adalet.az header logo
  • Bakı 19°C
27 Sentyabr 2017 23:24
12830
ƏDƏBİYYAT
A- A+

Gözlərin pərvanəsi

Dünya yaranan gündən insan övladının kimliyindən, vəzifəsindən asılı olmayaraq hər zaman təbibə, loğmana ehtiyacı olub. Elə bir insan olmayıb ki, həkimsiz ötüşə bilsin. Uca Allahdan sonra yer üzündəki canlıları xəstəliklərdən İbn Sinanın, Hippokratın varisləri olan həkimlər xilas edə bilər...
Yazıçı maraqsız yazanda oxunmur. Rəssam aşağı səviyyəli əsər yaradanda nəzəri cəlb etmir. Memarın layihəsi kamil olmayanda onun əsasında tikilmiş bina qüsurlu çıxır. Aktyor rolu pis ifa edəndə tamaşaçı ondan üz döndərir. Ancaq həkimin səviyyəsi aşağı olanda, xəstəyə düzgün diaqnoz qoymayanda, onu düzgün müalicə etməyəndə xəstə tələf olur. Bu - şübhəsiz, qüsur deyil, cinayətdir. Bunun üçün təkcə bilik, dünyagörüşü, müasir müalicə üsullarına maraq və bunları gündəlik təcrübəyə tətbiq etmək bacarığı azdır. Gərək həkimdə daxili mədəniyyət, insana qarşı məhəbbət, onun əzablarını yüngülləşdirmək təşəbbüsü, sənə yad olan adamı başa düşmək, duymaq qabiliyyəti olsun. Məni bu yazını qələmə almağa məcbur edən də məsələnin bu cəhəti oldu. Mətbuatda çalışdığım illər ərzində haqqında yazı yazdığım hər bir insan mənim üçün doğmadı, əzizdi, ömrümün donmuş bir anı, bir parçasıdır. Haqqında danışacağım şəxs isə bir başqa dünya, bir başqa möcüzədir. Ürəyi, gözü, köklü Azərbaycan sevgisi, sevdasıyla dolu bu insan zəngin mənəviyyatı, saf əxlaqı, əqidəsi, kövrək ürəyi, böyük vətəndaşlığı ilə mənə əsrin əvvəllərinin ziyalı qadınlarını xatırladır. Onun təbiəti Xəzərin dalğaları tək çoşqun, əməlləri Ulu Günəş qədər xeyirxah, qəlbi bahar çiçəkləri kimi zərif və təravətlidir. Adı hörmətlə çəkilir. Haqqında danışacağım şəxs onlarla insanın gözünə yaraşıq, çöhrəsinə nur verən göz həkimi Pərvin xanımdır. Göz həkiminin ürəyi də göz qədər həssas olmalıdır, deyirlər. O, sanki dünyaya bu cür gəlmişdi.
Gözlərə vurğunam deyir. Qara, ala, mavi gözlərə, yaşıl gözləri də sevirəm. Axı, yaşadığımız təbiət də yaşıldır. Bu rəng gör nə qədər dünyəvidirsə,dünyanın bütün yollarında yaşıl işıq yananda yollar insanlar üçün açıq olur. İlk gündən ömrümü bağladığım o gözlərdə sanki özümü görürəm. Budur öz taleyini özü quran, bəxti öz əlində olan Azərbaycan qadınının sevinc hissləri... Gözlərinə yaraşıq verdiyi insanlar da bu gənc cərrahın gözlərinə baxanda bu sadə həkimə təşəkkür, minnətdarlıq duyğuları ilə dolu hörmət bildirirlər. Vaxtı ilə həkimlərin barmaqla sayıldığı Azərbaycanda indi qadınların böyük bir hissəsi tibb elmi sahəsində çalışır. Qadın əli hər yerdə gərəkdir. Bu əl insanlara şəfa gətirir, səadət, xoşbəxtlik bəxş edir, onları şöhrətləndirir. Səadətini öz zəhmətlərində görənlərin həmişə alnı açıq, üzü ağ olur. Elə Pərvin xanım kimi. İşi-peşəsi hər gün onu müxtəlif təbiətli adamlarla rastlaşdırır. Bunların arasında necə deyərlər, ağrıdan bezib qanı qaraldanı da olur, duruldanı da. Pərvin xanım bütün bunları həyatın normal axarı kimi qəbul edir, belə insanların könlünü ələ alır. Axırda həmin insanlar peşimançılıq dolu nəzərlərini ona dikirlər. Deyir, həkim həm də psixoloq olmalıdır. Axı dünyaya gələn insanlar hamısı eyni xasiyyətdə, eyni təbiətdə, eyni davranışda ola bilməz. Bəzi insanlar xəstəliyin ağrısına dözə bilməyib bu cür hərəkət edirlər. Biz həkimlər özümüzü bir anlığa onların yerinə qoymalıyıq.
Arzu, dilək müxtəlif olsa da, hamı onun yanına böyük ümidlə gəlir. Bu da səbəbsiz deyil. Axı tibb elmi xeyirxahlıq deyilən bəşəri bir məqsədə xidmət edir. O həm də insanların pozulmuş səhhətini bərpa edən xeyirxahlılıq sənəti, həyat elmidir. Həyat isə geniş mənada ən böyük gözəllikdir.
Ümid və inam insana qüdrət gətirir. Deyir, heç vaxt ümidsizliyə qapılmıram, işə inamla başlayıram. Yalnız bunu düşünürəm: "Gözlər mütləq düzəlməlidir". Xəstələr onun barəsində deyirlər: O öz xilaskar və səxavətli əlləri ilə insanları gözəlləşdirir. Pərvin xanım mehriban rəftarı, səmimiyyəti ilə sevilir. Onun xoş sözləri, ümidverici söhbətləri xəstələr üçün ikinci müalicədir. Nahaq yerə deməyiblər ki, xəstəyə ən birinlci dərman onu müalicə edən həkimin, tibb bacısının şirin sözü, ümidverici təsəllisi, yaratdığı inamdır. Çəkdiyi bütün zəhmətin müqabilində xəstələri sağaldıqda rahatlıq tapır, könül rahatlığı. Hər açılan göz sahibinin qəlbi sevinclə dolduqca bu sevincin şölələri göz həkiminin könlünə axır, onun mükafatına çevrilir. Deyir ki, mən ən böyük fərəhimi sağalan xəstələrin sevincində tapıram.
Təbabət elminin atası sayılan Hippokratın həkimlər arasında çox məşhur bir kəlamı var: "Xəstə dirilənədək həkimin ürəyi ilə yaşamalıdır". Qədim bir Hind misalında isə deyilir ki, həkim qartal gözlü, aslan ürəkli, qadın kimi qayğıkeş olmalıdır. Bütün bunların yekunu isə həssaslığı səciyyələndirir. Həkimi insanlara verilən əlavə ömrün müəllifi adlandırırlar. Harda işləyir işləsin, hansı sahənin həkimi olur-olsun həkimin borcu adamların sağlamlığını qorumaq və bərpa etməkdir. Bu adi həqiqət həkimlik sənətinin öz təbiətindən irəli gəlir. Ağ xalat geyib adamların sağlamlığı keşiyində duranın təbiəti də seçdiyi sənətlə səslənirsə bu daha gözəldir. Belə halda həkim yalnız dava-dərmanın gücü ilə deyil, işıqlı təbiəti ilə xəstəyə şəfa verir.
Pərvin xanımın adı çəkiləndə çöhrələrə təbəssüm qonur.
Budur, cərrahiyyə otağı... Əməliyyat üçün hər şey hazırdır. Xəstənin göz nahiyyəsi keyləşdirildi: cərrahın incə, həssas əlləri cəld hərəkət edir. Çox ehtiyatlı olmaq lazımdı. Azacıq səhv üzündən damarlardan biri zədələnə bilər. Saatın əqrəbi yavaş-yavaş tərpənir. Cərrah alnının tərini silir. Lakin yorulmur... İradəsi çətinliyə, yorğunluğa qalib gəlir. Xəstə isə hər şeyi unutmuşdu. Onun üçün indi hər şeydən əziz, hər şeydən doğma bir adam vardı. Göz həkimi Pərvin xanım. O, hər dəfə əməliyyat etdiyi xəstələrin üzlərində sevinc, baxışlarında təbəssüm görəndə özü də sevinir, qürur hissi keçirir. Bəlkə onlar burada şəfa tapdıqlarından, bəlkə də gənc cərraha böyük ümid bəslədiklərindən onu belə sevirlər. Ümid və güman yeri olan insanlar alqışa layiqdirlər. Fidan xanım Ağayeva, Larisa xanım, Sofa xanım, Zərnişan xanım və adlarını çəkməyə imkan olmayan başqaları məhz belələrindəndir.
Deyirlər hər bir xalqın, millətin və ölkənin yaşaması və inkişafı üçün üç sənət sahəsi çox vacibdir: təhsil, tibb və hüquq. Cəmiyyətin təhsili yüksək səviyyədədirsə, insanların sağlamlığı keçiyində layiqincə dayanılırsa, ölkəni qanunlar idarə edirsə, belə cəmiyyət nümunəvi sayıla bilər.
Azərbaycan səhiyyəsinin inkişafı yolunda atılan addımlar, həyata keçirilən islahatlar nəticəsində tibb elmində ciddi nailiyyətlər qazanılmış, sağlamlıq ocaqlarının fəaliyyəti günün tələbləri səviyyəsinə yüksəlmişdir. Bu uğurlarda səhiyyə sahəsində çalışanların, tibb işçilərinin əməyi müstəsna əhəmiyyətə malikdir. Sevindirici haldır ki, ölkəmizdə tibbi kadrların hazırlanması, ixtisaslı mütəxəssislərin yetişdirilməsi sahəsində zəngin təcrübə, geniş baza mövcuddur. Bütün zamanlarda, dünyanın hər yerində insanlar üçün cansağlığı ən əziz nemət sayılıb. İnsanlar daim xəstəliklərlə mübarizə aparıblar. Tanrı min dərd veribsə, min bir də dərman verib. Bəşər övladı şəfa verənlərə də dünyanın ən əziz, sevimli, ali sözlərini verib: loğman, təbib, həkim... Xalq hər zaman dərdlərə məlhəm qoyan belə insanları unutmur. Nəsilbənəsil belə təbiblərin adları və əməlləri yaşıyır, hamıya örnək olur.

(ardı növbəti sayımızda)

Vaqif Şükürov