ANA SƏHİFƏ / YAZARLAR

Gonbul qadının altında qalmağım... - METRO ƏHVALATLARI

11741    |   2017-09-22 12:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər gün metroda qeyri-adi hadisələrlə qarşılaşıram. Gəlin, əvvəldən başlayaq. Yolum Həzi Aslanov metro stansiyasından başlayır. İki platformamız var: İçərişəhər və Dərnəgül. Dəfələrlə şahidi olmuşam ki, İçərişəhər tərəfə gedən adamlar müasir, mədəni, mülayimdirlər. Dərnəgül istiqamətə gedənlər isə nimdaş geyimli, tər qoxulu, əlində zənbil olan gonbul qadınlar, əli təsbehli qaqalardır. Təəssüf ki, mən ikincilərlə bir yerdə vaqonda gedir, min bir əziyyətlə, sanki dağları yarıb işə çatıram. Bu yolçuluq əsnasında unikal, cansıxıcı, ironiya dolu əhvalatlarla qarşılaşıram...

Vaqonda oturub, insanları seyr edirdim. Başımın üstündə pudralı qızlar qımışa-qımışa söhbət edirdilər. Mən də heç birinə yer vermədən qulaqcığımda Eldar Mansurovun bəstələrini dinləyib xatirələri yad edirdim. Qatar dayandı. İçəri yaşlı, ağsaçlı bir qadın keçdi. Vaqonun o başına kimi gedərkən, yerimdən qalxdım ki, xalaya yer verim. Boş qalmış yerimə xalanı buyur edərkən gözlərimə inana bilmədim. Pudralı qızlardan biri boş yerimi zəbt etmiş, üstəlik də qulaqcıqda xəyallara tilov atmışdı. Qıza müraciət etdim ki, yerimdən dursun. O isə mənə fikir vermirdi. Bəlkə də ona "padxod" elədiyimi zənn edirdi. Səbrim çatmadı, qulaqcığını çıxardıb, dilləndim:

- Yerimi sizə verməmişdim

- Necə?

- Xahiş edirəm yerimdən qalxın, xalaya yerimi vermişəm

- Aaa.

Başımı qaldırıb gördüm ki, metro sakinləri gözlərini mənə zilləyib elə bil tamaşaya baxırlar. Qadın dönə-dönə təşəkkür edib əyləşdi. Məsum baxışları ilə də məni süzdü. Pudralı qız isə yol boyu mənə sifət elədi.

Başqa bir əhvalatı danışım. Doyunca gülün. Qatar qəfil dayanarkən iri zənbilli, cüssəli, gonbul bir qadın üstümə yıxıldı. Təsəvvür edin, xalanın altında qalıram. Yıxıldığı yerdə üzrxahlıq eləməyə başlayır:

- Ay bala, sən Allah, bağışla!

Mən də altda qala-qala dillənirəm:

- Olan şeydi...

- Vallah bala, bilmədən oldu.

- Eybi yoxdur, oldu oldu da...

- Ay bala...

Bu yerdə xalanın sözünü kəsib, hıqqana-hıqqana dilə gəlirəm:

- Ay xala, duraq ayaq üstə danışaq da...

Bu əhvalatlar Dərnəgül istiqamətə gedən qatarda baş tutub. Basabasdan hələ danışmıram. Yəqin ki, bu basabasla bağlı camaatımızda gülməli hadisələr daha çoxdur. İçərişəhər qatarında isə yadıma gəlmir ki, narahat, ağır yol gedim.

Dərnəgül qatarı əslində həyatın dibini, çətinliyini, adamların isə içindəki xiffəti göstərir. Vaqonlarda boşluq olan kimi adamlar yer uğrunda amansız mübarizə aparırlar. Gonbul qadınlar sumo güləşinə çıxır, qoca kişilər yerə yıxılıb əsalarını axtarır, təsbehli qaqalar qızlara söz atır, uşaqlar qucaqlarda ağlayırlar... Belə olan hallarda xəyalən milçəyə çevrilib adamların qulaqlarını dişləyir, vızıltılı səsimlə onları incitməyə çalışıram. Bir də görürəm ki, kiminsə boynunda meyitim sərilib, milçək kimi də metroda rahat ola bilmirəm.

Bəzən yuxularımda görürəm ki, qatarın içində yatıb qalmışam, üstümü də kimsə örtüb. Gözümü açıram, hər yer toranlıq görünür. Bu an yuxudan oyanıram, gözlərimə inana bilmirəm, hər yer toranlıq, üstümdə də ədyal. Ayaqlanıb gözümü ovuşdururam. Ürəyim yerinə düşür ki, evdəyəm.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK