BİZ VAXT TAPA BİLMİRİK...

ƏBÜLFƏT MƏDƏTOĞLU
57746 | 2017-09-23 09:34
Onda da vaxt bizi tapır

İndi günün, saatın elə vaxtıdı ki, gərginlikdən özümü bir yerə toplaya bilmirəm, səpələnmişəm hər tərəfə. Necə deyərlər, toparlanmaq, yumruq kim bir yerdə olmaq, ayaqda durmaq yaman çətinləşib. Hətta mümkünsüz olubdu. Bir-birinin ardınca yükləndiyim ağrı-acılar, itkilər tarazlığımı pozub, müvazimətimi saxlamağa imkan vermir. Elə bil Əzrayıl mənimlə çiling-ağac oynayır... elə bil ki, mənə gözdağı verir... elə bil ki, mənə həddimi göstərir, yerimi nişan verir...

Bilmirəm bütün bunlar nəyə lazımdı? Onsuz da heç bir olacağın qarşısını almaq, heç bir olacağın olmaması üçün bir köklü müqavimət göstərmək gücüm yoxdur. Olan-qalan gücüm itirdiklərimlə, necə deyərlər, kayb etdiklərimlə birlikdə tükənib, əriyib gedibdi. Və mən sadəcə Allahın iradəsinə, onun böyüklüyünə, onun mərhəmətinə sığınıb durmuşam. Əgər buna durmaq, dayanmaq demək mümkündüsə. Axı, ömrümün 50 ilində qazandıqlarım son bir-iki ildə bir ucdan seyrəlirlər. Yarpaq tökümü baş verir çevrəmdə. Bunun olacağını bilirdim. Amma belə erkən, belə vaxtsız olacağını gözləmirdim. Təəssüf...

Bəlkə də təəssüf yox, ondan da qat-qat ağır, qat-qat üzüntülü olan, heyhat!!! Yəni təəssüfün də təəssüfü. Mən bunu necə yaşayıram, ümumiyyətlə, mən bunu niyə yaşayıram bilmirəm, anlamıram. Və bilib anlamaq gücümün tükəndiyi bu yerdə yenə son ümid Allahımdı, bir də Sən!..

Hə, əvvəldə vurğuladığım kimi, bu indiki durumda insanın içiylə, ürəyiylə tək qalması çox ağırdı, çox dəhşətli və qovurucudu. Çünki içində qovrulmaq adamın tüstüsünü təpəsindən çıxarır... adama adamlığın, yəni duyumlu, anlayışlı olmağın bütün nöqtə-vergülünü yaşadır. Onda kimisə, nəyisə gözün axtarır. Əlin toxunmaq, gözün görmək istəyir. Ən azından yaşadığının içindən çıxmaq üçün, yaşadığını arxa plana keçirmək üçün. Mən indi həmin o təsvir etdiyimin bütünlüyünü, toplumunu yaşayıram. Onları sözə, yazıya çevirmək istəyirəm. Amma bu istəyin özü də elə-belə asan iş deyil. Bunun üçün də hissini, duyğunu ram etməyi bacarmalısan. Və səni yandıranla bu yanğıdan duyduqlarını görüşdürəsən, qovuşdurasan, onlardan da əlavə bir qətiyyət ortaya qoymaq lazımdı. Elə bir qətiyyət ki, ağrıdan partlamaq istəyən ürəyini o iradə, o qətiyyət bir anlıq da olsa özünə tabe etsin.

Bax, bütün bu dediklərimi indi bilgisayara diktə etdiyim anda belə ovuclarımla sıxmağa, qucaqlamağa çalışdığım kafamın çatlamaması möcüzə sayılmalıdır. Bəlkə də bu elə bir möcüzədi? Mən hələlik görmürəm, duymuram. Amma bu möcüzənin görünən bir ipucu, parıltısı da var. O da üzümü tutduğum, könlümü tapşırdığım Allahımdı, bir də Sənsən. Mən məhz sizlərə bu anımda pənah gətirib ağrılı, yuxusuz gecəmdə pıçıldadığım misraları dilə gətirirəm.

Yoruldum kədərə sığal çəkməkdən,
Əlim qabar oldu, dilimsə yara...
Kirpiyin ucuna ulduz əkməkdən -
Onun üzü ağdı, mənimki qara...

Qurduğum xəyallar da heydən düşübdü,
Nimdaş köynək kimi süzük-süzükdü...
Kədər ruhumu da dəlib deşibdi -
Boğulan ürəyim qaşsız üzükdü...

Çevrəmdə fırlanır pərvanə ölüm
Gözlərim dirənib - dizim bükülü...
Kirpiyin ucunu silərsən, gülüm -
Yadına salarsan sən bu şəkili...

Bəli, mənim durumumun ifadəsi olan kirpiyin ucundakı ulduzun parıltısı altında çəkilmiş şəkildi bu. O şəklin cizgilərini görmək elə o parıltını unutmaq deməkdi. Təbii ki, bacarsan!..

***
Yolun uzağı-yaxını olmur, heç mənzilin də. Əgər getmək istəsən, ən uzaq yolu da qət etmək mümkündü. Getmək istəməyəndən sonra adam divar qonşusunun evini də uzaq sayır. Bu da onu göstərir ki, hər şey ürəyin, ağlın qərarından asılıdı. Bu qərar verildisə, özü də bu istəyin, qərarın arxasında sevgi, inam dayandısa, bəli, dağı aşacaqsan, yolu keçəcəksən, mənzilə çatacaqsan...
İndi mən də bu uzaq yolu özümə o qədər yaxın bilirəm ki, sanki çalışdığım binanın daha bir mərtəbəsini qalxacam. Amma əslində yol azından 4 saatlıq məsafədi. Özü də bir istiqamətdə. Lakin getdiym yer həsrətini çəkdiyim kəndin beş addımlığında olduğundan ora tez çatmağa çalışıram... ordan boylanıb ətrafa baxmaq istəyirəm... ordan dağ havasını, Ərgünəş mehini özümə hopdurmaq, ruhuma köçürmək istəyirəm. Üstəlik, orda keçən günlərim, ordakı xatirələrim üçün əlimyandıdayam, səbirsizləşmişəm. Hə, bir də burda ziyarət edəcəyim məzarlar mənim yolumu gözləyir. Onlar da bu yolu sanki qısaldırlar. Axı, orda Vahid Əlifoğlu, Rafiq İbrahimov, Vaqif Cəfərli, Oruc Səda, indi isə Dilavər gözləyir məni. O cümlədən də Mətləb Misir və daha neçə-neçə tanıyıb-tanımadığım, ruhən isə özümə doğma bildiyim məzar sahibləri...

Ziyarət həmişə gərəkdi, həmişə olmalıdı. Bunun üçün sadəcə vaxt gərəkdi, vaxt ayırmaq lazımdı. Təəssüf ki, biz vaxtı tapa bilmirik, vaxtı ayırmağı bacarmırıq. Vaxt özü bizi tapır, vaxt özü bizi ayırır və əlimizdən tutub aparır. Apara-apara da o bizə pıçıldayır ki, bu məzar sahiblərini unutmaq olmaz. Çünki tapmadığımız vaxt sizə onları unutdurmaqla sizi həm də unutqan edir. Sizi unudanların siyahısına qoşur. Və zaman gələcək ki, həmin o tapmadığınız vaxtın qəzəbinə gəlib siz də unudulacaqsınız. Bundan qorunmaq, bundan qaçmaq üçün vaxt tapmaq, vaxt axtarmaq prosesini işlək saxlamaq, necə deyərlər, tətikdə tutmaq gərəkdi. Mən elə bilirəm ki, gec də olsa bunu dərk etmişəm. Ona görə də içimə bir balaca sərinlik gəlir, üstümdən bir balaca meh ötüb keçir. Bu sərinlik də, bu meh də mənə həmin o zaman axtarışında yardımçı olur, o vaxtı tapmaqda köməklik göstərir. Hər halda günahın yarısından qayıtmaq da bir işdi. Düşünürəm ki, mən bu gün bütün sıxıntılarıma, ağrı-acılarıma, hətta içərisində olduğum duruma baxmayaraq, üzü Ərgünəşə getməkdə gecikmirəm. Və...

Deməli, gedirəm Ərgünəşə doğru. Söylədiyim kimi, itirdiyim ən əziz, ən doğma dostumun məzarı başında dayanmağa, onun torpağını öpməyə, onun məzarını göz yaşımla islatmağa. Axı, deyirlər ki, torpağın üzü soyuqdu. Onu da deyirlər ki, bir ovuc torpaq son qoyur bütün ümidlərə. Deyəsən bu doğurdan da belədi. Əks halda, mən acı xəbəri eşitdiyim anda yaşadığım sarsıntını indi bu yazını diktə etdiyim anda elə bil ki, yarıbayarı azaltmışam. Bax, bu səbəbdən də mən torpağın üzünün soyuq olduğunu qəbul etmişəm. Çünki xəbəri eşidəndə onun ölümünə o qədər inanmamışdım. İkinci zəngdə artıq onun dəfn olduğunu dedilər. Bax, onda qollarım yanıma düşdü. Artıq inandım ki, o, bizdən ayrılıb gedibdi. Bir daha geri dönməyəcək. Mən də fələyi, Əzrayılı, daha nə bilim kimləri qınaya-qınaya çökdüm. Oturdum elə torpağın da üstündə, hamımızın sığındığı torpağın. Və bir də gördüm ki, gecə uzanıb gedir, səhər açılmaq bilmir. Və bir də gördüm ki, gecə ilə söhbət edirəm, özü də əlimi Tanrıya açıb...

İlahi, bu gecə nə yaman uzun
Nə yaman yüklüdü ağır sükutla?..
İlahi, bu gecə mən bəndə fağır -
Eyni durumdayam qara buludla!..

İlahi, meh göndər, ya şimşək çaxdır,
Pozulsun nizamı ağır sükutun...
İlahi, bu gecə bir yağış yağdır -
Ağarsın qaralmış rəngi buludun!..

İlahi, məni də qopar, at yerə,
Ulduz ətəyindən, ay yaxasından...
Gətirdim sükutu nahaq bu şeirə -
Bir də asılmaram tay yaxasından!..

***
Heç kimə, türk qardaşlarımız demiş, kötü bir şeylər diləməmişəm, arzu etməmişəm. Ümumiyyətlə, insan olanı, Allah bəndəsini heç vaxt qarğışlamamışam. Hətta məni gündə min dəfə qarğışlayana da bircə kəlmə cavabım olub:

- Allah ürəyincə versin! - demişəm.

Bilmirəm, sözümdə, qərarımda nə qədər haqlıyam, ya da ki, yox, amma bir şey var ki, Allah özü nizamlayır və hər kəs də sonda aid və layiq olduğu yerdən asılır. Bu dediklərimin, bu yazdıqlarımın düşünməyin ki, mövzuya dəxli yoxdu. Əksinə, bu elə mənim mövzumun şah damarlarından biridi. Çünki mən həmişə dostlarımın yanında olmuşam və həmişə də dostlarım da məni öz yanlarında görüblər. Onların kədərini, sevincini də böldüyüm kimi, onlar da mənim kədər və sevincimi yerində və ürək böyüklüyü ilə bölüşüblər. İndi isə ondan ağrıyıb, ondan sıxılıram ki, Dilavərin son anında yanında ola bilmədim.

Bax, bu gecikməyimi özümə bağışlaya bilmirəm. Bəlkə də bu mənə yazılan alın yazısının bir incə məqamıdı. Elə belə də olmalıydı. Onu da düşünürəm. Amma niyə məhz belə yazılsın deməyə də, iradımı ifadə etməyə də gücüm çatmır. Axı, yazanın iradəsi və qələmi bütün aləmlərə hakimdi, hökümlüdü. Mən nə karəyəm ki, səsimi çıxaram?..

Bəli, indi bu yazının sonuna gəlib çıxanda düşünməyin ki, yüküm yüngülləşdi, ürəyim bir az rahatlandı. Yox, əksinə, ürəyimin yaddaş kartı bir nömrəni də qara haşiyəyə aldı. Artıq o nömrənin sahibinə də zəng edəndə dili yanmış qız deyəcək ki, "abonent ya əhatə dairəsindən kənardadı, ya zəng çatmır, ya da telefon söndürülübdü". Hansını deyir desin, bu üç yozumun bir məntiqi nəticəsi var. O da apardığın adamla danışa bilməməkdi, onun səsini eşitmək sevincini yaşamamaqdı. Bax, mən də bu qara haşiyəyə aldığım nömrəyə göz dağı verərək onu da digər nömrələr kimi, hər gün arayacam... hər gün axtaracam... Qoy o dili yanmış qız hər gün öz əzbərlədiyi sözləri təkrarlasın. Görək kim yorulub bezəcək. Mən bilirəm və əminəm ki, son nəfəsə qədər sevdiklərimi, özümə doğma bildiklərimi və bir də Allahımı unutmayacam. Çox da ki, Bakıda tıxacdan, əsəbdən, iqtisadi və mənəvi sarsıntılardan əziyyət çəkirəm. Buna baxmayaraq, mən öz sözümdə, öz mövqeyimdə qalıram.


TƏQVİM / ARXİV