?
Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?
Hər iki dünyada Allah gözəli dust tutar,
Mən ki Puri Həsənəm, yoxdu nigarım, nə edim?

Həsənoğlunun Azərbaycan dilində ikinci qəzəlini çox-çox sonralar alman şərqşünası B.Fleminq elm aləminə tanıtmışdır.
Professor Nizami Cəfərov yazır: "Azərbaycan təfəkkürü XIII-XVI əsrlərdə türk (oğuz-səlcuq) dili mədəniyyətini yaradıb formalaşdırır. Həsənoğludan Füzuliyə qədərki dövrdə klassik poetik təfəkkür inkişaf edir".
Bu mənada Həsənoğlu Azərbaycan poetik təfəkkürünün sübh şəfəqi kimi işıq saçır. Onun dilində elm aləminə məlum olan qəızəlləri çox maraqlı bir mənzərəni əks etdirir.
Birinci qəzəldə Azərbaycan, fars və ərəb sözləri çox qəribə bir tərzdə birləşib "qohum" olmuşlar. Bu, onu göstərir ki, ədəbi təfəkkür öz milli stixiyasını göstərməyə başlayır. Lakin bu milli stixiya hələ aparıcı mövqedə duran ərəb-fars poetikasının güclü təsiri altındadır.

Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm, sən büti-şəngül, surahi eyləmə qül-qül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Başımdan getmədi hərgiz səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
Şaha şirin sözün qılır Misirdə bir zaman kasid.
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş, bəlürməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Klassik poeziyamızın tədqiqatçılarından Xəlil Yusifli və Vəcihə Feyzullayeva Həsənoğlunun bu qəzəlini geniş şərh etmişlər. X.Yusifli yazır ki, bu qəzəl geniş fəlsəfi mənada aşiqanə qəzəldir - insanlığın, gözəlliyin, idealın təsdiqi, şərin, anti-idealın, sədaqətsizliyin isə inkarıdır. Qəzəldə sadədən mürəkkəbə, müəyyənlikdən mücərrədliyə, dünyəvi məhəbbətdəın fəlsəfi məhəbbətə doğru inkişafı vermək baxımından isə ardıcıllıq, qanunauyğunluq bu şeiri klassik şeirimizin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirməyə haqq verir. Vəcihə Feyzullayeva isə bu qəzəldə müəllifin sufi ideologiyası ilə yaxından bağlı olduğunu təsdiqləyir, şeirdə "vəhdəti-vücud" təliminə işarə olduğunu göstərir. Amma ən çox qəzəlin sənətkarlıq xüsusiyyətləri üzərində dayanır.
İndi isə Həsənoğlunun azərbaycanca digər iki qəzəlinə müraciət edək:

Necəsən, gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.
And içərəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçir çağım bənim.
Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim.
Al əlimi irəyim məqsudimə,
Qoyma yürəkdə yana dağım bənim.
Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şıltağım bənim.
Bən ölücək yoluna gömün bənu,
Baqa dursun yarə toprağım bənim.
Toprağımda bitə həsrətlə ağac,
Qıla zari cümlə yarpağım bənim.
Bu Həsənoğlu sənin bəndəndurur,
Anı rədd etmə, yüzü ağım bənim.
***
Əcəb bilsəm bəni şeyda qılan kim?
Bana bu eşq odun peyda qılan kim?
Qamuşdan şəkərü, taşdan cavahir,
Ağacdan daneyi-xurma qılan kim?
Tənim yetmiş iki türlü tamardır,
Kimin ırmak, kimin dərya qılan kim?
Həsənoğlu, bu bir qətrə mənidən
Anun xub surətin ziba qılan kim?

Diqqət yetirsək, görərik ki, Həsənoğlunun azərbaycanca ikinci və üçüncü qəzəlində birinci qəzəlindən fərqli olaraq, Azərbaycan türkcəsinin meydanı daha genişdir. Bu qəzəllərdə elə tərkiblər və ifadələr var ki, sonralar Nəsimi, Həbibi və Xətaidə daha büllur və şəffaflıqla poetik dil ərazisinə daxil olur.
Poetik dildə əsl azərbaycanlaşma prosesi sonralar Nəsiminin, Qazi Bürhanəddinin, Xətainin, Həbibinin, Füzulinin şeir dilində başlanacaq. Təbii ki, hələ ərəb və fars dilindən gələn ifadələr, tərkiblər uzun müddət öz statusunu saxlayacaq. Amma Həsənoğludan başlanan yol "Türk-islam intibahının zirvəsi" (Yaşar Qarayev) sayılan Füzuli üçün poeziyada türkcəni hakim elitar-genel dil səviyyəsinə qaldırmaq işini asanlaşdırırb.
Qəzəlin Həsənoğludan Füzuliyə qədərki dövrünü "Azərbaycan dilli qəzəlin təşəkkülü və formalaşması mərhələsi" kimi səciyyələndirə bilərik və bu mərhələdə qəzəl Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Hamidi, Xəlili, Bəsiri, Kişvəri, Cahanşah Həqiqi, Süruri, Şah İsmayıl Xətai kimi şairlərin yaradıcılığında Azərbaycandilli şeirimizin özəllikləri formalaşmağa başlayır.
Qəzəl artıq poeziyada qəsidəni və digər şeir formalarını qəti olaraq sıxışdırır və hökmran mövqeyə keçir. Akademik Həmid Araslı orta əsrlərdə qəzəlin şeir növləri içərisində xüsusi fərqləndiyini belə izah edirdi ki, mətbuatın olmadığı, nəqliyyat vasitələrinin ibtidai bir şəkildə mövcud olduğu bir dövrdə sənətkarın fikrinin geniş yayıla bilməsi üçün ən əlverişli bir janr idi. Çünki qəzəl tez əzbərlənir, hafizələrdə yaşayır, dildən-dilə keçərək xalq içərisində yayılırdı. Eyni zamanda, qəzəl musiqi ilə əlaqədar olaraq xanəndələr vasitəsilə də yayıla bilirdi.
Həsənoğlu ilə Füzuli arasında, iki əsrdən artıq bir zaman məsafəsi var və bu dövrdə qəzəl, bizim fikrimizcə, altı böyük ustad şairin yaradıcılığında kamillik mərhələsinə yetmişdir. Bu şairlərdən üçü haqqında ayrıca söhbət açmaq istərdik. Üç hökmdar şair - Qazi Bürhanəddin, Cahanşah Həqiqi və Şah İsmayıl Xətai anadilli ədəbiyyatımızın inkişafında mühüm rol oynamışlar. Öncə Qazi Bürhanəddin (1344-1398) azərbaycanca qəzəl yazmağın, bu qəzəllərdə gerçək duyğu və düşüncələri, insani məhəbbəti təbliğ etməyin, igidlik, bahadırlıq motivlərini şeirə gətirməyin, milli-bədii poetik ənənələrdən faydalanmağın, canlı xalq dilinə arxalanmağın, zəngin bədii təsvir ustalığının yollarını müəyyənləşdirdi. "Bütün bunlar göstərir ki, Qazi Bürhanəddinin şeirləri ideya-bədii baxımdan kamil, gözəl sənət əsərləridir" (Əlyar Səfərli).

Heyva oldu bənizim dilbərin almasıyla,
Doğradı cigərimi qəmzəsi almasıyla.
***
Gəl, gəl görəlim, gül görəlim, gül görəlim biz,
Bir nəğmə gətür ortaya bülbül görəlim biz.

***
Totağun şəkkərinin rəngini qızıl gördüm,
Çünki sordum ani qandan dedilər gerçəkmi?

Orta əsrlər Azərbaycan ədəbiyyatını tədqiq edən alimlər nədənsə Cahanşah Həqiqinin (1405-1467) yaradıcılığından geniş söhbət açmamışlar. Əsərləri dilimizdə ilk dəfə 1986-cı ildə nəşr edilmiş bu hökmdar - şairin farsca mükəmməl qəzəl yazdığı iddia edilsə də, azərbaycanca yazdığı qəzəlləri öz bədii-sənətkarlıq vüsəti ilə o dövrün poeziyasında ayrıca bir səhifə təşkil edir. Cahanşahın qəzəllərində Nəsimidən gələn hürufilik təsiri duyulsa da, anadilli məhəbbət lirikamızın gözəl nümunələri ilə qarşılaşırıq. Gözəlin vəsfində real hisslərin, yaşanılan duyğuların tərənnümü o dövr üçün orijinal bədii təsvir vasitələri ilə təqdim olunur. Onun qəzəllərində də kifayət qədər ərəb-fars sözləri ilə qarşılaşırıq, amma yazıldığı dövr üçün azərbaycanca qəzəlin sadə bir nümunəsi idi.

O rüxün şəminə çün canımı pərvanə dedim,
Yaxdı- yandırdı məni atəşi-hicranə dedim.
Neçə zahidləri pabəndi-bəla qıldı saçı,
Neçə aşüftələri çəkdi o zindanə dedim.
Yüzünün ayətinin əvvəli çün fatihədir,
Yaz onun hərfini sərnameyi-Quranə dedim.
Qədəmi xaki-dərindən yüzümü etmən iraq,
Zəhi dövlət ki, mən o razımı sultanə dedim.
İşveyi-qəmzələri qarəti-din eylər iman,
Ki, mən ol eynə neçün kafəri-türkanə dedim.
Ey Həqiqi, bu məlahət ki, rüxi-yaridədir,
Yaxdı həsrət qəmilən bağrımı büryanə dedim.

Müqayisə bəlkə də yerinə düşər, bu qəzəl elə bil XV əsrdə yox, XIX əsrdə qələmə alınıb.

(Ardı gələn saylarımızda)


Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru