adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Sentyabr 2017 16:36
19467
ELM VƏ TƏHSİL
A- A+

ADU-nun rektoru beynəlxalq seminar iştirakçıları ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetdə keçirilən "DaF-Unterricht im Stadium” ("Təhsildə alman dili xarici dil kimi”) adlı beynəlxalq elmi-metodiki seminarın Almaniya, Qazaxıstan, Özbəkistan və Çeçenistandan olan iştirakçılarını qəbul edib.

Qonaqları ADU-da görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla yüksək səviyyədə olan münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

"Kitabi-Dədə Qorqud” və "Nibelunq nəğmələri” dastanlarının müştərək öyrənilməsi, birgə tədqiqat obyektinə çevrilməsi istiqamətində çox ciddi işlər görüldüyünü xatırladan rektor bu araşdırmaların bundan sonra daha ciddi şəkildə davam edəcəyinə inandığını söyləyib.

Kamal Abdulla alman şərqşünası, türkoloqu və diplomatı H.Fridrix fon Ditsin "Kitabi-Dədə Qorqud” dastanının əlyazmasını aşkarlayaraq dünyaya tanıtmaqda misilsiz rolunun olduğunu bildirərək yada salıb ki, "Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünası tərəfindən üzə çıxarılması, alman dilinə ilk tərcüməsi, nəşr edilməsi, eləcə də dünya elm aləminə tanıdılmasının 200 illiyilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci ildə imzaladığı sərəncama əsasən onun həyat və yaradıcılığına həsr edilən çoxlu sayda seminar, dəyirmi masa, ustad dərsləri keçirilib, məqalə və tezislər nəşr edilib, sərgilər təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının rəhbəri olduğunu xatırladan Kamal Abdulla dünyanın bir sıra ölkələrində "Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyini deyib və ümid etdiyini bildirib ki, Haydelberq Universitetində bu fənnin tədris edilməsi istiqamətində də addımlar atılacaq.

Kamal Abdulla qonaqlara ADU-da həyata keçiriləcək yeni layihələr-Auditoriya+ və "Bir günlük xəlifə” haqqında da məlumat verib.

Yüksək qonaqpərvərliyə görə rektora və universitet rəhbərliyinə öz təşəkkürünü bildirən Almaniyanın Haydelberq Universitetinin rektoru, professor Hans-Verner Huneke tələbə və müəllim mübadiləsində, alman dilinin tədris olunmasında, birgə ideyaların həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

"Bir günlük xəlifə” layihəsinin onda böyük maraq yaratdığını bildirən rektor bu təcrübədən rəhbəri olduğu universitetdə də istifadə ediləcəyini diqqətə çatdırıb.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, onlar universitetlə geniş şəkildə tanış olublar.