ANA SƏHİFƏ / YAZARLAR

TANRININ ÖMÜR PAYI

194416    |   2017-09-30 00:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Anım

"Bu dünyada vəfa, sədaqət, etibar, dəyanət deyilənlər heç də nağıl,
əfsanə, xülya deyil, əksinə həqiqətdir"
Böyükxan Bağırlı

Əlövsət BƏŞİRLİ

Hər il ad günündə onu təbrik edirdim. Bu dəfə telefon susurdu... Nəhayət, səs gəldi. O, deyildi. Eşitdiyimə inana bilmədim. Axı, necə ola bilər?! Bir həftə əvvəl danışmışdıq. Adəti üzrə nikbin idi. Bəs... Fikir-xəyal məni götürdü... Cəmi bir il əvvəl 70 yaşı tamam olmuşdu. Bu münasibətlə yazmışdım. "525-ci qəzet"də, "Ədalət"də dərc edilmişdi. Yazmışdım ki...
Həyatımın unudulmaz çağlarını - düz 20 ilini Cəlilabadda yaşayıb işləmişəm, öz elinə, torpağına bağlı əqidəli, qətiyyətli, sadə, zəhmətkeş insanlarla xoş münasibətdə, ünsiyyətdə olmuşam, duz-çörək kəsmişəm.
Azərbaycanın bu gözəl guşəsinin göz oxşayan, könül açan mənzərələri yaddaşımda dərin iz salıb.
İndi ötüb keçənləri xatırlayanda ömrümün həmin illəri gözlərim önündə bütün aydınlığı ilə canlanır. Sanki dünən olub, az qala yarım əsr əvvəl yox, lap dünən "Yeni gün" qəzeti redaksiyasında. Qapı astaca döyülür, bir qədər arıq, ortaboylu cavan, nigaran baxışlı oğlan astanada görünür. Ayağa durub qarşılayıram. Salamlaşıb tanış oluram. Masanın üstünə qoyduğu vərəqi nəzərdən keçirirəm: "Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi Böyükxan Bağırovu "Yeni gün" qəzeti redaksiyasına təcrübəyə..."
O, bütün yayı redaksiyada çalışır, görüb-götürür, yazıb-pozur, redaktə olunmuş yazılarına dönə-dönə diqqət yetirir, imzası qəzetin hər nömrəsində görünür: adi xəbərdən tutmuş müsahibəyə, felyetona, oçerkə qədər qələmini sınayır, püxtələşir. Redaksiyanın ştatında yer olan kimi onu işə götürürəm: həm maaş alır, həm də qonorar-müəllif haqqı. Və yeni tədris ili başlayanda əla xasiyyətnamə yazıb hörmətli Şirməmməd müəllimə salam göndərirəm. Jurnalistika fakültəsinin dekanı, professor Şirməmməd Hüseynov tələbəsinə verilən xasiyyətnamədən məmnun olur, kurslara nümunə göstərir.
Ali təhsilini başa vuran Böyükxan doğma Cəlilabada qayıdır, "Yeni gün"də işə başlayır: bir müddət ədəbi işçi, sonra şöbə müdiri, redaktor müavini. Və mən raykomun ikinci katibi seçiləndə o, redaktor təyin olunur, həmkarları Sabir Məmmədov, Dilarə Vəkilova, Qasid Nağı oğlu, Firidun Sultanov, Solmaz Məmmədova ilə birlikdə səylə çalışır...
***
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin təbirincə, Böyükxan Bağırlının tərcümeyi-halı çox sadə və yığcamdır, hətta bir-iki cümləyə də sığışar. Ali təhsilini bitirəndən sonra doğma Cəlilabadda rayon qəzetində çalışır, 1981-ci ildən redaktordur.
Bütün bunlarla yanaşı, təcrübəli tənqidçi, ədəbiyyatşünas çox haqlı olaraq onu istedadlı bir nasir və jurnalist kimi dəyərləndirir.
Böyükxan ədəbi yaradıcılığa şeirlə başlayıb. "Mənim ilk ədəbi yazım - "Qonşular" sərlövhəli şeirim unudulmaz şairimiz Məmməd Arazın xeyir-duasıyla 1968-ci ildə "Ulduz" jurnalının üçüncü sayında dərc olundu... Sonralar hekayələrim çap edildi: "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat" qəzetində".
Yeri gəlmişkən, deyim ki, mən Bakıya qayıdandan sonra yuxarıda adları çəkilən həmin ədəbi nəşrlərdə, həmçinin "Yada düşdü" jurnalında , "525-ci qəzet"də , "Ədalət"də vaxtaşırı yazılarım dərc olunur. Və bu, qələminə dinclik verməyən, eyni zamanda mütaliəsindən qalmayan Böyükxanın diqqətindən yayınmır. Vaxtaşırı zəngləşirik, hal-əhval tutub, fikirlərimizi bölüşürük.
Zaman keçdikcə püxtələşən, dəyərli povest və hekayələri ilə oxucuların rəğbətini qazanan qələm dostumun yaradıcılıq uğurları məni ürəkdən sevindirir.
O, son illərdə mətbuatda dərc olunan "Zəhərlənmiş tale" povestində, "Döyüşçülər daş karxanasında", "Tələ", "Çovğun", "Cəhənnəmi görənlər", "Sərnişinlər", "Göyərçinlər uçub getdi", "Aynalı gölün payızı", "Ağ yaylıqlar", "Xoş xəbər" hekayələrində həyat həqiqətini, gerçəkliyi yüksək bədii səviyyədə, olduqca inandırıcı şəkildə qələmə alıb. Kənd həyatını, orada yaşayan insanların psixologiyasını təbii boyalarla təsvir edib, bitkin obrazlar yaradıb. Dili səlis, axıcı, koloritlidir. Eyni zamanda kənd həyatında gen-bol işlənən ifadələr, zəhmətə, torpağa bağlı insanların ruhu, ürək çırpıntısı oxucunu duyğulandırır.
Bütün bunlar Böyükxanın yaradıcılığında fərqli və üstün xüsusiyyətlərdir. Təsadüfi deyil ki, V.Yusifli yazır: "Böyükxan Muğan gecələrini, onun özünəməxsus cazibəsini, təbiətin, torpağın şeiriyyətini nəsrə gətirir".
Böyükxan Bağırlının yaradıcılığına yetərincə bələd olan, təhlil və təqdir edən görkəmli ədəbiyyatşünas alim, tənqidçi Vaqif Yusifli yazıçının müşahidə qabiliyyətini, hadisələrə yanaşma üsulunu, kənd həyatını, məişətini, etnoqrafiyasını, folklorunu yaxşı bildiyini, bacarıqla qələmə aldığını xüsusi vurğulayır. Buna nümunə olaraq müəllifin "Göyərçinlər uçub getdi" hekayəsini ("Yada düşdü" jurnalı, 2012, №2) oxucunun diqqətinə çatdırır. Bu hekayədə yazıçı kənd müəllimlərinin gün-güzəranını, onların ehtiyac içində yaşamasını, mənəvi böhranla üzləşməsini əks etdirir.
Böyükxan Qarabağ mövzusunu "Döyüşçülər daş karxanasında" ("Ulduz" jurnalı, 2011, №8) hekayəsində özünəməxsus, bənzərsiz şəkildə qələmə alıb. Müəllif yayın oğlan çağında, günəşin göydən od ələdiyi bir vaxtda, toz-torpaq, daş-kəsək içində çalışan insanların ailələrini dolandırmaq üçün ən ağır işə qatlaşdıqlarını real boyalarla, çox təsirli detallarla təsvir edir.
Daş karxanasında işləyən iki keçmiş döyüşçü - Sübhan və Qara Hüseyn ötən günləri yada salıb dərdləşirlər. Sübhan deyir: "Beş-altı nəfər döyüş görməmiş ağciyər ana uşaqlarıyla mən neyləyə bilərdim? Döyüş sursatı deyirsən, bəxtəvərlikdən danışırsan, sursat hardaydı? O döyüşdə mən yüngül yaralandım. Amma deyirsən gərək öləydim, hə? Nəyə görə?! Ona görə ki, naçalniklərimiz gündən-günə yağlanıb bahalı maşınlarda gəzsinlər? Biz burada toz-torpaq içində bir qarnı ac, bir qarnı tox vərəmə tutulaq, onlarsa naz balışlı, pərqu yorğan-döşəkli yataqda məşuqələriylə mazaqlaşsınlar, kef eləsinlər, hə?! Vətəni qorumaq elə kasıb-kusubun püşkünə düşüb? Topdağıtmaz villaları buludlarla oynaşanların balaları bəyəm yuxarı dəyirmandan gəliblər? Niyə onlar ordu sıralarında gözə dəymirlər? Ərə gedəndə böyük bacı, iş-güc gələndə kiçik bacı?!"
Sübhanın müharibə ilə bağlı fikirləri Qara Hüseynin xoşuna gəlmir. Onun fikrincə, müharibədə belə neqativ hallar olsa da, torpaqlar əldən getsə də, nə qədər igidimiz həlak olsa da, inamı itirmək olmaz. Deyir ki: "Sənin sözlərindən fərarilik iyi gəlir. Vətən, torpaq müdafiəsi anlayışı sənin çərçi sövdəgər arşınınla ölçülə bilməz. Müharibə hələ qurtarmayıb, uduzmaq barədə söhbət ola bilməz. Biz müvəqqəti olaraq geri çəkilmişik".
HAŞİYƏ: Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması, düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə dövlət başçısının sərəncamı ilə hərbçilərimizin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görüldü, orden və medallarla təltif olundu.
Düşmənin müasir hərbi istehkamlarla möhkəmləndirdiyi, alınmaz qala hesab etdiyi strateji yüksəklikləri və ətraf əraziləri döyüşçülərimiz azad edərək Azərbaycan bayrağını qaldırıblar. İşğalçıların xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Həmçinin düşmənin qoyub qaçdığı ağır silahlar, hərbi texnika və qurulu istehkamlar ələ keçirilib.
Mən "Döyüşçülər daş karxanasında" hekayəsindən danışarkən ona görə haşiyə çıxdım ki, "müharibə hələ qurtarmayıb, uduzmaq barədə söhbət ola bilməz" deyən Qara Hüseynin (və müəllifin!) nə qədər haqlı olduğunu əyani dəlil kimi göstərim. Və onu da vurğulamaq istəyirəm ki, döyüşlər gedən günlərdə bütün Azərbaycan xalqı yumruq kimi birləşdi, Ali Baş Komandanla, rəşadətli Ordumuzla həmrəy oldu, övladları qəhrəmancasına şəhid olan ata-analar "Vətən sağ olsun" dedilər. "Dörd günlük müharibə" müasir Azərbaycan Ordusunun gücünü, yenilməzliyini yalnız erməni işğalçılarına və onların havadarlarına deyil, eyni zamanda beynəlxalq aləmə, dünyaya əyani olaraq göstərdi.
"Döyüşçülər daş karxanasında" hekayəsi nikbin sonluqla bitir. Fərqli düşünən keçmiş döyüşçülərin fikirlərinin müxtəlifliyinə baxmayaraq, onları birləşdirən, duyğularını bir araya gətirən məqamlar da var. Sübhanın qardaşı Şükran da döyüşlərdə həlak olub və o, son anında ana əmanəti medalyonu Qara Hüseynə verir ki, bunu qoru. Qara Hüseyn də əmanəti Sübhana verir. "Üstündə anasının əllərinin izi qalan bu əntiq medalyonu gözünə sürtəndə, dodağında gəzdirəndə burnuna dəm-dəstgahla keçirilən həmin günlərin ab-havası gəldi. O bəxtəvər anların hənirtisini hiss etdi. Göllənmiş gözlərini dolandırıb medalyona baxdı".
Sübhanın həyata, insanlara inamı, etibarı itib. Müharibədə gördükləri onu sarsıdıb. Amma Qara Hüseynin bu hərəkəti onun qəlbinin dərinliklərində xoş bir duyğu oyadır. "Bu duyğu onu həyata tamam yeni bir gözlə baxmağa çağırırdı və ona anladırdı ki, bu dünyada vəfa, sədaqət, etibar, dəyanət deyilənlər heç də nağıl, əfsanə, xülya deyil, əksinə həqiqətdir. İndicə ona ömrünün analı, qardaşlı-bacılı bəxtəvər anlarını balaca bir əşya ilə geri qaytaran Milli Ordunun bu xəstə, nasaz veteranı bəlkə elə bu həqiqəti demək, hiss etdirmək üçün yanına gəlibmiş və bu gəlişin özu də, elə Allah vadarıymış".

***
Olub-keçənləri xatırlayanda həyatımın unudulmaz çağları gözlərim önündə canlanır. Sanki dünən olub, az qala yarım əsr əvvəl yox, lap dünən... "Yeni gün" qəzeti redaksiyasına təcrübəyə gələn universitet tələbəsi, cavan oğlan... Heyrətlənirəm illərin quş təki uçmağına, onun 70-ə çatmağına. Maşallah olsun, gümrah qalıb Böyükxan Bağırlı. İndi Əməkdar jurnalist, tanınmış yazıçı. Boya-başa çatan ağıllı-kamallı övladlar, sevimli nəvələr əhatəsində bəxtiyar ata... baba... Və qələmini əlində möhkəm tutan Söz sahibi!
Mən də olub-keçənləri qələmə almağı özümə borc bilirəm, möhkəm cansağlığı, yeni uğurlar arzusuyla onu təbrik edirəm...
... Bəs indi, cəmi bir il sonra ad günündə... Telefonum zəng çalır. Lerikdən həmkarım, Əməkdar jurnalist Həmzə Vəliməmmədovun həyəcandan titrəyən, çaşqın səsini eşidirəm, sualına cavab tapa bilmirəm... Həmzə deyir ki, keçən ay Cəlilabadda olub, Böyükxan yeni çapdan çıxan kitabını ona verib. Kitabda qələm dostumuzun son illər yazdığı povest və hekayələri yer alıb. Böyükxanın Qarabağ mövzusunda yazdığı "Döyüşçülər daş karxanasında" hekayəsi Həmzəni çox təsirləndirib. Xüsusilə, müəllifin əsərin qəhrəmanının diliylə dediyi sözlər: "Bu dünyada vəfa, sədaqət, etibar, dəyanət deyilənlər heç də nağıl, əfsanə, xülya deyil, əksinə həqiqətdir".
İnsanı dərindən-dərinə düşündürən bu sözləri istedadlı yazıçı-jurnalist Böyükxan Bağırlının həyat və fəaliyyətinin epiqrafı, yaradıcılığının devizi hesab etmək olar. O, inamla yaşayıb müşahidə etdiklərini, ürəyində yığılıb qalan, qəlbini rahat buraxmayan, zaman-məkan hüduduna sığmayan olayları, gerçəkliyi, həqiqəti, həmişə vacib, aktual saydığı mövzuları qələmə alıb. Elə buna görə də oxucu qıtlığına rəğmən povest və hekayələri diqqət çəkib, əldən-ələ gəzib, maraqla qarşılanıb, müəllifinə rəğbət qazandırıb. Böyükxan Bağırlının yaradıcılığı üçün xarakterik olan bu cəhəti ədəbi tənqid xüsusilə qeyd edib.

***
Qırx gün sonra qələm dostlarımla Cəlilabada - Allar kəndinə getdik. Matəm mərasiminə ətraf rayonlardan da gəlmişdilər. Mərhumun ruhuna dualar oxundu, qələm dostları xatirələrini danışdılar. Mən dedim ki, insan yaşa dolanda dönüb geriyə boylanır. Olub-keçənləri xəyalında canlandıra-canlandıra elə bil özünə hesabat verir: "Tanrının verdiyi ömür payını necə yaşamışam? İlləri küləyə verməmişəm ki? Məndən sonra bu dünyada hansı sözüm, hansı izim qalacaq?"
Mən qətiyyətlə deyirəm ki, yaradıcılığının qaynar çağında həyatdan köçən istedadlı qələm dostumuz ömru boyu ləyaqətlə yaşayıb-yaradıb, ürəklərə yol tapan sözləri, əsərləri bu dünyada onu mənən yaşadacaq. Bu, bizə, onun ailəsinə, övladlarına, çoxsaylı oxucularına ən böyük təsəllidir.
Ruhu şad olsun!..



İmza:

YAZARIN ARXİVİ

2016-05-14 : ETİRAF
2016-03-19 : MƏDDAH
2015-03-20 : 4. NƏFS
2015-03-14 : 3. MÜSİBƏT
2015-02-28 : AŞIRIMDA
2014-10-09 : YAXŞILIQ
2014-04-19 : YALAN
2014-03-15 : YEDDİNCİ QAPI
2014-03-08 : YEDDİNCİ QAPI
2013-09-07 : İ R S
2013-06-15 : GÜNAH
2013-06-08 : GÜNAH
2013-06-01 : GÜNAH
2013-05-25 : GÜNAH
2012-11-21 : YALQIZ
2012-11-17 : YALQIZ
SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK