adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Sentyabr 2017 10:53
25722
ƏDƏBİYYAT
A- A+

Ramiz Qusarçaylının poeziyası barədə bir neçə söz

Poeziyaya bu qədər güclü meylin olması indi heç kəsi təəccübləndirmir. Ona görə ki, şeirə gələnlər, xüsusilə, gənclər hisslərinin qayə, fikir tərəflərinin yox, zahiri təsvir çalarlarının qayğısına qalırlar. Bu, onlardan asılı cəhətdir. İkinci cəhət dövrü mətbuatımızın və nəşriyyatlarımızın ötəri duyğulu, bəsit deyimli şeirlərin həvəslə çapıdır. Beləliklə, az sonra (bir qədər nikbin yanaşırıq) poeziyamızda zəif şeirlər qələmə alan nəsil əmələ gələcəkdir. Sabahın poeziya qayğısına bu gün qalmaq daha məqsədəuyğun olmazdımı? Ədəbiyyatda da "silkələnmə" baş verməlidir, qəzet və jurnallar cəsarətlə yaxşını çap etməli, zəifləri müəllifinin qoltuğuna verməlidir. Bu, eyni dərəcədə ədəbi tənqidə də aiddir. Əksinə mənzərə görürük. Hətta ilk şeir kitablarının müəllifləri, yaxud şeirləri haqqında elə bəlağətli məqalələr yazırlar, matın quruyur. Əlbəttə, beləsində işıq varsa, ruhlandırmaq xeyirxahlıqdır, bir neçə sözlə fikir söyləməklə, yoxsa ki!..
Son bir-iki ilin şeir təsərrüfatını saf-çürük edəndə, gözümüzün qabağına yığılıb-qalan, alınmayan zay məhsullar gəlir. Hansı ki, buna da əziyyət çəkilib, masa arxasında yazılıb, amma o şeir müəllifləri özlərinə bir sual veriblərmi: şeir qoşmaq vacibdirmi? Şeirləri və bir neçə kitabları, hətta cildləri nəşrdən çıxan şairlərin qələm məhsulları yalnız avtoqrafların "qurbanıdır"! Şübhəsiz, "şair" adı ilə işıq üzü görən bu müəlliflərin nə demək istədikləri özlərinə də qaranlıqdır. Belə qərara gəldik, bəsit şeirlərdən nümunə gətirmək oxucuların vaxtını almaqdır, dəyərli şeir həvəskarlarımız az deyil və onlar şairləri seçim etməyi bacarırlar. Təəssüf ki, peşəkar ədəbiyyatşünaslar, imzalarının altında "tənqidçi" sözünü yazanlar hələ də nisbətən yaşlı şairləri fərqləndirmək istəmirlər, amma hansının "pətəkdə", hansı "xanada" yerləşdiyini bilirlər! Elə isə oxuculara nəsihət, əxlaq dərsi verən ədəbiyyatçılar (tənqidçilər) hansı ədəbi meyarı üstün tuturlar? Şəxsi zövqlərinimi (bunu istisna etmirik), yaxın dostluq münasibətlərinimi və ya "dişsiz" şairlərimi? Bir şeiri daha fəal duyan, istəsə obyektiv qiymət verməyi bacaran, lakin iradəsi çatmayan yazar hər ayda oxucuları təngə gətirir. Nədənsə istedadın məhsulu olan, İlahinin "diktəsində" doğulan şeirlərə biganəlik göstəriləndə istər-istəməz düşünməli olursan; əgər belə "düşüncələr" obyektivdirsə, istedadı seçir və qiymətləndirirsə... rahat nəfəs alırsan. Ona görə yox ki, həmin şairi digərlərinin fövqündə saxlayırsan-belə fikirləşmək istəməzdim. Sadəcə, o istedadı da xatırlamaq, şeirlərinin bəzi poetik nüanslarını dilə gətirmək ehtiyacı hiss edirsən. Belə sözün qədrini ölçüb-biçən, daxili əzablarını poeziyaya çevirən, oxucuların on illərdir qəbul etdiyi şair Ramiz Qusarçaylıdır, poeziyaya təmənnasız, amma iddialı gələn, Quba bölgəsində yaşayan istedadlı bir şair!

Göz yaşım Söz yaşıdı,
İşığında şam öldü.
Ölən halal yaşadı,
Yaşayan haram oldu.

Nə sirli bu söz yüküm,
Həsrətinə diz büküm,
Öldü salaməleyküm,
Əleykümsalam öldü.

Ürək kəsdim, arıtdım,
Söz-söz sərib qurutdum...
Bir misranı unutdum -
İçimdə balam öldü...

Sözə poetik-fəlsəfi qiymət! Şairin yaradıcılığında elə predmetlər (əşyalar) var-bu cansızlar əşyalaşır, canlı varlığa çevrilir. Əlbəttə, təbiətin bitirdiyi və yetişdirdiyi bu nəsnələr şeirə ayaq açır, poetik lövhəyə çevrilir. Təkcə təsvir baxımından deməzdim-fikir aktına dönürlər. Ramiz Qusarçaylıda bənövşəyə, ümumən, çiçəklərə münasibət nədən, yaxud haradan gəlir sualımı özümə pıçıldayanda şairin estetik baxışının poetik tərənnümdə toxdadığını yəqinləşdirirəm. "Qız bənövşə qəm izləri", "Bənövşəm mənim", "Qurudub göndərmə bənövşələri" şeirləri nümunədir. Xalqda "qız bənövşə" işlədilir, bir xalq mahnısında da oxunur. Mən belə yozuram ki, bənövşə hələ bakirədir, qarın altından üzaqlığa çıxıb, insan əli toxunmayıb. Amma bir həqiqət var ki, bənövşə ömrü çox qısadır və üzü "payız" ömrünə gedir? Təbii ki, şair həssasdır, təsirlənir, niyə belə erkən köçür, olmazdımı qız ömrünü o da yaşasın? Zəriflər isə çox erkən "həlak" olur. Sən də şair, nə tez bənövşəni, nərgizi özünlə tutuşdurdun. Sən özün qarlı məkanda, sağın-solun başı qar örpəkli dağ ətəyində yaşayırsan. Ömür bu qədər payızlaşır?
Qar ağladır nərgizləri,
Qız bənövşə qəm izləri,
Məndən qaçan gündüzlərim,
Gecəmə payız gətirir.

Sonra? Yox! Azca sonra sanki bədbinləşirsən, şair.

Dərddən boy-boy enən dağım,
Qəriblikdə qürub çağım.
Dəfnimə güllənən ağım,
Üçümə payız gətirir...

Ramiz qəfil bənövşə-nərgiz ovqatını sosial ovqatla əvəzləyir, ictimai məna verərkən də poeziyanın damarını tutur və bir qədər bədbinləşir; "Gül qəbirləri" şeirini astadan pıçıldayır ki... Qəbir insan üçün elə də can atılan məkan deyil axı.

Mən düşdüyüm bataqlığın
İçində gül qəbirləri.
Üstdə bayquş abadlığı
Altda bülbül qəbirləri.

Qurbağa göl lil sovurur,
Hay-küyündə sel sovurur,
Külək döyür, yel sovurur
Sünbül-sünbül qəbirləri.

Baş açmıram bu kələkdən,
İki şeytan bir bələkdə,
Kim yozacaq yarı nöqtə -
Yarı vergül qəbirləri.

Qamış neydə səs şamları,
Sürünür ilbiz damları,
Dərdi ağır adamların
Artır yüngül qəbirləri.

Və "qəriblikdə qürub çağım" misrası hansı ovqatdan doğdu: Axı nikbinsən, həyata baxışın da elədir. Bəlkə belə kövrəklik şairliyindən gəlir, yoxsa psixoloji impulslardan. Mən bilirəm ki, hər ikisi hər şairdə barışmır. Sənin poeziyana işıqda baxıram-o mənada yaradıcılığında həmişə işıq axtarmışam. Sonra bənövşə ilə üzbəüz durub necə də yüksək həvəslə "dərdini" bölüşdürürsən, amma yenə öz həssaslığını ifadə edirsən: "O nə boylanışdı, dolmusan yenə"-pıçıltınla bulağı xatırladırsan:
Gör bulaq dərəyə nə dil açdırıb,
Tənha daşlara da könül açdırıb.
Həsrəti gözümdə gül-gül açdırıb,
Qönçə dodağını büzənim mənim.

Amma bənövşə deyəsən çiçəkliyindən çıxıbdır, bir məhəbbət timsalında. Həqiqətənmi şair bir çiçəyin telindən-ləçəyindən poetik obraz yaradır:

Gecələr rəng alır qara telindən,
Qara mənsizliyi dara telindən.
Düşüb ürəyimə yara telindən,
Tel-tel ürəyimi üzənim mənim.

Bu qeyri-mümkün obrazlar necə gəldi, bax bu möcüzədir; əşya və ovqatın vəhdətindən doğan hissdir. Şairin eşqi necə də zərif, sadəlövh olur, gizlətmirsən.

Eh... bu da bir eşqin ayrı dağları,
Üşüyür kölgəsi ayrı çağların.
Düzüb zülüm-zülüm ayrılıqları
Üstündə meh kimi əsənim mənim,
A bənövşəm mənim, süsənim mənim.

Bənövşəyə aid çox şeirlər oxumuşam, klassik "Bənövşə"lərdən Səməd Vurğunla Osman Sarıvəllinin də. Hərçənd, onların o bənövşəsi başqa poetik üslubun obrazlarıdır; müqayisəni də başqa yöndən aparmıram. Sənin bənövşənə barmağımın ucunu toxundurmağa cəsarətim çatmadı. Bax, necə yazıldı bu şeirlər? Sualı mən verəsi oldum: fikir və poetik ehtiras, bir də istedadın qüdrəti. Bu "üçlüyün" əhatəliliyini yalnız şair yaşayır.
"Gecə" obrazı Ramizin poeziyasında fərqlənir. Gecədə qaranlıq əvəzinə işıq görürəm; gecələr şairə şeir yazdırmağa ehtiyat eləyir; dağlar sanki üstünə gəlir və "üçlük"də digər qeyri-adilik olur-fikrin assosiasiyasına, predmetin daxili mahiyyətinə, bir şair ovqatının sirlərinə vaqif kəsilir. Bu, lirik təfəkkürdən süzülür?

Bir şeir ağladım gecə yarısı,
Bir şeir hönkürdüm... ağ vərəqlərə.
Göydə Ay bildiyim saman sarısı,
Qopub yarpaq-yarpaq töküldü yerə...

burada hisslə şair kəşfi toqquşursa, bir-birini udmur və heç bir sosial təfəkkürə yer qalmır, amma deyəsən, o məqamdan çıxmır; hər halda gecədə məzar qaranlığı var.

Gözümün nəmində məzar sükutu,
Üzümdə şehlənən ölüm buxarı.
Çiynimdə gecənin qara tabutu,
İçimdə bir ölü sevinc ağarır.

Belə çıxır, Ramiz Qusarçaylıdakı poetik qüdrət ölmüş ruhu dirildər və poeziyaya həzin və gözəl şeir bəxş edər. Bəlkə də hissiyyata qapılıram, içimdə sönən (axı, mən şair doğulmadım) misraları görürəm. Əgər şair olsaydım belə, o gecəni ilahiləşdirmək zoruna düşməzdim. Başqa bir şeirində ("Mən kənddən çıxanda gecə yarıydı") doğulmamış bir poetik təsviri dünyaya gətirirsən:

Mehlə sığallanıb nazilən otlar,
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar,
Torpaqdan yapışıb dikəlirdilər.

Maraqlı nədir? Gündüz bu mənzərəni seyr edib tərənnüm dilinə gətirmək daha asan olur. Hər şey seçilir. Şair olaraq, bir tərəfdən gecə, o biri yandan kənddən çıxmaq ovqatının həzinliyi. Sualı burada verirəm ki, ayrılıq dəmi olmasaydı, bu şeir yazılardımı? Hər iki səbəbi (yazılma və əksinə) açsaq, poetik obrazlardan heyrətlənməyim - nədir bu? "Qönçələr çəmənə pıçıltı salıb, yuxulu-yuxulu çiçəkləyirdi", "Yumru evlərini çiyninə salıb, ilbizlər izimlə iməkləyirdi". Yaxud, "Heyrətin yolunu azan arıydı, uyuyub qalmışdı güllərin üstə". Vallah, bunlar şairin əhval-ruhiyyəsinin nəticəsi deyil, bəlkə şairin hissi-psixoloji qatından gələn möcüzəli nəsnədir? Bax, bu iki məqama (ovqata və hissə) da aydınlıq gətirmək mümkündür. Şairdən öz şeirini təhlil etmək istəyi düzgün olmazdı, mən bu ənənəni pozuram, ona görə ki, şeir özü sirrdir, həqiqətdir. Oxucu Ramizin şeirlərini oxuyanda obrazlı fikirlərin əlində məəttəl qalır, çırpınır. O məqamlar var - əsirgəməyən poetik yanğısıdı. Hansısa bir ədəbiyyatşünasın fikridir ki, şeir şeirdən doğulmur, həyatdan doğulur, başqa şeydən yox. Əvvələn, bu, iki mərtəbəli deyimdir: hər şey həyatdan gəlir, amma şeirə bunun aidiyyatı yoxdur. Şeir İlahidən pıçıltıyla, çiçək-çiçək, ləçək-ləçək yol gəlir və şairin ürəyinə kosmik sürətlə çatır. Bir elegiyanı oxudum, dostunun xatirəsinədir. Təbii ki, həyatda baş verən bir hadisədir-ölümdür, bu hissi hər şairin poetikləşdirməyə gücü çatarmı?

Noldu qərib yetim, qəribə yetim,
Ölümün gözündə çiçəkləndinmi?!
Evindən qəbrinə uzanan yolu,
Dörd taxta üstündə iməklədinmi?!

Sualım açıq qalır.



Bu yaz bənövşələr sənsiz qaldı ki...
Sevdiyin çay yeri sənsiz qaldı ki...
Çat düşən ürəyin dənsiz qaldı ki...
Torpağın altında dərd ləklədinmi?!

Hiss etdim ki, bu itki şairi tənhalaşdırmışdır - dərin kədərinin etirafı kimi. Çox vaxtlar yazdığı şeirlərdə dərin sarkazm, gözlənilməz adamlarda əyilib-bükülmək marağı, ümumən cəmiyyətdə paradokslar estafetinin tərənnümünü görürsən. Amma bu mövzular şeirlərin sinir qatlarında prozaik səslənmir. "Yığılır" və "Qoyun havası" şeirlərində olduğu kimi.

Ötüşür qəm buludları,
Gözümə ulduz yığılır.
Dərd ürək-ürək dərilir ,-
Bönəvşə qız-qız yığılır.

Ömür əldə bağ kimidir,
Yollar yaşıl tağ kimidir,
Vicdan da papaq kimidir,
Atdın, üstə toz yığılır.

Təndir dolu küt adamlar,
Ayaq yuyur "büt" adamlar,
Elə artır şit adamlar,
Bədənimə duz yığılır.

Allah bizi "tac" hesab etdiyimiz "büt" adamlardan qorusun, şair! Bəs sol və sağımızda, aşağıda və yuxarıda öz yerini isti saxlayanlar niyə mələşirlər? Əvəzində "qurd səsi gəlmir bu yerlərdən, amma ofisdə, firmada qoyunlar adam-adam, mal-mal mələyir. Və nəhayət, həssas, kədərli şairin son sözü:

Dəyişib torpağın, suyun havası,
Mələşmə bu yerin oyun havası,
Düşüb sümüyümə qoyun havası,
Çalın aram-aram "Qoyun mələyir".

Ramiz Qusarçaylı poeziyasının dəmir sətirləri adi metaldan deyil, hər bir parçada rəng çalarları, poetik fiqurlar obrazlılığı işıqlandırır və şeiri bütövləşdirir. Böyük poetik şücaətdir ki, bütün yaradıcılığı boyu heç bir təkrarla qarşılaşmırıq, əsl şeirin həqiqəti oxuculara ayrı-ayrı şeirlərdən dəmir sətirlərin çalarlarını sıralamaq fikrində deyiləm, sadə bir şeirinin timsalında fikrimin təsdiqini əyaniləşdirirəm:

Sovrulur ömrün xırmanı,
Yerində can ətri qalır.
Ayrılığın kol dibində,
Bir bənövşə sətri qalır.

Dağ daşlanır ətəyimdə,
Şimşək oynar kürəyimdə,
Hər gün səngər ürəyimdə,
Bir misranın qətli qalır.

Gecələrə Ay tuturam,
Şöləsinə boy tuturam.
Ölümə bir toy tuturam,
Əzrayılın xətri qalır.

Ramizdə Vətən, onun bir parçasının itkisi bir fövqəl şeirin yaranmasını şərtləndirmişdir. Oxuculara ehtiyac görmürəm şeirin poetikasından danışım. Şeirin obrazlı pafosu kifayət edir:

Düşməndən dərs yükü alıb,
Dərdinə daldığım Vətən...
Qarabağda "2" alıb,
Sinifdə qaldığım Vətən.

Oğul-oğul çiçəkləndi,
Şəhid-şəhid ləçəkləndi.
Xocalıda çilikləndi,
Əlimdən saldığım Vətən...

Gedir, yad əldə can gedir,
Can-can Azərbaycan gedir,
Gör kimlərə qurban gedir.
Bu qurban olduğum Vətən?!

Zənnimcə, bu şeir Vətəni itirən insanlar üçün rekviyem olmalıdır- tamamilə mübaliğəsiz!
Şair Ramiz Qusarçaylını tanımasa idim, maraqlı söhbətlərin yol yoldaşı olmasaydım belə, onun poeziyasına bir oxucu vurğunluğumu etiraf edərdim və qürur hissimi gizlətməzdim; necə ki, bu məqaləni qələmə aldım...