adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Sentyabr 2017 16:47
22296
SİYASƏT
A- A+

SÖZ SİLAHDIR

Donald Tramp ABŞ prezidenti postuna yiyələndikdən sonra Şimali Koreyanın adı onun dilindən və dünya ictimai fikrinin gündəmindən düşmək bilmir. Əslində, dünyanın bu ən qapalı ölkəsi siyasi, iqtisadi, mədəni potensial ilə adları ara-sıra hərbi çevrilişlər və aclıq səbəbindən xəbər lentlərinə düşən üçüncü dünya ölkələrindən heç nə ilə fərqlənmir. Ancaq Şimali Koreya öz tay-tuşları arasındakı bir üstün cəhətinə - hərbi arsenalındakı atom bombasına görə həmişə beynəlxalq aləmin diqqət mərkəzində olub. Son aylarda həmin ölkəni bir az da məşhurlaşdıran, siyasi çəkisini artıran başlıca amil elə Trampın özü, daha doğrusu, dünyanın bir nömrəli siyasi kürsüsündə əyləşən şəxsin açıqlamalarıdır. Məsələ burasındadır ki, Tramp hələ prezidentliyə namizəd olduğu vaxtlarda öz qeyri-adi hərəkətləri və ölçüsüz-biçisiz danışıqları ilə gündəmi tez-tez zəbt edirdi. Razılaşaq ki, onun seçki marafonunu uğurla başa vurmasında həmin amilin rolu heç də sonuncu olmadı. Amerika siyasətçiləri seçiləri ilə nə qədər açıq və səmimi rəftar eləsələr də, adətən, öz ütülü leksikonlarında siyasi-diplomatik normaların əndazəni aşmasına yol vermirlər. Tramp bu streotipləri dağıtdı. Əvvəl-əvvəl çoxları bunu seçki ovqatına köklənmiş bir taktika sayır və düşünürdülər ki, prezidentin leksikası zamanla öz məcrasına düşəcək və düşməlidir də. Çünki prezident kürsüsü mitinq kürsüsü deyil, bütün dünya hər gün qulaqlarını şəkləyib burdan –dünyanın bu bir nömrəli kürsüsündən deyilən sözləri gözləyir. Ancaq zaman sürətlə irəliləsə də, Trampın leksikasısı dəyişmiək bilmir. Odur ki, hələlik ABŞ adminstrasiyasının bir çox rəsmilərinin əsas vəzifəsi dah çox öz prezidentlərinin ifadələrini yumşaltmaq, onların başqa məna çalarlarını tapmaq, fərqli yozumlarını vermək üstündə baş sındırmaqdan ibarətdir.

BMT Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışı zamanı da üslubuna sadiq qalan Tramp növbəti dəfə Şimali Koreyanı yaş yuyub quru sərdi. O, ifadələrində bütün diplomatik etiket qaydalarından kənara çıxaraq, rəqibini və həmkarını sözün həqiqi mənasında cin atına mindirdi. Kim Çen İn nə qədər öz müti ölkəsinin hakimi-mütləqi olsa da, canının qədrini bilən və gücünə yaxşı bələd olan birisidir. Bir az aşağıda da görəcəyik ki, onun atom demarşlarının gün-gündən isterik həddə çatması əslində, gücsüzlüyündən doğan qorxu hissilə bağlıdır.

Baş Assambleyadakı çıxışında Tramp bəyan elədi ki, əgər onun ölkəsinə və müttəfiqlərinə qarşı hər hansı bir təhlükə baş verərsə, Şimali Koreyanı büstbütün məhv edəcək. Bundan bir müddət əvvəlsə o, tvitterdə Şimali Koreya prezidentini «intihar missiyasını yerinə yetirən raket adam» adlandırmış, daha sonra isə yazmışdı: "Kim Çen İr öz xalqını öldürən, acından qıran dəlidir. O indiyə kimi görmədiyi günlər yaşamalı olacaq.” Yenə də prezidentin sözlərinə şərh vermək məcburiyyəti yaranmış və bu dəfə adının açıqlanmasını istəməyən adminstrasiya yetkililərindən biri Tampın diplomatik leksikadan kənara çıxmasının başlıca səbəbindən danışaraq demişdi ki, o öz fikrini KXDR liderinə daha yaxşı çatdırmaq üçün belə ifadələr işlədib. "Dövlət başçısı həqiqətən bu oğlanın nəzərinə çatdırmaq istəyir ki, bizim sözlərimizi ciddi qəbul etmək lazımdır» - deyə naməlum yetkili "oğlan” ifadəsilə qaş düzəldən yerdə vurub göz də çıxardıb.

Kim Çen İr-inTrampa və onun "şərhçisi”nə cavabı özünü çox ləngitməyib. Cümə günü televiziya vasitəsilə əhaliyə müraciət edən prezident bildirib ki, ABŞ prezidentinin bu sözləri əslində tarixin ən amansız və vəhşi müharibə elanıdır. Biz də buna qarşı tarixdə görünməmiş sərt tədbirlər görəcək, öz imkanlarımızdan maksimum istifadə edəcəyik. O daha sonra əlavə edib ki, bu cür ritorika ölkənin nüvə raketləri ilə bağlı mövcud proqramını daha da inkişaf etdirmək zərurətini təsdiq edir. "Trapmın sözləri məni qorxutmadı, (əslində, qorxudub -red.) amma inandırdı ki, seçdiyim yol yeganə düzgün yoldur”, - deyə Kim Çen İn bildirib. – Bu cür ağılsız bəyanatlar ona baha başa gələcək. Mən bu psixi xəstə qocanı mütləq odla-atəşlə başa salacam ”. Nəhayət, o, Trampı xuliqan, quldur və ağılsız marazmatik adlandırıb.

KXDR-nın Xarici işlər naziri Li Yön Ho da öz növbəsində ABŞ prezidentinin Şimali Koreyanı məhv edəcəyi ilə bağlı sözlərinə sərt və təhqiramiz cavab verib. BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka gələn nazirin Tramp haqqında dedikləri Koreya dilindən tərcümədə təxminən belə alınır: "İt hürər karvan keçər”.

Trampın bu cür qeyri-diplomatik çıxışlarına Şlmali Koreyadan sərt reaksiyalar verilməsi təbiidir. Üstəlik, heç kim nə Kim Çen İndən, nə də onun ölkəsinin hər hansı başqa rəsmi şəxsindən adi etiket qaydalarına əməl edilməsini belə ummur. Hamı bilir ki, kəfəni əynində gəzən bu dəlisov oğlan özünü öz şəxsi hakimiyyətindən başqa heç nəyin və heç kimin qarşısında məsuliyyətli saymadığına görə dar ayaqda ən ağılsız addımlar atmaqdan belə çəkinməyəcək. Atası və babası kimi onu da nə dünyanın, nə öz ölkəsinin, yəni bir hissəsi yalnız fərqli idarəçilik hesabına cənnətə dönmüş Koreya yarımadasının özlərinə aid cəhənnəm hissəsinin, nə də sağkən meyitə döndərilmiş doğma xalqının taleyi maraqlandırır. Belələri son anda ən ağılsız addımlar atmağa "uf” demədən hazırdılar. Şimali Koreyada isə nə olmasa da belə ağılsız addımlar atmaq imkanının olduğunu Amerikada bilməyən yoxdur.

Odur ki, bu cür ritorika ilə əslində odla oynayan Tramp öz vətənində də sərt təpkilərə məruz qalır. Son söz demarşına kəskin münasibət göstərənlərdən biri də elə onun prezident seçkilərindəki əsas rəqibi Hillari Klinton olub. Klinton Trampı öz sözlərinə diqqət yetirməyə və xüsusilə KXDR kimi qorxulu bir mövzuda danışarkən sözlərini ölüb-biçməyə çağırıb. "Biz onun davarınışını həm müttəfiqlərimizə, həm ölkəmizə, həm də regiona böyük təhlükə sayırıq. Kim Çen İndən gələn təhlükəyə son qoymaq lazımıdr, onu «raket adam» adlandırmaq yox”, - deyə Klinton bildirib.

BMT-nin baş katibi Antoni Quterres də Baş Assambleyadakı çıxışında bu problemə geniş yer ayırıb. O, məsələ ətrafında açıq danışmasa da, sözlərindən hiss olunur ki, bu cür söz atışması heç ürəyincə deyil. «Bu gün nüvə silahıyla bağlı təhlükə soyuq müharibədən sonrakı ən yüksək nöqtəyə çatıb. Milyonlarla insan daim Koreya Xalq Demokratik Respublikasının törətdiyi nüvə və raket silahlarının qorxusu altında yaşayır. KXDR-in belə ağılsız hərəkətləri orda acından ölən insanların həyatını qətiyyən yaxşılaşdırmır» – deyə Quterres sözünə bildirib.

M.Məmmədov