adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Sentyabr 2017 00:45
17873
ƏDƏBİYYAT
A- A+

Tarixləşən ağsaqqal ömrü

Dahi bəstəkarımız Üzeyir Hacıbəyli həmişə yazdığı əsərlərdə adamların xarakterlərini açmağa çalışmışdı. Adamların bütün keyfiyyətlərini, nəyə qadir olduqlarını, onların qüsurlu cəhətlərini, gücünü, qüvvəsini, görmə qabiliyyətini, eşitməsini, dad bilməsini, necə yemək yeməsini, çay içməsinə qədər də yaddan çıxarmamışdı. Onun əsərlərində yaşlıların hərəkətləri, sağlamlıqları və qabiliyyətləri, xüsusiyyətləri demək olar ki, nəyi varsa "min cavana dəyərəm" deyərək öyündükləri ifadələrlə çox rastlaşırıq və nümunə göstəririk.
Bunu xatırlatmaqda məqsədim var. Yazımın qəhrəmanı Qurbanəli baba ömrünün doqquzuncu onluğundan xərcləyir. Gələn il, doxsanillik yubileyini qeyd edəcəyik. Tez-tez onunla görüşə gedirəm, maraqlı söhbətlərindən xoşum gəlir, feyziyab. Musiqini, muğamı çox sevir, ona yaxşı bələddi. Ailədə, evdə hər bir işə özü nəzarət edə bilir:
- Ay uşaqlar, qaz sobasının üstündə nə isə var? Elə bil onun vaxtını ötürmüsünüz, birdən yanar?! Həyətdəki it bayaqdan narahatdı, özünü ora-bura vurur. Baxın, gələn var deyəsən...
- Ay gəlin, gəl nəticəmi apar o biri otağa, imkan vermir ki, bir cümlə yazım, qələmi əlimdən alır, təzə bir qafiyə gəlmişdi...
Bax, "qoca" o kəsə deyərəm ki, doxsan yaşında qəzəl yaza bilsin, gəncliyini yadına salıb gözəllikdən ilham ala bilsin. Qanı cuşa gələndə gözəllərin vəsfinə qəzəl deyə bilsin, söz yaza bilsin...
Qurbanəli baba belə qabiliyyətlərdən, belə xüsusiyyətlərdən "mərhum" olmamışdı hələ. Allah-təaladan ona can sağlığı arzusu ilə verilən, lazımi bu qabiliyyəti, istedadı, yaradıcılığı onun əlindən almasın - deyirik.

İstərəm yarımı mən, bağı-gülüstanda görəm.
Geyə tül paltarını rövzeyi-rizvanda görəm.

Çatmasam kama əgər, dərdi-sərim həddin aşar.
Qismət olsun yenə də yarı mizbanda görəm.

Gözəlin rəqibləri çox olur hamı bilir
Şad olaram onları, mən çölli-biyabanda görəm.

Seyrə çıxsa nigarım, Qurban ona xidmət edər.
Dönərəm bəxtəvərə, dilbəri Tehranda görəm.
Doğma Azərbaycanımızın görkəmli alimi, akademik Ziya Bünyadov tövsiyə edirdi ki, hər bir alim, yazıçı jurnalist, bütövlükdə "qələm çalanlar" birinci növbədə öz kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərsinlər. Doğrudur, bu çətindi, lakin faydalıdır.
Bu baxımdan tanınmış pedaqoq, müdrik el ağsaqqalı Qurbanəli Əlizadə öz doğma kəndi haqqında qələmə aldığı Bakının Əhmədli kəndinin tarixi keçmişi və bu gününü əks etdirən "Metrolu kənd" kitabı ərsəyə gəlmişdir. Dünyaya göz açdığı doğma kəndinin tarixi keçmişini dədə-babaların yaddaş saxlancından, adət-ənənələrini, kəndin necə inkişaf etdiyindən, sosial-iqtisadi, elmi-mədəni səviyyəsinin yüksəlməsini öz gözləri ilə görmüş və qələmə almışdı.
"Deyilənlərə görə Nadir şahın qəzəbindən xeyli döyüşçülər, sərkərdələr bezərək baş götürüb uzaqlara getməyə məcbur olmuşdular. Mahmud və Əhməd adlı qardaşların da başlarına belə hadisə gəlmişdi. Onlar çox qorxmaz, güclü olsalar da şah rejimindən uzaq olmaq, sərbəst həyat tərzində yaşamağı üstün tutmuşdular. Əslən Şamaxıdan olan bu qardaşlar ərazidə yaşayanların məşğuliyyətinə uyğun olaraq heyvandarlıqla məşğul olmağa başlayırlar. Bu sahədə yaxşı təcrübə qazanırlar, qoyunçuluqla məşğul olmağa başlayırlar. Sürünü yazda dağlara yaylağa qaldırardılar. Payız fəslində isə havalar soyuyanda qışlaq üçün Xəzər dənizinin sahillərinə endirərmişlər.
Bir dəfə eladın (köçün) qarşısını Şirvanda qaçaq-quldurlar kəsir. Qoyun sürüsünü Mahmud ilə Əhmədin əlindən almaq istəyirlər. Sövdələşmə baş tutmur. Qardaşlar məsləhət görürlər ki, beş-on qoyun verək, icazə verin yol ilə keçib gedək. Onlar razılaşmırlar. Çoban-çoluğun da əsas silahı əlindəki çomağı (dəyənəyi) olar - deyiblər. Onlar məcbur olub canlarını qurtarmaq üçün qaçmağa məcbur olurlar. Qardaşlar sağ-salamat sürünü Xəzər sahilinə (indiki Əhmədli kəndinin yerinə) gətirirlər. Bu xəbər hər tərəfə yayılır. Abşeronda içməli su mənbəyi az yerlərdə olduğu üçün, yerli sakinlər su quyularından istifadə etməli olmuşdular. Daşlardan küz, ağıl düzəltməli olurlar ki, qoyun sürüsünü bir yerə cəm edə bilsinlər. Dənizin sərt küləyindən, ətraf mühitdən, vəhşi heyvanlardan mühafizə olunmaq üçün daşları üst-üstə yığaraq, qalaq düzəldərək küz, ağıl (heyvanları bir yerə yığmaq üçün mühafizə çəpəri), hasar düzəldilərdi.
Mahmud ilə Əhməd daldalanmaqları üçün özlərinə koma düzəldirlər. Heyvanların, adamların məskən saldıqları bu yerə isə binə adı vermişdilər. Bir müddət məskən salan qardaşlar kəndin təməl daşını qoyurlar (indiki Ukrayna meydanı adlanan sahədə). Daşı çapırlar, içməli su mənbəyi tapırlar. Bulağın qarşısındakı sahədə şərait yaradırlar ki, yolçular da istifadə etsinlər.
"Küley Mahmud adlanan bu yaşayış məntəqəsində dənizin kənarında qala da inşa edirlər. Abşeron yarımadasının cənub tərəfində yerləşən bu kənd keçmiş Qaraşəhərdən çox da uzaq olmayıbdı, cənubi-şərqdən Zığ, qərb tərəfindən isə Keşlə ilə müəyyən məsafədə qonşu olmuşdu. Küley Mahmud daha sonralar Əhmədli kəndi adlanmışdı. Tarixən bu kəndə həm Küley Mahmud, həm də Əhmədli kəndi deyilmişdi. "Mahmud istehkamı", "Mahmud qalası" da deyilmişdi"
Kənddə yaşayan sakinlərin sayının artması ilə əlaqədar olaraq böyüyür və inkişaf etməyə başlayır. On birinci yüzilliyin ortalarında Şirvanşahlar dövlətinin Səlcuqların (1040-1063) hakimiyyəti zamanı bu ərazidə məskunlaşan tayfalardan bəziləri məhsuldar torpaqlar axtararaq Abşeron yarımadasına, eləcə də, indiki Əhmədli kəndi ərazisinə qədər də gedib çıxırlar. Onlar burada yaşayış məskənləri salmış, mədrəsə, məscid, hamam, su quyuları qazmış və bir çox əhəmiyyətli obyektlər inşa etmişdilər. Məşhur Səfəvilər tayfalarından olan şahsevənlərdən Mahmud və Əhməd adlı iki varlı maldarlıq və qoyunçuluqla məşğul olan qardaşlar öz tayfalarıyla birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada yaşamalı olmuşdular. Bir müddət böyük qardaşın adına Mahmudlu kəndi, sonralar isə Əhmədin kəndi adına qərar vermişlər. 1859-cu ildə burada 69 evdə 193 nəfər kişi, 173 nəfər qadın olmaqla 366 nəfər şiə Azərbaycanlı yaşamışdılar. Kənd iki məhəlləyə bölünür - yuxarı və aşağı məhəllə, Mahmudun və Əhmədin vərəsələri Novruzlular, Nazarlılar, Şahnəzərlilər adlanmışdı".
"Mən, Nazarlı nəslindənəm, biz böyük şəcərədənik. Nazar mənim 8-ci babamdır. Nəslimizdə savadlı adamlar çox olmuşdur. Nazarlı nəsli Bakıda yaşayıblar. Onların bir qismi Əhmədli kəndində məskunlaşıbdılar. Abbasqulu Ağa Bakıxanov da Nazarlı nəslindəndir. Abbasqulu Ağa Bakıxanov babasının atası Mirzə Məhəmməd xan olubdur. Mirzə Məhəmməd xanın arvadı Xədicə xanım isə Quba xanı Fətəli xanın doğmaca bacısı olmuşdur". Abbasqulu Ağa Nazarlının əsl soyadı Bakıxanov deyildi. Onun soyadı Nazarlı olmuşdur. Bakıxanov isə tituldur.
O, Bakıda dəfn olunmuşdur. Bibiheybətdə torpağa tapşırılmışdır. Göründüyü kimi, indi Bakıxanov nəsli adlandırılan Nazarlı şəcərəsi çox böyük bir nəsil idi. Ona görə də Bakıxanovlar titulunu qəbul etmişdir (A.A.Bakıxanovun xatirələri).
Hal-hazırda Əhmədli qəsəbəsində (kəndində) yaşayan sakinlər də Nazarlılar tayfası adlanırlar, bu adı yaşatmaqda davam edirlər. Qurbanəli babanın anası Cəvahirxanım Hüseynbaba qızı da Abbasqulu Ağa Nazarlının (Bakıxanovun) şəcərəsindəndir.
Daha sonra "Yanar ürək", "Vətən məhəbbəti" kitablarında dünyanın və bəşər cəmiyyətinin qanunuyğunluqlarını dərindən dərk edən Qurbanəli Əlizadənin fəlsəfi duyumlu, vətən, torpaq, anaya məhəbbət ünvanlı, İslam dəyərli, mənəvi-əxlaqi və tərbiyəvi yönümlü heyrətamiz şeirləri, qəzəlləri, bayatıları, təcnis, qəsidə və qoşmaları toplanmışdı.
Kitabları vərəqləyib oxuduqca sanki kamilləşirsən, dəyərli məna və məzmun kəsb edirsən, həmçinin poeziya çalarlarının axarına düşüb feyziyab olursan.
Qurbanəlinin uşaqlığı çox çətin bir vaxtda düşmüşdü. Azərbaycanda Sovet hökuməti təzə bərqərar olunurdu. Bakının Əhmədli kəndində Zeynalabdin Quluyevi, Həsən Ağaullayevi, Hüseynulla Qasımovu, Balaqasım Qasımovu, Hacı Əsədullanı, Məşədi Əsgər Əliyevi, Mirzəbala Hacıyevi yağlı kəndçi adlandıraraq onlara məxsus var-dövlətini, yaşayış evlərini, əmlaklarını əllərində aldılar. 1929-cu ildə Mirzəbala Hacıyevin iki mərtəbəli yaşayış evində ilk ibtidai məktəb təşkil olundu. Məşədi Əsgər Əliyevin evi isə sonralar xəstəxana kimi istifadə olunmağa başlandı. Kənddə yaşayan sakinlərin evlərini gəzərək uşaqları məcburi məktəbə getməyə, təhsil almağa cəlb etdilər.
Qurbanəli də digər uşaqlar kimi, ilk təşkil edilən ibtidai sinifə daxil oldu, oxumağa başladı. Sonralar isə həmin məktəb yeddillik oldu.
1931-ci ildə yeni yaradılan hökumətin idarə olunması üçün yerlərdə - kənd soveti, hökumət idarəsi, kənd XDS icraiyyə komitəsi adlı qurumlar yaradılmağa başlandı.
Özünün insanı keyfiyyətləri ilə fərqlənən, bu gün isə qocaman pedaqoq, şair, uzun müddət elin-obanın xeyrinə, şərinə yarayan, əsl el adamı, el ağsaqqalı, ağır taxtalı "köhnə kişi" - Qurbanəli Gülbala oğlu Əlizadə haqqında söhbət açmaq çoxdankı fikrim idi. Onun "görünməyən" xarakterlərini, xüsusiyyətlərini oxuculara demək istədim ki, bax belə kişidi Qurbanəli baba...
O, 12 oktyabr 1928-ci ildə Bakının Əhmədli kəndində fəhlə ailəsində anadan olmuşdu. 1947-ci ildə məktəbi bitirdikdən sonra həmin vaxt Bakı Radiozavodunda fəhlə, sex ustası, sex rəisinin müavini və ilk dəfə televizor sexi təşkil olunanda, zəngin iş təcrübəsi olduğu üçün onu sex rəisi vəzifəsinə təyin edirlər.
Ali təhsilli kadrlara böyük ehtiyac olduğu üçün yerlərdən yaxşı işləyən, savadlı fəhlələrdən ali məktəblərdə təhsil almaları üçün humanistlik, xeyirxahlıq işləri həyata keçirirdilər, onları müsabiqə yolu ilə ali məktəblərə qəbul edirdilər. 1957-ci ildə V.İ.Lenin adına Pedaqoji İnstitutunda tələbəyə ehtiyac vardı. Qurbanəli bu işdən kənarda qala bilməzdi. Əmək cəbhəsində yoğrulub mətinləşən, bacarıqlı bu oğlan ali təhsil almaq fikrinə düşdü. Axı, o, məktəbdə yaxşı oxumuşdu və müsabiqə yolu ilə instituta daxil oldu. Tələbəlik illərində şeir yazmağa meyli artır və almanaxları çap olunmağa başlayır. Pedaqoji fəaliyyət göstərən Qurbanəli müəllim az keçmir ki, ictimai işlərdə fəal təşkilatçılıq qabiliyyətinə görə fərqlənməyə can atır. Partiya işinə, idarə etmə vəzifəsinə irəli çəkilir. Əhmədli kənd XDS icraiyyə komitəsinə seçki yolu ilə kənd sovetinə sədr vəzifəsinə etimad göstərirlər.
Kənd sakinlərinin sosial problemləri, həyatı qayğıları onu düşündürür, böyük həvəslə maraqlandırmağa başlayır. Kəndin abadlaşmasında, küçələrin genişlənməsinə, asfaltlaşmasına, yeni kanalizasiya xəttinin çəkilməsinə təşəbbüs göstərdi. Problemlərin həll olunması haqqında yuxarı təşkilatlar qarşısında məsələlər qaldırır. İşlərin daha da yaxşı olması üçün nümunə olaraq bəzən qollarını çirmələyib özü fəallıq göstərməyə başlayır. 2 saylı internat məktəbində təlim-tərbiyə işlər üzrə direktor müavini vəzifəsində yeddi il çalışır. Ancaq Əhmədli kəndinin problemlərini, bir sakin kimi, təşkilatçı kimi yaşadı, fəaliyyət göstərdi və həyata keçməsi üçün mübarizə apardı.
(ardı növbəti sayımızda)