adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Sentyabr 2017 15:09
60515
MÜSAHİBƏ
A- A+

Nəriman Əbdülrəhmanlı yaddaşını heç kəsə vermək istəmir

Nəriman Əbdülrəhmanlı 1958-ci ildə Gürcüstan Respublikasınnın Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdindki kinossenari kursunda təhsil alıb. 10 kitabın (roman, povest, hekayələr və sənədli nəsr), 44 tərcümə kitabının müəllifidir.

Nəriman Əbdülrəhmanlı 80-ci illərdən bədii tərcümə ilə ciddi və ardıcıl məşğul olur. Gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Mükafatına, 2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə” – "Şans” mükafatına layiq görülüb. "Yalqız” romanı 2010-cu ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, "Yolsuz” romanı isə 2001-ci ildə üçüncü mükafata layiq görülüb. Əsərləri türk, rus və ingilis dillərinə tərcümə olunub.

Adalet.az yazıçı Nəriman Əbdülrəhmanlı ilə müsahibəni təqdim edir.


-Qaraçöpə igidlər oylağı deyirlər. Atları, insanları, ağacları necə xatırlayırsız?

-Qaraçöp barədə eşidənlər çox vaxt mənim o mahalda doğulub-böyüdüyümə inana bilmirlər. Onların nəzərinə qaraçöplülər mütləq vuran-tutan, çalan-çapan, dəliqanlı olmalıdılar. Əlbəttə, bu xalq psixologiyasıdı, təbii sayıram. Görünür, o mahalı, o adamları müşahidə eləmək üçün Allah mənim kimi bir tipə də ehtiyac duyub. Elə özümü biləndən o mahalı, o adamları müşahidə eləyib yaddaşıma yazmaqla məşğul olmuşam. Düz iyirmi il əvvəlsə müşahidələrim əsasında "Qaraçöp” ədəbi-etnoqrafik toplusunu çap etdirdim. Həmin topluda mahalın keçmişindən, ağırtaxtalı kişilərindən, söz adamlarından söhbət açılıb. Ötən iyirmi il ərzində də Qaraçöplə bağlı təxminən iyirmi kitab çapa hazırlayıb nəşr etdirmişəm. Qaraçöpün mühiti, adamları, ab-havası bir çox hekayələrimdə, "Göy adamı” və "Dönəlgə” povestlərimdə, "Yalqız” və "Yolsuz” romanlarımda təsvir olunub. Ömür möhlət versə, bundan sonra yazacaqlarımda da, şübhəsiz, o mahaldan, o adamlardan nəsə olacaq.


-Gürcü ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını necə müqayisə edərdiniz?

-Gürcü ədəbiyyatı ilə 1983-cü ildə Gürcüstana qayıdandan sonra daha yaxından tanış olmağa başladım. O vaxt "Sovet Gürcüstanı” ətrafında çox sağlam və böyük ümidlər verən ədəbi mühit vardı: Arif Mustafazadə, Səməd Qaraçöp, Məmməd Həsənli, Eyvaz Əlləzoğlu, Allahverdi Təhləli, Lətif Mustafaoğlu, İmir Məmmədli, İbrahimxəlil, Tapdıq Yolçu, Rafiq Hümmət... Təbii ki, gürcü ədəbiyyatı ilə təmasda olmaq bizdən ötrü qaçılmaz idi, hətta o vaxt yaşayıb-yaradan gürcü ədiblərinin çoxunu şəxsən tanıyırdıq, münasibətimiz vardı. Elə gündəlik ədəbi söhbətlərimizdə də gürcü ədəbiyyatından oxuduqlarımız sanballı yer tuturdu. Hamımız etiraf eləyirdik ki, gürcü ədiblərində daxili azadlıq, bəlkə də ruhi azadlıq, ruhun miqyası bizim qələm sahiblərimizdə olduğundan daha artıqdı, bu da təbii ki, özünü onların qələmə aldıqları əsərlərində göstərir. Həmin vaxtlar istər-istəməz gürcü ədəbi mühitindən məhz bunu əxz eləməyə can atırdıq. Bəzilərində bu inteqrasiya baş tutdu, sonrakı yaradıcılığına müsbət təsir göstərdi. Mən elə indi də bu fikirdəyəm, bir çox həmkarlarımın qələmə aldıqlarını oxuyanda hiss eləyirəm ki, dar mühit üçün yazılıb, fərqli ruhun daşıyıcısı olan adamın qəlbini tərpətməz. Bəlkə də hələ öz məmləkətimizin hüdudlarından kənara çıxa bilməməyimizin əsas səbəblərindən biri də budu.


-Belinski deyir ki, öz həyatından yazmayanlar istedadsızdırlar. Kitablar, filmlər, yoxsa uşaqlıq xatirələriniz sizi yazmağa məcbur edir?

-Əlbəttə, Belinskinin dediyini ehkam kimi qəbul eləmək olmaz. Amma bu fikrində həqiqət də yox deyil. Əsl ədəbiyyat elə öz "mən”ini başqalarına izah eləmək cəhdidi. Hətta başqalarından yazanda belə, obrazı ilə öz arasında zaman məsafəsi, cins, yaş, zümrə fərqi olanda belə, yazıçı təsvir elədiyi obrazlara özündən nəsə verir. Kitablar da, filmlər də məndən ötrü ancaq bir faktı dəqiqləşdirmək üçündü: artıq bu yaxşı, ya da pis yazılıb, daha bu cür yazmaq olmaz, əgər uğursuzluğa düçar olmaq istəmirsənsə, başqa yolla getməlisən. Şübhəsiz, başlıca təkanverici qüvvə uşaqlıq xatirələri, daha doğrusu, yaşadığın keçmişdə qalan xatirələrdi. Günlərin birində öz keçmişindən nəyisə xatırlayırsan, o xatirə duyğularını tərpədir, hiss eləyirsən ki, onu yazmamış özünə rahatlıq tapa bilməyəcəksən. Beləcə, yeni bir əsərin ortaya çıxır.


-Klassik ədəbiyyat yoxsa postmodernizm?

-Düzünü desəm, mənim təfəkkürümdə "klassik” və "posmodernist” ədəbiyyat anlayışı yoxdu, məndən ötrü yazılmış hər hansı bir əsər ya ədəbiyyat nümunəsidi, ya da ədəbiyyat nümunəsi deyil. Yəni mənə görə yalnız "ədəbiyyat” anlayışı var. Klassik sayılan yazıçıların yaradıcılığında kifayət qədər postmodernist məqamlar axtarıb tapmaq olar, ya da əksinə, posmodernist hesab olunan əsərlərin izlərini klassik ədəbiyyatda tapmaq mümkündü. Məsələn, ötən əsrin 20-30-cu illərində yazıb-yaratmış Ahmet Hamdi Tanpınarı, yaxud Tomas Vulfu çox arxayınlıqla posmodernist saymaq olar. İsa Hüseynovun nəsrini klassik, yoxsa posmodernist adlandıraq? Heç posmodernist saydıqları Orxan Pamukun özü də bu cür bölgünü ciddi hesab eləmir. Təəssüf ki, indi postmodernizm anlayışından çox vaxt mətnin çatışmazlıqlarına haqq qazandırmaq üçün istifadə eləyirlər. Amma zəif mətnə nə ad verirsən, ver, xeyri yoxdu.


-Şeir mənə yastı təpələri xatırladır, nəsr isə dağın döşündə ora-bura qaçan vəhşi heyvanları. Sizin gözlərinizdə üfüqdə nə görünür?

-Bu sənin müşahidəndi. Məndə isə əksinə, nəsr ənginlik, genişlik, ləngərlilik, poeziya isə anilik, fraqmentlik, ötərilik assosiasiyası doğurur. Sənin gözünə görünən o vəhşi heyvanlar müəyyən məqamdan sonra yoxa çıxa bilərlər, yastı təpələr, ənginlik, genişliksə əbədi qalacaq. Yəni poeziya ötərini bir anlığa tutub saxlamağa çalışır. Bu məbada, məcazi də olsa, şeir yazan adam mənə daha çox kəpənək ovçusunu xatırladır, elə hey axtarır ki, kəpənəyi – Sözü tora salsın. Nasirsə geniş düzənliyi səbirlə şumlayan əkinçidi, bilir ki, gördüyü iş əziyyətlidi, amma bəxtinə qail olub tər tökə-tökə çalışır.


-Yazıçı yaddaşını başqasına verib rahat yaşaya bilərsiniz?

-Əslində, insanın mahiyyəti elə yaddaşından ibarətdi, yaddaşından məhrum olsa, heyvandan fərqlənməz. Məşhur Manqurt əfsanəsi də bu barədədi. Yazıçı yaddaşı Allahın bəxş etdiyi yaddaşdır. Xorxe Luis Borxesin bir hekayəsi var, "Şekspir yaddaşı” adlanır. Bir nəfər ona miras qalan Şekspir yaddaşını başqasına ötürmək fikrinə düşür, nəhayət, bunun nə qədər əbəs olduğunu dərk eləyir. Əlbəttə, həddən artıq ağır yük olan yazıçı yaddaşını məcazi mənada başqasına verib rahat yaşamaq olar, amma rahat yaşamaq, heç də xoşbəxt yaşamaq deyil. Yazıçı məhz yazdığı məqamlarda xoşbəxt olur, ondan sonra duyduğu rahatlıq hissinisə heç nəylə müqayisə eləmək olmaz. Bu mənada qismətimə düşən yaddaşı kimsəyə vermək istəməzdim. Bu dünyada elə bir maddi sərvət qazanmamışam, olan-qalan var-dövlətim elə həmin yaddaşdan ibarətdi, onunla yola getmək çətin də olsa, şikayətim yoxdu, birtəhər dil tapıb yola gedirik, elə bilirəm ki, bundan sonra da bir-birimizdən narazı qalmayacağıq.


-Nələrdən yazırsınız?

-Çətin sualdı, çox vaxt bu tipli suallara cavab verəndə əziyyət çəkirəm. Əlbəttə, ədəbiyyatın bircə obyekti var, o da İnsan, daha doğrusu, İnsan yaşantılarıdı. Hətta otdan, sudan, havadan, quşdan yazanda belə içində insan, insan yaşantısı, insan münasibəti var. Bu günü təsvir eləyəndə də tarixə üz tutanda da ("Könül elçisi”, "Yolçu”, "Qurban” romanları) başlıca hədəfim İnsan taleyini təsvir eləmək olub. Həm də tanıdığım, bəzən zamanca çox uzaq olsalar da mənə yaxın olan adamlar, həmin adamların yaşadıqları mühit haqqında yazıram.


-Yazanda içinizdə daxili senzor olur?

-Əlbəttə. Yoxsa mətnlərim səliqəsiz, cilasız olardı. Oxucunun diqqətini çəkmək, səs-küy yaratmaq naminə heç vaxt vulqar ifadələrə və hadisələrə qaçmamışam, özünənəzarət hissimi həmişə ovxarlı saxlamağa çalışmışam. Məndən ötrü hadisə deyil, təsvir elədiyim məqamın ab-havası, yazıçı nəfəsi daha vacibdi.


-Sosial şəbəkə yaradıcılığınıza necə təsir edir?

-Sosial şəbəkənin yazı-pozuma elə bir təsirini hiss eləməmişəm. Yəni bu məkan məndən ötrü ancaq cəmiyyətin, ədəbi mühitin mənzərəsini görmək, düşüncələrimi bölüşmək, oxucularımla ünsiyyətdə olmaq, axtardığım, yaxud məni axtaran adamlarla əlaqə saxlamaq baxımından maraqlıdı. Heç vaxt yazdıqlarımı sosial şəbəkə istifadəçilərinin maraqlarına hesablamamışam. Məndən ötrü azsaylı da olsalar, əsl ədəbiyyatın nə olduğunu dərk eləyən oxucular daha dəyərlidirlər.


-Sonda, "Taclı" adlı yeni romanınız işıq üzü gördü. Hər romanınızda tarixlə bağlı sərgüzəşətlər var. Bu dəfə bizi tarixin hansı dönəminə aparacaqsınız?

-Roman təkcə Azərbaycan yox, bütövlükdə ortaçağ tarixinin ən maraqlı fenomenlərindən birinə Qızılbaşlığın yaranması və bərqərar olmasına, Qızılbaş – Səfəvi imperiyasının yaranmasına Şah İsmayıl Xətainin ömür yoluna həsr olunub, təxminən yüzillik bir dövrdə - 1440-1540-cı illərdə baş verən hadisələri əhatə edir, həm də Taclı Bəyimin ömür yolunu əks etdirir. Romanda həm yaddaşımızın Çaldıran yarasına, həm də hakimiyyət tacı daşıyanların – Uzun Həsən və törəmələrinin, Sultan II Bəyazidin, Sultan Hüseyn Bayqaranın, Məhəmməd Şeybani xanın, Şah I Təhmasibin, Sultan Süleymanın, söz və sənət tacı gəzdirənlərin – Şeyx İbrahim Gülşəninin, Kəmaləddin Behzadın, Sultan Məhəmmədin, Şah Mahmud Nişapurinin, eləcə də Yavuz Sultan Səlimin Əcəm səfərindən apardığı insanların bir-birilə heyrətamiz tərzdə kəsişən talelərinə işıq salır, Sözün, Xəttin və Nəqşin gözəlliklərindən söz açır.

Söhbətləşdi: Oğuz Ayvaz