adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Sentyabr 2017 00:37
14909
ƏDƏBİYYAT
A- A+

TALEYİNİN ŞAİRİ


Rafiq Yusifoğlu,
şair, Əməkdar mədəniyyət
işçisi, filologiya elmləri
doktoru, professor

(əvvəli 16 sentyabr sayımızda)

Dayın varsa,
yuxarı məktəbə girəcəksən,
demişdilər,
dayın varsa, qiymət alacaqsan,
dayın varsa, oxuyacaqsan,
demişdilər,
canım-ciyərim Bakı!
Camaatın bir dayısı vardı,
mənim iki dayım, -
hərəsi də girmişdi bir qoluma,
Umud dayım bir qoluma,
Arzu dayım bir qoluma.
Bir qolumda Umud dayım,
Bir qolumda Arzu dayım
yuxarı məktəbin qapısını açıb
girdik içəri -
camaatın dayıları qaldı
qapının ağzındag
Ədəbiyyatdan "5" demişdim,
Aldım!
Tarixdən "5" demişdim,
Aldım!
Yazıdan "2" demişdim,
"4" aldım.
Aldığım iki "5"i, bir "4"ü
qoydum ayağımın altına,
çıxdım üstünə!
"4"ün, "5"in üstündən baxıb
kənddə anamı gördüm,
bacımı gördüm,
qapımızdakı şam ağacını
gördüm...

Bu misralar Eldar Baxışın formalaşmaqda olan xarakterindən, dünyagörüşündən, həyata baxışından, eləcə də orijinal bədii üslubundan xəbər verirdi. Bu şeirdə yetimçiliklə böyüyən, dayısına, əmisinə yox, öz ümidinə, inamına güvənən və öz zəhməti, yuxusuz gecələri hesabına uğur qazanan bir gəncin mükəmməl bədii portreti gözlərimizin qarşısında canlanır. Özü də bu portretdə zahiri görünüşdən çox həmin gəncin daxili dünyası, düşüncələri ön planda idi...
"Ümidin balası, ümidin oğlu" şeirində də Eldar Baxış yetimçiliklə keçən ömür yolunun qaranlıq məqamlarına işıq salır:

Atam son anında aşırma kimi
Çiyninin üstündən aşırdı məni.
Gümanı ümidə gəlirdi bircə,
Elə ümidə də tapşırdı məni.
Mən bir arı oldum elə o gündən,
Ümid də oldu bir arı pətəyi.
Mənim başım oldu, onun yastığı,
Mənim əlim oldu, onun ətəyi.
Əlişə dedilər: Həşimin oğlu,
Vəlişə dedilər: Həmidin oğlu.
Mənə də dedilər, hara getdimsə
Ümidin balası, Ümidin oğlu...

Bu misralar da həyatda hər şeyi dişlə, dırnaqla qazanan, həmişə öz zəhmətinə, istedadına, ümidinə, inamına güvənən bir şairin ömür yolunun misralara köçən poetik məqamlarıdı... "Ümidi təndir çörəyi kimi yeyən", "bulaq suyu kimi içən", "ümid atını yəhərləyib", "ümid qılıncını qurşayan" lirik qəhrəman qarşısında açılan "sirli-sehrli ümid sarayları"na çatana qədər nə qədər mübarizə aparmalı, vuruşmalı olur, ağacla ağac dilində, yarpaqla yarpaq dilində, daşla daş, otla ot, çiçəklə çiçək dilində danışmağı öyrənir və onun şairlik yolu da elə bundan sonra başlayır. Ümid oğlu indi o biri tay-tuşlarından çox güclü və çox vüqarlıdı:

...İndi özlərinə yer tapa bilmir,
İndi qurcalanır Həşimin oğlu.
İndi dingildəyir Həmidin oğlu.
İndi deyirlər, gör nə fikirləşir
Ümidin balası, ümidin oğlu...

Ümumiyyətlə, Eldar Baxışın şeirlərinin əksəriyyətində onun özünün daxili dünyasının cizgiləri vardır və bu cizgilər birləşərək vətənpərvər bir şairin mükəmməl bədii obrazını gözlərimizin qarşısında canlandıra bilir.
Yeri gəlmişkən onu da qeyd edək ki, Eldar Baxışın poeziyasının lirik qəhrəmanı fəaldır, ayıqdır, üsyankardır. İnsanları, soydaşlarımızı narahat edən taleyüklü problemlər bütün yaradıcılığı boyu onu da narahat edir, düşündürür, qayğılandırır...
Eldar Baxışın uşaqlıq illərinin bədii lövhələri onun poeziyasında aparıcı yerlərdən birini tutur. Keçdiyi ömür yolunu ara-sıra bədii təsvirin mərkəzinə çəkən Eldar Baxış qısa tərcümeyi-halının gözəgörünməz məqamlarını oxucunun gözləri qarşısında canlandırmağa nail olur.
Bakı Dövlət Universitetində oxuduğu illərdə vətənpərvər ruhlu ziyalıların, professorların, müəllimlərin Eldar Baxışa dərs deməsi onun ürəyində anamız Azərbaycanı müstəqil, suveren görmək arzularını oyadır. O, öz müəllimi Əbülfəz Əliyevin gizli dərnəklərinin fəal iştirakçısına çevrilir. Bütün bunlar Eldarın yaradıcılığına da təsirsiz qalmır.
1969-cu ildə universiteti bitirən Eldar Baxış bir il Abşeron rayonunun Güzdək kəndində müəllim işləyir. Sonra ömrünün daha bir ilini hərbi xidmətdə keçirir. Əsgərlikdən qayıtdıqdan sonra 1972-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində redaktor kimi əmək fəaliyyətini davam etdirir.
Radionun uşaq verilişləri redaksiyasında işləyən Eldar Baxış maraqlı verilişlər hazırlayır. "Sandıqça", "Biləyən" kimi verilişlər onun əməyi sayəsində araya-ərsəyə gəlir, uşaqların ən çox sevdiyi verilişlərə çevrilir. Eldar bu verilişləri təkcə özü hazırlamır, istedadlı qələm dostlarını da bu işə cəlb edir.
Daha sonra Eldar Baxış radionun Ədəbiyyat redaksiyasında əmək fəaliyyətini davam etdirir. Onun görkəmli yazıçılarla, şairlərlə apardığı müsahibələr, hazırladığı verilişlər tamaşaçı sevgisini qazanır. Ədəbiyyat redaksiyasında işləməsi, o dövrün görkəmli şair və yazıçıları, ədəbiyyatşünasları ilə ünsiyyəti Eldarın poeziyaya, ədəbiyyata məhəbbətini daha da artırır. Elə bu vaxt o özü də orijinal, maraqlı şeirləri ilə mətbuatda çıxış eləməyə başlayır.
Radioda "Tərcümə saatı" verilişini hazırlaması Eldarın yaradıcılığına yeni istiqamət verir. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə etməsi isə gənc şairin ədəbi görüşlərinin formalaşmasına zəmin yaradır. Həm klassik ədəbiyyatımızdan, folklordan, həm də dünya poeziyasının görkəmli nümayəndələrinin əsərlərindən yaradıcı şəkildə bəhrələnmə Eldar Baxışı ədəbiyyatın, sənətin incilərini mükəmməl bilən peşəkar şair səviyyəsinə qaldırır. 1966-cıi ildə "Köynək" adlı ilk mətbu şeiri ilə "Azərbaycan gəncləri" qəzetində çıxış edən Eldar Baxış tezliklə sübut elədi ki, ədəbiyyata əliboş gəlməyib, deməli sözləri çoxdur.
Bundan sonra Eldar Baxış yaradıcılıqla ciddi şəkildə məşğul olur, şeirləri "Azərbaycan", "Ulduz", "Göyərçin" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Bakı" qəzetlərində müntəzəm surətdə çap olunmağa başlayır.
1972-1988-ci illərdə Azərbaycan Dövlət Radiosunun uşaq verilişləri redaksiyasında kiçik redaktor, redaktor işləyən Eldar Baxış 1988-1990-cı illərdə televiziyanın ədəbi dram verilişləri baş redaksiyasında televiziya tamaşaları redaksiyasının böyük redaktoru vəzifəsində çalışır. Qarabağ hadisələrinin qızğın bir vaxtında Eldar Baxış kimi vətənpərvər bir şair təkcə ədəbi verilişlər hazırlamaqla kifayətlənə bilməzdi. O, imkanı dairəsində televiziyada Qarabağ problemlərini vətəndaşlıq mövqeyindən şərh etməyə çalışırdı. Lakin o zamankı rəhbərlik hər sözündən "qan iyi gələn" Eldarın əl-qol atmağına imkan vermirdi. Elə buna görə də Eldar Baxış 1990-1992-ci illərdə "Səs" qəzetinin ilk baş redaktoru olmuş, son dərəcə ciddi məqalələr, şeirlər yazıb çap etdirmişdir.
Tarix elmləri doktoru, professor Əli Nağıyev yazırdı: "Bir şair kimi tanınan və sevilən Eldar Baxış bir insan kimi də maraqlı şəxsiyyət idi. Bunu nəzərə alıb, "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs" qəzetinə ilk baş redaktor kimi onun namizədliyi üstündə dayandıq. İşlədiyi vaxt ərzində işgüzar yaradıcı kollektiv yaratmağa nail olan Eldar Baxış "Səs"in maraqlı və məzmunlu çıxmasına xüsusi fikir verir, sözün məqamında deyilməsi üstündə əsirdi. Məhz buna görə də Azərbaycanın bütün bölgələrində "Səs"i oxuyur və intizarla onun yolunu gözləyirdilər. Şübhəsiz, qəzetin belə oxunaqlı olmasında Eldar Baxışın rolu böyük olmuşdur".
Xalqın taleyindən narahat olan bütün ziyalılar kimi Eldar da vəziyyətdən çıxış yolu axtarır, ittiham dolu məqalələrlə çıxış etməkdən belə çəkinmirdi. Onun o zamankı Azərbaycan prezidenti A.Mütəllibova yazdığı məktub şairin cəsarətindən, vətən uğrunda hər şeyə hazır olmasından xəbər verən maraqlı ədəbi faktlardan biri idi. Eldarın o zaman yazdığı "Zori Balayana məktub" şeiri də əl-əl gəzirdi... Gənclərin ürəyində hərbi vətənpərvərlik, erməni qəsbkarlarına nifrət duyğularının oyanmasında bu şeirin əvəzsiz xidməti var idi...
1992-ci ildə Eldar Baxış yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə işə qayıdır. Bir il "Gənclik" yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri vəzifəsində çalışır. 1993-cü ildən ömrünün sonuna kimi isə Eldar Baxış Azərbaycan Dövlət Radiosunun Bilgi və Uşaq Dünyası Verilişləri Baş Redaksiyasının baş redaktoru kimi səmərəli fəaliyyət göstərmişdir...
Bütün yaradıcı insanlar kimi Eldar Baxışın da həyatını onun yaradıcılıq yolundan ayrı təsəvvür etmək mümkün deyildir. Ədəbiyyat sahəsində onun hər uğuru onun həyatının ən önəmli, yaddaqalan məqamları idi...
1977-ci ildə Eldar Baxışın "İydə çiçəyi" adlı şeirlər kitabının "Gənclik" nəşriyyatı tərəfindən çap olunması onun yaradıcılıq bioqrafiyasının parlaq səhifələrindən birinə çevrilir. Ona görə ki, o zaman kitab çap etdirmək çox çətin bir məsələ idi. Nəşriyyatların tematik planları Mətbuat Komitəsində, daha sonra Mərkəzi Komitədə müzakirə və təsdiq olunurdu.
İlk kitabı ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanan Eldar Baxış daha artıq inam və məsuliyyətlə yaradıcılıq axtarışlarını davam etdirməyə başladı. İki il sonra "Gənclik" nəşriyyatı Eldarın "Üçtəpə bayatıları" (1979) kitabını çap etdi və bu kitabda toplanan şeirlər göstərdi ki, Eldar Baxışın ədəbiyyata gəlişi təsadüfi deyilmiş.
(ardı növbəti sayımızda)