adalet.az header logo
  • Bakı 18°C
27 Sentyabr 2017 12:08
11186
ƏDƏBİYYAT
A- A+

Tariximizin şərəfli səhifələri geniş təbliğ edilirmi?

15 sentyabrın xalqımızın həyatında hansı böyük əhəmiyyət daşıdığı çoxlarımıza yalnız ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra bəlli oldu. Düz 99 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi.
Beləliklə, həm Azərbaycanın istiqlaliyyəti təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına, qırğın və talanlarına son qoyuldu. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu, əslində, Bakını paytaxt edən qurtuluş mücadiləsi idi. Təəssüf ki, 70 illik sovet dönəmində nəinki bu mövzuda ədəbi-bədii, publisistik əsərlər yazmaq, ümumiyyətlə bu haqda danışmaq belə qadağan olunub. Nəhayət, 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin yenidən bərpasından sonra bir xalq olaraq keçmişimizin qaranlıq səhifələrinə işıq tutmağa müyəssər olduq, SSRİ-nin arxivində həbs olunmuş tariximizi öyrəndik. Amma nə orta məktəblərin, nə ali məktəblərin, nə də ictimaiyyətin maarifləndirilməsi, 15 sentyabr - Qurtuluş gününün təbliği ilə bağlı kifayət qədər əyani vəsaitin, həmçinin ədəbi əsərlərin meydana gəlmədiyinin şahidi olduq. Əslində, cəmiyyətin tarixi hadisənin ədəbiyyat vasitəsilə daha geniş və ətraflı öyrənilməsi məqsədəuyğun olduğu aydındır. Bəs, müstəqillik qazandığımız bu 26 il ərzində adıgedən mövzuyla bağlı povest, poema, roman, dram əsərləri niyə yaranmayıb? Bu sualla Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmiyə müraciət etdik. Yazıçı bildirdi ki, Bakının erməni-bolşevik işğalından azad edilməsinə həsr olunmuş əsərlərin tamamilə olmamasını demək düzgün olmaz.
Tanınmış yazıçı Nahid Hacızadə, şair Vüqar Əhməd və bir çox yazarlarımızın bu mövzularda əsərlər yazdığını bilirəm. Xüsusən Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanovun "Nuru paşa və silahdaşları". "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu", kinodramaturq, tədqiqatçı Nazim Rza İsrafiloğlunun "Mirzə Məhəmməd Axundzadənin elmi-publisistik əsərləri", tanınmış jurnalist Akif Aşırlının "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun "Bakının qurtuluşu" və başqa qiymətli kitablar var. Bəlkə də, belə kitabların sayı biz bildiyimizdən daha çoxdur. Çünki hazırda müxtəlif özəl nəşriyyatlar var ki, müəlliflər əsərlərini belə özəl müəssisələrdə çapdan çıxarır və həmin kitablardan bizim birliyə nüsxə təqdim olunmadığı üçün bizdə bundan xəbərsiz qalırıq.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, sırf bu mövzuda bədii ədəbiyyatın yaranmamsının səbəbləri tam başqadır. Belə ki, hələ müstəqilliyimizi əldə etməmişdən çox əvvəl - 1987-88-ci illərdə Azərbaycan xalqı hegemon qüvvələr tərəfindən böyük bir problemlə üzləşdirildi. Əvvəl münaqişə, sonra isə böyük bir müharibəyə cəlb olunan soydaşlarımız 30 ilə yaxındır həllini gözləyən bu bəlaya kökləniblər. Eyni zamanda Qarabağ dərdi aktuallığını hələ də qoruyub saxladığı üçün başqa mövzu bu qədər geniş diapazonda ictimaiyyətdə ilgiyə səbəb olmur. Qarabağ hər bir Azərbaycan vətəndaşının qanayan yarası olduğu üçün bu mövzuda həm bədii, həm musiqi, həm kino, həm rəsm əsərləri kifayət qədərdi.
Tarix heç vaxt yaddan çıxmır, heç vaxt unudulmur, gec, ya tez qaranlıq səhifələr aydınlanır, şərəfli keçmiş özünü büruzə verir. Arzu edək ki, torpaqlarımız işğaldan azad olunsun, ordumuz yağı düşmənə zəfər çalsın, o zaman nəinki böyük Azərbaycan ordusundan, həmçinin Qafqaz İslam ordusundan, Nuru paşanın xilaskarlarından dolğun əsərlər yaransın!

Əntiqə Rəşid