adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Sentyabr 2017 17:38
16091
MƏMLƏKƏT
A- A+

UŞAQLARI XİLAS EDƏK

Uşaqlar bizim həyatımız və gələcəyimizdir! Uşaqsız həyat günəşsiz dünyaya bənzəyir. Və bir də deyiblər ki, uşaq qığıltısından böyük musiqi yoxdur. O evdən, o ocaqdan ki, uşaq səsi gəlir, körpə qığıltısı eşidilir, bax, bunun özü çox böyük bir gözəllikdir. Ancaq biz Allah-Təalanın verdiyi bu gözəlliyi heç vaxt axıra qədər bir çox halda qoruya bilmirik. Yəni böyüklərin, insanların səhlənkarlığı nəticəsində bir də görürsən ki, uşaq yola çıxdı, avtomobillərin hərəkət hissəsinə keçdi və nəticədə də nəqliyyat vasitəsi onu vurdu. Bax, bu anda biz ayılırıq: bir dizimizə döyürük, bir də başımıza! Onda isə hər şey gec olur…

Baş Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, piyadaların vurulması arasında uşaqların da tez-tez nəqliyyat vasitəsi sahibləri tərəfindən vurularaq öldürülməsi çox narahatedici bir göstəricidir. Təsadüfi deyil ki, nəqliyyat vasitələrinin uşaqları vurması və baş verən qəzalar zamanı onların dünyasını dəyişməsi DİN-in rəhbərliyinin də diqqət mərkəzindədir. Bu məqsədlə DİN rəhbərliyi qabaqlayıcı tədbirlər görmək, baş verə biləcək qəzaların qarşısını almaq üçün yol polisinə konkret tapşırıqlar verib. Və yol polisi də bu tapşırıqları zaman-zaman yerinə yetirir.

İndi demək olar ki, uşaqların təhlükəsizliyi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi tədbirlər mütəmadi xarakter alıb. Yəni avtomobil qəzaları zamanı və eləcə də yolun hərəkət hissəsini keçərkən uşaqların vurulması hallarının qarşısının alınması yol polisinin diqqət mərkəzindədir. Artıq sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində «Diqqət, uşaqlar!» təhlükəsizlik aylığına start verilib.

Bu məqsədlə bütün təhsil ocaqlarında, məktəbəqədər müəssisələrdə yol polisi kollektivlərlə görüş keçirir, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı məktəblilər arasında maarifləndirmə, təbliğat və təşviqat işləri aparır. Bu görüşlər zamanı müəssisələrdə olan yol polisi əməkdaşları «Yol hərəkəti haqqında» Qanunu məktəblilərə izah edir, uşaqlara daha diqqətli olmağı ön plana çəkirlər.

Yol Patrul Xidməti Alayının əməkdaşları da bu tədbirlərdə yaxından iştirak edirlər. Çünki respublikanın avtomobil yolu əksər yaşayış qəsəbələrindən və məntəqələrindən keçir. Təbii ki, belə olan təqdirdə hər bir tağım öz xidmət apardığı ərazidə maariflənmə işlərini diqqət mərkəzində saxlamalıdır.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da Qaradağ rayonunun Sahil, Ümid, Sanqaçal, Qobustan qəsəbələrindəki təhsil müəssisələrində görüşlərdə yaxından iştirak edirlər. 6-cı tağımın komandiri, polis mayoru Vüqar Əsgərov bildirir ki, «Diqqət, uşaqlar!» təhlükəsizlik aylığı ilə əlaqədar olaraq əməkdaşlarımız Qaradağ rayonunun qəsəbələrində görüşlərdə olublar. Bu görüşlər zamanı onlar məktəblilərlə səmimi söhbətlər aparıb, onlara yol hərəkəti qaydalarını başa salıb və daha diqqətli olmağı tövsiyə ediblər. Məhz DİN-in rəhbərliyi də bizim qarşımızda bu cür maarifləndirmə işlərinin davamlı aparılması vəzifəsini müəyyənləşdirib. Biz də çalışırıq ki, bu tapşırıqları yüksək səviyyədə yerinə yetirək.

Qaradağ rayonunun Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbdə, (direktor Nəriman Mürsəliyev) Ümid qəsəbəsindəki 294 nömrəli tam orta məktəbdə (direktor Aynur Abdullayeva), Sanqaçal qəsəbəsindəki 222 nömrəli tam orta məktəbdə (direktor Əzizəxanım Həşimova), Qobustan qəsəbəsindəki 223 nömrəli tam orta məktəbdə (direktor Nazilə Eyvazova) 6-cı tağımın baş inspektorları, polis kapitanı Bakir Həsənov və polis leytenantı İlham Qurbanov məktəblilərlə yol hərəkəti qaydaları ilə bağlı izahat işləri aparıblar. Bu görüşlər zamanı hər bir məktəblini maraqlandıran suallara cavablar verilib. Və onlara bildirilib ki, yolu keçərkən çox diqqətli olmalıdılar.

Polis kapitanı Bakir Həsənov görüş zamanı deyib: «Əziz dostlar, şagirdlər, onu bildirmək istəyirəm ki, yaşadığınız hər hansı bir qəsəbədən çıxıb məktəbə gedərkən diqqətli olun və yolu keçərkən mütləq yeraltı və yerüstü keçidlərdən istifadə edin. Qobustan qəsəbəsi daxilində kesən yolda iki yeraltı və bir yerüstü keçid var. Amma buna baxmayaraq, bəzi şagirdlər yolu təhlükəli yerlərdən keçir və metal çəpərin o biri hissəsinə tullanır. Ötən ilin oktyabr ayında «Yol Evi» deyilən ərazidə yolu düzgün keçməy ən piyada vurulmuş və bir şagird dünyasını dəyişmişdi. Bu ilin 8 ayı ərzində isə Qobustan qəsəbəsinə girəcəkdə bir piyada, Sahil qəsəbəsinə keçən yolda daha bir piyada və Sanqaçal qəsəbəsinə keçən yolda bir piyada vurularaq dünyasını dəyişmişdi.

Təbii ki, məktəblilərlə bu cür canlı ünsiyyətdə olmaq onlara yol hərəkəti qaydalarını xatırlatmaq istər-istəməz mövcud təhlükəni aradan qaldırır. 6-cı tağımın görüşdə çıxış edən əməkdaşları bir daha şagirdlərə xatırladıblar ki, hər gün yollarda bədbəxt hadisələr baş verir. Bu qəzalar yol hərəkəti qaydalarına əməl olumamasının nəticəsidir. Gələcəyimiz olan siz uşaqların bu qayda-qanunlara yiyələnməsi bizim üçün çox vacibdir. Ona görə də yol hərəkəti qaydalarını dərindən öyrənin və onlara ciddi əməl edin. Bununla yanaşı, piyada zolağı ilə yol çiyinləriylə hərəkət etməlisiniz.

Piyada keçidlərini yalnız yolun üzərinə çəkilmiş ağ xətlərin üstü ilə keçmək lazımdı. Yeraltı piyada keçidləri olan yerdə yalnız onlardan istifadə edilməlidir. Belə keçid olan küçələrdə yolun hərəkət hissəsinə çıxmaq sizin həyatınızı təhlükədə qoyur. Küçəni keçməyə başlamazdan əvvəl sola və sağa baxmaqla bərabər diqqətinizi artırmaq lazımdır. Avtomobil gəlmədiyinə əmin olduqdan sonra ləngimədən yolu keçin.

İstirahət və bayram günlərində yollarda velosiped sürməyə 14 yaşından sonra icazə verilir. 14 yaşına çatmamış uşaq velosipedlə yolu keçmək istədikdə mütləq velosipeddən düşməli, onu əllə piyada keçidindən küçənin o biri tərəfinə keçirməlidir. Avtomobildə oturarkən təhlükəsizlik kəmərini mütləq bağlayın. Belə olduqda özünüzü təhlükədən qorumuş olursunuz. Bunu valideynlərinizdən və dostlarınızdan da tələb edin!

Göründüyü kimi, uşaqların təhlükəsizliyi həm onların özlərindən, həm valideynlərdən, həm də sükan arxasında əyləşən digər sürücülərdən asılıdır. Bir də görürsən ki, hər hansı uşaq yolun sağına və soluna baxmadan birdən-birə yolun hərəkət hissəsinə keçir və bu vaxt sürücü sürətlə gəldiyinə görə avtomobili saxlaya bilmir və nəticədə qəza baş verir. Bütün bunların qarşısını almaq üçün isə tək uşaqlar deyil, sürücülər, valideynlər və bizim hamımız diqqətli olmalıyıq. Bizim hamımız diqqətli olsaq, uşaqları gözləyən qəzadan onları xilas edə bilərik!

Faiq QİSMƏTOĞLU