adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ZAMANA MEYDAN OXUYANLAR: FİRƏNGİZ ƏHMƏDOVA

9558 | 2017-09-23 10:22
Xalq arasında həm də "Qala" və ya "Qədim şəhər" adlanan İçərişəhərdə 1928-ci ilin payızının ikinci səhəri açılırdı. Bizim yerlərdə payızın ilk ayı adətən isti olur. İçərişəhərin ensiz küçələrində gizlənqaç oynayan dəniz küləyi olmayanda bu istini daha çox hiss edirsən. Bu payız səhəri də Günəş yuxarı qalxdıqca Xəzərə sığal çəkən şüaları yavaş-yavaş bir-birinə söykənən evlərin düzbucaqlı pəncərələrindən otaqlara süzülür, arada pəncərə şüşələrindən əks olunaraq rəngli zolaqlar yaradırdı. Bu rənglər İçərişəhərdə həmişə duyulan rahatlığa qarışırdı.
Qədim şəhərin Tverskaya, indi görkəmli tarzən, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Mirzə Mansurun adını daşıyan küçəsindəki 97 nömrəli mənzildə isə bu gecə hamı nigaran idi. Xoş xəbər bu nigarançılığa son verdi, Əhmədovlar ailəsini, qohumları, dostları sevindirdi. 1928-ci il sentyabrın 23-də bu ziyalı, mehriban, zəhmətkeş ailənin dördüncü övladı dünyaya gəldi. Adına Firəngiz dedilər. İndi Yusif və Səriyyənin üç qızı, bir oğlu vardı. Ailənin sonbeşiyi olan üçüncü qızın dünyaya gəlişi ailəyə, yaxınlara, doğmalara yeni sevinc yaşatdı. Qızın musiqiyə meyli kiçik yaşlarından hiss edilirdi. Dil açanda sözləri də xüsusi avazla deyərdi. Anası onu "avazlı qızım" deyə oxşayırdı. İki-üç yaşından eşitdiyi mahnıları yadında saxlayıb, şirin səslə oxuması hamının marağına, təəccübünə səbəb olurdu. Sonra bu balaca qızın özü ilə bərabər arzusu da yeriməyə başladı: balaca Firəngiz ailə üzvlərini - bacıları Məsmə xanımı, Mələkcahanı, qardaşı Mahmudu, ata və anasını bir yerə yığıb onlar üçün "konsert" təşkil edirdi. Dili topuq çala-çala oxuyur, toppuş əllərini bir-birinə vurur, yəni "əl çalın" deyirdi tamaşaçılarına. Evləri qonaq-qaralıydı. Dost-tanış, qohum-əqrəba, yaxın qonşular tez-tez gəlirdi. Balaca Firəngiz sevinə-sevinə yadında qalan mahnıları bütün səyini gücü çatan qədər bir yerə toplayaraq onlar üçün oxuyurdı. Hamı onun "kiçik konsert"lərinə böyük maraq göstərir, gözəl müğənni olacağına inanırdı. Hətta anası ona "konsert"lərində geyinmək üçün xüsusi paltarlar da tikirdi. Qızın öz xəyal dünyası vardı; müğənni qız isə bu xəyal dünyasının şahzadəsi idi.
Firəngizin atası Yusif Əhmədov Rusiyada təhsil alan az sayda ziyalılardan idi. Anası Səriyyə xanım partiya məktəbinin məzunuydu, müxtəlif vəzifələrdə çalışmış, fəal ictimaiyyətçi olmuşdu. Minlərlə ailə kimi Böyük Vətən müharibəsinin (1941- 1945) ağrı-acısını yaşayan Əhmədovlar çətinliklərə baxmayaraq övladlarının təhsilini diqqətdən kənar qoymurdular. Uşaqlar hamısı əla qiymətlərlə oxuyurdu. Firəngiz həm də özfəaliyyət dərnəyinin üzvü idi, məktəb tədbirlərində də fəal iştirak edirdi. Anasının yaxın rəfiqələrindən olan və Bakı Musiqi Məktəbində işləyən Nina Nikolayevna qızın ifasını eşitmiş, onun musiqiyə olan marağını hiss etmişdi. Və bir gün Nina müəllimə məktəbli qızı musiqi məktəbinə aparır. Qız səsi ilə müəllimləri və məktəbin direktoru Tamara xanım Rəhimovanı heyran qoyur...
Sonralar Firəngiz Musiqi məktəbində təhsil alır. Musiqi məktəbində oxuyarkən Azərbaycan Dövlət radio xoru üçün keçirilən ifaçı seçimlərinə qatılır. Həmin dövrdə respublikada xor dərnəklərinin yaradılmasında xüsusi xidmətləri olan Hacıba Əliyev qızın istedadını yüksək qiymətləndirir və onu solist kimi xora dəvət edir. Beləcə Musiqi məktəbinin tələbəsi olan buruqsaçlı, qaragözlü Firəngizin sənət yolu başlayır. Və bu daha böyük uğurların başlanğıcı olur. Firəngiz Musiqi Məktəbində Azərbaycanın ilk profesional qadın bəstəkarı Ağabacı Rzayevanın bacısı Rəfiqə ilə tanış olur. Firəngizə həmişə heyranlıqla qulaq asan Rəfiqə ona bacısı ilə tanış olmağı təklif edir. "Bacım bəstəkardır, yeni romans üzərində çalışır. Romansa ifaçı axtarır. Onu müəlliminə təqdim edəcək. Sənin haqqında danışmışam. Səninlə görüşmək istəyir"- deyən Rəfiqə Firəngizi bacısı ilə tanış edir. İllərin dostluğuna çevrilən bu tanışlıqdan sonra Firəngiz Ağabacı Rzayevanın bir çox mahnı və romanslarının ifaçısı olur. Amma ilk dəfə Ağabacı xanımın böyük Nizaminin sözlərinə bəstələdiyi "Könlüm"ü xanım bəstəkarın müəllimi qarşısında ifa edir. O müəllim isə müsiqi tarixində xüsusi yeri olan, Azərbaycan operasının banisi, istedadı, böyüklüyü ilə heyrətə gətirən Üzeyir bəy Hacıbəyli idi.
Gənc qızın ifasını dinləyən Üzeyir bəy "Konservatoriyada oxuyacaqsan" deyə qərar verir. Həmişə Nigarı oynamaq arzusuyla yaşayan Firəngizin Nigarını görmək böyük bəstəkara nəsib olmasa da, istedadlı xanımın həyatına yeni səhifər yaza bilir.
Musiqi məktəbində təhsilini başa vurmadığı üçün Firəngiz Konservatoriyanın hazırlıq kursunda oxumalı olur. 1951-1955 -ci illərdəsə artıq o, öz şirin, arzularla, uğurla dolu tələbə həyatını yaşayır...
Görkəmli bəstəkarımız M.Maqomayevin "Nərgiz" operası ilk dəfə səhnəyə qoyulanda Firəngizin 7 yaşı vardı. Nə vaxtsa böyük səhnəyə, həmişə xəyal etdiyi Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsinə ilk dəfə "Nərgiz"lə çıxacağı ağlına gəlməzdi. Bu 16 il sonra baş verir. Konservatoriyanın birinci kurs tələbəsinə Nərgiz obrazı tapşırılır. Hər il "Koroğlu" ilə açılan teatr mövsümü 1951- ci il sentyabrın 12-də baş partiyanın ifaçısı Firəngiz Əhmədova olan "Nərgiz"lə açılır. Nərgizin gətirdiyi uğurdan sonra gənc ifaçıya M. Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, gürcü bəstəkarı Zaxari Paliaşvilinin "Daisi" operasında Maro rolu tapşırılır. Öz sevgisi uğruna canını fəda edən Maronu axtaran İstedadlı reissor Şəmsi Bədəlbəyli həm də səhnəmizin yeni Nigarını tapır. Hər ifaçı ilə tərəfmüqabili olmağa razılıq verməyən, o illərdə şöhrətin zirvəsində olan böyük Bülbül Firəngizin Marosunu görən kimi "Bundan sonra Firəngizlə oxuyacam" deyir. "Ömrünün sonunacan Bülbülün yaratdığı Koroğlunun Nigarı olmağımla fəxr edirəm" - deyərdi Firəngiz xanım...
Firəngiz Əhmədovanın tarixə dönən sənət yolu uğurla davam edir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan İncənəti dekadasında (ongünlüyündə) əvəzsiz sənətkarlarla Bülbül ("Koroğlu") və Rəşid Behbudov("Sevil") Böyük Teatrın səhnəsində tərəf-müqabil olur. Peşəkar ifası və oyunu ilə bir daha şöhrət qapısını döyür. Onun haqqında hansı sözü işlətsək az olar. Musiqinin zirvəsi olan operada ən çətin qadın obrazlarının yaradıcısı, Azərbaycanın, SSRİ-nin deputatı, onlarla fəxri-fərmanın, müxtəlif mükafatın sahibi, SSRİ-nin Xalq artisti idi "Şöhrət" ordenli Firəngiz Əhmədova. Ölməz bəstəkarımız Fikrət Əmirovun "Səhnəmizin bənzərsiz Sevili" adlandırdığı, Gülçöhrə, Səriyyə, Nazlı, Xuraman, Sona, Mikaela, Aida,Toska,Çio çio San, Dezdemona, Yaroslavna və bir çox obrazların ən çətin, yüksək tessturada olan ariyalarını, qəhrəmanlarının bütün duyğularını tamaşaçıya sevə-sevə, böyük ustalıqla yaşadan Firəngiz xanım Əhmədova sənətin zirvəsində idi.
Firəngiz xanımın sənət ömrü musiqimizin "qızıl dövrü" adlanan illərə təsadüf edir. Əslində o "qızıl dövrü" o illərdə yaşayan,yaradan korifeylər yazıb musiqi tariximizə. "Qızıl Saprono" adlandırılan Firəngiz xanım da bu tarixə əvəzsiz səhifələr yazıb.
İçərişəhərdə olarkən Firəngiz xanımın doğulduğu, böyüdüyü mənzili görmək istədim. İçərişəhər o qədər möcüzəli yerdi ki, hər dəfə orda gəzəndə əsrarəngiz bir sehrə düşürsən elə bil. Dolaşa-dolaşa ünvanı tapdım. Əhmədovların evi sökülmüşdü, yerində ikimərtəbəli bir ev tikilmişdi. Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş ilk obyekti olan qədim şəhərdə yeni tikinti aparmaq kimin ağlına gəlib görəsən? Nəsə çox təəssüfləndim, göynədim. Amma mən küçədə o səsi eşitdim elə bil. Müslüm Maqomayev, Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov, Hacıbaba Hacıbabayev, Hüseynağa Əliyev, Z.Ancaparidze, Nodar Anquladze (Gürcüstan), İvan Dimov (Bolqarıstan), Zinoviy Babiy (Rusiya), Tiit Kuuzik (Estoniya) və bir çox başqa dünyaşöhrətli ifaçılarla tərəf-müqabili olan Firəngiz xanımın səsini eşitdim. Bir az günəşin işığı, bir az ayın nuru, bir az xəyallarımızın, arzularımızın, bir az kədərimizin, sevincimizin səsi kimi ruhumuza qarışan o səsi eşitdim. Düşündüm ki, illər ötəcək, biz o səsi həmişə eşidəcəyik: OXUYUR FİRƏNGİZ ƏHMƏDOVA.
F.Əhmədova 17 dekabr 2011-ci ildə dünyasını dəyişdi, zaman məvhumu olmayan əbədiyyətə qovuşdu. Çünki insanın ömrü zamanla, rəqəmlərlə ölçülmür. İnsan ömrü yaratdığı, yaşadığı qədərdi. O yaşayan və yaradan insan idi. Hələ neçə illəri aşacaq, zamana meydan oxuyacaq, bütün insanların anladığı musiqi dilində gözəlliklər yaradacaq sənətkar idi.
Bu gün isə onun unudulmayacaq xanım sənətkarın doğum günüdür - 23 sentyabr.

TƏQVİM / ARXİV