adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Sentyabr 2017 09:36
10911
ƏDƏBİYYAT
A- A+

Sözə köklənmişik, sözə


Rəşid Faxralı
Biri sənin, biri mənim
Dərdi dərdə bağlamağa,
Dərdə dönüb çağlamağa,
Bir qəhəri ağlamağa
Iki damla yaş görünür,
Biri sənin, biri mənim.
Qarşıda savaş görünür,
Çəkingən təlaş görünür.
Daşa dönmüş daş görünür,
Biri sənin, biri mənim
Ayrılığın şeirini yaz
Nə yazırsan könlümcədi,
Sözün sözə mehrini yaz.
Bu mehri duyan tapılar,
Ovsununu, sehrini yaz.
Tanımırıq odasını,
Suya çəkək qadasını...
Bir gözəlin ədasını,
Bir oğulun qəhrini yaz.
Yazdın dumanın şeirini,
Şeir umanın şeirini...
Yazdın sevdanın şeirini,
Ayrılığın şeirini yaz...
Açıqdı dərdin qapısı
Mərd üzünə açıq olub
Həmişə mərdin qapısı.
Neçə mərdi kül eləyib
Neçə namərdin qapısı
Dinmir çataqlı qapılar,
Qaralı-ağlı qapılar...
Nə çoxdu bağlı qapılar,
Açıqdı dərdin qapısı...

Bizi də üşütdü...
Yasəmən ətri var şeirlərində;
sənin yoxluğunun yerində qalan
o qışı bir nərgiz ləçəklərinə
büküb saxlayarsan dan söküləndə
O qışı dincini alan yollarda
Sözlə haqlayarsan dan söküləndə.
Ruhunu yerindən tərpədən qışın
Sırsıra bağlamış telini bir-bir
Sözə bağlayarsan dan söküləndə.
Hərəmiz bir qışın ağrılarını
yaşaya-yaşaya yaşa doluruq.
Bütün sevənlərin yaşı eynidi,
Qışın sazağında yaşıd oluruq.
Hamının könlünə yatır şeirin,
Hamıya doğmadı bu hiss, bu duyğu.
Ruhumu üşütdü yayın yay günü
Sənin yoxluğuna sığınıb qalan
O qışın, o qışın dərd soyuqluğu...
Şuşada sıxım əlini
O yanda bir sevgi sarayı uçdu,
Bu yanda bir sevgi sarayı qaldı.
Bir sevda dil açıb dillərə düşdü,
Bir dərdin kəsilməz harayı qaldı.
Kim baxar dərdlinin nəm harayına,
Qəhər harayına, qəm harayına.
Sənin kəsilməyən bəm harayına
səs verən oğullar qılınc qurşayıb.
Tutub yaxasından nağıl dünyanın
dastanlar, nağıllar qılınc qurşayıb.
Səni sevənlərin cərgəsi sıxdı,
Nağıllı ahıllar qılınc qurşayıb...
...Sənin bəm harayın zil gücündədi,
Sovuşar bu qada, sıxım əlini.
Hərdən görüşsək də Bakıda, qardaş,
Şuşada,
Şuşada sıxım əlini!..
Tüfəng qundağına
yazılan şeir
Dünənin bir şirin röyasısan sən,
Tüfəng qundağına yazılan şeir.
Bu günün dünənli dünyasısan sən,
Tüfəng qundağına yazılan şeir.
O tüfəng duyana əlhət daşıdı,
Ömürün güvənci, ruhun-yaşıdı.
Tarixlər yazanın patrondaşıdı,
Tüfəng qundağına yazılan şeir.
O tamı hiss etdim, o dadı bildim,
Olanlar bir ayrı qadadı, bildim...
Bu günə yazılmış odadı, bildim,
Tüfəng qundağına yazılan şeir.
"Yayın yay günündə ruhuma yağan,
Ruhumu üşüdən qara bax!" - deyir,
"Qopardıb atarıq qara bağları,
Qarabağ, Qarabağ, Qarabağ!" - deyir,
Tüfəng qundağına yazılan şeir...