adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Sentyabr 2017 09:25
12263
ƏDƏBİYYAT
A- A+

TOZA ÇEVRİLMƏKLƏ NƏ HƏLL OLUNUR?


Mən SSRİ üçün - bir zaman yaşadığımız sosializm cəmiyyəti - nostalji hissi keçirənlərdən deyiləm, bu hissi keçirənləri də qınamıram və onları başa düşürəm. Ancaq bəzi məsələlərin indikindən - vəhşi kapitalizmdən çox yaxşı olduğunu da deməyə bilmərəm: təhsil, insan mənəviyyatı, mənəvi prinsiplər və s...
Ən pisi SSRİ-nin dağıldılması yox, dağıdılıb yerində xarabalıq yaradılması idi. Əsas hədəf SSRİ-ni dağıtmaq idi, sonrakı mərhələdə digər Asiya dövlətləri. Kökündən hər şeyi dağıtmaq, yerində isə boşluq, heç nə... Qərb- Avropa həmişə ABŞ-ın yedəyində gedib. Bütün planlar ABŞ-a məxsusdur. ABŞ-ın strategiyası faşizmdən daha pisdir. Hitler dünya ağalığı iddiasında idi, buna cəhd etdi, milyonlarla insan məhv oldu, Hitler özü də məhv oldu. Hərçənd ki, faşizm tam məhv olmadı... Dünyanın bütün nöqtələrini qarışdıran ABŞ-dır, dünya ABŞ sayəsində xaos, anarxiya, fəlakət, faciə içərisindədir... XXI əsrdə ABŞ-ın "kəşfi" "ərəb baharı" idi, bir sıra ölkələrdə müxtəlif rəngli inqilablar idi, hələ nələr olacaq, o da bilinmir...
Müasir dövrümüzü xarakterizə edən hərbi-siyasi oyunlar, müharibələr, qanlı və uzun zaman həlli müşkülə çevrilən - idarə olunan münaqişələr, aclıq, səfalət, süni şəkildə problemlər yaradıb diqqəti əsas məsələlərdən yayındırmaq, insanları və dövlətləri borcdan, kreditlərdən asılı vəziyyətə salmaq... heç kimə sirr deyil...
Keçən əsrin 90-cı illərindən dünya bir müddət birqütblü oldu. ABŞ və Qərö birqütblü dünyanın sahibi oldular (əslində, Qərb dediyimiz 4-5 böyük Avropa dövləti kiçik istisnalarla hər zaman ABŞ-ın dediklərini edib - SSRİ mövcud olanda SSRİ əleyhinə birləşmişdilər, indi də Rusiyanın. Təəssüf ki, indi kifayət qədər hərbi, iqtisadi gücü olan bəzi ərəb dövlətləri də ABŞ-ın buyurduqlarını icra edir...). Rusiyadan başqa bir neçə Asiya dövləti də ABŞ-ın əl-ayağına "dolaşır" ki, bunlar da vaxtaşırı ABŞ-ın qəzəbinə düçar olur... Elə görünürdü ki, 20-ci əsrin sonlarında dünya növbəti dəfə yenidən bölüşdürülüb qurtarıb, ancaq SSRİ-nin varisi Rusiya tədricən özünə gəldi, neçənci dəfə (?) yenidən bölüşdürülmüş dünya bölgüsü ilə razılaşmadı, itirilmiş mövqelərini bərpa edib, supergüc olduğunu nümayiş etdirməyə başladı, keçmiş müttəfiq respublikaların Rusiyanın nüfuz dairəsindən çıxmasına razı olmadı. İndi bu güc nümayişi daha açıq, daha aqressivdir... Görünən odur ki, dünyanın bölüşdürülməsi dünya - Yer kürəsi məhv olana qədər davam edəcək...
Bir həqiqət də budur ki, ABŞ dünyanı iqtisadi cəhətdən işğal edib - ABŞ dolları yeganə pul vahididir... Dünyanın iqtisadi qanunlar yox, siyasi amillər idarə edir...
İqtisadi, siyasi, hərbi... mübarizə - bəşəriyyətin başına açılan oyunlar çoxluğun - əhalinin mütləq əksəriyyətinin başında çatlayır...
Bu bir həqiqətdir ki, insan fəaliyyətinin hər hansı bir sahəsindəki səhv, yanlışlıq öz təsirini, fəsadlarını sonralar daha çox göstərir. Ancaq əxlaq, mənəviyyat elədir ki, buradakı səhvləri, fəsadları aradan qaldırmaq olduqca çox vaxt alır, çətin olur, bəzən isə mümkün olmur. Əxlaqın, mənəviyyatın, mədəniyyətin hədəfə alınması da düşünülmüş siyasətdir...
***
Bu girişi yazmağıma səbəb "Azərbaycan" jurnalının 2017-ci il 1-ci nömrəsində dərc olunmuş hekayədir - Təranə Vahidin "Mən toz dənəsiyəm" hekayəsi.
Böyük fransız filosofu və yazıçısı Alber Kamyu yazırdı ki, yalnız bir ciddi fəlsəfi problem var - intihar problemi.
İntihar - nəticədir, nəticəyə səbəb olanlarsa müxtəlifdir.
Ancaq mən intihar yerinə azadlıq yazardım. İntihar çarəsizlikdən, çıxış yolu tapa bilməməkdən, əlacsızlıqdan yaranır. Ölümü seçmək özlüyündə qəti addım olsa da heç nəyi həll etmir. İntihar yalnız fərdin özünü - bir nəfəri çarəsizlikdən, əlacsızlıqdan, çıxış yolu tapa bilməməkdən qurtarır, intihara səbəb olanlarsa qalır...
Nəyəsə çevrilmək də intihardır, yox olmaqdır...
Hekayənin ədəbi qəhrəmanı dünyanın işlərindən, pisliklərindən, hər tərəfi bürümüş "hörümçək torundan" xilas olmaq üçün toza çevrilmək istəyir və çevrilir...
Əslində, bütün dövrlərdə cəmiyyətdə "artıq adamlar" olur. "Artıq adam" cəmiyyətlə fərd arasındakı ziddiyyətlərin ifadəsidir. Müxtəlif səbəblərdən imkanlarını reallaşdıra bilməyən ağıllı, istedadlı adamları cəmiyyət tədricən "artıq adama" çevirir. "Artıq adam"ı elə cəmiyyət özü yaradır. Cəmiyyətin fəaliyyətini əngəllədiyi adam "artıq adam"dır və heç nə edə bilməyən belə adamların həyatları da faciəli sonluqla bitir...
...Toza çevrilən adamda ilk dəyişiklik o olur ki, insanı gözüqıpıq edən qorxu hissindən xilas olur. Azad olmaq istəyən insan ilk növbədə qorxu hissindən xilas olmalıdır.
İnsan cəmiyyətdə yaşayır, cəmiyyətin isə mənəvi və hüquqi qanunları, qadağaları, müəyyən etdiyi sərhədləri var - bunlar da olmalıdır. Söhbət o qanunlardan, qadağalardan, sərhədlərdən gedir ki, onlar əgər belə demək mümkünsə, obyektiv zərurəti ifadə etmir, əngəldir, fərdin inkişafına, yaşamasına süni maneədir: bunlar bir, bir neçə, yaxud bir qrupun mənafeyinə, ambisiyasına xidmət edir, bəzən isə bunlar hətta xalq, dövlət mənafeyi pərdəsinə bünürüb özlərinə haqq qazandırırlar...
Hər hansı bir insanın fərd kimi müəyyən bir yerə, məqama qədər gedə bildiyi hədd var, o həddən o tərəfə insan keçə bilmir: ya bir fərd kimi fiziki, mənəvi gücü çatmır, ya da yaradılmış əngəl var. O maneə, əngəl bir divar, hasardır ki, insan onu heç cür aşa, keçə bilmir...
İnsanların hamısı, lap pis halda çoxluq, güclü iradə sahibi deyil. Deməli, çoxluq heç mübarizə aparmaq iqtidarında da deyil. Çoxluq ancaq müəyyən hallarda - üsyanlarda, inqilablarda və s. həlledici söz sahibi olur. Onda da iş qalır çoxluğu necə, hansı istiqamətə aparanlara...
Bir həqiqət də var: axı həyatında çox şeydən qorxan, yaxud qorxudulan insan nə etməlidir?
İnsanların durumunu Qarabağın mövcud vəziyyəti ilə müqayisə etmək olar: Bizim torpağımız işğal olunub, bir milyona yaxın insan doğma ocağından qovulub, bizim güclü ordumuz var, torpaqlarımızı müharibə yolu ilə azad edə bilərik (4 günlük döyüşlərdə bunu sübut etdik və bunun həll yolu da budur), ancaq uğurlu bir əməliyyat baş verən kimi böyük dövlətlər, xüsusən Rusiya və ABŞ dərhal bəyanat verirlər ki, münaqişənin (halbuki bu münaqişə yox, Rusiyanın himayəsilə işğal faktıdır) müharibə variantı yoxdur?! Başqa "variantla" da həll olunmur - çünki supergüclərin maraqları var və bu vəziyyət onlara sərf edir...
Dünyanın "ədaləti" bundan ibarətdir...
Normal yox, ən primitiv, bəsit yaşayış uğrunda daimi mübarizə aparan insanı qorxudacaq onlarla kabus var. İnsanlar onları daim hədələyən bu qorxu kabusundan heç cür xilas ola bilməyəcək...
Stalinin ölümündən az qala 70 il vaxt keçib, ancaq repressiya illərini yaşamış insanlar fikir bildirəndə qorxub çəkinir, son dərəcə ehtiyatla danışırdılar...
İnsan, əslində, necə varsa - olduğu kimi yox, cəmiyyətin ölçülərinə uyğun görünməli və yaşamalıdır. Qanunları, qaydaları yaradan cəmiyyət özüdür, bu qaydaların əsirinə çevrilən də özüdür. Fərdlərarası, fərd-cəmiyyət münasibətləri çox zaman insan azadlığının əleyhinə çevrilir...
İnkişaf - texniki tərəqqi, həm də qarşısıalınmaz bəlalar gətirir. Müasir texniki vasitələr (paradoksa bax ki, adi bir xəstəliyi sağaltmaq müşkülə çevrildiyi halda, insanın əleyhinə çevrilmiş vasitələr kifayət qədərdir, durmadan artır, təkmilləşdirilir...) bəşəriyyəti tam nəzarətdə saxlamaq məqsədilə yaradılıb. Bu isə güdülmək, dinlənilmək, təqib altında olmaq qorxusu deməkdir. Bəşəriyyət hər şeydən qorxmağa başlayıb...
Bir sıra başqa səbəblər, o cümlədən qorxu tənhalıq, kimsəsizlik yaradır. Burada söhbət insanın özüylə, içəri dünyası ilə təkbətək, tənha qalıb hərəkətlərini, gördüyü və görəcəyi işlərini təhlil edib qiymətləndirən, sabahı - gələcəyi nəzərə alan tənhalıqdan - necə deyərlər, normal tənhalıqdan söz getmir...

***
Dünya - Yer planeti o qədər də böyük deyil və ədəbi qəhrəmanın gəldiyi bir qənaət də dünyanın toz zərrəsi boyda olmasıdır. "Toz boyda dünyada biz bir ömür yekə-yekə danışırıq, yaşamaq üçün min hoqqadan çıxırıq, özümüzü qaldırıb dağın başına qoyuruq, sevirik, ayrılırıq, göz yaşı tökürük, hamısı boş-boş şeylərmiş... Biz sadəcə, toz boyda dünyada özümüzü çərçivəyə pərçimləyən uydurduğumuz qanunlara boyun əyən, öləndən sonra unudulmayacağımıza özümüzü inandırıb gülünc yerində qalan əbləhlərik..."
Toza çevrilmiş ədəbi qəhrəmanın birinci işi qorxu hissindən xlas olmaqdırsa, ikinci (və əsas) fikri azadlıqla bağlıdır, çünki azadlıq insana hava kimi lazımdır, "bütövlükdə Dünya özü azadsızlıqdan boğulur".
Toz dənəsinin "səyahətinin" doğum evindən başlaması da təsadüfi deyil, bu epizod, həm də azadlıq anlayışının mürəkkəbliyinə, "ikili" xarakterinə işarədir.
Hekayədə azadlıqla bağlı deyilən bütün fikirlər düzgündür. "...birdəfəlik toz olmaq hər gün xırdalanmaqdan, üyüdülməkdən min dəfə yaxşıdı. Fikirləşirəm ki, sirkdə Şir olmaqdansa, meşədə çaqqal olmaq daha abırlıdı, fikirləşirəm ki, haqqını yeyənlərə anındaca tüpürmək, dözüb sonda sınmaqdan daha şərəflidi. Onsuz da bineyi-qədimdən belədi: böyüklər xırdaları üyüdür, güclülər gücsüzləri əzir. Qərb Şərqi yeyir..."
Külək - gücün rəmzidir, heç kimlə, heç nəylə hesablaşmır. Ancaq bu güc ədaləti də ehtiva etmir. Külək toz dənəsini hərəkətə gətirən əsas qüvvə olsa da heç toz dənəsi də küləyi sevmir "...böyüklərə gücü çatmır, xırdaları nəfəsi kəsilənəcən qabağına qatıb qovalayır..."
Hekayədən çıxan nəticənin biri elə budur ki, heç toz dənəsi də mütləq mənada azad ola bilmir, çünki mütləq azadlıq yoxdur...
Dünyanın faniliyi, keçici olması - müvəqqəti dayanacaqlığı, mənasızlığı, dərkolunmazlığı, məntiqsizliyi, ədalətsizliyi, haqsızlığı, gücə tabe olması... haqqındakı düşüncələr yoxdan yaranmayıb, əsassız deyil və bu düşüncələri birmənalı şəkildə inkar etmək də mümkün deyil...
Milli-azadlıq şüurunun oyanışı və formalaşmasında mühüm xidmətləri olan, bütöv bir nəsli yetişdirən, gələcəyə ümid, inam oyadan, özü mübarizənin ön cərgəsində olan böyük şarimiz Bəxtiyar Vahabzadə dünya, həyat haqqındakı qənaətini belə ifadə etmişdi:

Mən uşaq olanda, aprelin biri,
Yaman aldadardıq yol ötənləri.
Yolun ortasında qoyardıq nəsə,
Yolçu əyiləndə ipi çəkərdik,
Qəşş edib gülərdik verib səs-səsə.
Yolçunu aldada bilməyimizdən,
Sevinər, zövq alar, ləzzət çəkərdik.
O vaxt nə biləydim, aldanmaq ağır.
Aldatmaq insanın öz zatındadır,
O vaxt nə biləydim, haqdan keçməzin
Payına dilini bağlamaq düşür.
O vaxt nə biləydim, aldanan kəsin,
Halına gülmək yox, ağlamaq düşür.

Böyüdüm, yoluma kötük atdılar,
Mənim özümü də çox aldatdılar.
Ayıra bilmədim əyridən düzü,
Gördüm həqiqətin yolu dar imiş.
Demə, ikiüzlü dünyanın özü
Aldatmq üstündə bərqərar imiş.
Ayların, illərin bütün günləri,
Aprelin biriymiş, aprelin biri.

Müxtəlif nəsillərə (yaş mənasında) mənsub yazıçı və şairlərin dünya haqqındakı belə bədbin qənaəti təsadüfi deyildi. 60-cılar ədəbi nəslinin yaradıcılığını təftiş edənlər bədbin fikirləri, qənaətləri başqa cür yozurdular: sovet gerçəkliyinin təhrifi (guya gerçəkliyin sovet və qeyri-sovet forması da var imiş), ideoloji sapıntı və s. və i.a...
Bu düşüncələr, qənaətlər isə həqiqəti ifadə edirdi...
Yazıçı və şair ideyanı birbaşa da ifadə edə bilər, dolayısı ilə də. Poeziyamızda da, nəsrimizdə də bunun hər iki örnəyi var və hər ikisi də məqbuldur...
"Necə oldu ki, mən toz dənəsinə çevrildim? Bax, bu sirri sizə heç vaxt deməyəcəm. Ona görə demirəm ki, toz olmaq üçün həyat səni dəyirmanda buğda kimi əzməlidir, insanlar səni bilərəkdən sındırmalıdır, haqqı çatmayan haqqını yeməlidir, sənə məxsus olanı kimsə qamarlayıb zorla əlindən almalıdır, ən yaxın dostun gözünün içinə baxa-baxa sənə xəyanət etməlidir. Və günlərin birində son qüvvəni toplayıb "Əl çəkin yaxamdan, əl çəkin, istədiyiniz oldu, mən məğlub oldum, uduzdum, mən heç kiməm, heç kim, mən toz dənəsiyəm!" - deməyi bacarmalısan. Mən bunu bacardım..."
Hekayə bu fikirlə bitir.
Bədii əsər, ədəbiyyat bir nəfər oxucu qalanadək yazılacaq, davam edəcək, dəyərini də saxlayacaq. Həmişə də saysız-hesabsız insan xarakterləri, xislətin ən dərin qatları, hadisələr... təsvir ediləcək, digər suallarla yanaşı bu suala da cavab verməyə çalışacaq: dünyanı dəyişdirmək, yoxsa dünya ilə barışıb ona uyğunlaşmaq?!
Əlbəttə, dünyanı dəyişdirmək çox böyük anlayışdır: burada sadəcə, yaşadığımız mikromühitdən söz gedə bilər...
Əgər insanın haqqı yeyiləcəksə, insana məxsus olanlar zorla əlindən alınacaqsa, insan məğlub olacaqsa, təslim olacaqsa, sındırılacaqsa, insan özünü heç nə sanacaqsa, onun insan adlanmağa haqqı varmı?!
Dünyanın dəyişilməyə ehtiyacı var, dünyanın dəyişilməsi zəruridir. Necə? Hər halda, dağıdılmaq, məhv edilmək yolu ilə yox...
Sabir BƏŞİROV,
fəlsəfə doktoru,
Yardımlı rayonu,
Peştəsər kəndi