adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Sentyabr 2017 22:57
12819
ƏDƏBİYYAT
A- A+

MƏHƏBBƏTDƏN DANIŞAQ

O günləri bir də yada salaq biz,
Gəl, bir az da məhəbbətdən danışaq!
Acı, şirin xəyallara dalaq biz,
Gəl, bir az da məhəbbətdən danışaq!

Yadındamı, həsrət-həsrət baxırdım,
Qorxa-qorxa ilk görüşə çağırdım?!
Kənddən gələn uşaq idim, fağırdım,
Gəl, bir az da məhəbbətdən danışaq!

Səni məndən ayırdılar zülmlə,
Şeh yerinə qan çiləndi gülümdən.
Odum sönüb, oynayıram külümlə,
Gəl, bir az da məhəbbətdən danışaq!

Bir budaqda iki qərib quş ötür,
Yaz kirimir, payız susmur, qış ötür,
Sən nənəsən, mən babayam, - yaş ötür,
Gəl, bir az da məhəbbətdən danışaq!

Lap danışdıq! Danışmağın nə adı?!
Bundan belə nə ləzzəti, nə dadı?!
Dünya özü məhəbbətsiz dünyadı,
Gəl, bir az da məhəbbətdən danışaq!

Ramiz, hicran qamətini əyirmi?!
Bu ayrılıq müsibətmi, xeyirmi?!
Məhəbbətdən danışmağa dəyirmi?!
Dəyirsə, gəl, məhəbbətdən danışaq!


NEYNİRƏM

Varmı mənim kimi bəxtsiz, iqbalsız?!
Bu boyda dünyada qalmışam yalqız.
Ay dili şəkər qız, sözləri bal qız,
Sənsiz mən şəkəri, balı neynirəm?!

Deyirdim, telimdə gəzər əllərin,
O gümüş əllərin, o zər əllərin.
Bu kasıb daxmamı bəzər əllərin,
Güllü aynabəndi, zalı neynirəm?!

Dolanım belinə kəmər yerinə,
Baxım camalına Qəmər yerinə,
Can qurban verərəm nəmər yerinə,
Ayrı mülkü, ayrı malı neynirəm?!
Ramizəm, gün gördüm ağlı, qaralı,
Ürəyim dağlıdı, sinəm yaralı.
Ayaqlar altına döşənər xalı,
Ürəyə salınan xalı neynirəm?!


İTƏN İLDƏN DANIŞAQ

Məhəbbətdən çox danışdıq, indi də
İtən ildən, bitən yaşdan danışaq.
Titrək əldən, əyri beldən, qamətdən,
Çal saqqaldan, telsiz başdan danışaq.

Nəyim var ki, gözəl qalan, a qardaş?!
Mənəm gülü xəzəl olan, a qardaş!
Boz sərçədir bizə qalan, a qardaş!
Ha durnadan, qaranquşdan danışaq.

Bülbül uçub, nə gülü var, nə xarı.
Enişədir ömür-günün axarı,
Yelə verdik gənclik adlı baharı,
Bürmələnib qarlı qışdan danışaq.

Ramiz, daha ağlın-huşun dağıldı!
Tay-tuşların günü keçmiş ahıldı.
Ömür yolu bir dastandı, nağıldı,
Saz götürüb, əzəl başdan danışaq!


VURULMUŞAM BU KƏNDƏ

Gəldim yazın gülşən çağı
Doğulduğum bu kəndə mən.
Salam, Kiçik Qaramurad,
Böyümüşəm sinəndə mən!
Heyran qaldım buludlara,
"Göz yaşını" tökəndə mən, -
Vurulmuşam bu kəndə mən.

Əbrişimlər qatar-qatar,
Təpəsində leylək yatar.
Nə əl yetər, nə ün çatar,
Əl də çaldım "Qalaça"da
Qartallar qıy çəkəndə mən, -
Vurulmuşam bu kəndə mən.

Şəlalələr qulac-qulac,
Bulaqlara könlünü aç.
Qayalarda kəklik, turac...
Dayanmışam keşiyində,
Daşdan-daşa səkəndə mən,-
Vurulmuşam bu kəndə mən

Bərabəri, tayı hanı,
Axtar, dolan bu dünyanı?!
Hər çiçəyi can dərmanı,
Gəzdim şehli çəmənlərdə
Arı şirə çəkəndə mən,-
Vurulmuşam bu kəndə mən.

Torpaq üstə dizim qaldı,
Kol dibində izim qaldı,
Bənövşəyə sözüm qaldı,
Köks ötürüb ah da çəkdim
O boynunu bükəndə mən,
Vurulmuşam bu kəndə mən.
Çiyələyi dənə-dənə
Sığalladım dönə-dönə.
Ramiz bura bir də dönə.
Duydum ülvi gözəlliyi
Səhər-səhər dan qızarıb,
Axşam toran çökəndə mən,-
Vurulmuşam bu kəndə mən.


YAD AYƏ

Tanımıram bundan ağır bəla mən,
Öz yurdumda düz qəddimi yad əyə.
Qulağımız "qabar" olub yad sözdən,
Yad surədi, yad duadı, yad ayə.
Səxavətə öyrətmişəm əlimi,
Tanrı kəsməz əldən tutan əlimi.
Pənahımız Məhəmmədmi, Əlimi?!
Kafir ona "ya" deməyə, "ya" deyə!

Çalış, düşmə qalmaqala, qala sən,
Tüstü boğar, yad ocağı qalasan.
Öz daxmanı bir möhtəşəm qala san,
Fərqi yoxdur, ya saraydı, ya dəyə.

Saçlarıma düşən bu dən nə dəndi?!
Xiffətdəndi, həsrətdəndi, nədəndi?!
Üyütdüyüm, bəlli deyil, nə dəndi?!
Bişirənim ya (nökərdi) kənizdi, ya dayə.

Abqoradı, hələ üzüm dəyməyib,
Əlim gəlməz, dərim, üzüm dəyməyib.
Yar üzünə, Ramiz, üzüm dəyməyib,
Allah bilir, ya dəyməyə, ya dəyə!


DOĞRU

Gəl, əl-ələ tutub gedək,
Bir səmtə, bir yönə doğru.
Həyat şirin, ömür gödək,
Can ataq ağ günə doğru.

Ürəyimiz yanar ocaq,
Nurlu yolla aparacaq.
Köksüm coşub qabaracaq
Üz tutanda sənə doğru.

Xəyanətlə barışmayaq,
Haqqsız işə qarışmayaq,
Heç kimdən söz soruşmayaq,
Gedək səsə, ünə doğru.

Təsəllidir şeir mənə,
"Ömür dəndir", -deyir mənə.
Ramiz gedir dəyirmana,
Dəyirmançı dənə doğru.