adalet.az header logo
  • Bakı 18°C
23 Sentyabr 2017 09:13
8745
GÜNDƏM
A- A+

İRAN HƏRBİ GÜCÜNÜ NÜMAYİŞ ETDİRİR

Tehranda keçirilən hərbi paradda yeni raket nümayiş etdirildi

1980-88-ci illərdə İran-İraq müharibəsinin başlanması xatirəsi hər il olduğu kimi bu il də İranda hərbi paradın keçirilməsi ilə müşayiət olundu. İran silahlı qüvvələrinin keçirdiyi hərbi paradda hərbi sənayenin bütün yenilikləri, o cümlədən uzaq məsafəli, bir neçə başlıq daşıya bilən yeni raket nümayiş etdirildi.
İran İslam Respublikasının yaradıcısı İmam Xomeyninin mavzoleyi qarşısında keçirilən hərbi paradın açılışında ölkə prezidenti Həsən Ruhani nitq söyləyib. Ruhani nitqində bəyan edib ki, İran heç bir dövlətdən icazə almadan raket potensialını artırmaq istiqamətində hərəkət edəcək. "Biz hərbi gücümüzü artıracağıq. Biz raket potensialımızı genişləndirəcəyik və ölkəmizin müdafiəsi üçün heç kimdən icazə almayacağıq".
"Reuters" agentliyinin verdiyi bu məlumatda bildirilir ki, prezident Ruhani qeyd edib ki, "İsrail və Birləşmiş Ştatlardan başqa BMT-yə üzv dövlətlərin hamısı İranın nüvə proqramını dəstəkləyir".
21 sentyabrda BMT-nin Baş Assambleyasında keçirilən yığıncaqda İranın nüvə proqramı müzakirə olunub. Yığıncaqdan sonra Avropa Şurasının xarici siyasət komitəsinin nümayəndəsi Federika Moqereni bildirib ki, razılaşma hələ ki, qüvvəsindədi. ABŞ prezidenti Donald Tramp isə öz çıxışında bu razılaşmanı " ABŞ üçün rüsvayçılıq" adlandırıb. Tehranda keçirilən hərbi paradda hərbi qüvvələrin müxtəlif növləri - hərbi dəniz donanması, hərbi hava qüvvələri, quru qoşunlar, hərbi desant diviziyası, İslam inqilabının müdafiəçiləri korpusu və daxili qoşun qüvvələri iştirak edib.
Xüsusilə uzaqmənzilli yeni raketlərin nümayişi diqqət çəkib.
Hərbi kosmik qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə yeni raket barədə məlumat verərək bildirib ki, yeni raket 2000 kilometrədək məsafə qət etmək imkanına malikdi və həmin raket İran-İraq müharibəsi zamanı ən çox zərər çəkən Horenşehrin adıyla adlandırılıb.
Bununla bağlı İran hökuməti bəyan edib ki, ölkənin hərbi gücünün artırılması region dövlətləri üçün heç bir təhlükə yaratmır. İran İslam Respublikasının hərbi doktrinası yalnız ölkəyə qarşı hər hansı bir təhlükənin qarşısının alınmasına yönəlib.