adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

EHTİRASLAR... NƏ İMİŞ?!

17850 | 2017-09-30 00:30

Ehtiras psixoloji-fızioloji anlayışdımı, yoxsa sosial-ictimai proseslərə qarşı dayanan bir anlamdır? Birinci yanaşma şübhəsizdir və insanın bütün hissləri onun mənəvi enerjisinin məhsuludu. İkinciyə gəldikdə, bu, qəribə də olsa insanın fəzilət uğrunda mübarizəsinin qənimidir. Başqa sözlə, xoşbəxtlik, səadət insan təbiətinin mahiyyətindədir və daima buna can atır. Hətta arzu və istəklərin ödənilməsində, ehtirasın da yeri saxlanılır.
Vaxtilə mərhum filosofumuz, professor Z.Göyüşov belə bir fikir söyləmişdir ki, səadət, həyatın məqsədi təbii istək, arzu və ehtirasları ən dolğun sürətdə yerinə yetirməkdən ibarətdir. Hərçənd, ehtiras insanın mənəviyyatını hakimiyyətinə alanda o, mənfi emosiyaya çevrilir. Bunun qarşısı alınmaq məqamı gələndə və ehtiraslar üzərində qələbə çalınanda xoşbəxtlik növbə gözləmir. Əlbəttə, o şərtlə ki, insan həzz, nəşə almaqdan ötrü Aristotelə görə, ən alçaq hissi ehtiraslardan qorunmalıdır; bunun vasitəsilə ağıl - zəka - idrakdır. İnsan rütbəsi və maddi təminatından asılı olmayaraq mənfi ehtiraslarını yaxına buraxmamalı və üç şərtə əməl etməlidir. Yaddaşlarımızın təzələnməsi üçün bu "üçü" xatırladıram; İnsan: 1) tam inkişaf etməli, kamilləşməlidir; 2) sağlamlığa, firavanlığa və digər nemətlər bolluğuna malik olmalıdır; 3) dövlət işlərində iştirakını təmin etməlidir. Məsələnin mahiyyətinə: sosial-iqtisadi və siyasi aspektlərinə varanda ehtirasların bu gün daha yüksək dərəcədə mənfi səciyyə daşıdığını görürük və Aristotel konsepsiyasına biganə qalırıqg
İnsan xoşbəxtlikdən usanmamalıdır, ona görə ki, bu azadlığa yol açır; Epikürün belə bir yanaşmasında da ehtiras mənfi qarşılanır. Lakin böyük etik Ziyəddin Göyüşovun yanaşması maraq doğurur və yazır ki, lakin bu azadlıq (xoşbəxtlik -A.E) ehtirasdan və həzdən yaranan azadlıq deyil; ehtiras və həzzin azadlığıdır, qoy sənin ağılın yaxşı ehtirasları pislərdən düzgün ayırd edə bilsin, yaxşı toxumu pisindən ayırmağı bacarsın.
Ehtirasa bu yaxınlaşma fransız filosofu Rene Dekartda inandırıcı qoyulmuşdur. Və insan varlığının əsası kimi götürülmüşdür: "İnsanın bütün fiziki və mənəvi həyatının, o cümlədən, səadətin əsasını ehtiras təşkil edir. Ehtiras ruhun vəziyyəti və hərəkətidir. Ehtiras xarici mühit hadisələrinin və daxili orqanların təsiri altında yaranır".
Ehtiras sonralar - insanın fərdlərlə və mühitlə təmasında yaranmır, yəni sonradan qazanılmır. Bu hiss insan doğulandan mövcuddur və tədricən vaxt kəsiyində diferensiallaşır. Maraqlıdır ki, ehtiras elə bir libidoya - enerjiyə sahibdir, insan bununla öz həyatını qoruya bilir və daha da inkişaf etməsi üçün ondan bir vasitə kimi bəhrələnir. Aparıcı qüvvəyə malik ehtiras ifrat qüvvəyə, dağıdıcı effektə çatmadıqda səadətin təminatçısı olur. Əks halda, ehtiras həzz və iztirabdan, məhəbbət və nifrətdən doğur, insan vücudunu bir an rahat buraxmır; didib-parçalayır. Yerdə qalan ehtiraslar ramediləndir, ipə-sapa yatandır, hətta işin yüksək və tez icrasında yetərlidir. Xüsusilə, yaradıcılıqda, sənətkarın daxilində normal, məkrsiz ehtiras yarananda yaratma alınır və demək olar ki, əziyyətsiz başa gəlir...
Mən xeyli günlərdi məhz bu mövzuda yazmağı qərara almışdım, ədəbiyyatları vərəqləyirdim, qeydlərimi aparırdım, lakin oturub yazmaq həvəsim çatışmırdı. Bilirdim ki, bu həvəs ehtiras hissinə çevrilməzsə... Nəhayət, istəyimi yetişdirməyi bacardım... Bəli, R.Dekart insanın mənəvi dünyasında ehtirası yüksək qiymətləndirməklə həm də göstərmişdir ki, insan yalnız öz ehtiraslarını idarə etməyi bacardıqda azaddır, əks təqdirdə o, quldur, kölədir.
Beləliklə, ehtirasın çılğınlığına, ifrata varmağına şərait yaratmaqda yeganə yolu ağlın-zəkanın-idrakın xidmətindən istifadə etməkdir. Belə çıxır ki, ehtiras maddidir, ona görə də qəddarlıq, xəsislik və sair mənəvi xəstəliklər də maddidir? Məşhur Roma filosofu Seneka qeyd edir ki, ehtiraslar üzün ifadəsini dəyişir, alnı qırışlanmağa, üzü gülümsəməyə, qızarmağa məcbur edir, bədəndəki bu cür dəyişikliklər materiya ilə bağlı deyil? Əgər ehtiraslar maddidirsə, onda xəsislik, qəddarlıq kimi mənəvi xəstəliklər də maddidir. Senekanın yaxınlaşmasına diqqət kəsilsək, Dekartın "qul", "kölə" qiymət verməsi azca şübhə altına düşür. Senekada: "Kim zənn edirsə köləlik insanın bütün cəhətlərinə şamildir, o, səhv edir. İnsanın yalnız cismani varlığı tabedir, öz ağasının quludur. Ruh isə öz-özünün ağasıdır; yalnız bədənin taleyi ağasının əlindədir, istəsə onu alır, istəsə satır, insanın daxilini alver vasitəsinə çevirə bilməz.
Elə isə ağıl-zəka-idrak da maddidir və insanın mənfi hisslərinin qarşısını almağa qadirdir. Dekart üçün mükəmməl zəka-ağıl insan ehtiraslarının hakimidir; bu mənfi müdriklik həyatda ən yüksək nemət, ağıl isə əxlaqın meyarıdır. Təbiidir ki, insan səadətinə, xoşbəxtliyinə səylidirsə bu, ilk növbədə hiss və ehtiraslarında təzahürünü tapır. Spinoza bu prizmadan hiss və ehtiraslan pisləməyin əleyhinə çıxır və bu cəhdi insanın səadət və meylinə qarşı çıxmaq kimi dəyərləndirir, amma bunlar ağılla-zəka ilə idarə olunmalıdır. Ehtirasın fəsadı və fəziləti əxlaqda təzahür edir, əxlaqın əsasında dayanır; deməli, səadətin, xoşbəxtliyin də mahiyyətində ağıl dayanır. Spinoza yazır ki, hiss və ehtiraslarımız bizə ancaq o zaman həqiqi xoşbəxtlik gətirər ki, bunlar ağılla, zəka ilə idarə olunsun. İnsan təbiəti elədir dünyanı və özünü dərk etməyə cəhd göstərir və buna naildirsə, özünü bir o qədər azad hesab edir; ona görə ki, ehtiraslarının kölgəsinə çevrilmir. Mənfi ehtiraslarını lazımi dərəcədə nəzarətdə saxlamağı bacarır. Dünyanın xüsusilə, ziddiyyətlərini başa düşür və öz mövqeyini bildirirsə - onun ruhu sakitləşir. Antik fılosof Empedokl bir şeirində demişdir:

Yalnız ruh mövcuddur...
müqəddəs, əzəl.
Gəzir fikir kimi o, kainatı...

İnsanın əxlaqi fəaliyyəti: hərəkəti, davranışı tələbatının, o cümlədən arzu və ehtiraslarının ödənilməsində apardığı mübarizədir. Əgər buna naildirsə, deməli, o, nemət qazanmışdır. Hegel nemətin qazanılmasına ayrıca qiymət verərək yazır ki, nemətə yiyələnməkdə, arzu və tələbatın ödənilməsini nəzərə almadan xoşbəxtlikdən danışmaq mənasız bir şeydir. Biz bu atributlar sırasında ehtirası fərqləndirməliyik. Deyək ki, arzu və istək bir-birinə yaxın və bir-birini tamamlayan anlayışlardır. Şübhəsiz, hər ikisinin məna tutumundan çox şey asılıdır. İnsan - fərd daha böyük, əlçatmaz şeylərə nail olmağı ürəyindən keçirə bilər, amma bu, mümkünsüzdür. Yaxud, nisbətən əldə etməyə səy işləri arzular. Bunların reallaşmasında həm sosial, həm də psixoloji amillər əsas şərtlərdən sayılır. Ola bilsin, birinci imkan xaricindədir. Yuxarıda Aristotelə istinadən üç şərtdən biri də insanın dövlət işlərində iştirakının vacibliyidir; bu isə elə asan arzu da deyil. Əlbəttə, qarşıya məqsəd qoymaq və buna cəhd etmək qadağası yoxdur. Lakin 99 faiz bu, qeyri-mümkündür. Hətta bu "bir faiz" üçün hər cür mənfi emosiyalara əl atmaq, ehtirasları işə salmaq - boş stimuldur və əxlaqi borcu tapdalamaqdır! Ehtiras içəridən insanı bütün mənəvi dəyərlərdən məhrum edir, onda konkret bir neməti səadətə, xoşbəxtliyə çatmaq imkanlarına qarşı sərvət, şəhvət, nəfs və s. hisslərini çıxarır. Tam əxlaqsızlıq kompleksi yaradır. Belə hallarda J.J.Russoya görə, ehtiraslardan tamamilə imtina etmək lazım gəlmir. Böyük pedaqoq yüksək əxlaq naminə ehtirasların ram olunmasını məqsədəuyğun sayır: ehtiraslarımız bizim özümüzümühafizəmizin əsas alətidir, - deyir. Görünür, J.J.Russo bir pedaqoq xarakteriylə ehtirasların insan hərəkətlərində roluna ehtiyatsızlıqla, ümidsizliklə qiymət vermir və hətta təbiətin ecazkarlığına necə baxırsa eləcə də ehtirasların gücünə inanır və fikrini davam etdirərək: hiss və ehtiraslara nəzarət etmək, təbiətə nəzarət etmək demək olardı, bu isə qeyri-mümkündür, - yazır. J.J.Russo "ehtiras" məfhumuna radikal mövqeyindən yanaşmaqda öz konsepsiyasını müdafiə edir və ümumən insan xislətində eqoizm, təkəbbürlük kimi pis əlamətləri görmək istəmir və ruhla vicdanın səsi arasında eyniyyət görməklə: ruhun səsilə ehtiraslar arasında antoqonizm yoxdur; ehtiraslar bizim temperamentimizdən asılıdır, temperamentisə dəyişdirmək olmaz, çünki əks halda bütün daxili təşkilimizi dəyişdirmək lazım gələrdi, - deyir.
J.J.Russo çox yerində olan risklə ehtirası insanın özünə məhəbbətində görür və bu sonuncunu da ilkinlikdə, anadangəlmədə axtarır. Ona görə ki, bu hiss insanın təbii tələbatı ilə əlaqədardır. Və bu məsələdə digər filosoflar kimi, tələbatla xoşbəxtlik, səadət arasında bilavasitə bağlılığı təsdiqləyir. Əlbəttə, bu "bağlılıq" doğru yön almamalıdır, amma insanın bir xisləti də odur ki, ictimai durumu, mədəni səviyyəsi inkişaf etdikcə tələbatları mütləqləşir: çoxalır, genişlənir, ciddiləşir və ehtirasa çevrilir. Belə vəziyyətdə ehtiras sosial sferanın "tapşırıqlarını" yerinə yetirməyə yönəldilir və o fərd bütün insani keyfiyyətlərindən uzaqlaşır. Artıq o fərdin gözü önünə həzzalma, nəşələnmə, sərvət toplama, şahanə həyat və ilaxır, hansı ki bunlar bu gün bəzi təbəqələr üçün adiləşmişdir - zərurətə çevrilir. Hətta belə fərd iztirab, əzab çəkmək hisslərini yaşamaq istəmir, qonşusunun məişət problemlərini belə görmək istəmir, küçədə yaşamaq uğrunda mübarizə aparan qarışqa, milçək nəzərində qiymətləndirir. Bu isə J.J.Russonun dövrü üçün (XVIII əsr) kəskin dediyi bir fikri yada salır: "Bunun arxasınca həzz, onun arxasınca isə böyük sərvət uğrunda mübarizə başlayır, təbəələr, sonra qullar yaranır, onda bir dəqiqə də dayanıb dincəlməyə, sərbəst nəfəs almağa vaxt qalmır, süni tələbatlar insanı məhv edir".
Ehtirasların çılğınlığı, cəmiyyətin dərinliyinə kök atması istər-istəməz "kütlə" məfhumuna əlyeri qoyur; bəli, kütlə yaranır. Alman filosofu Y.Karl belə bir məqamı tutmuşdur: "Kütlə təbliğat və təlqin predmeti olub fərdiyyətdən mərhumdur, varlığın aşağı pilləsindədir. Nə zaman ki, adamlar dəyişir, hökmə tabe olur, öz aləmindən mərhum olur - onda kütlə də əmələ gəlir". Tələbatdan doğan ehtiras daha bir yeni tələbat doğurur və bu da kimisə, kimlərisə asılı edir özündən. Marks vaxtilə yazırdı: "Xüsusi mülkiyyətin çərçivəsi daxilində... hər bir adam o biri adamda yeni tələbat oyatmağa çalışır ki, onu yeni bir asılı vəziyyətə salsın".
Ehtiraslar fərdin (beləsinə "insan" deməyə adamın dili gəlmir) həzz almasına, nəşələnməsinə cavab verdikdə fəsad doğurur, çünki həzz o zaman nemət olur - insan sağlamlığına, düşüncəsinə, amalına xidmət edir. Əks təqdirdə, yalnız ehtirasların tələbatını ödəmiş olur. "Ehtiras" bir məfhum statusunda insanın varlığındadır, onun məzmunundadır, müsbət və mənfi rol oynaya bilir. Fransız filosofu Holbax bu baxımdan fikrini açıqlayır. "Ehtiraslar insanın mahiyyətini təşkil edir və onun üçün zəruridir; insana sevinc və xoşbəxtlik gətirdikdə bunlar nemətdir və faydalıdır. Lakin ehtiraslar insanın həyat qaydalarını pozub onun sağlamlığına və səadətinə xətər yetirdikdə şərdir, zərərlidir. Məsələn, insan qida üçün zəruridir, o, aclıq, yəni yemək ehtiyacı duyur. Lazımınca qidalanmadıqda xəstələnir. Lakin ifratı yeməkdə insanı xəstələndirir və ölümə düçar edir".
Halbax ehtiraslar barədə fikrini davam etdirir və insanın xoşbəxt yaşamasında ehtiraslara müsbət yanaşır və J.J.Russo ilə birləşir. O göstərir ki, hisslər və ehtiraslar insan təbiətindən doğur, irəli gəlir, insanın mahiyyətindəndir, ona lazımlıdır. Bir şərtlə, ehtiraslar insana sevinc, xoşbəxtlik bəxş etsin ki, onun üçün nemət olsun. Ehtiraslar firavanlığa, azadlığa xidmətlidirsə, faydalıdır. Hisslər və ehtiraslar ağılla, idrakla tənzimlənməlidir: "Bütün insan ehtirasları təbii olsa da, insan öz ehtiraslarında ağlın rəhbərliyinə istinad etməlidir... Nə vaxt ki, özünəməhəbbət ağıllıdır, onda bu, fəzilətilə nəticələnir; nə vaxt ki, özünəməhəbbət pozulmuş təsəvvürə əsaslanır, insan öz ehtiraslarının predmetinə çevrilir və bunun nəticələri haqqında mühakimə yürütmək qabiliyyətini itirir - özünəməhəbbət rəzalət olur".
Bütün bu mühakimələrdə, qənaətlərdə ehtiras fenomenal qüvvə - hiss kimi nəzərə çarpır və o, insanın içərisindədir, mahiyyətindədir. Və törətdiyi fəsadlar bir nemətdə - həzdə yekunlaşır. Həzzə, nəşəyə, nəfsə, nəyə nail olmaqda insana təkan verən ehtiraslarıdır. Bu psixoloji-fizioloji hiss insan ruhunu ələ alır, özündən asılı edir. Sanki o həzzə - məqsədə çatmaqda insanın gözlərindən, beynindən fışqırıb irəliyə can atır, ta ona qədər - artıq həzzin ödənilməsi təmin olunur. Belə ehtiraslılar yaddan çıxarırlar ki, o həzzi almaq da, itirmək də mümkündür. Varlıq bir bəladan qurtulur və az sonra hiss ediləcək ki, nə yaxşı belə alındı. Antik Roma siyasi xadimi Siseron buna sakitcə yanaşır və özünə inamla deyir: "Həzdən məhrum olmağa gəldikdə isə dünyada bundan yaxşı vergi ola bilərmi? Vətənə xəyanətdən tutmuş hər cürə cinayətə səbəb bu deyilmi? Hər cür şöhrətpərəstliyin, rəqabətin, düşmənçiliyin, tüğyan edən hər cür ehtirasların baisi ləzzət deyilmi? Bunu da bil ki, ondan mərhum olan bu itkini qətiyyən hiss etmir".
Ehtiras beləliklə insanın hansı hisslərinə məxsus fenomendir? Ona yiyələnməyə və onu itirməyə dəyərmi? Axı, ehtirassızlıq vücudu keyləşdirir, daxili potensialı öldürür və insan sanki tənhalaşır, yazıqlaşır. Ehtiraslılıq isə varlığı dirçəldir, hissləri oyadır, azadlığa yaxınlaşdırır. Bu ikililik olmazsa, insan digər canlılardan fərqlənməz, yalnız yemək üçün yaşadığına heyfsilənər.
Lakin hər ikilikdə Ehtiras(lar) insan səadətinə, xoşbəxtliyinə xidmət göstərməlidir. Və idrakın nomenklaturasında özünü diktə etməlidir. Bəli, İdrak əbədidir, ölməzdir. Sonda Ruha qovuşub Təbiətdə nəyisə, nəyinisə axtarır. Mən dahi şair Mixail Lermantovun məşhur şerindən bir beytiylə "gəzişmələrimə" nöqtə qoymaq istərdim:

Ehtiraslar nə imiş,
sönüb gedəcək gec-tez
İdrakın qarşısında boş xəyalatmış.

Son misranın sonunda sual işarəsini yazmağa dəyərmi?..

TƏQVİM / ARXİV