adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Sentyabr 2017 17:54
23564
ƏDƏBİYYAT
A- A+

Daha cox özgələrini oxuyuruq - REPORTAJ

Bu gün V Beynəlxalq Kitab Sərgisində ikinci gün idi. Aramsız yağış dayanmış olsa da havada buludlar kitab rəfindəki kimi yan-yana düzülmüşdülər. Dostum, yazar Hikmət Orhunla Kitab Sərgisinin önündə qarşılaşdıq.

- Qazaxın soyuğunu Bakıya gətirmisən, deyəsən...

- Qazaxda yağışlar ara vermir...

Hikmətin poetik cavabı hüznləndirdi məni. Ağır-ağır içəri keçirik. Böyük kitab rəfləri, adamlar, yazıçıların posterləri bizi qarşılayır. Ancaq gözümə tünlük görünmür. Tək-tük adamlar kitabların içində vurnuxurlar. Eynəkli bir oğlan əlində qalın kitabla gəzişir. Cəld tərpənib, aldığı kitabla maraqlanıram.

- Müəllif kimdi?

- Boris Pasternak

- Qiyməti neçədi?

- 5 manat.

- Dünən burda idiz? Ümumən hansı kitablara üstünlük verirsiz?

- Hə, açılışda burda idim. Xeyli kitab aldım. Aldığım kitabların əksəriyyəti dünya ədəbiyyatındadır. Belə kitab sərgilərinin olmağı gözəl hadisədir. Çox sevinirəm. Bu gün də rus ədəbiyyatından bəzi kitablar alacam.

- Azərbaycan ədəbiyyatına niyə üstünlük vermirsiz?

- Məktəb vaxtlarında öz ədəbiyyatımızdan xeyli əsərlər oxumuşam.

- Bəs bizim müasir yazarlardan?

- Seymur Baycanı, Şərif Ağayarı, Qisməti oxuyuram.

Eynəkli oğlanla təbəssümlü şəkildə ayrılırıq. Bir də ətrafıma baxıb nə görsəm yaxşıdı, Hikmət yağlı əppək olub. İçimdə Hikmətə donquldanıram.


Sərginin keçirildiyi Əl Oyunları İdman Sarayına diqqətlə baxıram. Tamaşaçıların əyləşdiyi skamyalarda qadınlar diqqətimi çəkir. Aralarında kişilər də sərgini izləyirlər. Əlim havada düşünürəm ki, bu adamlar futbola, yaxud boks yarışlarına gəliblər?

Düşüncələrimin dərinliyində çabalaya-çabalaya qaldığım an, ədəbiyyatımızın ciddi imzalarından Kəramət Böyükçöllə qarşılaşıram. Hal-kefdən sonra soruşuram:

- Kəramət, bu adamlar orda niyə oturublar?

- Yazıçılar güləşəcəklər ona görə...

Kəramətin cavabı həmişəki kimi özünəməxsus olur. Tənha gəzişən adamların içində yenə fotoqraf Şahin Yüksəli görürəm.

- Sən dünəndən burdasan?

- Hə, 2 gündü burda yatıb-dururam...

Hikməti axtarmaq üçün gəzişirəm. Gəzişdikcə oxucularımız çoxalır. "Qanun” nəşriyyatının stendində qızlar Şahbaz bəyə kitablarla bağlı aramsız suallar verirlər. Naşirimizin dediyinə görə, 25 min kitabla sərgiyə qatılıblar.

- Ən çox kitab burdadır, deyəsən...

- Bizdə hər il bu qədər olur, ya da daha artıq. Dünənə nisbətən bu gün oxucularımız azdı, ancaq çoxalacağına inanırıq.

Üç tələbə oğlan Çingiz Abdullayevin nitqinə qulaq asırlar. Çingiz bəy bəlağətli, fəlsəfi fikirlərini gənc oğlanlarla bölüşür.


Digər kitab stendlərinə keçirəm. Ancaq gördüyüm mənzərələr ürəkaçan olmur. Naşirlər bugünkü hava kimi kədərli görünürlər. "Artkaspi”nin nümayəndəsi gözəl Aysu Kərimova da burdadır. Stenddə Hüseyn Cavidin yaradıcılığı, Sona Vəliyevanın kitabları nümayiş olunur. Gələn adamlar kitabları ala bilmir, çünki burda kitablar yerində qalır, heç kəsə getmirlər. Yəqin deyəcəksiniz ki, bu da kədərlidi. Bu kədəri birdəfəlik başımızdan atsaq, Günəşi gətirərdik ömrümüzə. Gözümü ovuşdurub ətrafı daha aydın görürəm. Bu da Hikmət. Digər yoldan ötüb keçdi. Tez adamların arasından götürülüb Hikməti yaxalayıram. Əlində 3-4 kitab var.

- Bahoo, Hikmət nə çox kitab almısan?

- Qazaxa aparacam.

- Hansı kitablardı?

-Qismətin tərcüməsində Nabokov, Boris Posternak, Posmodernizm və ilaxır..

- Nə yaxşı, intellektual kitablar almısan...

- Ayrı cür ola da bilməzdi...

Bu an adamlar bir yerə toplanır. Sən demə, Türkiyə ilə Azərbaycan naşirləri arasında görüş start götürür.

Türkiyənin "Nar yayınları" nəşriyyatının təmsilçisi Tayfur Esen məruzə ilə çıxış edir. Bildirir ki, son illər türk ədəbiyyatına Azərbaycanda, eyni zamanda, Azərbaycan ədəbiyyatına Türkiyədə olan maraq hər iki ölkənin poliqrafiya və nəşriyyat evlərinin əməkdaşlığına ciddi əsaslar verir. Hər iki ölkənin kitab satışı ilə məşğul olan şirkətlərinin işə töhfə vermələrinin zəruriliyini qeyd edən Tayfur bəy rəhbəri olduğu qurumun bu istiqamətdə müvafiq işlər görəcəyini vurğulayır: "Son illər Türkiyədə nəşr edilən müxtəlif mövzulu kitablara Azərbaycanda böyük marağın şahidiyik. O cümlədən bizim ölkədə də eyni maraq var. Çalışmalıyıq ki, bu işin daha da sürətlənməsi üçün çap və poliqrafiya evləri arasında əlaqələr quraq və yeni nəşrlərin satışını həyata keçirək. Bakıda beynəlxalq kitab sərgisində iştirakımız məhz bu istiqamətdə qarşılıqlı əməkdaşlığa söykənən əlaqələrimizi təkmilləşdirmək, aidiyyəti qurumlarla razılıq haqqında müqavilələr imzalamaqdan ibarətdir. Bir sözlə, tərcümə sahəsindən tutmuş digər sahələrədək qarşılıqlı əməkdaşlığı nəzərdən keçirməliyik”.


Digər bir türk yayınçı "Ötükən” nəşriyyat evinin təmsilçisi Ertuğrul Alpay çıxış edərək Türkiyədə fəaliyyət göstərən poliqrafiya və nəşriyyat evlərinin fəaliyyətindən, kitabların çap edilmə metodundan, təmsil etdiyi ölkənin kitab bazarlarının hazırkı durumundan, hər il ən çox oxunan və satılan kitablardan və digər mövzulardan bəhs etdi.

Adamlar getdikcə azalmağa başlayır. Ya da özüm fikirli olduğumdan Alpay bəyin yekun sözlərini duya bilmirəm.

Norveç nəşriyyatının təmsilçisi ağbirçək, göygöz qadın təbəssümlə uzaqdan məni salamlayır. "Rathori” nəşriyyatında tək-tənha oturub adamlara pulsuz təbəssüm paylayır.

80-lər nəslinin nümayəndələrindən yazıçı Azad Qaradərəli də kitabların içində gəzişir. Salamlaşıb dünənki imza günündən, ümumən kitab sərgisindən təəssüratlarını soruşuram. Sözü Azad müəllimə verək:

"Kitab adına nə varsa, hamısını dəstəkləmişəm həmişə. Adamlarımızı kitaba yaxınlaşdırmaq üçün atılan bütün addımlara biz yazarlar ürəklə girişməliyik. Dünənki Beynəlxalq Kitab Sərgisi bu baxımdan çox maraqlı idi. Mənimçün isə ikiqat maraqlı idi. Çünki Türkiyədən qələm dostlarım Orhan Karavəli, Ahmet Yıldız, İstanbulun Boyalıkuş yayın evindən gələn müsafirlər də yanımızda idilər. Bu nəşriyyat həm də mənim "Süd gölü" adlı hekayələr kitabımı çap etmiş və sərgidə nümayiş etdirirdilər.


Yerli qələm dostlarımdan Əkrəm Əylisli, Rasim Qaraca, Əlabbas, Aslan Quliyev, Mübariz Örən, Şərif Ağayar, Namiq Şaman və gənc qələm dostlarımız, tələbələrim, yaxın dostlarım da orada idilər.”

Azad müəllimə minnətdarlığımı bildirib, sağollaşıram.

Qıvrım saçlı iki oğlan əlləri zənbilli ağır-ağır gəzişirlər. Arxalarınca çatıb, tövşüyürəm.

- Salam, hansı kitabları almısız?

- Orxan Pamukdan "Qar”, "Dostoyevskidən "Qumarbaz”

- Deyəsən, siz də dünya ədəbiyyatına üstünlük verirsiz?


- Azərbaycan ədəbiyyatını oxumuruq. Tələbə vaxtı bəzi kitablar oxumuşuq.

- Kitablar baha deyil ki?

- Yox, qiymətlərdən razıyıq, həm də endirim olması bizi sevindirdi.

- Bəs, sərgi haqda nələr düşünürsüz?

- Kitablar çox olsa, biz də çox inkişaf edərik.

Qıvrım saçlı oğlanlar kitabların içində gözdən itirlər. Mən də gözümü yumub kitabların küçəsində yoxa çıxıram...